19 Aprel 2024

Cümə, 23:54

TİN UŞAĞI

Ermənistanda hakimiyyətin zəifliyi heç də yalnız Paşinyanın şəxsiyyətilə bağlı deyil

Müəllif:

15.11.2019

Təxminən, ilyarım əvvəl Ermənistanda keçmiş jurnalist, deputat və siyasi məhbus Nikol Paşinyan elə küçədəncə hakimiyyətə gəldi. Və artıq istər özü, istərsə də rəngarəng ətrafı üçün kifayət qədər uzun müddətdir ki, hökumətə başçılıq edir. Odun yarır, ictimaiyyəti təəccübləndirir, yorulur, şikayətlənir, lakin qeyri-suveren, qeyri-müstəqil erməni dövlətinin ağır xaçkarını çiynində daşımağa məhkumdur.

Bütün bunlarla yanaşı, o, «yeni formasiyada erməni dövlət və ictimai xadimi» portretinin cızılması üçün psixoloqlara, psixiatorlara, politoloqlara və hətta kosmetoloqlara çoxlu əsaslar verir.

Nikol Paşinyanın idarəçiliyi və ünsiyyəti, daxili və xarici siyasətdəki davranışları bir fikirlə xarakterizə oluna bilər: gənci küçədən yığışdırmaq olar, amma küçəni gəncdən çıxarmaq mümkün deyil.

Paşinyan və ətrafının Ermənistanda hökumət başına gəlməsinədək ölkə hakimiyyətinin birmənalı olaraq kriminal siması var idi. Müxtəlif kriminal ləqəbləri olan insanlar, əhalisinin sayı belə, şübhəli olan bu ölkəni «oğru qanunları» ilə idarə edirdilər. Onlar adi soyğunçuluq, bıçaqlama, reketçiliklə məşğul olur, qətllər, basqınlar törədir, yaxud xətirlərinə dəyən jurnalistin avtomobilini belə, partladırdılar. Yeri gəlmişkən, uzaq 2004-cü ilin 22 noyabrında jurnalist Nikol Paşinyanın başına da belə oyun açılmışdı.

Bununla yanaşı, onlar özlərini əsl vətənpərvər elan etmişdilər. Məntiqləri isə sadə idi – nə qədər ki, Azərbaycanın işğal olunmuş əraziləri Ermənistanın nəzarətindədir, hakimiyyət istədiyini edə bilər.

Lakin bir gün kulminasiya anı yetişdi. Taqətdən düşmüş, xarici donorlardan asılı ölkədə artıq oğurlanacaq heç nə qalmamışdı. Regional siyasi vəziyyət də Ermənistana yeni rol diktə edirdi. Artıq o, ya neforpost, ya da ikili forpost rolunu oynamalı idi.

Bir sözlə, Ermənistan küçə üsyanlarına «hamilə» idi. Nəhayət, 2018-ci ilin yazında o, «sevgi inqilabı»nı «doğdu». Nəticədə, hakimiyyət orta məktəb müəlliminin oğlu Nikol Paşinyanın və ətrafına tələsik topladığı komandasının əlinə keçdi. Hakimiyyətə elə qüvvələr gəldi ki, indiyədək daim hər şeyin «əleyhinə» olublar, bir şeyin də «lehinə» olmayıblar. Ola bilsin onlar əvvəlki hakimiyyət kimi kriminalla sıx bağlı deyillər. Amma  idarəçilik təcrübələri hələ ki, rüşeym səviyyəsindədir.

Yeni hakimiyyətdə erməni ictimaiyyətini təəccübləndirə bilən əsas sima Nikol Paşinyandır. O, hələ də bitmək bilməyən mitinq və ya piket atmosferində yaşayır. Baş nazirin ölkə daxilində nə işlər gördüyü çox az adamı maraqlandırır. Lakin onun sosial-siyasi məsuliyyətsizliyi beynəlxalq məsələlərdə də özünü göstərir və bu, Ermənistanın regiondakı qonşularını, həmçinin maraqlı nəhəng dövlətləri narahat etməyə bilməz. Məhz bu üzdən Paşinyanın psixoloji durumu daim mütəxəssislərin nəzarətindədir.

Bəziləri onu hakimiyyətə təsadüfən gəlmiş şəxs, başqaları fövqəldövlətlərdən hansınınsa adamı, bir digərləri ikili agent, bir başqaları hər kəs üçün başağrısı sayır.

Ermənistanda hakimiyyətin zəifliyi heç də yalnız Paşinyanın şəxsiyyətilə bağlı deyil. Ona nə vaxtsa normal ton və davranış qaydalarını qəbul etdirə bilərlər. Problem ondadır ki, yeni baş nazirin başının dəstəsi daha pisdir. Onun ağıllı-başlı komandası yoxdur. Müxtəlif növ insanlardan toplanmış hakim kampaniyanın davranışı küçə uşaqlarını xatırladır. İrəvanın beynəlxalq məsələlərdə yol verdiyi yanlışlıqların məğzi məhz buradan qaynaqlanır. Küçədən gələrək hakimiyyətdə mafiyanı əvəzləmiş bir qrupun nəinki xarici siyasətdən anlayışı yoxdur, bəzi hallarda onların  adi tərbiyəsinin belə, olmadığı görünür.

Paşinyanın Qarabağla bağlı «mən dedimsə, vəssalam!» üslublu bəyanatı tərbiyəsizlikdir. Onların müdafiə nazirlərinin «Azərbaycan xaincəsinə Ermənistana hücum edib» fikri savadsızlıqdır. Ermənistan parlamentinin spikerinin «Cənubi Qafqazda münaqişələrin olması regionun inkişafına maneədir» açıqlaması həyasızlıqdır.

Ermənistanın hazırkı hakimiyyəti daha çox «qrant yemək» sayəsində əmələ gəlmiş müvəqqəti, dayanıqsız məhsulu xatırladır. Bəlkə də xarici oyunçular adekvat, ədəb qaydalarına riayət edən adamlarla nail ola bilmədiklərinə nail olduqdan sonra bu layihə bitəcək. İstənilən halda, küçə uşaqlarından gec-tez hamı bezəcək.


MƏSLƏHƏT GÖR:

273