20 Aprel 2024

Şənbə, 04:15

VARİANT YOXDUR

«R+» jurnalının suallarını siyasi elmlər doktoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr DUGİN cavablandırıb

Müəllif:

15.11.2019

- Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı liderlərinin bu yaxınlarda Yerevanda keçirilmiş sammitində həmkarlarını Avrasiya kursuna sabiq olduğuna bir daha əmin edib. Eyni zamanda, demək olar ki, bütün analitiklər və KİV onun hakimiyyətə gələnədək bu kursun qatı əleyhidarı kimi çıxış etdiyini xatırladır. Fikrinizcə, Paşinyan bu məsələdə nə zaman daha səmimi olub – hakimiyyətə gələnədək, yoxsa gəldikdən sonra?

- Düşünürəm ki, o, ümumiyyətlə səmimi deyil. Nə hakimiyyətə gələnədək, nə də gəldikdən sonra. Bu, sadəcə olaraq, praqmatik siyasətçi gedişidir. Paşinyan hakimiyyətə əhəmiyyətli anti-Rusiya, anti-Avrasiya əhvalı dalğası ilə gəlib. O zaman o, Sarqsyanın ümumi siyasəti çərçivəsində Avrasiya layihəsini də tənqid edirdi. O zamankı rejimin əleyhidarlarına arxalanan Paşinyan Sarqsyan hakimiyyətinin qeyri-effektiv daxili idarəçiliyilə yanaşı, xarici siyasətini, Rusiya, Qərb və Azərbaycanla münasibətlərini də tənqid atəşinə tuturdu. Ədalət naminə qeyd etmək lazımdır ki, Qarabağa bitişik 5 rayonun Azərbaycana qaytarılmasına dair müəyyən razılığa məhz Sarqsyanın dövründə gəlinmişdi. Sarqsyan sadəcə, bunun erməni ictimaiyyəti arasında ciddi qarşıdurmaya yol aça biləcəyini düşünərək, prosesə start vermirdi. Çünki o vaxt Sarqsyanın mövqeyi artıq laxlayırdı. Bu üzdən də o zamankı prezident Konstitusiya islahatlarının başa çatmasını və baş nazir postunda möhkəmlənməsini gözləyirdi. Yeri gəlmişkən, o zaman Sarqsyana inanırdılar və Putin ilə Əliyev də prosesin bu cür gedəcəyini düşünürdü. Paşinyan isə Sarqsyanı hansısa zəiflikdə ittiham etməklə bərabər, onun Avrasiya kursunu da bəyənmirdi.

Paşinyanın hakimiyyətə gəlişindən sonra elə vəziyyət yarandı ki, artıq məsələ hakimiyyətin ələ keçirilməsi və qorunub saxlanması deyildi. İndi, o, başqa işlərin öhdəsindən gəlməli idi. Amma bu işlərin öhdəsindən Rusiyadan üz döndərərək gəlinməsi çox çətindir. Beləliklə, Ermənistanın xarici siyasətinin və iqtisadiyyatının Rusiyadan ciddi şəkildə asılı olduğunu nəzərə alan Paşinyan sərt anti-Rusiya mövqeyini, anti-Avrasiya ritorikasını dəyişməyə başladı. Əlbəttə ki, o, Sarqsyanın erməni ictimaiyyətinin böyük hissəsi tərəfindən sevilməməsindən də məharətlə yararlandı. İndi isə Paşinyan hakimiyyətini qorumaq üçün müəyyən Rusiyapərəst addımlar belə, atmalıdır. Düşünürəm ki, o, Avrasiyaçılıqdan çox erməni millətçiliyinə vurğundur. Ümumiyyətlə, bu, ermənilərin siyasəti üçün xarakterikdir. Onlar üçün türk amilinin həddindən artıq güclü olduğu Avrasiyaçılıq bir təhdiddir. Odur ki, ermənilər Avrasiyaçılığı yalnız məcburiyyətdən qəbul edir. Əlacları olsaydı, onlar yə sadəcə, qeyri-real olan «Böyük Ermənistan»ı, ya da Rusiya ilə heç bir türk xalqının yer almadığı ikitərəfli alyansı seçərdilər.

Bir sözlə, Paşinyan reallıqla barışmaq məcburiyyətindədir. Rusiya Avrasiyada yaxınlaşmanın şəksiz tərəfdarıdır. Bu modelin qəbul edilməsində isə müəyyən praqmatik zərurət var.

- Belə çıxır ki, Ermənistan ölkəyə kimin rəhbərlik edəcəyindən asılı olmayaraq, Avrasiyada qalmağa məhkumdur?

- Yox, məhkum deyil. O, avrasiyalı da deyil. Sadəcə olaraq, Rusiyadan sözün bütün mənalarından son dərəcə asılıdır. Rusiya isə Avrasiyada inteqrasiya siyasəti yürüdür. Demək, Ermənistan bu prosesdə iştirak etməlidir. Çünki iştirak etməmək etməkdən daha pis olacaq.

- Bəs özünü Azərbaycana qarşı ərazi iddiaları üzündən hərtərəfli təcrid vəziyyətinə salmış, iqtisadiyyatı pis vəziyyətdə olan Ermənistan Avrasiya İqtisadi İttifaqına nə verə bilər?

- Əslində, Ermənistan Aİİ-də müsbət funksiya yerinə yetirə bilər. Lakin əsl dönüş nöqtəsi Avrasiyada inteqrasiya prosesinə Azərbaycanın qoşulması olardı. Azərbaycan əsl Avrasiya ölkəsidir. Bu mənada Ermənistanla Azərbaycanın Aİİ-dəki mövqelərini Hindistanla Pakistanın ŞƏT-dəki mövqelərilə müqayisə etmək olar. Azərbaycanla Ermənistanın Aİİ-də fəal iştirakı Qarabağ probleminin həlli üçün tamamilə fərqli şərait yaradardı. Bu, Ermənistanın blokadasına son qoyulmasına da yol açar, Cənubi Qafqazda münasibətlərə canlanma gətirərdi. Lakin Ermənistan Azərbaycanla münasibətləri hər an gərgin saxlamaq, daha da gərginləşdirmək üçün əlindən gələni edir.

Beləliklə, Rusiyanın Azərbaycanla daha sıx əməkdaşlığı Qarabağ probleminin tədricən həll olunmasına və Ermənistanın ümumi kontekstdə inteqrasiyasına yol açardı. Bu zaman Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağı da istisna deyil. Hazırkı hərtərəfli Avrasiya layihəsində bütün bunlar nəzərdə tutulur.

- Yerevan özünü Moskvanın strateji müttəfiqi kimi göstərir. Lakin bu ölkədə baş vermiş «inqilab»dan sonra Ermənistan-Rusiya münasibətləri sisteminin necə laxladığı hər kəsə aydındır. İllərlə formalaşmış münasibətlər tamamilə yenidən düzənlənə bilərmi? Bilərsə, bu «yenidənqurma» hansı nəticələri verə bilər?

- Açığı, ola bilər. Rusiyada hesab ediblər ki, Sarqsyanla əldə olunmuş razılaşmalar konkret şəxslə deyil, həmin şəxsin rəhbərlik etdiyi dövlətlə əldə edilmiş razılıqlardır. Paşinyan isə bu razılaşmaların bir çoxunu şübhə altına alıb və bu, Moskva tərəfindən kifayət qədər sərt qarşılanıb. Bununla yanaşı, Rusiyada da praqmatik düşünür, qarşılarında Ermənistanda gündəmi müəyyənləşdirən şəxsin olduğunu anlayırlar. Praqmatik nöqteyi-nəzərindən vəziyyətin o qədər də çıxılmaz olduğunu düşünmürəm. Burada söhbət əlbəttə ki, düşmənçilikdən və ya tarixi əlaqələrin kəsilməsindən gedə bilməz. Ümumilikdə isə Ermənistanda xoş olmayan vəziyyət müşahidə edilir. Bu da şübhəsiz ki, Rusiyada qonşu ölkənin siyasi kursundan narazılıq yaradır.

- Azərbaycanın erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndində təxminən 1 il əvvəl keçirilmiş konfransda bildirmişdiniz ki, Rusiyanın Qafqazdakı yeganə və əsas müttəfiqi Azərbaycandır. Moskvanın strateji planlarında Bakıya hansı rol tanınır?

- Azərbaycan Aİİ və KTMT üzvü olmasa belə, Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqidir. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər sürətlə və gözəl məcrada inkişaf edir. Çox təəssüf ki, biz Azərbaycanın işğal altındakı rayonlarından 5-nin geri qaytarılması planını hələ də gerçəkləşdirə bilməmişik. Yeri gəlmişkən, Paşinyanın əngəllədiyi məhz bu plan bizim münasibətlərimizin nə qədər ciddi xarakter daşıdığını bir daha ortaya qoyur.

Xəzər regionu və Cənubi Qafqaz bölgəsilə münasibətlərdə Azərbaycan Rusiyanın əsas tərəfdaşıdır. O, Moskva-Tehran-Ankara üçbucağı çərçivəsində yaxınlaşma prosesinin də vacib iştirakçısıdır. Bu prosesdə Bakı prisincə, Avrasiyadaxili üçbucağın kəsişmə nöqtəsidir. Yəni bizim Yaxın Şərqdəki uğurumuzun təminatçısı məhz Azərbaycandır. Bu prosesdə Bakının rolu həddindən artıq böyükdür.

Bundan başqa, hesab edirəm ki, Vladimir Putin ilə İlham Əliyev arasında şəxsi münasibətlər də son dərəcə yüksək səviyyədədir. Bu, bir-birinə yalnız nəzakət naminə hörmət edən iki prezident deyil. Onlar ümumi strategiyanı yaxşı anlayırlar. Atası Heydər Əliyevin siyasi kursunun davamçısı olan İlham Əliyev Azərbaycanın şəksiz uğurudur. Bu, ölkəni yalnız hakim elitanın deyil, xalqın maraqlarına uyğun idarə etmənin parlaq nümunəsidir. Bu, çox vacibdir və çox nadir haldır.

Populyar xalq liderləri olan Putinlə Əliyevin ideoloji yaxınlığı da yalnız şəxsi məsələ deyil. Düşünürəm ki, Rusiya ilə Azərbaycanın indiki və gələcək münasibətlərində Ermənistanla münasibətlərdə yaşananlar baş verə bilməz. Əksinə, prezidentlərimizin bir-birlərini əla başa düşdüklərini görürük. Fikrimcə, Rusiya ilə Azərbaycan arasında intensiv dostluğun yeni mərhələsinə keçmək vaxtıdır. Bunun üçün lazımi şərait yetişib. Rusiyanın ümumilikdə Yaxın Şərqdə, konkret olaraq isə Suriyadakı böyük qələbəsi göstərir ki, o, islam dünyasına fəal qayıdış edir. İndi, nəzərlərini Moskvaya yönəldən xalqlar getdikcə artır. Bu mənada, Azərbaycan öz mövqelərinin möhkəmləndirilməsində Rusiyanın nüfuzunun artmasından yaxşı istifadə edə bilər.

- İlin əvvəlində belə bir proqnoz səsləndirmişdiniz ki, yazda Qarabağ münaqişəsinin həllilə bağlı razılaşma imzalanacaq, iyunda isə erməni tərəfi «bir neçə rayonu güzəştə gedəcək». Bu proqnozun gerçəkləşməsinə hansı amillər mane oldu? Bu gün münaqişənin həlli perspektivini necə görürsünüz?

- Açığı, İlham Əliyevin səbrinə heyranam. O, Ermənistanın vəziyyətin qızışdırılmasına yönəlmiş bütün cəhdlərindən qaçmağa çalışır. Əliyev Paşinyanın ölkəsinin baş naziri seçilməsini kifayət qədər ağıllı şəkildə qəbul etdi, Ermənistanla dialoqu sakit tərzdə davam etdirir. Halbuki, erməni lideri bu dövrdə kifayət qədər sərt fikirlər səsləndirib, sərt gedişlər edib. Hesab edirəm ki, Azərbaycan məhz bu üzdən qalibdir. Başqa sözlə, indiki şəraitdə Rusiyanın daha etibarlı tərəfdaşının kim olduğunu göstərən keyfiyyətlər məhz təmkinlilik, sakitlik, özünə inamdır. Düşünürəm ki, indi Dağlıq Qarabağ münaqişəsində «yeni-köhnə» layihəyə qayıtmağın əsl vaxtıdır. Paşinyanın hakimiyyətə gəlişindən artıq 2 il keçir. Artıq o, seçki ərəfəsindəki anti-Rusiya, anti-Avrasiya ritorikasından da imtina edib və indi, daha çox realist siyasətçiyə xas praqmatik keyfiyyətlər nümayiş etdirməyə çalışır. Bu isə yeni münasibətlərin qurulmasına, yeni taktikadan çıxış edilməsinə yol açır. Münasibətlərin strategiyası, «yol xəritəsi» onsuz da bəllidir. Bakının Rusiya ilə münasibətlərdə yeni taktika düşünməsi vacibdir və bu planların birdəfəlik həyata keçirilməsi üçün növbəti addımlar məhz yeni taktika əsasında atılmalıdır.



MƏSLƏHƏT GÖR:

344