28 Mart 2024

Cümə axşamı, 13:13

ƏLAVƏ ÜSTÜNLÜK

Şenol Günəş «R+»a eksklüziv müsahibəsində Türkiyə millisinin Avropa çempionatının Bakıda keçiriləcək oyunlarından nə gözlədiyini açıqlayıb

Müəllif:

15.12.2019

Gələn il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyuna hazırlıq davam edir. Püşkdən sonra Türkiyə yığmasının iki oyunu paytaxtımızda keçirəcəyi dəqiqləşdi. Bakıdakı oyunlarla əlaqədar futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş ölkəmizə səfər edib, matçların keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) olub. 

67 yaşlı mütəxəssis AVRO 2020-nin hazırlıq prosesi və stadionun vəziyyəti ilə maraqlanıb. Arenada məşq keçən gənc futbolçularla və Əməliyyat Komitəsinin üzvləri ilə görüşən Şenol Günəş oyunçulara uğurlar arzulayıb. O, BOS-u ev stadionu kimi gördüyünü qeyd edib. Xatırladaq ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaq. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

Qısamüddətli səfərin sonunda Türkiyə millisinin baş məşqçisi Şenol Günəş eksklüziv olaraq “R+”un suallarına cavab verdi.

- Şenol bəy, sizi Bakıda görmək çox xoşdur. Türkiyə millisi üçün Bakıda oynamaq nə deməkdir?

- İlk öncə qardaş Azərbaycanda olduğuma görə çox sevincliyəm. Bildiyimə görə sizlər də Türkiyə millisinin oyunlarının Bakıda keçirilməsini arzulayırdınız. İki oyunun Bakıda təşkil olunması bizə üstünlük verəcək. Türkiyə sanki doğma meydanda mübarizə aparacaq. Bakıda bizi dəstəkləyəcəyinizə inanırıq. Təəssüf ki, Azərbaycan yığması bu çempionatda yoxdur. Biz Avro-2020-də həm Türkiyə, həm Azərbaycanı təmsil edəcəyik.

- Bakıda gördüyünüz şəraitdən sonra millinin qalacağı hoteli seçdinizmi?

- Bakıda komandalar üçün əla şərait yaradılıb. Səfər zamanı cəmi 8-9 saat şəhərinizdə oldum. Bu çox müddət deyil. Əsas hotellərə baxdım, oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu eləcə də məşq üçün arenalarla tanışlığımız baş tutdu. Köməkçilərim eləcə də milli komandanın əməkdaşlarıyla məsləhətləşmək vacibdir. İki həftə sonra yenidən Bakıya səfər edəcəm. Biz istəyirik ən düzgün seçim edək. Qrupda son oyunlarımız Bakıda olduğu üçün məşqlər üçün stadion seçilməlidir. Komandanın qalacağı hotel çox vacibdir. Bu seçimləri dərhal etmək çətindir. Eyni zamanda qidalanma, təhlükəsizlik məsələləri müzakirə edilməlidir. Bakıda bizi çox sevirlər. Sadəcə hazırlıq zamanı komandanın sakitliyini qorumaq istərdim.

- Bakı Olimpiya Stadionu 68 mindən çox azarkeşi qəbul edə bilər. Sizcə, bizdəki oyunlarda Türkiyə millisini nə qədər insan dəstəkləyəcək?

- Türkiyə Azərbaycanla həm də qonşu ölkədir. Səfər etmək çox asandır. Viza məsələləri də artıq problem deyil. İkinci məsələ Bakıda çoxlu sayda türklər yaşayır, işləyir. Azərbaycan qardaşlarımız da bizim komandanı çox sevir. Qrup oyunları üçün hər milli komandaya, təxminən, 20 min bilet ayrılır. Fikrimcə, Bakıdakı oyunlarda 30-40 min azarkeşimiz olacaq. Azəri qardaşlarımız bizi evdə olduğumuzu hiss etdirəcək. Sadəcə onları yaxşı nəticəylə sevindirməliyik.

- İtaliya, Uels, İsveçrə və Türkiyə. Ay-ulduzlu millinin bu qrupda şansları necədir?

- Kifayət qədər güclü qrupa düşmüşük. İtaliya oyunlarını doğma Romada keçirəcək. Deməli, İtaliyadan xal almaq çətin olacaq. Digər tərəfdən Uels güclü heyətə malikdir. İsveçrəni unutmaq olmaz. Bakıdakı görüşlərdə maksimum nəticə qazanmalıyıq. Azərbaycanla birgə qrupdan çıxmalıyıq. Avro-2020 hər iki dövlət üçün çox önəmlidir.

- Baş məşqçi kimi çempionat zamanı hansı problemlər yarana bilər?

- İlk oyunumuz Romada olacaq. İtaliyadan Azərbaycana uzun uçuşumuz planlaşdırılır. Məhz buna görə səfər detallarını incəliklə müzakirə etməliyəm. Futbolçularım Romadan Bakıya gələndən sonra yorğunluq özünü göstərə bilər. Məsafə böyükdür. Hər oyunun əhəmiyyəti böyük olacaq. Biz İtaliyadan xal almalıyıq. O zaman Bakıda rahat oynamaq imkanımız olacaq. Qısa müddət ərzində komandanın iki müxtəlif ölkədə olması da müəyyən çətinlik yarada bilər. Düşünmək lazımdır. Bəlkə, ölkələrdən birində təlim-məşq toplanışı keçirdik.

- Stadionla bağlı fikirləriniz maraqlıdır.

- Bakı Olimpiya Stadionu Avropa Liqasının final görüşünü təşkil edib. Nəhəng və müasir standartlara cavab verən stadiondur. Eyni zamanda Tofiq Bəhramov adına stadion, Bakcell Arenada oldum. Stadionlar yaxşı vəziyyətdədir. Seçimlə bağlı qərarımızı ilin sonuna qədər açıqlayacağıq. Stadionla hotellər arasında məsafələrlə tanış oldum. Bakıda həm də dənizin yaxınlığında hotellər mövcuddur. Bununla bağlı sıxıntı olacağını düşünmürəm.

-Türkiyə millisi Avro-2020-yə necə hazırlaşacaq?

- Avropa çempionatından öncə yoldaşlıq görüşü keçirmək yaxşı olardı. Sadəcə indi fikir bildirmək çətindir. Ölkə çempionatları başa çatandan sonra yorğunluq olur. Futbolçuları həddən artıq yükləmək olmaz. Çox diqqətli olmalıyıq. Zədəlilər ola bilər. Avropa Çempionatında hər bir komanda ən yaxşını göstərməyə çalışır. Bakıda oynamağımız bizə əlavə motivasiya olacaq. Lakin bəzən bu amillər həm də əlavə gərginlik yaradır.

- Sizin qarşınızda hansı məqsəd qoyulub?

- Biz addım-addım irəliləyirik. İlk öncə Türkiyə millisi Avropa çempionatında iştirakını təmin etməliydi. İndi növbəti hədəf qrupdan çıxmaqdı. Bundan sonra pley-off barədə düşünmək olar.

- Sizə Avropa çempionatında uğurlar arzu edirik. Azərbaycan futbol azarkeşlərinə deyəcəyiniz varsa, buyurun...

- Dəstəyinizə görə təşəkkür edirəm. Azarkeşlərdən bilet almağı xahiş edərdim. Biletinizi alın və bizi gözləyin. Sizin köməkliyinizlə qrupdan çıxmağa çalışacayıq. Bu işdə Türkiyə və Azərbaycan tərəfdarları millimizə kömək olacaq.



MƏSLƏHƏT GÖR:

280