19 Aprel 2024

Cümə, 02:04

HƏSSAS AMİL

Azərbaycanın Xəzər dənizinin təhlükəsizlik sistemindəki rolu getdikcə daha ciddi əhəmiyyət daşıyır

Müəllif:

15.11.2019

Azərbaycan son dövrlərdə istər Rusiya, istərsə də ABŞ-ın hərbi-siyasi planlarında xüsusi yer tutur. Bunu bir çox nümunədə görürük. Misal kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya bu yaxınlarda etdiyi səfər və burada Azərbaycanın siyasi-hərbi rəhbərliyilə apardığı danışıqları göstərmək olar. Daha bir misal, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Brüssel səfəridir. Nazir oraya Əfqanıstanda aparılan «Qətiyyətli dəstək» missiyasına qoşulmuş dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil olunmuş görüşə qatılmaq üçün yollanmışdı. Elə Brüsseldə Həsənov Amerikanın müdafiə naziri ilə də görüşüb və bu görüş qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Bu, güman ki, Azərbaycanın hərbi-strateji əhəmiyyətini ildən-ilə artıran Xəzər regionundakı mövqeyindən qaynaqlanır. ABŞ üçün Əfqanıstana yüklərin daşınması proqramının icrasında Azərbaycandan, demək, həm də Xəzərdən keçən marşrutun əhəmiyyəti son dərəcə böyükdür. Nəzərə alsaq ki, cənub marşrutu (Pakistan vasitəsilə) Vaşinqtonla İslamabadın münasibətlərindəki gərginlik üzündən uzun müddətdir problemlidir, Azərbaycan və Xəzər vasitəsilə yol faktiki olaraq, əsas yol sayılır.

Digər tərəfdən, Xəzər Rusiyanın regionla bağlı hərbi strategiyasında da əhəmiyyətini durmadan artırır. Bu, regionun Rusiyanın maraqlarının son dərəcə aşkar olduğu hərbi-siyasi gərginlik zonasına (Qara dəniz və Yaxın Şərq) bilavasitə yaxınlığı ilə bağlıdır. Beləliklə, Xəzər və onun ətrafında gedən proseslər bu gün xüsusilə aktualdır.

Rusiya imperiyası ilə İran arasında imzalanmış sülh müqaviləsinə əsasən (1813-cü Gülüstan müqaviləsi, 1828-ci il Türkmənçay müqaviləsi), Xəzər dənizi hüdudlarında Hərbi Dəniz Donanması saxlamaq hüququ yalnız Rusiyada idi. Bu, 1921 və 1940-cı illərdə imzalanmış Sovet-İran müqavilələrilə də təsdiqlənmişdi. Həmin sənədlərdə tərəflər Xəzəri daxili sular kimi qəbul edir, orada istənilən üçüncü dövlətə aid gəminin üzməsini yolverilməz adlandırırdılar.

 

«Xəzər dənizinin hərbiləşdirilməsi» termin kimi

Vəziyyət yalnız Sovet İttifaqının süqutundan sonra dəyişib. SSRİ-nin dağılması mövcud müqavilələrin, demək, həm də son iki yüzillikdəki status-kvonun ciddi şəkildə dəyişməsinə yol açıb. Xəzər sahillərində Rusiya da daxil olmaqla, 4 yeni dövlətin əmələ gəlməsi onların özlərinin hərbi flotiliya yaratması zərurətini ortaya qoyub. Tamamilə bəlli səbəblərdən bu, İrana da aid idi.

Xəzərdə başladılmış və sürətlə aparılan hərbi quruculuq işləri dərhal əksər ekspertlər tərəfindən «Xəzər dənizinin hərbiləşdirilməsi» kimi xarakterizə olunmuşdu. 2000-ci illərdə proses daha da fəallaşıb. Tərəflər öz Hərbi Dəniz qüvvələrinin inkişafı planlarına əsasən, ciddi addımlar atmağa başlayıb.

Bütün bunlarla yanaşı, «Xəzər beşliyi» dənizə üçüncü ölkə gəmilərinin buraxılmamasına dair qərar qəbul edib. Bu, onları təhlükəsizlik məsələlərində yalnız öz güclərinə arxalanmağa vadar edir.

Xəzəryanı ölkələrin ərazisində, əhali sayında, daxili və xarici siyasi prioritetlərindəki əhəmiyyətli fərqlər onların öz Hərbi Dəniz qüvvələrini formalaşdırmasında ortaya çıxan tələblərə də öz təsirini göstərir. Bu mənada, Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün Xəzərdə Hərbi Dəniz Qüvvələrinin (HDQ) formalaşdırması xüsusi önəm daşıyır. Çünki onların Dünya okeanına çıxışı yoxdur və onların Silahlı qüvvələri regionda məhdud miqyasda istifadə üçündür.

İran isə, çox güman ki, Xəzər dənizini özünün mümkün düşmənlərinin təsir dairəsində olmayan və ehtimal edilən zərbədən daha yaxşı qorunan ərazi kimi qəbul edir. Ekspertlərin fikrincə, bu şəraitdə Fars körfəzi zonasında daha təchizatlı qrupa malik İran istənilən an cənubdan hərbi katerlərini bu tərəfə çəkməklə, Xəzərdəki hərbi gücünü 1,5 dəfə artıra bilər.

Digər tərəfdən Qara dənizdə daha güclü hərbi qrupu olan Rusiya Ukrayna və NATO ilə münasibətlərinin gərginləşməsi zamanı Xəzər dənizindən bir neçə hərbi gəmisini Azov və Qara dənizə keçirmək təcrübəsini yaşayıb. O, bunu Volqa-Don kanal sistemi vasitəsilə edib.

Göründüyü kimi, Xəzər dənizi Qara dəniz, Fars körfəzi və Yaxın Şərqin şimal-şərq hissəsinin bilavasitə yaxınlığında yerləşir. Bu bölgələrdə isə hərbi-siyasi gərginlik ciddi şəkildə artıb. Başqa sözlə, bu bölgə Rusiya və İran Silahlı qüvvələrinin fəaliyyəti baxımından vacib regiondur, bu isə onun geostrateji əhəmiyyətini daha da artırır.

Bu mənada, xüsusilə Rusiyanın Yaxın Şərqin şərq hissəsi və Orta Şərqdə nüfuzunu artırmaq planı fonunda Xəzər flotiliyasının rolundakı dəyişikliklər diqqət çəkir. Rusiyanın Xəzər flotiliyası yaxın və orta mənzilli qanadlı raket atmaq iqtidarında olan qurğularla təchiz olunmuş kiçik raket gəmilərinə malikdir. Bu, onun Rusiyanın istər Orta Şərqdə, istərsə də Xəzər-Qara dəniz hövzəsində artmaqda olan hərbi-siyasi maraqlarının təminində ciddi rol oynamasına imkan verir.

 

Xəzərin təhlükəsizlik sisteminin formalaşması

Rusiya ilə İranın arasında, eyni zamanda Xəzər və Qafqaz regionunda strateji mövqeyə malik Azərbaycan kifayət qədər təchizatlı, çevik Hərbi Dəniz Donanmasına malikdir. Bununla yanaşı, o, Amerika-Rusiya və Amerika-İran qarşıdurmasından mümkün qədər kənarda qalmağa çalışır. Eyni zamanda, o, Xəzər dənizi hövzəsində üçüncü qüvvəyə məxsus hərbi gücün mövcudluğunu istisna edən regional təhlükəsizlik sisteminin formalaşdırılmasında fəal iştirak edir. Bu sistem həm də 5 sahilyanı dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini də nəzərdə tutur.

Xəzəryanı dövlətlərin Hərbi Dəniz qüvvələrinin komandanları oktyabrın ortalarında qarşılıqlı anlaşma memorandumu da imzalayıblar. Sənədin imzalanması mərasimi «Xəzər beşliyi» nümayəndələrinin Sankt-Peterburqda keçirilən üçüncü işçi görüşü çərçivəsində baş tutub. Eksrertlər hesab edir ki, bu sənəd Xəzərin təhlükəsizlik sistemini əhəmiyyətli dərəcədə möhkəmləndirir. O, təhlükəsizlik sahəsində, kadrların hazırlanmasında, həmçinin texniki və dəniz xilasetmə xidmətləri arasında əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, Xəzəryanı dövlətlər üçün əlamətdar olan, təhlükəsizlik məsələlərinə həsr olunmuş üçüncü sammit hələ 9 il əvvəl – 2010-cu il noyabrın 18-də məhz Bakıda baş tutmuşdu. Məhz həmin sammitdə qəbul olunmuş ciddi qərarlar sonradan Xəzərin siyasi-hüquqi statusunu müəyyənləşdirən Bəyannamədə də əksini tapıb. Məsələn, söhbət Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişindən gedir. Həmin sazişdə aydın şəkildə göstərilir ki, təhlükəsizliyin təmini üzrə kompleks tədbirlər özündə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq, istənilən növ silah, sursat, partlayıcı və zəhərləyici maddələrin, hərbi texnikanın qanunsuz dövriyyəsilə mübarizəni birləşdirməlidir. Kompleks tədbirlərə narkotik, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, çirkli pulların, o cümlədən cinayət yolu ilə əldə olunmuş pulların yuyulması ilə mübarizə, dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmini, dəniz quldurluğu ilə mübarizə və s. da daxildir. Azərbaycan bütün bu bəndlərə əməl olunmasında aparıcı mövqeyə malikdir və bütün tərəflər ona vacib tərəfdaş kimi baxır.

Regionun Azərbaycan və Qazaxıstan kimi ölkələri Xəzər təhlükəsizlik sistemini formalaşdıran zaman, qəbul etdikləri öhdəliklər çərçivəsində qeyri-region dövlətlərilə də əməkdaşlığa çalışır. Onlardan əsası isə ABŞ-dır. Qazaxıstan parlamentinin Senatı hələ 2018-ci ildə Amerikanın hərbi yüklərinin Əfqanıstana daşınmasında özünün Kurık və Aktau dəniz limanlarından istifadəyə razılıq verib. Bir müddət sonra isə ölkənin xarici işlər naziri Kayrat Abdrahmanov Xəzər dənizində Amerikaya məxsus hərbi bazanın yerləşdirilməsi kimi planın olmadığını bəyan edib: «Söhbət Qazaxıstan vasitəsilə qeyri-leqal yüklərin daşınmasından, kommersiya şərtlərinə əsaslanan dəmir yolu tranzitindən gedir. Bu, Əfqanıstanda beynəlxalq ictimaiyyət üçün son dərəcə vacib olan hökumətə dəstək əməliyyatlarının davam etdirilməsi üçün lazımdır… Təbii ki, Xəzər dənizində hər hansı hərbi bazanın yaradılmasından söhbət gedə bilməz».

Beləliklə, Azərbaycan Qazaxıstanla tərəfdaşlıq halında Xəzərdə təhlükəsizliklə bağlı müxtəlif oyunçularla əməkdaşlıq üçün şərait yaradır, bu zaman maraqların toqquşmamasına, onların da regionda sülh və sabitliyin qorunmasında maraqlı olmalarına çalışır.

 

Bakının mövqeyi

Mərkəzi Asiyada təhlükəsizlik məsələlərinin işıqlandırılması üzrə ixtisaslaşmış amerikalı jurnalist Coşua Kuçera ilin əvvəlində «Eurasianet» dərgisində bir iddia ilə çıxış etmişdi: «Vaşinqtonda hesab edirlər ki, Xəzər dənizi strateji planda xüsusilə həssas amildir. Çünki o, İranla həmsərhəddir. ABŞ Azərbaycanın Xəzərdə İranın daha güclü hərbi mövcudluğuna mane olmasını istəyir və bu işdə Bakıya uzun müddət kömək edib». Müəllif Azərbaycanla İran arasında Xəzərdə 2002-ci ildə baş vermiş gərginliyi də xatırladır. O zaman iki ölkə gəmiləri arasında insident olmuşdu: «ABŞ-ın Bakının dəniz təhlükəsizliyini gücləndirmək qərarı verməsində dönüş nöqtəsi məhz həmin hadisə olub».

Lakin Bakı özü bu məsələ ilə bağlı fərqli mövqedədir. Bu ilin oktyabrında Azərbaycan HDQ komandanının səlahiyyətlərini yerinə yetirən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Bəndər-Abbas limanında bu ölkənin HDQ-nin birinci bölgə üzrə komandanı 2-ci dərəcəli kapitan Müctəba Məhəmmədi ilə görüşündə bildirib ki, onların Xəzər dənizindəki əməkdaşlığı bütün səviyyələrdə konstruktiv xarakter daşıyır. Bakı Xəzəryanı dövlətlərdən hər hansı ilə düşmən olmaq, qonşusuna qarşı silahlanmaq arzusunda deyil. Bunu iki ölkənin gələcəkdə daha effektiv əməkdaşlıq naminə birgə əməliyyatlar və təlimlərdə iştirak edəcəklərinə dair razılığa gəlməsi də təsdiqləyir.

Azərbaycan Rusiya ilə münasibətlərdə də eyni mövqedən çıxış edir. Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada İD terrorçularına qarşı əməliyyata başlaması haqda ilk məlumatlandırılanlardan birinin Azərbaycan olması təsadüf deyildi. Xatırladaq ki, Rusiya həmin əməliyyatı «Dağıstan» raket gəmisi vasitəsilə həyata keçirirdi. Bu, Bakı ilə Moskva arasında uzun illər ərzində formalaşmış yüksək inamın, etibarın göstəricisidir. Bu gün Xəzərin təhlükəsizliyi məsələsində əsas amillərdən biri məhz budur. Bu inam regionda sülh və sabitliyin təmin olunmasında böyük əhəmiyyətə malikdir.

Bir sözlə, Xəzərin təhlükəsizliyi sürətlə formalaşan hərbi-siyasi fenomendir. O, yalnız regional münasibətlər baxımından deyil, beynəlxalq siyasət baxımından da ciddi əhəmiyyət daşıyır. Azərbaycan isə bu prosesdəki rolunu ildən-ilə artırır.



MƏSLƏHƏT GÖR:

318