20 Aprel 2024

Şənbə, 17:22

POLİFONİYA TƏCRÜBƏLƏRİ

Səbinə BƏYLƏRBƏYOVA: «Mən orqan səsini saz, tar, kamança və muğam ifaları ilə birləşdirirəm»

Müəllif:

15.12.2019

İlk baxışdan bu kövrək gənc xanımın orqan ifaçısı olduğunu anlamaq çətindir. Ancaq əslində bu, belədir: Səbinə Bəylərbəyova bəstəkar Valeriya Kikta adına I Beynəlxalq Orqan İfaçıları Müsabiqəsinin (2005, Moskva) laureatı və ("Valeriya Kiktanın əsərlərinin ən yaxşı interpretasiyasına görə" nominasiyası üzrə) diplomantıdır, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimidir. Azərbaycandan beynəlxalq müsabiqədə laureat olmuş ilk orqan ifaçısıdır. O vaxtdan illər keçib. Onun yaradıcılıq həyatında həm solo, həm də qala konsertlər olub, amma 2006-cı ildə magistraturadan məzun olduqdan dərhal sonra müəllimlərinin təkidi ilə baş tutmuş ilk "solo"sunu hələ də unutmayıb. Onlar inanırdılar ki, bu konsert onun universitet və müəllimlər qarşısında peşəkar hesabatı olmalıdır. Müəllimlərinin fikirlərinə hörmət etməyə öyrəşmiş Səbinə buna etiraz etməyib və solo konsert assistentura-stajirovka (2006-2008) üçün tramplin olub.

- Səbinə, sən belə zərifsən, orqan isə çox böyükdür, niyə məhz bu aləti seçdin, məsələn, skripkanı yox?

- Cavabım inandırıcı olmayacaq, amma buna baxmayaraq, dediklərim doğrudur. Bu aləti mən seçməmişəm. Elə ifaçı-musiqiçi peşəsini də. Əvvəlcə Gəncədəki F.Əmirov adına musiqi məktəbində mənim müəllimim Nelli Tağıyeva qərara gəldi ki, mən musiqiçi olmalıyam. Sonra musiqi kollecinin müəllimi İsmayıl Vəliyev mənim orqanda ifa etməyi öyrənməyimə israr etdi. Valideynlərim buna etiraz etmədi, mən də mübahisə etmədim. Bununla da, peşə taleyim müəyyənləşdirildi.

Amma yenə də... Ona baxa-baxa təsəvvürümdə bir neçə klaviaturası (manual), pedalları olan orqanı canlandıraraq, maraqlanırdım ki, görəsən, onun nəslində bu aləti çalmağı bacaran musiqiçi varmı? Aydın oldu ki, Bəylərbəyovlar nəsli Qarabağdandır, lakin 1905-ci ildə baş vermiş erməni-azərbaycanlı münaqişəsinin (ermənilər və azərbaycanlılar arasındakı ilk böyük münaqişənin) qanlı hadisələri üzündən bu nəslin nümayəndələri məcburi köçkün vəziyyətinə düşüblər. Gəncəyə qaçıblar. Babası tarda gözəl çalırmış, musiqi məktəbində bir az oxumuş atası pianoda çalır. Bir vaxtlar Gəncə ətrafında çox sayda alman yaşayıb və lüteran inancına uyğun olaraq içində orqan qurulmuş kirxalar olub, amma Səbinə böyüyəndə o alətlər artıq orada yox idi. Onda internet də yox idi ki, "Google"la baxıb görəsən, eşidəsən və oxuyub biləsən, bu orqan necə bir alətdir? Səbinə bir orqan konsertinin səs yazısı olan kaset alıb. Səslərin polifoniyası sadəcə onu ovsunlayıb! Bax, onda anlayıb ki, bu alətin niyə "musiqi alətlərin kralı" adlandırırlar: səslərin polifoniyası, sanki, bütöv bir orkestri əvəz edə bilər!

- Səbinə, son zamanlar mətbuat səhifələrində orqanın, orqan musiqisinin muğam polifoniyasının təzahüründən başqa bir şey olmadığı barədə tez-tez fikirlər səslənir. Üstəlik, bu düşüncənin daşıyıcıları iddia edirlər ki, Bax kiçik yaşda özünün tokkata və fuqu re-minorunu yaradarkən "Bayatı-Şiraz"ın təsiri altında olub...

- Bu cəfəngiyatdır! Bunu sizə bir peşəkar-mütəxəssis kimi deyirəm. Bəlkə, kimlərsə gözəl əfsanələr yaratmağı sevirlər, amma düşünürəm ki, bu, bilik çatışmazlığı üzündəndir. İstənilən şeyi ehtimal etmək mümkündür...

- Nə isə. Hətta səyyar musiqiçilərin muğamı Avropaya "gətirməsi" versiyası da var. Bax da...

- Cəfəngiyatdır. Bax öz musiqisini yaradıb, Ditrix Bukstehudun orqanda ifasının təsiri altında olub. O, bir alman bəstəkarı və orqançısı olub. Barokko dövrünün ən məşhur bəstəkarlarından biri olub.

- Bəli, hər şey aydındır, amma biz niyə Baxın muğamının təsiri altına düşmə ehtimalını bir seçim olaraq istisna edirik?

- Çünki biz gözütox millətik. Bizim mədəni irsimizdə qürur duyacağımız çox şey var və ora-bura vurnuxmağa dəyməz. Bütün dünya uğurlarını özlərinin adına yazan qonşularımız kimi olmaq lazım deyil. İohann Sebastyan Baxın tərcümeyi-halında səyyar musiqiçilərlə görüşü barədə heç nə yoxdur. İnanın, əgər belə bir şey olsaydı, bəstəkar mütləq bu barədə çevrəsindən kiməsə məlumat verərdi. Ancaq belə bir əfsanə yoxdur. Ancaq başqa bir əfsanə var və məncə, olduqca inandırıcıdır.

- Nə əfsanə?

- Deyirlər ki, 18 yaşı olanda Bax Şərqi Almaniyada yerləşən bir alman şəhərindən - Arnştadtdan ölkənin şimalındakı Lübek şəhərinə piyada 400 km yol gedərək, həmin vaxt 92 yaşı olan Ditrix Bukstehudu bir neçə həftə dinləyib! Bax ondan çox şey öyrənib. Baxın bəxtinə orqan əsərlərini misilsiz bir kamilliyə gətirərək, öz müəllimini üstələmək düşüb.

- Bəs, “Bayatı- Şiraz” necə olacaq? Bəs, niyə, sizin dediyiniz kimi, gerçək olmayan versiyanı həqiqət kimi danışırlar, Baxın tokkata və fuqa re-minoru ilə oxşarlıq tapırlar?

- Ona görə ki, dünya xalqlarının etnik musiqisinin çoxşaxəli olduğunu düşünmürlər və bilmirlər. Dünya polifoniyasında biz həm Baxda, həm də muğamda müxtəlif ifadə dərəcələrində tapdığımız eyni polifoniyaya rast gəlmək olur.

- Bəs, axı, muğam Azərbaycan xalqının mədəni dəyəri və irsi kimi tanınır?

- Məhz bu cür! Dünyada heç kim buna qarşı getmir. Mən də bunu deyirəm, biz zəngin bir millətik və qürur duyacağımız çox şey var! O cümlədən muğam da bu millətin sərvətidir.

- Ancaq qəribə alınır: bizim "icadımız" muğamdır, alman xalqının "icadı" isə orqandır, musiqi də, ifa aləti də polifonikdir...

- Müdaxilə etdiyim üçün bağışlayın, amma müxtəlif musiqi alətlərinin yaranma tarixi göstərir ki, tarixdə ilk orqan su orqanıdır – onu Misir İsgəndəriyyəsində yunan Ktesibi yaradıb. Yəni qədim zamanlarda. Neronun zamanlarına aid bir sikkə üzərində də orqana bənzər bir alətin şəkli var. Artefaktlar öz yerlərinə özləri danışırlar. Həm musiqi aləti, həm də musiqi ilə bağlı. Axı, muğamın Azərbaycan mədəniyyətinə aidliyi də artefaktlar səviyyəsində təsdiqlənir. Həm də orqan Şərqdə yaranıb və Qərbdə "böyüyüb", çox xalqlarda fərqli yollarla inkişaf edir. Məsələn, italyan orqanı alman, ispan, fransız orqanından fərqlidir. Bu, əsasən registrlərdən – orqanda fərqli səslənmələrdən qaynaqlanır. Ancaq bütün orqanlar bənzərsizdir, dünyada iki eyni orqan yoxdur, hətta eyni firma tərəfindən qurulsa belə. Hər bir orqan öz yerinə uyğun quraşdırılır, sözün həqiqi mənasında tikilir, bu zaman zalın ölçüsü, akustika və s. nəzərə alınır.

Biz bu mövzuda uzun danışdıq və Səbinə biz həvəskarlara musiqi və musiqi alətləri tarixindən çox maraqlı və əyləncəli xırdalıqlar söylədi. Düşündüm ki, tale bu gənc qadının həyatını, yəqin ki, doğru yönəldib – təxminən, dörd il Norveçdə yaşamağı, orqançı-kantor vəzifəsində çalışmağı bacarıb, geri döndükdən sonra orqan və klavesin kafedrasında müəllim kimi işini davam edib. Pedaqoji fəaliyyət onun konsert verməsinə, qala konsertlərində iştirak etməsinə, solo proqramla çıxış etməsinə və milli musiqi sənətinin təbliği ilə bağlı maarifləndirici fəaliyyətlə məşğul olmasına heç mane olmur. O, bizə Zara Cəfərovanın təşəbbüsü ilə tədris orqanının necə və nə vaxt qurulması, sonra 70-ci illərin sonlarında Heydər Əliyevin göstərişi ilə Kirxada orqanın yaradılması barədə danışdı; Musiqi Akademiyasının nəzdindəki studiya məktəbində və Bülbül adına musiqi məktəbində orqan siniflərinin yaradılmasında professor Tahirə Yaqubovanın rolundan bəhs etdi. O, bizim orqan ifaçılıq məktəbinin bütün üstünlük və imkanları barədə o qədər həvəslə danışırdı ki, istər-istəməz biz onun tələbələrinə həsəd apardıq, düşündük ki, öz işindən zövq alan və hədsiz sevən bir insandan dərs aldıqları üçün çox şanslıdırlar. Bu sevgini onlar öz gələcəklərinə bir işıq kimi aparacaqlar, onu, bu gün o, öz müəllimləri haqqında danışdığı kimi eyni istilik və sevgi ilə xatırlayacaqlar.

- Müəllimlərimlə bağlı bəxtim gətirib. Əvvəlcə Nelli Tağıyeva ilə, sonra isə İsmayıl Vəliyevlə bağlı, o, sözün əsl mənasında, mənim əlimdən tutub Bakı Musiqi Akademiyasının müəllimi, professor Tahirə Yaqubovanın yanına apardı, o da sonra məni Rasimə Babayevaya təhvil verdi. Bilirsiniz, onlar elə bir ruhani təmas göstərdilər, məni elə diqqət və qayğı ilə əhatə etdilər ki, məndə - Gəncədən gəlmiş bir qızda burada özümə yeni bir ailə qazandığımı düşündüm. Mən xoşbəxt insanam, çünki bu münasibətləri bu günə qədər qoruyuruq.

- Bu gün də onlara öz müəlliminiz kimi baxırsınız?

- Əlbəttə! Onların rəyi və mənim həyata keçirdiyim eksperimentlərə baxışı mənim üçün vacibdir.

- Eksperimentlərinizin mahiyyəti nədədir? Siz nə edirsiniz?

- Orqan səsini saz, tar, kamança və muğam ustalarının ifası ilə birləşdirirəm. Haçansa Alim Qasımov da öz eksperimentlərinə başlayıb, muğamı Avropa musiqisi ilə, digər xalqların musiqisi ilə sintez edib.

- Düşünürəm ki, sizin fikirlərinizin əleyhdarları var. Yenilik musiqi ortodokslarından səslənmə hüququ qazanmalıdır. Bu, sizi incidirmi?

- Hücumlara laqeyd olduğumu deyə bilmərəm. Ancaq bunun "məni xoşbəxt etdiyini" də deyə bilmərəm. Mən yaradıcı axtarışdayam, bundan daha əyləncəli və maraqlı nəsə ola bilər ki?

- Razıyam. Bəs, sizin arzunuz nədir?

- Düşünürəm, o gün gəlsin, hamıya aydın olsun ki, orqan polifoniyasının köməyi ilə onun səsini Azərbaycanın müxtəlif milli alətləri ilə birləşdirmək, həm də bunların hər birinin özünəməxsus və bənzərsiz olduğunu vurğulamaq mümkündür. Mən mükəmməl bir proqram üzərində işləyirəm və bu manifest-proqramla başqa ölkələrə səfər etməyi arzulayıram ki, onlara nəinki öz xalqımın özünəməxsus musiqisi barədə danışım, həm də onun mədəniyyət tolerantlığından, bütün gerçək və indiki hər şeyi, dünyanı xoşbəxt edə biləcək hər şeyi polifonik qavramasından bəhs edim.

O, elə hərarətlə və inamla danışırdı ki, adam istər-istəməz onun mənəvi ideallarının hər yerdə saxtalığın, laqeydliyin, yalanın dəb halına gəldiyi bu zamanın kontekstindən çıxdığını düşünür. Açıqca görünür ki, dönüklərin və fırıldaqçıların dünyası onun dünyasına çevrilməyib. Buna görə də, 6 yaşlı qızında sovet dövrünün rəsmli cizgi filmlərinə sevgi və maraq aşılayıb, çünki onlarda yaxşılıq anlayışı var, personajlar gerçək dərin duyğularla xeyirxahlığın və sevginin dünyanı xilas edə biləcəyinə inanırlar. Bugünkü kompüter multiplikasiyasında bu yoxdur. Çünki animedə təkcə qəhrəman-personajlar deyil, həm də onların duyğuları robotlaşdırılıb.

Səbinə Bəylərbəyova xəyal dünyasında yaşamır. Onun gerçəkliyi - adi gündəlik həyatdır. Ancaq o, duyğuların rasionallıqla əvəz olunduğu biçimli bir dünyada yaşamaq istəmir. Hisslər yerini - praqmatizm və ehtiyatlılıq aldığı dünyada. O da humanistlərin çoxu kimi hələ də inanır ki. incəsənət, özəlliklə də musiqi dünyanı mənəviyyatsızlıqdan xilas edə bilər. Buna görə də, axtarır, eksperiment aparır, inanır ki, onun fikirləri ən sonda dünyanı daha təmiz və xeyirxah edə bilər...



MƏSLƏHƏT GÖR:

305