18 Sentyabr 2021

Şənbə, 10:41

VALYUTA

BANKLARI VƏ BİZNESİ «DOSTLAŞDIRMAQ»

Real iqtisadiyyatda bank kreditləşdirməsinin payının artırılması yolları nəzərdən keçirilir

Müəllif:

15.11.2019

Son bir ayda Azərbaycanın bank sektorundakı vəziyyətlə bağlı çox şey danışılır. İqtisadi məsələlərlə bağlı son iclasda Prezident İlham Əliyev tərəfindən bankların iqtisadiyyatın real sektorunun inkişafında zəif iştirakı barədə narazılıq bildirməsi çoxsaylı müzakirələrə səbəb oldu və yerli bankların problemlərinin araşdırılması üzrə cəhdlər təkan verdi. Bəs, niyə heç bir böhran əlaməti olmayan, bəzən superlikvidlik müşahidə olan bir zamanda banklar biznes layihələrinə kredit vermək istəmirlər? Halbuki ilk başdan məhz bunun üçün yaradılıblar. Əlbəttə ki, hər tərəfin kifayət qədər cavabı və özünə bəraət qazandırmaq üçün bəhanəsi var, amma əsas sual odur ki, son nəticədə vəziyyətdən çıxış yolu tapmaq mümkün olacaqmı? Ölkə iqtisadiyyatının bu gün buna çox ehtiyacı var.  

Beləliklə, bank sektoru toparlanmağa ehtiyac duyur. Yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov da belə düşünür. O, Azərbaycan Milli Məclisində dövlət büdcəsi layihəsinin plenar müzakirələri zamanı biznes üçün maliyyəyə çıxışın təmin edilməsinin vacibliyini bildirib. Bunun üçünsə, bank sektorunda islahatlar vacibdir. “Azərbaycan əhalisi çoxdan özəl sahibkarlığa və ticarətə meyilli olub. Biz bu amildən tam gücümüzlə istifadə etməliyik. Bu sahədə qeyri-şəffaflığın qarşısı alınmalıdır. Bundan əlavə, biznesin dövlət tərəfindən tənzimlənməsi səviyyəsini azaltmaq lazımdır”, - deyə M.Cabbarov vurğulayıb.

Bəs, bank sektoru nə dərəcədə “qeyri-sağlam”dır? Sözün düzü, bu ilin 30 sentyabr tarixinə olan statistika yetərincə əlverişli görünür: həmin tarixə bankların toplam aktivləri 31,4 milyard manat, öhdəlikləri isə 26,7 milyard manat təşkil edib, yəni 4,7 milyard manatlıq balans kapitalı mövcuddur. Bununla yanaşı, bank aktivlərinin 44,2%-i kredit portfeli kimi istifadə edilib və bu göstərici üzrə artım təqribən 10% (1,2 milyard manat) təşkil edib. Kredit portfelinin 61,6%-ni məhz biznes kreditləri təşkil edib, 38,4%-i isə istehlak kreditləri olub. Bu göstəricilər açıq şəkildə göstərir ki, banklarda hər hansı bir “böhran”dan söhbət gedə bilməz. Üstəlik, bu ilin nəticələrinə görə, sektor nəzərəçarpacaq dərəcədə canlanmalı idi, çünki sektorun inkişafına mane olan ən ciddi məsələlərdən biri - problemli kreditlər məsələsi öz həllini tapıb.  

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanına əsasən, xarici valyuta kreditlərində devalvasiya nəticəsində fiziki şəxslərin əsas borcları üzrə yaranmış 10 min dollaradək fərq dövlət büdcəsi hesabına ödənilib. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası bir müddət əvvəl fərmanın icrasının başa çatdığını, problemli kreditlər üzrə kompensasiya üçün müraciət etmiş vətəndaşların 98%-nə ödəniş edildiyini, bu məqsəd üçün 633,2 milyon manat yönəldildiyini bildirib. Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə 204,9 milyon manat faiz borc və cəriməsi silinib.  

Bundan əlavə, 42 min vətəndaşın borcu bütünlüklə ödənilib, 76,3 mindən çox borcalanın 153,8 milyon manatlıq kredit borcu restrukturlaşdırılıb (bu proses 2019-cu ilin sonuna qədər davam edəcək). Yuxarıda göstərilənlər nəzərə alınarsa, ölkədə pproblemli kreditlərin həcmi bu ilin əvvəlinə nisbətən 9%, keçən ilin eyni dövrü ilə müqayisədə 17,5% azalıb.

Ancaq bu rəqəmlərlə yanaşı, bankların real sektora kredit verməkdə qeyri-kafi iştirakının mahiyyətini daha çox səciyyələndirən digər göstəricilər var. Belə ki, bank kredit qoyuluşları strukturunda yalnız 6,1% sənaye və istehsal sektorunun, 3,6%-i kənd təsərrüfatı və emalı sahəsinin, 2,7% -i tikinti və daşınmaz əmlakın payına düşüb. Lakin ticarət və xidmət sektorunun payı 16,7% təşkil edib və kreditlərin ən böyük hissəsi (44,2%-i) ev təsərrüfatlarına verilib (bunlara istehlak kreditləri də daxildir). Yəni, əslində, ölkə iqtisadiyyatının qeyri-neft sektoru üçün ən vacib sahələr kredit təşkilatlarının diqqətindən kənarda qalır.

Bəs, problem nə ilə bağlıdır? Bankirlər istehsal və kənd təsərrüfatı sahəsində layihələri kreditləşdirməyə hazır olduqlarını iddia edirlər, lakin... beləsi çox azdır. “Bank pulu satır. Əgər mənim yanıma girov təminatlı, biznes-planlı, fiskal qurumlar üçün şəffaf fəaliyyət göstərən bir layiqli müştəri kredit üçün gələrsə, niyə ona kredit verməməliyəm? Axı, mənim üçün pul əmtəədir, onu satmalıyam və qazanc gətirməliyəm. Bankdan kredit götürməyin çətin olduğunu söyləyən sahibkarlar, sadəcə onu almaq üçün lazımi şərtlərə cavab vermirlər", - deyə ölkənin aparıcı banklarından birinin idarə heyətinin sədri Faiq Hüseynov yerli KİV-lərə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu gün banklar hər bir müştəri üçün mübarizə aparır, kredit verilə biləcək biznes layihələri axtarırlar.

Bununla yanaşı, iş adamlarının öz arqumentləri var – onlar bildirirlər ki, biznes kreditləri üzrə faiz dərəcələri yüksəkdir. Bankirlər buna cavab verərkən, biznes kreditləri üzrə faiz dərəcələrinin (12-14%) əmanət faizlərinə uyğun olduğunu iddia edirlər.

Maraqlıdır ki, biznes kreditlərindən daha bahalı və daha riskli olan istehlak kreditləri həm müştərilər, həm də banklar arasında hələ də çox populyardır. Bankirlər deyirlər ki, bu gün bu, onların gəlirinin önəmli bəndidir və bu sahədə məhsul sayının azalması bir çox kredit təşkilatlarının tənəzzülünə, hətta iflasına səbəb ola bilər. Lakin digər tərəfdən bu yaxınlarda manatın devalvasiyası ilə bağlı yaşanan təcrübə göstərir ki, böyük istehlak kreditləri portfelinin olması həm banklar üçün, həm də borcalanlar üçün risklidir.

Bu baxımdan, Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditləşməsinin məhdudlaşdırılması üzrə bu yaxınlarda təqdim etdiyi inzibati vasitələr olduqca məntiqlidir. Belə ki, Palata “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.  

“Tənzimləyici uzunmüddətli istehlak kreditləri üzrə bank risklərini məhdudlaşdırmaq qərarına gəlib. Dəyişikliklərə görə, 7 ildən uzun müddətə verilmiş istehlak krediti üzrə kredit riskinin maksimal məbləği çıxıldıqdan sonra bankın I dərəcəli kapitalının 0,1%-dən çox olmamalıdır", - deyə Palatadan vurğulayıblar. Bu dəyişiklik 30 noyabr 2019-cu ildə qüvvəyə minəcək.

Yəni bu tədbirin iki tərəfli təsiri olacaq - bankların istehlak kreditləşmə imkanlarını məhdudlaşdırılması ilə maliyyə mənbələrinin real sektora yönəldilməsinə təkan verəcək. Eyni zamanda, hökumət bütövlükdə iqtisadiyyatın və özəlliklə də sahibkarlığın "ağardılması" üzrə fiskal tədbirlərini davam etdirəcək ki, bu da istənilən halda iş adamlarının kredit almasına əsas maneələri aradan qaldıracaq.

Ayrıca, bir neçə ildir ki, bankların toxunduğu mübahisəli məsələlər sırasında girov gerçəkləşdirilməsi prosesinin sadələşdirilməsi, bu müddətə sərf olunan vaxtın azaldılması və s. var. Hökumət bu məsələləri qısa müddətdə həll etməlidir. Kredit təşkilatlarının borcalanlar haqqında zəruri məlumatlara elektron şəkildə daxil olması da daha bir stimul olacaq ki, bu da hər iki tərəf üçün müraciətin baxılması və onunla bağlı düzgün qərar qəbul edilməsi üzrə vaxtın azaldılmasına imkan verəcək.

Bundan əlavə, bir sıra bank xidmətlərinin sadələşdirilməsi və rəqəmsallaşdırılması üzrə tədbirlər artıq görülüb, nağdsız ödənişlərdən istifadə genişlənir. Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının gerçəkləşdirilməsi nəticəsində nağdsız dövriyyənin həcmi 14 milyard manata çatacaq. Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev Bakıda keçirilən IV Beynəlxalq Bank Forumunda çıxışı zamanı bildirib ki, dövlət proqramının gerçəkləşdirilməsi nəticəsində nağd dövriyyənin həcminin 74 faizdən 40 faizə endirilməsi planlaşdırılır. Beləliklə, ölkədəki kölgə iqtisadiyyatın həcmi önəmli dərəcədə azalacaq və onunla bağlı bütün mənfi məqamlar aradan qalxdıqdan sonra sahibkarlarla bankların əməkdaşlıq etməsi daha rahat olacaq.  

İstənilən halda, tezliklə banklar gələn il üçün planlarını açıqlayacaq. Artıq aydındır ki, bir çox kredit qurumlarının biznes modelləri ciddi şəkildə dəyişəcək və əsas meyil ölkədə qeyri-neft sektorunun inkişafını dəstəkləyən layihələrə verilən kreditlərlə bağlı olacaq.


MƏSLƏHƏT GÖR:

137