20 Aprel 2024

Şənbə, 09:12

«BURADA ÖZÜMÜ YAD HİSS ETMİRƏM»

Tatyana MELNİKOVA: «Bakını hər tərk etdikdə həyəcanla düşünürəm: görəsən, bir də gələcəyəmmi?»

Müəllif:

01.12.2019

Tatyana Melnikova Sankt-Peterburqdan olan bir teatr rəssamıdır. Bakıya yeddinci dəfədir ki, gəlir. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun – LQİTMK-ın (indiki Rusiya Dövlət İfaçılıq İnstitutunun) məzunudur. Daha öncə isə Tatyana Leninqrad İnşaat Mühəndisliyi İnstitutunu (indiki Memarlıq və İnşaat Universitetini) bitirib. Melnikova anlayanda ki, səhnə qutusu fəzasında işləmək nəhəng bir şəhər fəzasında işləməkdən daha maraqlıdır, ikinci təhsilini almağa qərar verdi. Səhnəşünaslıq və teatr texnologiyaları fakültəsini bitirdikdən sonra "teatr quruluşçu-rəssamı" ixtisasını alıb. Bakı haqqında yalnız təqaüdçü qonşusu İosif Aronoviçin danışdıqlarından məlumatı olub. Qonşusu 16 yaşında Azərbaycan paytaxtını tərk etsə də, xoşbəxt uşaqlığının şəhərini unuda bilməmişdi. İndi Bakının binalarının və küçələrinin gözəlliyinə heyran olan Tatyana hər dəfə öz-özünə düşünür ki, təəssüf ki, İosif Aronoviç buraya gələrək bu gözəlliyi görə bilmədi.

 

Bakı təcrübəsi  

2009-cu ildə Azərbaycanda teatr işinin inkişafı üzrə dövlət proqramı çərçivəsində fransız müəllifi Jan Anuyun pyesi əsasında hazırlanan "Torağay" tamaşasının qoyuluşu üçün S.Vurğun adına Rus Dram Teatrına (RDT) gəlib. SonraBakı Kukla Teatrı ilə əməkdaşlıq edib (4 tamaşa) və Azərbaycanın xalq artisti, səhnə rejissoru İranə Tağızadə ilə birgə iş təcrübəsi qazanıb. Bu rejissorla RTD-da "Karamazov qardaşları" və "Artistin taleyi" tamaşalarında quruluşçu rəssam kimi çalışıb. İndi isə o, Mədəniyyət Nazirliyinin dövlət sifarişi çərçivəsində İranə Tağızadənin konseptual-quruluş ideyasını həyata keçirmək üçün gəlib. Söhbət C.Cabbarlının "Aydın" pyesindən gedir. Tamaşa quruluşçunun yozumunda"Sevgiyə görə bağışla" adlanacaq. Bu, iki sevgilinin (Aydın və Gültəkinin) əhvalatıdır və bu pyesin sovet teatrındakı alışılmış xrestomatik yozumu iləheç bir əlaqəsi yoxdur. Bu, fədakar sevgi hekayəsidir. İnsanlar arasında yüz ildə bir dəfə yaşanan və yaddaşlarda gözəl bir əfsanə olaraq qalan sevginin hekayəsi. Tatyana üçün bu əsər səhnə məkanı ilə qarşılıqlı əlaqə üçün növbəti təcrübədir, çünki bu, onun həyatının ayrılmaz hissəsidir. Bu, o haldır ki, bir insanın peşəkar bacarıqları onun həyatını yaradıcılıq baxımından mənalı və maraqlı edir.Tatyana Yuryevna Melnikova öz vətənində E.Demmeni adına Dövlət Marionet Teatrında baş rəssam kimi çalışır. 2018-ci ildə 100 yaşı tamam olan teatr Rusiyanın ilk dövlət kukla teatrıdır.

İranə Tağızadənin tamaşasına gəldikdə isə, onun öz səsi, öz emosional intonasiyası və özünəməxsus təfsiri var. Quruluşçu rəssamın vəzifəsi bu "səs"i bədii-təsviri dəstlə (dekorasiyalarla, geyimlərlə, makiyajla) gücləndirməkdir. İndiki premyera bir azərbaycanlı rejissorla rus rəssam arasında quruluş əməkdaşlığının dördüncü təcrübəsidir.

- Belə görünür ki, rejissorla əməkdaşlığınız bir dəfə baş vermiş təcrübə olmayıb, davam edir, sizin aranızda hərtərəfli yaradıcılıq və peşə anlaşması olması nəticəsinə gəlmək olarmı?

- Bəli. Birgə yaradıcılıq və sənət dilində onunla ünsiyyət qurmaq asan və xoşdur. Özəlliklə də İranə Tofiq qızı ilə. Onunla özümü rahat hiss edirəm. Mən ümumiyyətlə onun kimi tələbkar rejissorlarla işləməyi sevirəm. Rejissor həmişə nə istədiyini dəqiq biləndə, bu, xoşbəxtlikdir. O, yanan məşəl kimidir: özü yanır və başqalarını da alovlandırır. Bu, mənim fikrimcə, çox gözəldir! O, tamaşanın uğuru və arzuolunan nəticə üçün həm özünü, həm də yarıdıcı qrupu ən yüksək peşəkarlıq tonqalında yandırmağa hazırdır. Belə də olmalıdır. Çünki yalnız bu yollar canlı, sinirləri döyünən tamaşa əldə etmək mümkündür. Canlı, gerçək sənəti yaratmaq üçün bu, yeganə yoldur. Buna görə də həmişə əlimdən gələni daha yaxşı etməyə çalışıram. Mən də onun kimi olmaq istərdim: tələbkar, inamlı, iradəli və güclü. Ancaq təəssüf ki, mən bacarmıram.  

- Bəzilərinə, sizdən fərqli olaraq, rejissorun bu qədər tələbkar olması və tamaşanın tərtibatı ilə bağlı prosesi sərt nəzarət altına alması xoş gəlmir...

- Bu belə normaldır! İstənilən teatrda yaradıcılıqlarını və həyatlarını "tamaşa" adlı ümumi teatr hədəfi naminə İncəsənət mehrabına qurban edən peşəkar - «işkolik»lər də, mənim mental tənbəl adlandırdığım insanlar da var. Onlar çox danışırlar, hamıya və hər kəsə hər şeyi necə yaxşı bildiklərini, başa düşdüklərini göstərirlər, amma əslində heç bir şeyi necə edəcəklərini bilmirlər. Amma bununla birlikdə, gərgin və fəal iş təəssüratı yaratmağı bacarırlar. Bunlar, bir qayda olaraq, həm də narazı olurlar.

- Rus Dram Teatrında belə hadisələrə rast gəlmisiniz?

- Hələ ki, yox. Əksinə. Öncəki gəlişlərimdə tanış olduğum və birgə işlədiyim insanların hamısının öz yerlərində olduqlarını və hamısının işlədiyini görəndə sevindim. Mənim üçün bu, teatrda sabitliyin olduğunu göstərən bir göstəricidir. Yaradıcılıq prosesinin önəmli anlayışı var. İnanın, müqayisə etmək üçün bildiklərim var, çünki mən bir quruluşçu – rəssam olaraq Rusiyada çox gəzirəm və bir çox yerlərdə yaradıcılıq prosesinin kommersiya marağı ilə əvəzləndiyini görürəm. Sizin teatrınızda mən bunu görmədim.

- Sizin həm kukla, həm də dram teatrları üzrə yetərincə geniş iş təcrübəniz var. Deyin, bədii-təsviri yaradıcılıq formatının müəyyən bir özəlliyi varmı?

- Yaxşı sualdır. Çox vaxt səriştəsiz insanlar düşünürlər ki, uşaqlar üçün kukla tamaşalarının tərtibatının özəllikləri ilə dram teatrlarındakı tamaşaların tərtibatının heç bir əlaqəsi yoxdur. Bu, yanlış düşüncədir. Ən sevdiyim rəssam Klemkenin dediyi kimi: "Uşaqlar üçün ayrı bir dünya yoxdur." Və o, haqlıdır.

- Tamaşanın müəllifi ilə onun fikrini səhnədə təcəssüm etdirən rəssam arasında ortaq yaradıcılıq anı necə yaranır?

- Fərqli yollarla. Mən pyesi oxuyuram, ürəyimə və ruhuma toxunan ağrılı nöqtələrini müəyyənləşdirməyə çalışıram. Sonra rejissora diqqətlə qulaq asıram, onun səhnə düşüncəsinə nüfuz edirəm. Bu, mənim üçün vacibdir. Cəfər Cabbarlının pyesində mən belə bir ağrılı nöqtə tapdım və o, məndə keçmişin xatirələrinin ağrısı ilə əks olundu. Öz ağrılı nöqtələrimə mən İranənin quruluş anlayışını yükləyirəm, onun düşüncələrinə mümkün qədər dərindən daxil olmağa çalışıram, ürəyimi işə qoşuram və rejissora lazım olan tamaşanın təsviri obrazını yaratmağa çalışıram.

- Belə çıxır ki, siz pyesin obrazını yaradan zaman onu qəlbinizlə yaradırsınız?

- Belə də deyə bilərsiniz. Ürəklə. Həmişə. Əgər bu şəkildə işləməyi dayandırsam, onda peşəni tərk edərəm.

- Demək olar ki, 5 il idi ki, Bakı ilə “görüşmürdünüz”. İndi noyabr ayında burdasız, şəhərimizi necə gördünüz? Siz, ümumiyyətlə, Azərbaycanda olmağı sevirsiz?

- Çox xoşuma gəlir! Birincisi, burada özümü qərib kimi hiss etmirəm. Şəhər ənənəvi olaraq ölkənizin ərazisində yaşayan çox sayda millətlərin qonaqpərvərliyini qoruyur. Bu, çox gözəldir. Çünki bura hər səfərim evə qayıtmaq kimidir. Özümü burada yaxşı, isti (yalnız iqlim baxımından deyil!) və rahat hiss edirəm. Burada, açıqqəlbli, mehriban insanlar yaşayır. Gecə vaxtı şəhəri gəzib, sadəcə bu insanların arasında gəzməyi xoşlayıram. Bunu tez-tez etməyə vaxt olmadığı təəssüf doğurur. Piterdə hiss etdiyim həddən artıq əsəbi enerji yüklənməsini burada hiss etmirəm. Sizin dünyanız aqressiv deyil. Xeyirxahcasına yumşaq və rahatdır. İkincisi, burada 1001 gecə nağıllarının ruhu dolaşır! Bax, İranda bu hiss çoxdandır mövcud deyil, ancaq sizdə var! Burada gözəl bir rahat həyat axır: gecələr insanlar şəhərdə gəzirlər, kişilər dinc və rahat şəkildə çay içirlər. Baxırsan və anlayırsan: bu, sakit bir həyatdır, yəni burada hər şey yaxşıdır. Mənim xoşuma gəlir, bu həyat dincliyi şəhərin nəfəsini hiss etmək imkanı verir. Bakı əhalisini mən indi yaxşı başa düşürəm!

- Şəhərimizdə yaşamaq istərdinizmi?

- Mən buraya təkrar-təkrar qayıtmaq istəyirəm. Şərqin 1000 və 1 gecə nağılları şəhərinə, qonşum Cozef Aronoviçin xatirələrində öydüyü şəhərə, yaxşı insanların və heyrətamiz gözəlliklərin şəhərinə, Akademik Rus Dram Teatrının olduğu şəhərə. Fürsətdən istifadə edərək, teatr rəhbərliyini – direktoru və baş rejissoru, mənim rejissorum İranə Tağızadəni və bütün kollektivi teatra "akademik" statusu verilməsi münasibətilə təbrik etmək istəyirəm. Uzun yaradıcılıq həyatı, uğurlar, cansağlığı və bütün əməkdaşlara, hamıya sadiq tamaşaçılar arzulayıram.

- Qarşıdan premyera, deməli, gərgin iş və yaradıcı axtarış günləri gəlir. Sonra növbəti ayrılıq. Tamaşadan və bu müddət ərzində dostlaşmağa macal tapdığınız insanlardan ayrılanda nə hiss edirsiniz?

- Kədərlənirəm. Yeni bir görüşə ümid edirəm. Hər dəfə Bakıdan ayrılanda həyəcanla gözləyirəm: bir daha dəvət edəcəklərmi? Və həqiqətən də dəvət olunmaq istəyirəm.



MƏSLƏHƏT GÖR:

268