29 Mart 2024

Cümə, 13:58

BÖYÜK ÇAPLİNƏ LAYİQ

Bakıda universal kino ustasının 130 illiyinə həsr edilmiş təntənəli gecə keçirilib

Müəllif:

15.12.2019

Çaplinə - sevgilərlə. Bəlkə də, Dövlət Film Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən «Nizami» Kino Mərkəzinin salonlarından birində təşkil olunmuş bu axşamı belə adlandırmaq olardı. Tədbir böyük aktyor, ssenarist, bəstəkar, kino rejissoru, prodüser, montajçı və universal kino ustası, "Böyük şəhərin işıqları", "Qızıl qızdırması", "Sirk", "Körpə" və s. filmlərindən hamımızın tanıdığı balaca bir insanın – Avara obrazının yaradıcısının anadan olmasının 130 illiyinə həsr olunmuşdu.

Böyük Çaplinin adını nə vaxt çəksək, dərhal gözümüzün önünə burnu yuxarı qatlanmış böyük ayaqqabılı, əyninə böyük olan asmalı şalvarlı, qısa və köhnə gödəkcəli, dar jiletli balacaboy adam gəlir. Hə… bir də şlyapası, bığları, təbəssümü və ... gözləri! İfadəli, böyük, diri, "danışan" gözləri. Səssiz kinonun ustası gözləri ilə elə «danışa» bilirdi ki, bir çox insan hətta sözlərdən istifadə edərək elə danışa bilmir! Artistin yaratdığı həssas Avara obrazı dünya kinosu tarixinə əbədi olaraq daxil olub. Rac Kapur ("Cənab 420") filmində, sovet klounu Karandaş və "Salam, mən sizin xalanızam!" filmində Aleksandr Kalyagin onu təqlid edirlər.

 

Çaplin bizim yanımızdadır

Çarlz Spenser (Çarli) Çaplin - 20-ci əsrin dahisidir, çətin taleli, böyük qəlbi və böyük istedadı olan insandır - Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımovun rejissorluq etdiyi, eləcə də əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin aparıcılıq etdiyi həmin axşamda aktyorlar Ceyhun Sadıqov və Bəhruz Vaqifoğlunun, Çaplinin mahnılarının ifaçıları - Cavan Zeynallı, Samir Cəfərov, Nərmin Kərimbəyova və Tünzalə Qəhrəmanın yaratdığı gözəl atmosferin sahibi oldu. Axşam cazibədar teatrallaşdırılmış mini tamaşaya çevrildi, orada düşünülmüş teatrallaşdırma olmadan musiqili-plastik əhvalat oynandı və bu zaman Çaplinin səssiz kinosunun personajları ekranda göründü – təntənənin əsas səbəbkarı Ceyhun Sadıqovun ifasında səhnəyə çıxdı, onun kino qəhrəmanı olan qadınları Nərmin Kərimbəyova və Tünzalə Qəhrəman canlandırdı.

 

Ən böyük ulduz

Aparıcı Ayaz Salayevin maraqlı söhbətinin fonunda ekranda və səhnədə Çarlz Spenser Çaplinin filmlərindən və real həyatından epizodlar canlandırıldı. Bir müddət birdən-birə adama elə gəldi ki, Ceyhun Sadıqov Çaplin obrazında təntənənin əsas səbəbkarının ekran qəhrəmanından daha inandırıcı görünür. Absurddur? Əlbəttə! Ancaq belə bir mif artıq bir dəfə Hollivudda istedadlı aktyorun paxıllığını çəkənlər tərəfindən dövriyyəyə buraxılıb, onlar iddia edirdilər ki, Çaplin oxşarlarının yarışmasında 22-ci yeri tutub. Ancaq bu, Ustadın şöhrətinə və imicinə heç bir xələl gətirmədi. O, okeanın hər iki tərəfi üçün ən böyük ulduz olub və olmaqdadır. ABŞ-da, İngiltərədə və Çarli Çaplinin ABŞ-dan ayrılaraq köçdüyü İsveçrədə, o, daima dünyaya böyük İncəsənət kimi kinonu anlamaq sevinci bəxş etmiş bir insan olaraq qalır.

Aparıcı da bu barədə danışdı və bizləri Çarli Çaplinin həyatının və yaradıcılıq axtarışlarının detallarına və təfərrüatlarına qərq etdi. İlk görünüşdən tanınan Avara obrazı necə və nə vaxt yaranıb? Bəllidir ki, "Meyblın qeyri-adi çətin vəziyyəti" filminin çəkilişi zamanı Çaplin heç cür öz qəhrəmanının qrimi barədə bir qərara gələ bilmirmiş. Ayaz Salayevin dediyi kimi, aktyor soyunub-geyinmə otağına gedərkən ağlına gəlir ki, ona geyninəndə əynində kisə kimi görünən geniş şalvar, həddindən iri böyük ayaqqabılar, şlyapa və əlində əsa lazımdır. Aktyor istəyib ki, onun qəhrəmanının geyimində hər şey bir-birinə zidd olsun: torbalanan şalvar və həddindən çox dar pencək, başına çox kiçik olan şlyapa və nəhəng ayaqqabı. Bunları tamamlamaq üçün özünə kiçik bığlar düşündü ki, bu, onun üz ifadələrini gizlətmədən onu yaşlı göstərməli idi.

Çarlz Spenser Çaplinin avtobioqrafik xatirələrindən: “Geyinərkən mən hələ düşünmürdüm ki, bu görüntünün arxasında hansı xarakter gizlənməlidir, amma hazır olandan sonra kostyum və qrim obrazın necə olacağını mənə başa saldılar. Mən onu hiss etdim. Mən çəkiliş pavilyonuna qayıdanda artıq xarakterim doğulmuşdu ".

 

Avara

Beləcə, ümumiləşdirilmiş Avara adını daşıyan və hamımızın sevimlisi olan balaca adam peyda oldu! O, bütün axşam boyu tamaşaçılar arasında hökmranlıq etdi, peşəkarlara və kino həvəskarlarının üzünü güldürdü, düşündürdü, hər kəsi dahi sənətkarın istedadı qarşısında sevgi və ehtiram atmosferi ilə birləşdirdi. Həm artistlər, həm də tamaşaçılar, həm də axşamın təşkilatçıları bu dahi balaca adama bəşəriyyətə təqdim etdiyi gerçək İncəsənətə görə təşəkkür etdilər! Bunu alovlu xatirə nitqləri ilə deyil, onun xatirəsinə, işinə olan sevgiləri ilə göstərdilər.

Çarlz Çaplin çətin bir həyat yaşayıb. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Tam təsadüfən mahnı oxuyub, çünki anasının ifa zamanı qəflətən səsi batıb. Kiçik oğlan pərdə arxasından səhnəyə çıxıb və mahnının ardını oxuyub, ilk alqışlarını və ilk pullarını qazanıb, tamaşaçılar uşağın fərasətini və sənətkarlığını qiymətləndirərək onun üçün səhnəyə pul atıblar. O, bir uşaq kimi tamaşanın gedişində pulları toplaması ilə də kütlənin qəlbini fəth etmişdi, daha sonra o, səhnəyə qayıdıb və anasının repertuarından olan mahnını bitirib. 1898-ci ilin sonunda Çaplin «Səkkiz Lunkaşirli oğlan» uşaq rəqs qrupuna daxil olub. «Lunkaşir oğlanları» 1900-cü ilin Yeni il günlərində «Zoluşka» pantomimasında iştirak edirlər; Pişik geyimində olan Çaplin ilk dəfə tamaşaçıları güldürmək fürsəti əldə edir.

1901-ci ilin yazında Çaplin «Lunkaşir oğlanları»nı tərk edib. O, nadir hallarda məktəbə gedib, qəzet satıb, həkim köməkçisi olub, mətbəədə çalışıb və s., lakin yaşı kiçik olduğuna görə bir yerdə uzun müddət qala bilməyib. 14 yaşında Çarlza "Şerlok Holms" pyesində buyuruqçu rolu verərək, onu rəsmi olaraq teatra işə qəbul ediblər. Bu, 1903-cü ildə olub. Ancaq o zaman hələ heç kim bilmirdi ki, bu yazıb-oxuya bilməyən, ilk rolunun mətnini qardaşının köməyi ilə öyrənən oğlan bir çox kino üsullarının banisi olacaq. O, öz ssenarilərini, "Rampa" povestini və xatirələrini yazacaq, Beynəlxalq Sülh Mükafatına (1954) layiq görüləcək, Amerika Kino Akademiyası Mükafatının (1973) laureatı olacaq, iki dəfə «Oskar»a (1929, 1972) layiq görüləcək, 1975-ci ildə isə ona Kraliça II Yelizaveta tərəfindən cəngavər titulu veriləcək, ser Çarlz Spenser Çaplin olacaq.

 

Nəhəng

Martin Siffin «Çaplin: həyatı» (2008) kitabından: “Çaplin sadəcə böyük bir insan deyildi, o, nəhəng idi. 1915-ci ildə o, öz komediya və gülüş, yardım istedadı ilə sanki bir ruh kimi dünyaya nüfuz etdi, onda Birinci Dünya müharibəsi toplumu parçalamışdı və ondan sonra keçən 25 il ərzində – Böyük Depressiya dövrünə qədər, həm də Adolf Hitlerin yüksəldiyi zamanlar – o, yaratmağa davam edirdi... İnsanların çoxunun ehtiyac duyduğu hansısa bir zamanda, çətin ki, hansısa başqa bir insan onlara daha çox sevinc, həzz və rahatlıq gətirə bilsin."

Bu təntənəli axşamın başlanğıcında ekranda iri planda tədbirin səbəbkarının - ser Çaplin özünün əksi göründü. 1972-ci ilin çəkilişi idi. Biz onu qrimsiz gördük. 83 yaşında idi. Beş il sonra - 88 yaşında o, dünyasını dəyişəcək. Ancaq indi isə ekrandan bizə boyu cəmi 1,65 m-ə çatan böyük insanın gözləri baxırdı. Lakin onun dühasının böyüklüyü isə ölçüyə sığmır.

 

Stop-kadr

Tədbirin aparıcısı rolunu icra edən Ayaz Salayev bütün zala bildirir ki, "Bu əsrdə kinematoqrafiyanın incəsənətə çevrilməsi üçün verdiyi əvəzsiz töhfəyə görə" nominasiyasında «Oskar» ser Çarlz Spenser (Çarli) Çaplinə verilir. Ekrandan salona baxan Çaplin 130 illik yubileyi ilində Zamandan önə keçərək 21-ci əsrin tamaşaçılarına «Oskar»da etdiyi cavab nitqi ilə müraciət etdi. Sarsılmış bir səslə, göz yaşları ilə dedi: “Təşəkkür edirəm! İşlərimi qiymətləndirdiyiniz üçün təşəkkür edirəm, gəldiyiniz üçün təşəkkür edirəm. Təşəkkür edirəm!" Elə bir hiss yarandı ki, sanki indi biz - 21-ci əsrdə yaşayan Bakı sakinləri bu dahi insana daha bir mükafat verdik – bu, sadəcə tanınmaqla qalmamış, həqiqətən, böyük kino İncəsənətində OLMUŞ insana bizim hörmətimiz, ehtiramımız, sevgimiz və minnətdarlığımızdır. Onun şöhrəti də, uğurları da gerçək idi. Eynilə mükafatları da yetərincə layiqlidir. O isə, bizim həyəcanımıza və ehtiramımıza minnətdarlıq sözləri ilə cavab verdi.

Sonra da böyük Artist yüngül kədərlə ekrandan yüksək səsli alqışları səsləndirməyə imkan verən salona baxdı. Onlar 1972-ci ildə Hollivudda səslənmişlərdən daha uzun çəkdilər! Üç dəqiqə, lakin istənilən halda daha uzun. Axı, bu, bizim Çarli Çaplindir. Bizim sevgimiz kino adlı incəsənətə aid olduğu kimi, o da dünyaya məxsusdur! Tamaşaçılar da uzun müddət salondan çıxmadılar, səhnəyə yaxınlaşdılar və ekrana baxdılar, təəssüratlarını bölüşdülər. Sevindilər ki, gerçək İncəsənət fəzasında sərhədlər, milli mənsubiyyət, zaman çərçivəsi olmur. Biz bu barədə Çaplinə sevgilərlə danışırıq...



MƏSLƏHƏT GÖR:

263