23 Aprel 2024

Çərşənbə axşamı, 14:24

YƏMƏN: FIRTINAÖNCƏSİ SAKİTLİK

İranla Səudiyyə Ərəbistanı arasındakı «proksimüharibə» nə qədər çəkəcək?

Müəllif:

15.11.2019

Səudiyyə Ərəbistanı Yəməndə səfirliyini bərpa edib. Bu, Yəmənin ikinci paytaxtı Ədənə nəzarət edən Cənubi Keçid Şurası (CKŞ) ilə danışıqlardan sonra mümkün olub. Bununla yanaşı, CKŞ-nin hökumət qüvvələri və Səudiyyə koalisiyası ilə hərbi toqquşmalarına da son qoyulub. İndi, Cənubla birləşdikdən, koalisiyanın əsas iştirakçıları olan Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı parçalanmanın aradan qaldırılmasından sonra yeni «xaç yürüşü» gözlənilir – bu dəfə Şimaldakı şiələrə qarşı.

 

Bir ölkə, iki xalq

Yəməndə vətəndaş müharibəsi 5-ci ildir ki, davam edir. O, bilavasitə 2011-ci ili «ərəb baharı»ndan sonra qızışıb. Lakin bu ölkədəki müxtəlif tayfalar, dini qruplar arasında ziddiyyət o qədər dərindir ki, sosial tələblərlə, təlatümlərlə kimisə təəccübləndirmək, silaha sarılmağa məcbur etmək mümkün deyil.

İlk növbədə, qeyd olunmalıdır ki, Yəmən nisbətən gənc dövlətdir. O, dünya xəritəsində 1990-cı ildə peyda olub. O vaxtadək ölkənin Şimalı ilə Cənubu tarixi, siyasi və konfessional baxımdan ayrı yaşayıb.

Əgər Şimali Yəməndə əsrlər boyu teokratik şiə dövləti – İmamət rejimi olubsa, Cənubi Yəmənə uzun illər sosial problemlərə xüsusi diqqət göstərməyən Britaniya administrasiyası nəzarət edib. Müstəmləkəçilərin gedişindən sonra Cənubun zəif soltanlıqları ləğv olunub və burada sosialist respublikası yaradılıb. Həm Şimali, həm də Cənubi Yəmənin dünyəvi, demokratik və mərkəzləşdirilmiş xarakterinə baxmayaraq, burada tayfa ittifaqları ənənəvi olaraq, ciddi güc sayılıb. Məhz bu üzdən, 1990-cı ildə ölkənin birləşməsindən sonra zəngin cənublu tayfalar faktiki olaraq, əsas pul axınlarına nəzarəti əldə saxlayıbsa, Şimaldan olan zeydilər iqtisadi münasibətlərdən kənar əyalətlərdə qalıblar.

2011-ci ildə artıq vəziyyətdən hər iki tərəf narazı idi. Şimaldakı şiələr mərkəzi hakimiyyətin onlara sünnilərə məxsus islamı qəbul etdirməyə çalışmasından, şimal əyalətlərinin inkişafına lazımi diqqətin ayrılmamasından şikayətlənirdi. Lakin birləşmə cənubluları da narazı salmışdı. Məhz buradakı anti-hökumət əhval-ruhiyyəsi sonda cənubda «Əl-Qaidə» yaraqlılarının mövqe tutmasına səbəb olub (bu gün bir neçə şəhər və vilayət məhz onların nəzarətindədir).

«Ərəb baharı» zamanı yaşananlar və ozamankı prezident Əli Abdullah Salehin tapşırığı ilə dinc nümayişçilərin güllələnməsi proseslərin dönüş nöqtəsi olub. Şiə tayfaları – Əl-Husi ailəsinin dini ideologiyası ətrafında birləşmiş husilər məhz həmin hadisədən sonra ölkə paytaxtına yürüşə başlayıb və tezliklə Sananı ələ keçiriblər. Az sonra yeni prezident Əbd-Rabbu Mənsur Havdi oradan qovulub. Paytaxtın ələ keçirilməsi husiləri faktiki olaraq, ölkənin sahibinə çevirib. Cənubda yaşayan sünni tayfaları yaranmış vəziyyətdən əlbəttə ki, narazı qalıb. Lakin 100 minlik şimallı qarşısında gücsüz olan cənublular çıxış yolunu xarici müdaxilədə görüb. Nəticədə, Səudiyyə Ərəbistanının başçılığı ilə 150 minlik ərəb dövlətləri ordusu Yəmənə daxil olub. Doğrudur, bu, Yəməndəki vətəndaş müharibəsinə son qoymayıb, lakin İranın dəstəklədiyi husilərin ölkəni tamamilə ələ keçirməsinə mane olub.

 

Ölüm inflyasiyası

Müşahidəçilər hesab edir ki, Yəmən münaqişəsi İranla Səudiyyə Ərəbistanı arasında özünəməxsus «proksimüharibə»dir. İki regional nəhəng arasında illərdir davam edən mübahisə zaman-zaman qanlı münaqişələrlə müşayiət olunur. Səudiyyənin «muzdlular»ı Suriya və Livanda İrana qarşı heç nə edə bilməyiblər. Bu üzdən, Yəməndə öz gücündən istifadə etmək qərarına gəlmiş Ər-Riyad bu dəfə Silahlı Qüvvələrinin bütün gücünü düşməninə qarşı yönəldib.

2015-ci il martın 26-dan başlayaraq, ərəb dövlətlərinə məxsus aviasiya Sanaya, həmçinin husilərin nəzarətində olan digər şəhərlərə gecə-gündüz zərbələr endirir. «Qətiyyət qasırğası» adı ilə aparılan bu əməliyyat müddətində ümumilikdə 2500 aviareyd olub. Lakin bəzi məlumatlara görə, onların yalnız onda biri hərbi obyektlərə tuş gəlib. Aviazərbələr zamanı əsasən sənaye və ticarət müəssisələri, sosial binalar, səhiyyə, təhsil ocaqları, məscidlər, stadionlar, elektrik stansiyaları zərər çəkib. Sananın UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına salınmış «Qədim şəhər»i də bombardmanlara məruz qalıb.

Bu dövrdə həlak olmuş insanların dəqiq sayı heç kəsə məlum deyil. Müxtəlif mənbələr yalnız təxmini rəqəmlər söyləyir – təxminən, 6,5 min ölü, 30 min yaralı.

Əməliyyat zamanı yol verilmiş pozuntular, yanlışlıqlar o həddə çatıb ki, BMT Səudiyyə Ərəbistanını «qara siyahıya» salıb. Lakin cəmi 1 həftə sonra təşkilatın baş katibi Pan Gi Mun ABŞ-ın təzyiqi ilə qərarı aradan qaldırıb.

Amma istənilən halda, beynəlxalq təşkilatların bəyanat və qərarları Yəmən vətəndaşlarının faciəsini aradan qaldırmır. Koalisiyaya məxsus Hərbi-Dəniz Donanmasının Yəməni blokadaya alması, mülki aviasiyanın işləməməsi ölkədə total qida və dərman çatışmazlığı yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 20 milyondan artıq yəmənli aclıqdan ölüm astanasındadır. Bundan başqa, ölkədə  yatalaq və vəba kimi təhlükəli epidemiyalar yayılıb. Bir sözlə, Yəməndə insan ölümü o qədər ucuzlaşıb ki, xəstə insanların həyatı uğrunda heç kəs mübarizə aparmır. ÜST və Beynəlxalq Qırmızı Xaç Təşkilatının vəziyyəti düzəltmək cəhdləri isə dənizdə bir dalğadan  artıq bir şey deyil. Onlar Yəmən xalqının faciəsinə son qoymaq iqtidarında deyillər.

 

Neftə hücum

Yəmən xalqına bəla gətirən amillərdən biri də ölkənin əlverişli geosiyasi mövqeyidir. Yəmənə nəzarət Fars körfəzindən Avropa ölkələrinə neft daşımalarının həyata keçirildiyi əsas arteriyalardan olan Babül-Məndəb boğazına nəzarət etmək deməkdir. Yalnız bu fakt Yəmənin ərəb dünyasının ənənəvi mərkəzlərindən uzaqlığını artıqlaması ilə kompensasiya edir. Tərkibinin kifayət qədər müxtəlif baxmayaraq, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası məhz bu səbəbdən Yəməndəki vətəndaş müharibəsilə «məşğul olmaq» qərarı qəbul edib. Məqsəd neft məhsullarının Süveyş kanalı vasitəsilə, oradan isə Aralıq dənizilə fasiləsiz daşınmasına nail olunmasıdır.

Üstəlik, Yəmənin özündə kəşf olunmuş neft ehtiyatının həcmi kifayət qədərdir. ABŞ-ın Geoloji Xidməti hələ 2002-ci ildə Yəmənin 9,9 milyard barel neft ehtiyatına malik olduğunu açıqlamışdı. 10 il sonra bu rəqəm hər halda, 10 dəfə artıb. Hər halda, dünyada ərəb layları ən aktiv zonalardandır və bu üzdən Yəməndə yeni neft yataqlarının aşkarlanması heç kəsi təəccübləndirməz.

Vaxtilə «Wikileaks» tərəfindən dərc olunmuş məxfi sənədlərdə bildirilirdi ki, kosmosdan aparılmış çəkilişlər və həyata keçirilmiş təhlillər Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhədində nəhəng neft ehtiyatlarının olduğunu təsdiqləyir. Lakin bu karbohidrogenləri ələ keçirmək üçün husilərlə bağlı problem birdəfəlik həll olunmalıdır. Məsələ ondadır ki, bu ehtiyatların əsas hissəsi husilərin əsas sığınacağı olan şimal əyaləti – Saadanın ayrı-ayrı rayonlarındadır.

Əsas hədəfin neft olduğunu husi düşərgəsində də anlayırlar. Radikallar heç də dünya KİV-də təqdim olunduqları kimi, axmaq deyillər. Onlar bu oyunun nə qədər «bahalı» oyun olduğunu yaxşı anlayır və bu üzdən, müharibəni qələbəyədək davam etdirməyi hədəfləyirlər. Husilərin ən yaxşı qüvvələri ölkənin şimalında döyüşür – Ər-Riyada ən qısa yol məhz oradandır. Səudiyyə Ərəbistanın həmsərhəd şəhər və kəndlərinin atəşə tutulmasının ardından husilər pilotsuz uçuş aparatları ilə geniş əməliyyata başlayıb. Dronlar ilk olaraq Səudiyyə Ərəbistanının aeroportlarına hücum edib. Üstəlik, qısa vaxt sonra bunun sadəcə, yanıldıcı manevr olduğu üzə çıxıb. Krallığın HHM sistemləri diqqəti aeroportların müdafiəsinə yönəldər-yönəltməz, husilər onların neft obyektlərini atəşə tutub. Hər halda, sentyabrın 14-nə keçən gecə ölkənin neft obyektlərinə İkinci Dünya müharibəsindən sonra ən miqyaslı hücum olub. Səudiyyə Ərəbistanının şərqində, Abkayk bölgəsində yerləşən dünyanın ən nəhəng ilkin neft emalı zavodu, həmçinin «Xurays» yatağındakı neft emalı zavodu onlarla dronun hücumuna məruz qalıb. «Saudi Aramco» dövlət müəssisəsinə hücum Səudiyyə Ərəbistanının neft hasilatını iki dəfə azaldıb və neft fyuçerslərinə ciddi zərbə vurub. Biznes dairələrində bu zərbələrdən sonra yaranmış şok isə anlaşılandır. Hər halda, o zamanadək ciddi mühafizə altında olan neft infrastrukturlarını bir anda məhv etməyin mümkünlüyünə heç kəs inanmazdı.

Dron hücumunun daha bir effekti Fars körfəzi dövlətlərinin tədricən Səudiyyə koalisiyasını tərk etməyə başlaması olub. BƏƏ, Bəhreyn və Qətər artıq Yəmən müharibəsindən çəkildiklərini bəyan ediblər.

 

Vətəndaş müharibəsi içərisində vətəndaş müharibəsi

Yəmən münaqişəsinin maraqlı xüsusiyyətlərindən biri də vətəndaş müharibəsi içərisində mütəmadi yaşanan vətəndaş müharibələridir. Ziddiyyətlərlə dolu düşərgələr hakimiyyət, pul, bəzən isə sadəcə, tərəfdar uğrunda vuruşur. Məsələn, 2017-ci ildə o vaxtadək husiləri dəstəkləmiş keçmiş prezident Əli Abdullah Saleh yön dəyişdirdiyini bəyan etmişdi. Bununla da Yəmən Milli Ordusunun ona loyal olan hissəsi silahı husilərə qarşı çevirmişdi. Lakin bu qiyam tezliklə yatırılmış, Saleh isə satqınlıq etdiyi üçün öldürülmüşdü. O zaman daxili qarşıdurmadan yararlanan Səudiyyə koalisiyası paytaxta xeyli yaxınlaşmışdı.

2018-ci ildə bu dəfə anti-husi düşərgəsində fikir ayrılığı meydana gəlmişdi. Səudiyyə Ərəbistanına mühacirət etmiş prezident əl-Hadi bir sıra cənub əyalətinin qubernatorunu istefaya göndərmiş, əvəzində, Cənubda separatçılıq əhval-ruhiyyəsi güclənmiş, sonda qarşısına Cənubi Sudanın suverenliyinin bərpası məqsədini qoymuş Cənubi Keçid Şurası elan olunmuşdu. Ona dəstək ifadə edən BƏƏ isə bununla yalnız yəmənliləri deyil, koalisiyanı da parçalamışdı. Bundan sonra husilərlə cəbhədən tam uzaq olan cənub şəhərlərində hərbçilər arasında qarşıdurma başlamış, tammiqyaslı müharibə təhlükəsi yaranmışdı, CKŞ Cənubi Sudanın paytaxtı Ədənə nəzarəti tam ələ almışdı. Bu arada husilər Cənubi Yəmənin ayrılaraq ayrıca dövlət olmasına razı olduqlarını bəyan etmişdilər.

Beləliklə, 1990-cı illərin əvvəllərində süni şəkildə yaradılmış yeni dövlətin birliyinin yeganə tərəfdarı Səudiyyə Ərəbistanıdır. Bir müddət sonra krallıq vəliəhd Məhəmməd ben Salman Əl Səudun dililə CKŞ-dən olan separatçılarla razılığa gəldiklərini bəyan etsə də, bu, Yəmən münaqişəsinin dinc yolla həllinə çətin ki, kömək etsin. Səudiyyə Ərəbistanının bütünlükdə Yəməni nəzarətə götürmək istəyi və ölkədə bu yolla sabitlik yaratmaq arzusu idarəolunan xaos tərəfdarlarının planlarına tam ziddir.

Bütün müharibələr kimi mənasız olan Yəmən münaqişəsi yalnız az-çox sabit düzənin yaradılması ilə başa çata bilər. Söhbət bütün konfessiyaların, tayfaların tələbatını ödəyəcək, dəhşətli sosial təbəqələşməni aradan qaldıracaq düzəndən gedir. Tarixə «Ərəb baharı» kimi düşmüş kataklizmlərin səbəbləri və nəticələri hələ də aradan qaldırılmayıb. Demək, nəinki Yəmən, digər ərəb dövlətləri də əvvəlkitək, qeyri-sabitlik zonasındadır.



MƏSLƏHƏT GÖR:

261