19 Aprel 2024

Cümə, 15:24

ƏLAVƏ GÜZƏŞTLƏR

Azərbaycanda hədəf qeyri-neft sektorundakı istehsalata özəl və xarici investisiyaları artırmaqdır

Müəllif:

15.11.2019

Biznesin dəstəklənməsi və təşviqi ilə bağlı çoxsaylı dövlət proqramlarının fonunda Azərbaycanın qeyri-neft sektorunun inkişafının qənaətbəxş olmayan səviyyəsi göstərir ki, təkcə kiçik və orta sahibkarlığın deyil, həm də iri sənaye müəssisələrinin problemlərinə də ünvanlı yanaşma zəruridir. Bir çox sənaye istehsalı sahələrinin inkişafında aşkar müsbət dəyişikliklərə, ixracyönümlü sənaye güclərinin formalaşdırılmasına yönəlmiş böyük investisiya müqavilələrinin bağlanmasına baxmayaraq, bu sektora kapital qoyuluşunun səviyyəsi hələ də arzuolunan hədəfdən uzaqdır. Buna görə hökumətin gələcək addımları məhz  bu problemin həllinə yönəldiləcək.

Dövlət Statistika Komitəsinin bu ilin yanvar-sentyabr ayları üzrə məlumatına görə, qeyri-neft sənayesində artım tempi sənaye sektorunun ümumi inkişaf dinamikasını 9 dəfə qabaqlayır (ümumi artım tempi xammal seqmenti də daxil olmaqla 1,5% olub). Bu, həmçinin ölkə ÜDM-nin dövr üzrə 3%-ə bərabər olan artım tempindən beş dəfə yüksəkdir. Bu, son illərdə sənaye sektorunda gerçəkləşdirilən   kapitallaşdırmanın olduqca yaxşı nəticələr verdiyini göstərir. Əgər 2015-ci ildə Azərbaycan ÜDM-ində sənayenin xüsusi çəkisi 32,9% təşkil edirdisə, artıq 2019-cu ilin birinci yarısında bu göstərici 46% olub.

 

Sərmayələrin aşağı səviyyəsi 

Rəqəmlərin nikbinliyə əsas verməsinə baxmayaraq, başqa bir gerçəklik də var: son bir neçə ildə qeyri-neft sektoruna qoyulan sərmayələrin həcmində müəyyən azalma müşahidə edilir. Düzdür, etiraf etmək lazımdır ki, qoyulan sərmayələrin strukturu istehsal sahəsinin üstünlüyündən xəbər verir. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatına 7,4 milyard manata yaxın sərmayə cəlb edilib, bunun 64,3 faizi istehsal sahəsinə yönəldilib. Sonuncu göstərici son dərəcə önəmlidir, çünki infrastruktura, əsaslı tikintiyə, xidmət və ticarət sektorlarına qoyulan sərmayələrdən fərqli olaraq, sənaye kapitallaşması böyük mültiplikasiya təsiri göstərir, ÜDM-in formalaşmasına və yeni iş yerlərinin açılmasına önəmli töhfələr verir.

İnvestisiya fəallığının azalmasına səbəb olan problemlərə gəldikdə isə, bu məsələnin həlli artıq hökumətin də diqqət mərkəzindədir. Son zamanlarda sərmayəçilərin fiskal və gömrük təşviqi üzrə həyata keçirilən kompleks tədbirlərin hədəfi də məhz budur. Hökumətin gözləntiləri yetərincə müsbətdir: 2020-ci ildə əsas kapitala qoyulan sərmayələrin nominal həcmi 18,3 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bunun yarıdan çoxu - 10.6 milyard manatı qeyri-neft sektoruna yönəldiləcək ki, bunun da üçdə ikisi daxili sərmayələrin payına düşəcək (kapitalın, təqribən, 60%--ni özəl sektor təmin edəcək), bütün sərmayələrin üçdə biri isə xarici  sərmayə olacaq. Yəni sənayenin inkişafı üçün pul olacaq, amma yenə də bu, daxili sərmayə hesabına gerçəkləşəcək və böyük hissəsi dövlət sərmayələri olacaq. Sonuncu məsələ onu göstərir ki, Azərbaycanda hələ də xarici investorların sənaye sektoruna cəlb edilməsi üçün kifayət qədər səy göstərilmir.

İnvestisiya layihələri üzrə dövlət maliyyələşdirməsinin üstünlük təşkil etməsi və qeyri-neft sektoruna xarici sərmayələrin nisbətən aşağı səviyyədə olması iqtisadi məsələlər üzrə son iclasda  Prezident İlham Əliyev tərəfindən də vurğulanıb.  «Rəqəmlər göstərir ki, bu il qoyulan sərmayələrin yarısı xarici sərmayələrdir. Lakin onlar qeyri-neft sektoruna deyil, neft-qaz əməliyyatlarına qoyulur. Buna görə bizim əsas vəzifəmiz iqtisadi artımı birbaşa qeyri-neft sektorunun inkişafı ilə əlaqələndirməkdir ”, - deyə dövlət başçısı vurğulayıb.

 

Yeni güzəştlər

Son bir neçə ildə qeyri-neft sənayesinin inkişafı üçün ən ciddi problem ölkənin bank sektorunun son dərəcə passiv sərmayə siyasəti olub. Ümumiyyətlə, son illərdə bankların real iqtisadiyyata kredit verməsi əhəmiyyətli dərəcədə azalıb: maliyyə dərinliyi və ya kreditlərin qeyri-neft ÜDM-ə nisbəti 2014-cü ildəki 51%-dən 2019-cu il avqust ayının sonunda 27,8%-ə qədər azalıb.

Ölkədəki bu disbalansı aradan qaldırmaq üçün yaxın dövr üçün qeyri-neft istehsalına yatırılan xarici və yerli özəl kapitalın payının artmasına kömək edəcək tədbirlər qəbul edilə bilər. Bu istiqamətdə atılacaq addımlardan biri Vergi Məcəlləsinə düzəlişlərin qəbul edilməsi ola bilər (Milli Məclisdə büdcə paketi ilə birlikdə baxılır), bu düzəlişlər sənaye məhəllələrinin və texnoparkların rezidentləri üçün vergi və gömrük güzəştlərinin qeydiyyata alındığı gündən 7 ildən 10 ilədək artırılmasını nəzərdə tutur.  Söhbət, o cümlədən mənfəət, torpaq, əmlak vergilərinin,  maşın, qurğu və texnoloji avadanlıq idxalı zamanı gömrük rüsumlarının ödənilməsi üzrə on illik "tətil"dən gedir.  

Qeyri-neft istehsalının inkişafına maraq 2016-cı ildən bəri sahibkarlara investisiya təşviqi sənədinin (İTS) verilməsi təcrübəsi ilə də dəstəklənir. O, iş adamlarını torpaq vergisi ödəməkdən azad edir, gəlir vergisinə və mənfəət vergisinə 50 faizlik endirim təmin edir, həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və gömrük rüsumları ödəməkdən tamamilə azad edir. Bu ilin 9 ayı ərzində İqtisadiyyat Nazirliyi ümumi dəyəri 807,6 milyon manat olan layihələr üzrə iş adamlarına 75 İTS verib. Ümumiyyətlə, son bir neçə ildə 346 sahibkarlıq subyektinə İTS verilib, 407 investisiya layihəsinə yatırılan toplam sərmayələr isə 3,9 milyard manat səviyyəsində qiymətləndirilir. Gələn il və sonrakı illərdə sərmayəçiləri qeyri-neft istehsalının kapitallaşmasını artırmağa təşviq etmək üçün bu təcrübənin genişləndirilməsi planlaşdırılır.

 

İxraca yönəlmək 

Son illərdə gerçəkləşdirilən sənayeləşmə siyasətinin daha bir önəmli özəlliyi qeyd edilməlidir: tikilib qurulması planlaşdırılan, demək olar ki, bütün sənaye müəssisələri yalnız idxalın əvəz edilməsi funksiyası ilə kifayətlənmir, elə ilk başdan ixraca istiqamətlənir. Sonuncu məsələ yetərincə önəmlidir, çünki yerli bazarın nisbətən kiçik olması investisiya layihələrini sürətli özünü ödəmək imkanından məhrum edir, bunun nəticəsi kimi, onların həyata keçirilməsinə marağı azaldır. Bütünlükdə, Yaponiya, Koreya Respublikası, Çin və bir sıra Cənub-Şərqi Asiya dövlətlərinin təcrübəsi göstərir ki, məhz ixrac yönümlü sənayenin inkişafına göstərilən diqqət sənayeləşmə proqramlarının nisbətən tez və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Əlbəttə, şəksiz ki, bu təcrübə Azərbaycan hökuməti tərəfindən nəzərə alınır.

Buna bariz örnək kimi 2019-cu ilin əvvəlində istifadəyə verilmiş iri müəssisələri – «SOCAR Carbamide» və «SOCAR Polymer»i göstərmək olar ki, istehsal güclərinin əsas hissəsi xarici bazarlara ixrac üçün işləyir. Sumqayıt texnoparkında təkər fabriki tikməyə və geniş postsovet məkanına ixrac təşkil etmək üçün 450-500 mln. $ sərmayə yatırmağa hazırlaşan «China National Electric Engineering» Çin şirkətinin layihəsində də yetərincə yüksək ixrac komponenti  yer alıb.  Tikintisi barədə bir il əvvəl Azərbaycan müəssisəsi «Baku Steel Company» MMC və Çin şirkəti «CAMC Engineering» arasında anlaşma əldə edilmiş yeni poladəritmə fabriki də xaricə metal prokat məhsullarının ixracını genişləndirməyi nəzərdə tutur. Bu ilin may ayında istifadəyə verilmiş «Diamed Co» şpris zavodu tərəfindən də Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixracın başlanılması planlaşdırılır. Sentyabr ayında istifadəyə verilmiş Azərbaycan-Çin birgə müəssisəsi «Elektrogas»ın su isitmə sistemlərinin (kombilərinin) də həm sözügedən ölkələrə, həm də Ukraynaya ixracı nəzərdə tutulur.

Sadalanan nümunələr cari ildə istifadəyə verilən və tikilməkdə olan sənaye müəssisələrinin yalnız bir hissəsidir. Azərbaycanın texnoparklarında və sənaye məhəllələrində həyata keçirilən layihələr nəzərə alınarsa, yaxın gələcəkdə ixrac potensiallı sənaye müəssisələrinin sayı daha da artacaq. Son illərdə bu klasterlər klassik sənaye azad iqtisadi zonalarının analoqları kimi xidmət edib. Fiskal və tarif imtiyazları, istehsal meydançalarının güzəştli icarəsi və bir sıra digər üstünlüklər sayəsində buralara tədricən yerli və qismən xarici kapital cəlb edilir, bu da ölkədə yeni sənaye nüvəsinin yaradılmasına imkan verir.

Hazırda Azərbaycanda beş sənaye parkı - Sumqayıt kimya-sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları fəaliyyət göstərir. Ümumiyyətlə, 2009-cu ildən başlayaraq onlara 3,4 milyard dollar sərmayə qoyulub ki, bu da 9 mindən çox daimi iş yerinin açılmasına imkan yaradıb. Gələcəkdə rezidentlərin sənaye parklarına əlavə olaraq 395,9 milyon dollar sərmayə qoyacağı və bunun hesabına 1,5 min yeni iş yeri açılacağı güman edilir. Digər bir önəmli göstərici: bu ilin 9 ayı ərzində sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib, bu məhsulların yarısından bir qədər azı (233 milyon manatlığı)  ixrac edilib. Bu, ixrac üçün geniş imkanlarının mövcudluğunun daha bir əyani təsdiqidir ki, sözün gerçk mənasında, sərmayəçilər üçün cəlbedici amil kimi xidmət edir.

Bununla yanaşı, bu gün Azərbaycanda Neftçala və Masallı sənaye məhəllələrində sənaye klasterləri yaradılıb və Hacıqabulda işlər davam etdirilir, ilin sonuna qədər isə Sabirabad sənaye məhəlləsi istifadəyə veriləcək. Sənaye məhəllələrinə qoyulan ümumi sərmayə 31,6 milyon dollar səviyyəsində qiymətləndirilir və gələcəkdə rezidentlərin buradakı iş yerlərinin ümumi sayını 3,4 minə çatdırmaq üçün əlavə olaraq 53 milyon dollar sərmayə qoyacağı güman edilir.

Yəni hökumət ölkə sənayesinə sərmayə cəlb etmək üçün əlavə güzəştlərə getməyə hazırdır. Eyni zamanda ədalət naminə deyilməlidir ki, bazarların öyrənilməsi, ixrac potensialı və gələcəkdə səmərəli gəliri olan bir sənaye sahəsi layihəsinin hazırlanması çox vaxt tələb edir. Buna görə, burada çox sürətli nəticələr gözləməyə dəyməz. Bununla belə, potensial sərmayəçilərin qanunvericilikdəki boşluqların, bürokratik əngəllərin aradan qaldırılması və ya daha konkret vergi güzəştlərinin tətbiqi ilə bağlı müraciətlərini diqqətlə nəzərdən keçirmək lazımdır. Bütün bunlar Azərbaycanın qeyri-neft sənayesini sərmayəçilər üçün daha cəlbedici edəcək və onun sabit böyüməsini təmin edəcək.



MƏSLƏHƏT GÖR:

257