25 Aprel 2024

Cümə axşamı, 05:12

BAKI SAMMİTİNİN NƏTİCƏLƏRİ

Türk Şurası Avrasiyanın ən nüfüzlü, əsas inteqrasiya mərkəzlərindən birinə çevrilir

Müəllif:

01.11.2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Azərbaycan paytaxtında keçiriən VII sammiti, şübhəsiz, oktyabrda baş vermiş ən vacib beynəlxalq siyasi hadisələrdən biridir. Qurumun ən yüksək səviyyədə keçirilmiş Bakı toplantısı yalnız türk dövlətlərinin inteqrasiyası prosesində yeni dövrün başlanğıcı deyil. O, qurumun bütünlükdə Avrasiya məkanında əsas əməkdaşlıq və təhlükəsizlik mərkəzlərindən birinə çevrilmək iddiasını ortaya qoyub.

 

Naxçıvan razılaşmasının nəticələri

Bakı sammitində Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sooronbay Jeenbekov, həmçinin Qazaxıstanın ilk dövlət başçısı Nursultan Nazarbayev iştirak ediblər. Bundan başqa, sammitə ilk dəfə olaraq Özbəkistan prezidenti Şavkat Mirziyayev də qatılıb.

Dəvət olunmuş qonaqlar arasında isə TDƏŞ-də müşahidəçi dövlət olan Macarıstanın baş naziri Viktor Orbanı xüsusi qeyd etmək lazımdır.

Bakı sammiti Türk Şurasının əsasını qoymuş Naxçıvan sazişinin imzalanmasından düz 10 il sonra baş tutub. Odur ki, toplantıda çıxış edənlərin Azərbaycanın qədim şəhəri olan Naxçıvanda imzalanmış həmin tarixi sənədə xüsusi dəyər vermələri təsadüf deyildi. Türk dövlətləri arasında 2009-cu ilin oktyabrında əsası qoyulmuş yeni institusional əməkdaşlıq formatını Azərbaycan Prezidenti İlham Əliyev də yüksək qiymətləndirib. Bununla yanaşı, dövlət başçısı bir fakta xüsusi diqqət çəkib: «Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir».

Qazaxıstanın ilk prezidenti, Bakı sammitində Türk Şurasının fəxri sədri statusunu qazanmış, həmçinin «Türk dünyasının Ali Ordeni» ilə təltif olunmuş Nursultan Nazarbayev də Naxçıvan sazişinə xüsusi qiymət verib. O, bildirib ki, həmin sənəd «əlaqələrimizin təkamülündə yeni, daha dərrakəli və praqmatik mərhələyə start verib. Məhz bu cür yanaşma bizim hazırkı yubiley sammitinə yaxşı nəticələrlə gəlib çatmamıza şərait yaradıb».

Həqiqətən də, ötən 10 ildə Türk Şurası türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın təmininə çalışan struktur kimi tanınıb. Eyni zamanda, o, özünü Avrasiyada inteqrasiya prosesinin potensial hərəkətverici qüvvələrindən biri kimi tanıdıb. TDƏŞ çərçivəsində ciddi institusional struktur formalaşdırılıb. Söhbət Türkdilli Dövlətlərin Parlament Assambleyasından (TürkPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatından (TÜRKSOY), Türk Akademiyasından, türk Mədəniyyəti və İrsi Fondundan, Ağsaqqallar Şurasından, həmçinin Türk Ticarət-Sənaye Palatasından gedir.

Bakı sammitində qəbul olunmuş qərarlar isə Türk Şurasının real təşkilata çevrildiyini bir daha təsdiqləyib.

 

Genişlənmə kursu

Bakı sammitinin ən əhəmiyyətli nailiyyəti Özbəkistanın TDƏŞ-ə qəbulu sayıla bilər. Qurumun baş katibi Bağdad Amreyevin dediyi kimi, «bu, bizim ilk genişlənməmiz, ilk böyüməmizdir. Bu, şübhəsiz ki, Bakı sammitinin əsas hadisəsidir».

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyayev də bu haqda danışıb: «Bu gün Türk Şurasının 10 illiyini bu beynəlxalq təşkilatının əsasının qoyulduğu gözəl Azərbaycan torpağında qeyd etməmiz dərin rəmzi məna da daşıyır. Bu, bizim üçün də böyük tarixi gündür. Bu gün Özbəkistan Türk Şurasının tamhüquqlu üzvünə çevrilir».

Bakı sammitində qeydə alınmış digər maraqlı hadisə TDƏŞ katibliyi ilə Macarıstan hökuməti arasında bu ölkədə Türk Şurasının nümayəndəliyinin yaradılmasına dair razılaşmanın imzalanması olub. Maraqlıdır ki, Macarıstanda qurumun ofisi hələ ötən aydan fəaliyyət göstərir. Bakı toplantısında o, sadəcə, rəsmiyyət qazanıb.

Yeri gəlmişkən, Macarıstan artıq 5 ildir ki, TürkPA-nın üzvüdür. Ötən il isə o, Türk Şurasında müşahidəçi statusu qazanıb. Macarıstanın baş naziri Viktor Orban bu haqda danışarkən deyib: «Biz buradan yalnız nəsə qazanmaq yox, ümumi işə töhfə vermək də istəyirik». Budapeştin TDƏŞ-in fəaliyyətinə mümkün töhfəsinə gəlincə, baş nazir türk dövlətlərinin Avropa İttifaqında əməkdaşlığı genişləndirə biləcəyini vurğulayıb.

V.Orban çıxışında bir maraqlı fakta da diqqət çəkib: «Macarıstanda qıpçaqların yaşadığını və bir çox macarın damarında qıpçaq qanının axdığını, yəqin ki, sammitdə iştirak edənlərin hamısı bilmir. Bizdə onların öz bələdiyyəsi, özünü idarəetmə orqanları da var. Cənab prezident Nazarbayev Macarıstan qıpçaqlarının fəxri prezidentidir. Biz hər il qıpçaqların toplantısında ona Macarıstandan salamlarımızı göndəririk».

Türk Şurasının Budapeştdəki daimi nümayəndəliyinin fəaliyyəti müxtəlif siyasi, iqtisadi və mədəni forumların təşkilindən ibarət olacaq. Ümumilikdə, türk dövlətlərinin Macarıstanla əməkdaşlığını isə Türk Şurasının Avropaya tərəf genişlənməsi faktı kimi qiymətləndirmək olar. Beləliklə, TDƏŞ-in maraq dairəsi Avrasiya məkanı, Mərkəzi Asiya ilə məhdudlaşmayacaq. Bunu təsdiqləyən daha bir fakt: Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi San Azərbaycana Bakı sammitindən cəmi bir gün sonra etdiyi səfəri çərçivəsində ölkə başçısı İlham Əliyevlə görüşündə ölkəsinin Türk Şurasında müşahidəçi statusu almaqda maraqlı olduğunu bildirib. İlham Əliyev isə öz növbəsində, TDƏŞ-in növbəti sammitinin gələn il Türkiyədə keçiriləcəyini deyib və bildirib ki, «Koreyanın həmin toplantıya müşahidəçi kimi qatılması bizi çox məmnun edəcək».

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı sammitində əminliklə söylədiyi bir fikir də diqqət çəkir. O, qurumun gələn il Türkiyədə keçiriləcək VIII sammitində Türkmənistanın TDƏŞ-in tamhüquqlu üzvünə çevriləcəyini bəyan edib. «Arzu edirik ki, Türkmənistanın da bizə qoşulması ilə altı dövlət, bir millət olaq», - deyə Ərdoğan qeyd edib. Bununla da o, faktiki olaraq, Türk Şurasının genişlənməsini hədəf seçdiyini təsdiqləyib.

Macarıstanın TDƏŞ-in işinə qeyd olunan formatda qoşulması, Cənubi Koreyanın isə eyni istəklə çıxış etməsi təsadüf deyil və dünya ictimaiyyətinin Türk Şurası formatına marağının göstəricisidir. Hər halda, bu, bəşəriyyətin ənənəvi dəyərlərə, tarixi təcrübəyə və müasir iddialara əsaslanan ən nəhəng birliklərindəndir.

 

Qardaşlıq borcu

Bakı sammitində türk dövlətlərinin liderləri son dərəcə yüksək qarşılıqlı anlaşma nümunəsi də göstəriblər. Bu isə istənilən inteqrasiya strukturunun uğuru üçün ən vacib amillərdən biridir.

Bu mənada Bakı sammitinin yekun bəyannaməsində Türk Şurasının bütün üzvlərinin Türkiyənin «Barış mənbəyi» hərbi əməliyyatına dəstək verdiyi də qeyd olunmalıdır.

Türk Şurasının VII sammitində Qarabağ münaqişəsilə bağlı aparılmış müzakirələrə də qarşılıqlı dəstək rakursundan yanaşmaq olar. Türk dövlətlərinin onların inkişafına mane olan problemlərin həllinə yönəlmiş səyləri, şübhəsiz ki, ümumregional təhlükəsizliyin təmininə də töhfə olacaq. Türkdilli dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının sentyabrda Bakıda keçirilmiş 22-ci iclası da türk dövlətlərinin təhlükəsizlik, ümumilikdə regional sabitliyin təmini sahəsində əməkdaşlığının vacibliyini bir daha ortaya qoyub. TDƏŞ-in Bakı sammitində isə liderlər türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığının vacibliyini bildirib, bunun bütünlükdə Avrasiya məkanında təhlükəsizliyin gücləndirilməsi baxımından önəmli olduğunu vurğulayıblar.

 

Prioritetlər və təkliflər

Bakı sammitinin gedişində baş vermiş daha bir maraqlı hadisə Türk Şurasına sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi olub. Prezident İlham Əliyev bildirib ki, «Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir». Onun sözlərinə görə, bu üzdən də, «Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək».

Bu mənada, türk dövlətləri arasında əməkdaşlığın son dərəcə böyük potensiala malik olduğunu əminliklə söyləmək mümkündür. Türk dövlətlərinin zəngin təbii, o cümlədən enerji resusrları, son dərəcə vacib strateji coğrafi mövqeyi, beynəlxalq arenada artmaqda olan nüfuzu da buna imkan verir.

Məsələn, «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılmasında vacib rola malik Azərbaycan türk dünyası dövlətləri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə önəmli töhfələr verir. İlham Əliyevin də sammitdə dediyi kimi, «Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq, təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir».

Bakı sammiti türk dövlətlərinin iqtisadi əməkdaşlığının gücləndirilməsinə yönəlmiş bir sıra konkret təkliflərlə də yadda qalıb. Məsələn, Türkiyə prezidenti Ərdoğan Türk Şurasına daxil olan ölkələr arasındakı ticarət münasibətlərində mövcud kvotaların ləğvi təşəbbüsü ilə çıxış edib. Özbəkistan lideri Mirziyayev isə birgə texnoparkların, innovativ startap şirkətlərin, vençur fondlarının, birgə investisiya fondunun yaradılması, türkdilli dövlətlərin ticarət evlərinin təşkilini, Türk Şurası çərçivəsində Gənc Sahibkarlar Fondunun təsis olunması kimi təkliflər irəli sürüb.

Macarıstanın baş naziri Viktor Orban isə ölkəsinin «Exim» bankının Türk Şurası ölkələrinin sahibkarları üçün kredit xəttindən yararlanılmasını təklif edib.

Bundan başqa, sammitdə iştirak edən liderlərin praktik olaraq hamısı turizm sahəsində əməkdaşlığın artırılması təşəbbüsü ilə də çıxış edib.

 

Böyük irslə böyük gələcəyə doğru

TDƏŞ-in Bakı sammitində irəli sürülmüş təşəbbüslər sırasında türk inteqrasiyası ilə bağlı təkliflər xüsusi yer tutur. Məsələn, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin fikrinə diqqət yetirək: «Türk sivilizasiyasının kökləri çox dərindir. Tarixə nəzər salsaq görərik ki, biz dünyanın ən böyük qitəsində hər zaman böyük rol oynamış xalqın nümayəndələriyik. Türk dünyasının müasir dövrdə də hansı əhəmiyyətə malik olduğunu anlamaq üçün dünyanın coğrafi xəritəsinə nəzər yetirmək kifayətdir».

Nazarbayevin ümumtürk gələcəyinin yeni üfüqlərinin yaradılmasına çağırışı da böyük anlam kəsb edir. O, məhz bu mənada «Türk baxışı-2040» proqramının hazırlanmasını da təklif edib. Türkdilli cəmiyyətlərin uzunmüddətli hədəfləri, bu hədəflərə nail olmağın yolları məhz həmin proqramda əksini tapmalıdır. Bundan başqa, Qazaxıstanın ilk prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni səviyyəyə qaldırılmasını – Türk (türkdilli yox) Dövlətləri Əməkdaşlıq Şurasına çevrilməsini də təklif edib. Türkdilli xalqların etnik kökləri haqda hər hansı tərəddüdləri aradan qaldıran bu təşəbbüsü də tam məsuliyyətlə Bakı sammitinin uğurları sırasına aid etmək olar.

Türkiyə prezidenti Ərdoğanın Türk Şurasının BMT Baş Assambleyası və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi status əldə etməsilə bağlı təklifi də böyük marağa səbəb olub. Bu, türk cəmiyyətinin beynəlxalq arenada artmaqda olan iddiasının daha bir göstəricisidir.

Beləliklə, dünyada yaşanmaqda olan qlobal siyasi transformasiyalar fonunda Türk Şurası Avrasiyanın ən nüfuzlu inteqrasiya mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi addım atıb. Bakı sammiti göstərib ki, Avrasiya siyasəti və iqtisadiyyatında rolunu getdikcə artıran türk ictimaiyyətinin, həqiqətən də, böyük perspektivi var.



MƏSLƏHƏT GÖR:

309