25 Aprel 2024

Cümə axşamı, 20:37

«TANRI YERİ RİTM ƏSASINDA YARADIB»

Natiq ŞİRİNOV: «Bu ritm ürək döyüntüsü olub, onsuz həyat qeyri-mümkündür»

Müəllif:

15.11.2019

Əlvan işıqlar, soffitlər, maestronun qaval daşa ilk zərbələri, Natiq Şirinov və komandasının ritmlərini, ehtiraslı və emosional ifasını müşayiət edən sürəkli alqış sədaları. Məhz bu çıxış azərbaycanlıların və dünyanın müxtəlif yerlərindən olan milyonlarla tamaşaçının yaddaşında silinməz iz buraxdı. Məhz bu çıxış Azərbaycanın necə qədim və zəngin musiqi irsinin olduğunu aydın göstərdi. Keçmişdə və indi. Məhz bu çıxışla Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsinin final təntənəsi açıldı.

O, Azərbaycan milli musiqisinin bütün dünyada tanınan bilgəsi, nağara ustadıdır. Bütün dünyada konsertlər verir. İfa tərzinə görə bir yenilikçi kimi tanınır. O, tam kəşf edildiyi düşünülən bir zərb alətində ölçülər və takt üzrə eksperimentlər edir. Natiq Şirinov Azərbaycanın ilk ritm bəstəkarıdır. Özünün yaratdığı «Natiq» ritm qrupu ilə birlikdə dünyada tanınıb və çox sayda mükafatlar qazanıb. 2007-ci ilin sentyabrında Natiq Şirinov Azərbaycanın əməkdar artisti, 2018-ci ildə isə xalq artisti adına layiq görülüb. "Natiq" ritm qrupu ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Fransa, İran, İsveçrə, İtaliya və digər ölkələrdə konsert proqramları ilə çıxış edərək, dünyada məşhur musiqiçilərlə bir səhnəni bölüşüb. Noyabr ayında Natiq Şirinovun anadan olmasının 44-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində ritm qrupunun möhtəşəm konserti keçirilib. Tanınmış musiqiçi ilə konsertdən bir neçə gün əvvəl görüşdük. Müxtəlif növ nağaralarla dolu kiçik bir zal, qavaldaş, sükut, yaradıcı tənhalıq və Tanrıya açılmış əllər. Maestronu məhz burada, məhz belə gördük.

- Biz gələndə sizi namaz qılan gördük. Allaha inamınız necə başladı? Allah sizin üçün nədir?

- İnsan bu dünyaya necə gəldiyini və buradan necə gedəcəyini bilmir və bilməyəcək. Mən də hamı kimiyəm. Allaha inam həyat yolu ilə irəlilədikcə və bilik topladıqca yaranır. Yalnız bundan sonra Yaradan bizə öz varlığını dərk etməyə imkan verir. Ancaq bu da hər kəsə nəsib olmur.

- Kabinetinizin qapısına müdrik bir kəlam asılıb və altında imzanız var: "Hər şey təkdən yaranıb cüt olur"...

- Əslində, bu ifadə müqəddəs “Quran”ı oxumamışdan əvvəl ağlıma gəlib. Amma onu oxuyanda bu ifadəyə rast gəldikdə təəccübləndim. Allah təkdir, amma o, öz əksini bizdə tapıb. Dünyada hər şey ikilidir: şirin - acı, üst - alt, pis - yaxşı, xeyir - şər, gözəl - çirkin və s. Hər şeyin öz cütü var və üçüncüyə burda yer ola bilməz. Ritmdə də "tək" (bir dəfə əl çalır) öz "cütü"ndə əksini tapır (iki dəfə əl çalır). Bir dəfə vuranda biz yalnız səs alırıq. İki dəfə çırpanda isə ritm yaradırıq. Hər kəs ritmi eşidir, lakin çoxları onun dərin mənası olduğunu ağlına belə gətirmir. Tanrı Yeri ritm əsasında yaradıb. Yaradan ilk yaranmış ritmi öz ruhunda yaradıb. Bu, ürək döyüntüsü olub, onsuz həyat mümkün olmazdı. Əgər bu ritm dayanarsa, həyat da dayanar. Özü də, bu ritm iki çırpıntıya bərabərdir (barmaqları ilə ürək döyüntüsünü səsləndirir). Bu dərin bir mənası olan sadə bir gerçəkdir.

- Sizin "Mənim dünyam" adlı əsəriniz var. Natiq Şirinov dünyası necədir?

- Gördüyünüz kimi (zala işarə edir),mənim dünyam açıqdır və hamının gözü qarşısındadır. Mənim dünyam – namazım, “Quran”ım və nağaramdır. Elə bilməyin ki, özümü doğru göstərməyə çalışıram. Gerçəklikdə, “Quran” mənim üçün ən böyük tərbiyə məktəbidir. Mənim dünyam - ailəm, uşaqlarımdır. Mənim dünyam - mənim tələbələrim və dostlarımdır, xoşbəxtlikdən onların sayı çoxdur.1995-ci ildən mən Zeynalabdin Tağıyevin adını daşıyan məktəbdə dərs deyirəm. 8 yaşımda mən bu məktəbə nağarada çalmağı öyrənmək üçün gəlmişəm və bu gün mən burada bütün bunları yaratmışam... Mənim 1500 ritmim, yeddi not əsasında nağara çalmaq anlayışım bu divarların arasında doğulub, mənim 12 alətim – nağaram Vətənimin irsini artırmaq üçün burada yaradılıb. Bunlar hamısı yenilikdir. "Mənim dünyam" kompozisiyası, Azərbaycanın birinci xanımı və Birinci Vitse-prezidentinə həsr olunmuş "Mehriban" kompozisiyası, həmçinin "Atəşgah", "Sarı gəlin", "Qarabağ" əsərlərim də ilk dəfə bu zalda səslənib. Bu çəlləkləri görürsən (zalın dərinliyini göstərir), onların içində su var və bu alətlər inanılmaz səslər çıxarır. 3 və 7 litrlik qablarda çalğı da onun kimi. Sonra mən 4/24, 4/74, 4/36, 11/5, 5/5, 9/5 və s. ritmləri açdım. Əvvəllər Azərbaycanda cəmi 3-4 ritm bilirdilər. Dünyaya qavaldaş haqqında danışmaq da mənim payıma düşdü. Rəhmətlik Çingiz Mehdiyev onda əla ifa etmişdi, amma onu "Eurovision 2012"də dünyaya tanıtdırmaq xoşbəxtliyi mənim payıma düşdü. Bu məktəb mənə çox şey verib və bu gün tələbələrim buraya gəlirlər ki, bütün bilik və bacarıqlarımı onlara ötürüm. Uca Yaradana əldə etdiyim hər şeyə görə minnətdaram.

- Heydər Əliyev Mərkəzində keçirilən «Bakı-Moskva» sərgisində siz bir alət təqdim etdiniz. Onun özəlliyi nədədir?

- Bu, Azərbaycanın qədim nağarası – bizim eradan əvvəl IV əsrə aid "saxsı nağara" idi. Mən bu aləti bərpa etdim və muzeyə təqdim etdim. Belə nağaralar dünyanın heç bir yerində yoxdur. Onun özəlliyi səslənməsinə görə insan nəfəsinə yaxın olmasıdır. Ayrıca, inanılmaz səslər çıxaran küpə zərb alətini bərpa etdim və muzeyə təhvil verdim. Özüm üçün də belə bir alət yaratmağı planlaşdırıram. Mənim həm də eksklüziv nağara növlərim var ki, bunların ikinci nümunəsini başqa yerdə tapa bilməzsiniz.

- Nağaranın etnik mənsubiyyəti ilə bağlı mübahisələr var?

- Sirr deyil ki, bizim milli alətimiz balabanla bağlı bu cür mübahisələr gedir. Ancaq qonşularımızdan heç biri nağaranınAzərbaycan aləti olması ilə bağlı mübahisə edə bilməzlər. Bəli, bu gün gürcülər, ermənilər, özbəklər, tunislilər də nağara çalırlar. Ancaq unutmayın ki, onlar yalnız bir növ nağara tanıyırlar, Azərbaycanda səkkiz növ nağara olub,indi iyirmi bir nağara növü tanınır. Çox danışıb və sübut etməyəçalışa bilərlər, amma azərbaycanlı nağarada çalmağa başlayan kimi bütün dəlilləri yox olacaq. Mənim üçün həyatda üç şərəf anlayışı var: Vətən, ailə və peşə. İlk ikisi, demək olar ki, hər kəsdə var, amma üçüncüyə sahib olmaqçoxlarına nəsib olmur. Buna görə də mənim bütün işlərim ona yönəlib ki, qonşularımızın bu aləti oğurlayıb öz adlarınaçıxmasınlar.  

- Siz nağaranın çox fərqli imkanlarını açmısınız. Nəsə bir şey qaldımı?

- Mənim üçün yalnız bir şey bitə bilər - həyat. Ancaq mənim üçün bitən hər şeyi gələcək nəsillər davam edəcək. Mənim son işim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu. Bu, dünyanın ən böyük nağarası idi, biz onu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdik. Düşünürəm ki, hər şey bununla bitmir - yaradıcılıq prosesi sonsuzdur. Yalnız işinizə olan gerçək sevgi öz bəhrəsini verə bilər. Gerçək sevgi heç zaman sönmür və səni tərk etmir. Mən öz musiqi alətimi ömrümün sonuna kimi əlimdə tutacam. Əgər hansısa bir arzumun olub-olmadığını soruşsanız, cavab verərəm: "Bəli". Arzularımdan biri -Azərbaycanda böyük bir Ritm Mərkəzinin yaradılmasıdır, əminəm ki, bu, ümumilikdə musiqinin inkişafına müsbət təsir göstərər. Dövlətimə daimi dəstək üçün təşəkkür edirəm. İnanıram ki, vaxt gələcək və Allahın izni, dövlətin dəstəyi ilə arzumuzu həyata keçirə biləcəyik. Əlbəttə, çox şey istəyə bilərik, amma həmişə istədiyimizi dəala bilmərik. Ancaq mən heç vaxt ümidimi itirməmişəm və gileylənməmişəm. Mən öz işimi görərək, hər şeyə tam sakitliklə yanaşıram, işimi görürəm. Olacağın qarşısını almaq olmaz. Necə deyərlər, öz ritminizlə yaşayın və sakit olun.

- Milli alətlərdə müxtəlif janrlarda musiqilər çalınmasına necə baxırsınız? Məsələn, tarda caz?

- Gözəldir. Mən belə işləri çox yüksək qiymətləndirirəm.

- Siz nağarada caz ifa etməyə çalışmısınız?

- Bəli, mən nağarada ilk caz ifaçısıyam. Mənim müəllimim gözəl insan və gözəl pedaqoq Nuru müəllim idi. Razılaşın, bir insan bir çox dildə danışanda ona heyran qalırıq. Mən də dünya ritmlərinin dilində danışa bilirəm. Arabesk çalmaq üçün darbukada ifa etməyim lazım deyil. Mən nağarada ərəbcə danışacam. Düzdür, evimdə dünyanın hər yerindən müxtəlif alətlərdən ibarət böyük bir kolleksiyam var. Mən Hindistanın, İran ritm ustalarının yanında oxumuşam, Özbəkistanda, Fransada, İspaniyada dərslər almışam. Bunlardan sonra mən heç nə bilmədiyimi anladım. Filosofların dediyi kimi: bilik sonsuzdur. Həyatda hər şey nisbidir - ölənə qədər öyrənəcək və araşdıracaqsan. İndi mən bir hind alətinin, Afrika cembesinin, barabanın tembrində çalmağı bacarıram. Ancaq heç bir alət Azərbaycan nağarasının, qavaldaşın tembrini çatdıra bilməz. İnanın, hər hansı bir hind nağaradaonun musiqisinin dilində danışdığımı eşidəndə ovsunlanır və onun heyranlığının həddi-hüdudu olmur. Soruşur: "Bu necə mümkündür?" Nağara çox vacib bir alətdir və ritm məktəbi Azərbaycanda öz təcəssümünü tapmalıdır. Məsələn, 12 muğam var, bunlardan 7-si ən vacibdir, ancaq 1500 ritm var və onun hər birində o qədər xırdalıqgizlənib ki, onun hər biri araşdırılmağa layiqdir. Ritm - ayrı bir dünyadır, onu nə iləsə müqayisə etmək mümkün deyil. Bütün musiqi buna əsaslanır.

- Sizin musiqiniz hansı auditoriyaya ünvanlanıb?

- Mənim musiqimi daha çox müdrik insanlar anlayır. Bir də balaca uşaqlar mənimmusiqimi yaxşı hiss edirlər. İstənilən dinləyici üçün anlaşılan olmağa çalışıram. Ancaq mənim əsas məqsədim beynəlxalq ictimaiyyət üçün konsertlər, onlara hansı dərin və universal musiqiyə sahib olduğumuzu söyləmək imkanıdır.

- Bəs, xaricdə sizin musiqini necə qarşılayırlar?

- Təsəvvür edin, bəzən ritmi sayırlar. Bu çox maraqlıdır. Tamaşaçılarla birgə ritm tutmağı çox sevirəm. Salonu iki hissəyə bölürəm, birinci hissə bir ritm, ikincisihissə isə başqa ritm vurur. İnanmazsız, bütün salon bir qrupa çevrildikdə, çox həyəcanverici mənzər alınır. Ritm nə qədər parlaq və zəngin olarsa, musiqi də o qədər zəngin olur (ifa edir).

- Hansı səhnələr yaddaşınızda və ürəyinizdə dərin iz buraxıb?

- Mən toy ifaçısı kimi başlamışam, amma peşəkar kimi davam etmişəm. Heç də hər ifaçıya toylardan çıxaraq dünya səhnələrinə yüksəlmək nəsib olmur. Yadımda qalan və mənə müsbət duyğular bəxş edən ən son çıxışım Hindistanda olub. Bəlkə də, Azərbaycan tarixində 1,5 milyon tamaşaçı qarşısında çıxış edən bir adam hələ olmayıb. Dünyanın tanınmış və qəbul edilən musiqiçiləri ilə birlikdə səhnəyə çıxmaq mənim üçün böyük şərəf idi. Oraya mən Heydər Əliyev Fondunun dəstəyi və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun tövsiyəsi ilə getmişdim. O, mənə demişdi ki, Sadquru adlı bir şəxs var, məni görmək istəyir. O, hindistanlı yoq və mistikdir, Hindistan, ABŞ, İngiltərə, Livan, Sinqapur, Kanada, Malayziya, Uqanda və Avstraliya da daxil olmaqla bütün dünyada yoqa proqramları həyata keçirən bir xeyriyyə qurumunun - İşa Fondunun yaradıcısıdır. Mən çıxışımı qurtarandan sonra Sadquru ayağa qalxdı və məni alqışlamağa başladı. Bütün tamaşaçılar da onun ardınca ayağa qalxıb əl çaldılar. İşini sevən bir musiqiçi üçün bundan daha xoş nə ola bilər?..

- Siz çox sayda tanınmış musiqiçi ilə çıxış etmisiniz. Deyin, görək, iki məşhur musiqiçinin birgə işləməsi necədir? Anlaşmaq mümkündürmü?

- Bəli, mənə uzun illər əfsanəvi insan Alim Qasımovla birgə işləmək xoşbəxtliyi nəsib olub. Bu, inanılmaz idi. Bizim çox sayda müğənnimiz var, amma Alim Qasımov kimisi yox, nəinki azdır, eləsi sadəcə mövcud deyil və Allaha minnətdaram ki, onunla işləməyi nəsib etdi. 2004-cü ildə biz ukraynalı müğənni Ruslana, Rihannanın konsertini açan virtuoz darbuka ifaçısı, türk Mısırlı Ahmetlə birlikdə çıxış etdik. Amerikalı cazmen, zərb alətləri ifaçısı, bəstəkar və biq-bənd lideri Billi Kobem ilə işləmək mənim üçün yaddaqalan oldu, 2007-ci ildə onunla birlikdə caz festivalında çıxış etdik və s. Niyə onlarla işləmək mənim üçün asan oldu? Hər şey sadədir: onlarda ritm anlayışı var idi. Əlbəttə ki, şou vasitəsilə energetikanı ötürmək çox vacibdir, lakin ən möhtəşəm şou - peşəkar ifadır. Nağara ilə konsert vermək çox çətindir, çünki əlinizdə sadəcə dəri və ağacdan ibarət bir alət var. Mən, adətən, öz konsertlərimə müğənniləri qarışdırmamağa və tamaşaçılarımın sözlər olmadan səslərin tandemindən zövq almasına çalışıram. Siz ritmə qulaq asırsınız və o, sizin qulağınıza sığal çəkir.

- Qrup üzvlərini necə seçirsiniz? Kollektivinizdə kimlər var?

- Bunlar illərlə birgə işlədiyim insanlardır: yaxşı tanıdığım tələbələrim, oğlum Ümid və Hikmət Rzayev qrupdadır. Son ikisi, demək olar ki, ilk başdan ordadır. Onlar mənim üçün çox önəmlidirlər, çünki məni başqalarından daha yaxşı anlayırlar. Mənim nə istədiyimi sözsüz anlayırlar.

- Natiq bəy, efirə ilk çıxışınız yadınızdadır?

- Mən bunu heç vaxt unutmayacağam. «Space» kanalının direktoru Etibar Babayev məni ilk dəfə "Görüş yeri" verilişinə çıxarıb. Çəkilişi ovaxtkı musiqi redaktoru Nadir Axundov aparıb. Bundan əvvəl isə mən 6 ay kanalın binasına gedirdim və yağış altında oturub gözləyirdim. Ən sonda o, maraqlandı: "Bu oğlan nə istəyir?" Mən niyyətimi bildirəndə, o, bir şərtlə çəkilişə razılaşdı ki, xoşları gəlməsə, siləcəklər. O konserti heç vaxt unutmayacam, onda ilk kompozisiyam “Ümid”i ifa etmişdim. Onda mənim oğlum hələ körpə idi. Nadir müəllim insanların reaksiyasına heyran qalmışdı, studiyaya zəng edənlər ifanın təkrarlanmasını tələb edirdilər: “Bu “Qatar” nə qədər gözəl melodiyadır? Biz onu bir daha istəyirik". Hər bir musiqiçi belə sözləri eşitmək istəyir. Bu cür qəbul edilməkdən sonra ruhlanırsan, gələcəkdə daha gözəl əsərlr yaradırsan.  

- Bu cür tanınıb qəbul ediləcəyinizə inanırdınız?

- Bilirsiniz, mən nə konservatoriya, nə də musiqi kolleci bitirmişəm, amma nağara haqqında sizə hər şeyi danışa, onun gözəl səslənməsinin sirlərini aça, ritm elmini çatdıra bilərəm. Nə qədər ki, nəfəs alıram və çalmağa gücüm yetir, nağarada ifa edəcəm. Mən nağaranı bilərək seçmədim, o, məni seçdi. Bu, mənə göylərdən verilən bir missiyadır, bütün gücümü və sevgimi ona verirəm. Mən bəzən nə etdiyimi və bundan nə çıxacağını anlamadan yaradıram. Sadəcə içimdən gələn səsi izləyirəm və inanın, "niyə belə edirəm", "bundan nə çıxacaq" suallarına cavab belə axtarmıram. Və bir vaxt özünə bir nağara belə ala bilməyən Natiqin indi min musiqi aləti var.

- İki il sonra "Ritm Qrupu"nun artıq 20 yaşı olacaq...

- Bəli, bu, önəmli bir tarixdir. Biz nağara festivalı və nağara yürüşü keçirməyi planlaşdırırıq. Həm də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etmək üçün də bir aksiya keçirməyi planlaşdırırıq. Çox gözəl ideyalarımız var - onları həyata keçirmək üçün güc və səbir lazımdır!

- Natiq bəy, musiqiçi kimdir?

- Gözəl sualdır (düşünür). Sözün düzü, ilk dəfə belə bir sual eşidirəm və ilk dəfə bu barədə düşünürəm. Hər bir insan, hər bir ifaçı musiqiçi olduğunu deyə bilər. Ancaq mən düşünürəm ki, musiqiçi peşəsini sevən və onu övladı kimi əzizləyən biridir. Mənim üçün əsl musiqiçi Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəylidir - hazırda izlədiyimiz yolu bizim üçün onlar açıb. Məsələn, mənim üçün Rihanna məşhur insandır, amma Maykl Cekson dünyanın hər yerində, hətta ən kiçik guşəsində də tanınır – mənim ulduz-musiqiçi saydığım bir insandır. Musiqiçi milli irsin zənginləşdirilməsi və gələcək nəsillər üçün töhfə vermək barədə düşünən bir insandır.

Hər ritm - bir ifadə, bir düşüncədir. Bunu, sadəcə gumbultu saymaq olmaz. Ritm sizi uzaqlara aparır və düşünməyə vadar edir. Siz musiqinin dərinliyini başa düşməyə başlayırsınız, orada suallarınıza cavablar tapırsınız. Mən də sualınıza qayıdaraq cavab verirəm: musiqiçi sizin düşüncələrinizi çox uzaqlara aparan bir insandır. O, sizə ürəyinizi titrədən duyğular bağışlayır.



MƏSLƏHƏT GÖR:

287