19 Aprel 2024

Cümə, 15:20

CƏMİ BİR XAL

Azərbaycan yığması 24 il əvvəlki antirekordu təkrarladı

Müəllif:

01.12.2019

Futbol üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsini cəmi 1 xalla başa vurdu. Son matçda Nikola Yurçeviçin yetirmələri Slovakiya yığmasına səfərdə 0:2 hesabıyla uduzmaqla 24 ildən sonra millinin antirekordunu təkrarladı.

 

Nə baş verir?

Beləliklə, yığma komandamız Bakıda keçiriləcək Avropa çempionatının matçlarında iştirak etməyəcək. Bəs, bunun səbəbləri nədir? Niyə qrupda ən zəif komanda kimi illəri sıralayırıq? Suallar çoxdur. Onların bəzilərinə cavab tapmağa çalışaq.

Başlayaq millinin uğursuz təcrübə meydanına çevrilməsindən. Komandada Avropa səviyyəli futbolçu yoxdur. Olanların da taktiki və fiziki hazırlığı qənaətbəxş deyil. Avro-2020-nin seçmə mərhələsindən sonra komandanı yenidən formalaşdırmaq lazımdır. Amma necə? Bu sualın cavabını nə mütəxəssislər, nə də ölkə futboluna cavabdeh olan şəxslər bilir.

Təbii ki, əgər nəticə yoxdursa, deməli, baş məşqçi cavabdehlik daşıyır. Nikola Yurçeviç daha çox köməkçi məşqçi kimi tanınıb. Ona görə millinin baş məşqçi postunu ona həvalə etmək böyük risk idi. Digər tərəfdən hazırkı məqamda millidə oynaya biləcək normal fiziki hazırlıqla və səviyyəli futbolçularımız azdır. Əgər futbolçu yoxdursa, məşqçidən nəticə gözləməyə dəyərmi? Ölkə çempionatında oynayan cəmi 8 klubdan 11 futbolçu tapmaq mümkünsüzdür. Üstəlik, klublar uşaq futboluyla da maraqlanmır, yalnız legionerlərin hesabına qazanılan uğuru düşünür.

Nəticə isə göz qabağındadır. Avro-2020-nin seçmə mərhələsində milli komandamız topladığı xal sayına görə (1 xal) UEFA üzvü olan 55 ölkə arasında 53-cü yerlə kifayətlənib! Hətta kiçik ölkələr – Lixtenşteyn, Lüksemburq, Farer adaları, Malta kimi komandalar belə bizdən çox xal yığıblar! Məhz buna görə də seçmə mərhələnin nəticələri mütləq araşdırılmalı, fiaskonun səbəbləri aydınlaşdırılmalı və ictimaiyyətə açıqlanmalıdır.

 

Heç nə dəyişməyib

Bir qədər keçmişə qayıdaraq, yığmanın 2018-ci il Dünya çempionatının seçmə mərhələsindəki çıxışını xatırlayaq. Robert Prosineçkinin rəhbərliyi altında 3 oyuna 7 xal toplayan yığmamız yalnız 4-cü matçında Şimali İrlandiyada məğlubiyyət acısı yaşadı. Həmin vaxt milli ilə bərabər klublarımız da tarixinin ən yaxşı dövrlərini yaşayırdı. "Qarabağ"la yanaşı, "Qəbələ" də ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

2017-ci ildən isə Prosineçkiyə təkliflərin gəlməsi haqda söz-söhbətlər çıxdı. Bax, o zaman AFFA rəsmiləri Prosineçkini danışıqlar masasına dəvət edib, yeni müqavilə təklif etməli idi. Çünki mövcud sözləşmənin bitməsinə aylar qalırdı və baş məşqçinin digər təklifləri nəzərdən keçirməsi normal idi. Belə mütəxəssisi əldən qaçırmaq olmazdı. Amma müqavilə təklif olmadı. Daha sonra Prosineçki istefaya göndərildi.

Onun postu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təklif olundu. Həmin ərəfədə "Qarabağ" tarixində ilk və hələlik yeganə olaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Qarşıdan isə 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-yə hazırlıq dövrü başlayırdı. Tarixi vəsiqəni əldə etmək üçün gözəl şans da yaranmışdı. UEFA sanki Millətlər Liqasını Azərbaycan üçün düşünüb ortaya qoymuşdu ki, 12 ev sahibindən biri kimi öz komandası ilə də təmsil olunsun. Komandamızın özü isə bəlkə də məhz D Liqasında çıxış etmək üçün DÇ-2018-in seçmə mərhələsindəki son oyunlarda məğlub olmuşdu. Təsadüfi deyil ki, Millətlər Liqasının püşkü atılarkən, millimiz ən zəif liqanın reytinq favoriti idi.

Beləliklə, Qurban Qurbanov Azərbaycan millisinin də sükanı arxasına gətirildi. Qarşıdan isə D Liqasında Kosovo, Malta və Farer adaları ilə Millətlər Liqasının oyunları gəlirdi. Həmin oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışları da, yoldaşlıq görüşləri də təşkil olundu. Amma hədəfə çatmaq mümkün olmadı. Qrupda birinci yeri son matçında Azərbaycanı 4:0 hesabı ilə məğlub edən Kosovo tutdu. Millimiz isə təkcə bu məğlubiyyətə görə yox, məhz Malta ilə 2 heç-heçəyə görə qrupda qaldı. Millimizə baltanı Kosovo deyil, Malta vurdu!

Belə imkandan yararlana bilməyən yığmadan AVRO-2020-yə vəsiqə gözləmək olardımı? Özü də seçmə mərhələdə rəqiblərin Xorvatiya, Uels, Slovakiya və Macarıstan kimi yığmalar olsun. Maltanı uda bilməyən komandanın Avropa çempionatında nə işi var idi? Ən zəiflər arasında da birinci ola bilməyən yığma belə rəqiblərlə necə bacaracaqdı?

 

Nə etməli?

İndiki halda bəziləri məşqçi dəyişikliyini çıxış yolu kimi göstərir. Əslində isə problem daha böyükdür.

Hazırda məşqçi dəyişikliyi Azərbaycan millisinə kömək etməyəcək. Köklü islahatlar aparılmalı, qarşıya konkret hədəflər qoyulmalıdır. Seleksiya işləri aparılaraq istedadlı yeniyetmələr xüsusi hazırlığa cəlb olunmalıdır. Ən azı 5 il ərzində o futbolçuları milli üçün normal qüvvəyə çevirmək olar. Bu mənada İslandiya modelindən faydalanmaq olar.



MƏSLƏHƏT GÖR:

280