29 Mart 2024

Cümə, 11:59

«LATIN PAYIZI»

Problemlər Boliviya, Argentina, Çili, Venesuela kimi dövlətlər üçün ciddi təhdidlər yaradır…

Müəllif:

15.11.2019

Başa çatmaqda olan 2019-cu il Qərbin xəbər bülletenlərində ekoloji problemlər, sosial ədalətsizlik məsələlərilə qalacaq. Etirazlar bütün dünyanı bürüyüb və KİV-də «yeni 1968-ci il»i yaşadığımıza dair fikirlərə rast gəlinir. Fransada ötən ildən formalaşmış «Gilets jaunes» («Sarı jiletlilər») hər həftə yürüşlərə işə çıxırmış kimi çıxır. İspaniyanın Kataloniya bölgəsində də etirazlar səngimir. Honkonqda aylardır 100 minlərlə insan nümayiş keçirir və noyabrın 11-də orada polis odlu silaha belə, əl atıb. Misir, Əlcəzair, Sudan, Efiopiya kimi ölkələrdə müxtəlif intensivlikdə, İran və Livanda isə daha sərt etirazların baş qaldırmasından sonra siyasi icmalçılar «ərəb baharı»nda yeni mərhələdən danışmağa başlayıb. Nəhayət, anti-hökumət etirazları, demək olar ki, bütün Latın Amerikasını bürüyüb.

Müxtəlif bölgələrdə etirazların səbəbləri fərqlidir – bəzi yerlərdə sırf iqtisadi tələblər irəli sürülürsə, digər bölgədə siyasi tələblər səslənir, başqa yerdə müstəqillik tələb olunur. Məsələn, Kataloniyada bu tamamilə, vaxtilə Britaniyanın müstəmləkəsi olmuş, 1997-ci ildə Çinə qaytarılmış Honkonqda isə qismən belədir. Honkonqda küçələrə axışan kütlə hökumətin qanun pozucusu və cinayətkarların ÇXR-ə təhvili qərarına etiraz edir. Livanda hər şey hökumətin «WhatsApp» və digər messencerlərə görə zənclərə vergi tətbiqi qərarından başlayıb. İraqda insanlar hakimiyyət bölgüsündəki konfessional sistemə yenidən baxılmasını istəyir. Lakin bütün ölkələrdə və qitələrdə etirazların əsas səbəbi gəlirlərin qeyri-bərabər bölüşdürülməsidir. Odur ki, əminliklə «sosial bərabərsizliyə» sinonim sayıla biləcək Latın Amerikasında baş verənlər tamamilə qanunauyğundur. Amma görünənlər yalnız üzdə olanlardır. Əsl səbəb hər zaman detallarda gizlənir.

 

Beləliklə, Latın Amerikasında nə baş verir?

Noyabrın ortalarından ən çox müzakirə olunan xəbərlər Boliviyadan gəlirdi. Hər kəs ölkə tarixində etnik hindi olan ilk prezident, «Sosializmə doğru hərəkat» partiyasının lideri Evo Moralesin istefasından danışır. Morales vəzifədən getməyə kütləvi etiraz aksiyalarından, daha dəqiqi, ordunun nümayişçiləri dəstəkləməsindən sonra qərar verib. Artıq Meksikadan siyasi sığınacaq almış sabiq prezident ölkəsində baş verənləri dövlət çevrilişi adlandırıb və tərəfdarlarını təslim olmamağa çağırıb.

Moralesin adı əhalinin ən məzlum, unudulmuş təbəqəsi olan köklü sakinlərə hüquqlar verilməsi, həmçinin neft-qaz sektorunun milliləşdirilməsilə bağlıdır. Onun dövründə ölkədə yaşayış səviyyəsi də artıb. Lakin son illərdə bu, yerini iqtisadi böhrana vermişdi…

Latın Amerikasından ən böyük iqtisadi böhran Argentinada baş verib və bu, siyasi dəyişikliklər üçün katalizatora çevrilib. Nəticədə, sağçı Maurisio Makri seçkini peronizm tərəfdarı olan sol-mərkəzçi müxalifətçi Alberto Fernandesə uduzub. Fernandes seçkiyə ölkəyə 2015-ci ilədək rəhbərlik etmiş, populist siyasətçi kimi tanınmış Kristina Fernandes de Kirşnerlə tandemdə gedib. Lakin o, məhz Kirşnerdən qalmış iqtisadi böhranın öhdəsindən gələ bilmir. Zaman keçdikcə, vəziyyət daha da qəlizləşib: milli valyuta on dəfələrlə ucuzlaşıb, inflyasiya nəhəng miqyas alıb, dövlət borcu artıb, ölkədə hər üç nəfərdən biri yoxsulluq həddində yaşamağa başlayıb. Üstəlik, ötən il Argentinada yarım əsrin ən quraqlıq ili yaşanıb. Nəticədə, ölkənin əsas ixrac məhsulu olan soya yığımında onilliyin ən aşağı göstəricisi qeydə alınıb.

Fernandes öz növbəsində, iqtisadi modelin dəyişdiriləcəyini, kommunal xidmətlərə görə tariflərin, həmçinin benzinin qiymətinin artırılmayacağını vəd edib. Lakin problemlərin miqyasını nəzərə alsaq, o, çətin ki nəyəsə nail olsun.

İqtisadi durumu az-çox qaydasında olan Çilidə hökumət əleyhinə kütləvi etiraz aksiyalarına metroda gedişhaqqının artırılması yol açıb. Küçələrə yüz minlərlə insan axışıb, iğtişaşlar nəticəsində ən azı 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 7 min nəfər saxlanılıb. Bunun ardınca sağ-mərkəzçi prezident Sebestyan Pinyera yeni hökumətin formalaşdırılması və sosial islahatlara başlanılması məqsədilə Nazirlər Kabinetini buraxıb. O, pensiyaların, minimum əməkhaqqının artırılacağını, üstəlik, bir çox başqa islahatların da həyata keçiriləcəyini vəd edib. Lakin bu, mitinqlərin qarşısını almayıb. Nümayişə çıxan kütlənin bir hissəsi prezidentin istefasını tələb edir.

2019-cu ildə siyasi böhran Venesuelada daha sərt olub. Daha doğrusu, o, daha sərt mərhələyə qədəm qoyub. Hazırda ölkənin qanuni prezidenti Nikola Maduro hesab olunsa da, ABŞ, Lima Qrupu ölkələri (Meksika istisna olmaqla), Avstraliya, İsrail və bir sıra Avropa İttifaqı üzvü Venesuela lideri kimi Milli Assambleyasının spikeri Xuan Quaydonu tanıyır. Rusiya, Çin, Boliviya, Kuba, Meksika, Nikaraqua, Salvador, İran, Türkiyə və CAR kimi dövlətlər isə Maduronu dəstəkləyir.

Ekvadorda etirazlar oktyabrın əvvəlindən davam edir. Nümayişlərə çıxanlar əsasən köklü sakinlərdir. Səbəb yanacağa dövlət subsidiyasının kəsilməsi və iqtisadi islahatların dayandırılmasıdır.

Sentyabrda Peruda prezident Martin Viskarra parlamenti buraxıb. Əvəzində, deputatlar onu hakimiyyətdən kənarlaşdırıb və gələn ilin əvvəlində növbədənkənar seçki təyin olunub. Qvatemala və Haitidə də etirazlar davam edir.

Braziliyada vəziyyət hələ ki, sabitdir. Orada hakimiyyət qatı sağçı, millətçi və mühafizəkar baxışları, həmçinin qalmaqallı bəyanatları ilə tanınan Jair Messias Bolsonarudadır. Onu «Latın Amerikasının Donald Trampı» da adlandırırlar. Lakin yayda bu ölkədə də pensiya islahatlarına etiraz olaraq, milyonlarla insanın iştirak etdiyi nümayişlər keçirilib. Köklü sakinlərin durumu da narazılıqlar yaradır. Yenə də yayda Amazon meşələrində baş vermiş güclü yanğınlar da əhali tərəfindən sərt etirazla qarşılanmışdı.

Meksikada narkokartellərlə hökumət arasında bitmək bilməyən silahlı toqquşmalar sabitliyə nail olunmasına imkan vermir. Prezident Andre Manuel Obrador hələ də bu vəziyyətin öhdəsindən gələ bilmir.

Bu yerdə bir məqam qeyd olunmalıdır – Latın Amerikası ölkələri üçün istər belə siyasi qeyri-sabitlik, istərsə də çoxsaylı dövlət çevrilişləri və iqtisadi böhranlar tam təbii haldır. Bu ölkələrdə hakimiyyətdə bir-birini davamlı olaraq bir-birinə tam zidd qüvvələr əvəzləyir – gah qatı solçular, gah qatı sağçılar. Biri milli valyutanı nəzarətə götürür, digəri onu sərbəst buraxır, biri ticarət üçün sərhədləri açır, digəri bağlayır, biri kütləvi özəlləşdirmə aparır, digəri bütün sahələri milliləşdirir və s. Odur ki, «Latinobarometro» təşkilatı tərəfindən aparılmış ictimai rəy sorğusunun nəticəsi də təəccüblü deyil – Latın Amerikası sakinlərinin 75%-i hesab edir ki, hökumət əksəriyyətin maraqlarını müdafiə etmir.

 

Keçmişə ekskursiya

Latın Amerikası ölkələrinin (bura həm də immiqrantlar qitəsidir – hindilər yalnız Boliviya və Paraqvayda çoxluqdadır, Qvatemala və Ekvadorda isə onlar əhalinin təxminən yarısını təşkil edir) qonşu Şimali Amerika kimi zəngin, tox yaşamasına nə mane olur?

Qitənin hazırkı dövlətləri Amerikadakı ispan müstəmləkələrinin 1810-1826-cı illərdəki müstəqillik müharibəsindən sonra yaranmağa başlayıb. Elə o vaxt milli-azadlıq mübarizəsinin lideri Simon Bolivar və tərəfdarları Cənubi Amerika Birləşmiş Ştatları adlı ümumi konfederasiyanın yaradılması təklifilə çıxış edirdi. Lakin bu ideya iflasa uğradı. Hesab edilir ki, ideyanın gerçəkləşməsinə Qərb ölkələri – Böyük Britaniya ilə Fransa, xüsusilə ABŞ imkan verməyib. Hər halda, ABŞ-a nəhəng təbii və insan resurslarına malik, iki okean qismində etibarlı sərhədləri olan geosiyasi rəqib lazım deyildi. Belə olan təqdirdə, «parçala, hökm sür» prinsipi gündəmə gəlmişdi. 1823-cü ilin məşhur Monro doktrinasına əsasən, avropalılar qitədən uzaq durmağa başlamış, ABŞ isə əksinə, böyük sərbəstlik qazanmışdı…

Beləliklə, 1846-1848-ci illər Amerika-Meksika müharibəsi nəticəsində Kaliforniya, Kolorado, Nevada, Yuta və Nyu-Meksiko, daha əvvəl – 1945-ci ildə isə Texas ABŞ-a birləşdirilir. 1903-cü ildə ABŞ Panamanın Kolumbiyadan müstəqillik qazanmasına yardım edir və bununla da, strateji zona sayılan Panama kanalında mövcudluğunu gücləndirir. Bundan sonra Latın Amerikasında Amerikanın enerji, mədənçıxarma və ərzaq konsernləri, həmçinin çoxsaylı hərbi bazaları peyda olur. Qitə uzun müddət SSRİ ilə ABŞ arasında «soyuq müharibə» meydanına çevrilir. Bu, xüsusilə Kuba, Dominikan Respublikası, Çili, Nikaraqua və Kolumbiyaya aiddir.

 

Bu günün reallıqları

ABŞ-ın yenə də ciddi cəhdlə öz maraqlarını müdafiə etdiyi, Rusiyanın əvvəlkitək birləşmə ideyalarının qaldığı (Bolivar alyansı) bu qitəyə böyük maraq göstərdiyi, Çinin də öz kapitalı ilə oraya can atdığı müasir dünyada da heç nə dəyişməyib. Latın Amerikası dövlətlərinin hakimiyyətlərinə də nəzər saldıqda, əvvəlki sxemin davam etdiyini görmək mümkündür. Məsələn, Boliviyada solçu, anti-Qərbçi Moralesi hansısa amerikapərəst əvəzləyə bilərsə, Argentinada qatı ABŞ tərəfdarı olan Makri hakimiyyətlə vidalaşıb. Eyni variantın Çilidə də təkrarlanacağı istisna deyil, Venesuelada proseslərin nə ilə başa çatacağını isə hər kəs maraqla gözləyir.

Bu arada, Vaşinqtonla Moskva adəti üzrə, bir-birlərini Latın Amerikası dövlətlərinin daxili işlərinə müdaxilədə günahlandırır. «Bizdə olan məlumata görə, Rusiyanın əməlləri Çili ilə danışıqların gedişinə mənfi təsir göstərir», - deyə Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi jurnalistlərə bildirib.

Moskva öz növbəsində, Moralesin istefasını dövlət çevrilişi kimi qiymətləndirir. Üstəlik, daha çox marağın bir-birinə qarışdığı Yaxın Şərqdən fərqli olaraq, Latın Amerikasında baş verənlərə Ağ Ev daha əsəbi reaksiya göstərir. Çünki o, bu regionu özünün «arxa bağça»sı, müstəsna maraq zonası sayır. Söhbət, həqiqətən də, nəhəng resurslardan gedir – böyük neft və qaz ehtiyatları, nadir faydalı qazıntılar, kənd təsərrüfatı üçün böyük imkanlar, həmçinin şirin su ehtiyatı (dünyanın hidroenergetika ehtiyatının 35%-i, həmçinin bərpa olunan yeraltı su ehtiyatları), meşə örtüyü (təxminən 25%). Artıq adını çəkdiyimiz Panama kanalı da öz yerində – bu vacib okeanlararası arteriya ticarətdə böyük üstünlüklər deməkdir.

Beləliklə, müşahidə etdiyimiz etirazlar, əlbəttə ki, boş yerdən yaranmır. Sosial bərabərsizlik olub və olacaq, onun kütləvi etiraz aksiyaları ilə aradan qaldırılması isə mümkün deyil. Çünki o, heç zaman yekun hədəf olmayıb və deyil. O, sadəcə vasitədir. Məhz bu üzdən sadalanan xalq etirazlarının – Fransadan Çiliyədək – hamısının bir ümumi, vacib xarakterik xüsusiyyəti var: vektorsuzluq, proqramsızlıq və ən əsası, lidersizlik. Baş verənlərin səbəbi heç də xalqın onilliklərdir səbr etdiyi şəraitə qəflətən etiraz bildirmək istəyi, yaxud metroda gedişhaqqının bahalaşmasına etirazı deyil. İrəli sürülən tələblərin xaotik şəkildə bir-birini əvəzləməsi də buradan qaynaqlanır. Yəqin ki, böyük insan kütləsi tərəfindən dərhal sevilən, KİV və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmiş «Coker» filminin ekrana indi – 2019-cu ildə çıxması da təsadüf deyil. Filmin pərəstişkarlarından birinin şərhində deyildiyi kimi, «bu film dövrün, ümidlərin bitməsinin, nəslin, 2010-cu illərin sonlarının rəmzidir. Depressiya, məyusluq və çarəsizlik. Hər şey məhv olur. Bizə qalan nə qədər köməksiz olduğumuza baxmaq, bu halımıza gülməkdir».

Həqiqətən də, filmin qəhrəmanı nə istədiyini özü də bilmir. O, kimə etiraz etdiyini (onu metroda döyən «ağ yaxalıqlar» və snoblara, zibil qutularının yanında əzişdirən qaradərililərə, zarafatlarına gülməyən həmkarlarına, yorulmuş tibb bacılarına, özünə…), bunun mənasını da anlamır.

 

Səbəb varmı?

O, mövcuddur. Hər halda, xəstə Artur Flekin hallüsinasiyalarından fərqli olaraq, sosial bərabərsizliyin, iqlim dəyişikliklərinin səbəbləri həqiqətən var və bütün bunlar milyonlarla insana dözülməz iztirab gətirir. Gözəl qloballaşma, sərhədlərin açılması ideyalarının milyonları yoxsul vəziyyətə salan mənfi nəticələri həqiqətən var. BVF-nin çiçəklənmə üçün bütün imkanlara malik Argentinanın nəfəsini kəsən borc yükü də mövcuddur. Elitalardan, seçki sistemlərindən məyusluq da var («demokratiya məşəli» sayılan Böyük Britaniyanın başına gəlmiş «Brexit» böhranı bunun parlaq nümunəsidir).

Bütün bunlar insanda açıq qənaət formalaşdırır: dövlətlərarası münasibətlərə yenidən baxılması, müxtəlif siyasi qütblərin formalaşdırılması zamanı adi insanların maraqları mütləq nəzərə alınmalıdır. Çünki internet əsrində, informasiya cəmiyyəti dövründə bütün oyunları qonşuların ərazisində aparmaq, öz oyun meydançasını toxunulmaz saxlamaq heç cür mümkün deyil. Əks təqdirdə etirazlar özünün əsl fəlsəfəsini – «tor və ya şəbəkə» prinsipini ortaya qoya bilər. Bu halda nələrin baş verə biləcəyini təxmin etmək isə çətindir. Təki Cokerin filmin lap əvvəlində dediyi bir fikir özünü doğrultmasın – «xəstəxanaya salınmağım bundan daha yaxşı idi».



MƏSLƏHƏT GÖR:

275