28 Mart 2024

Cümə axşamı, 18:00

YENİ REKORD

Dövlət büdcəsi-2020: islahatların davamı və ənənəvi sosial yönüm

Müəllif:

15.12.2019

Yeni "yubiley" ili 2020-ci ildə Azərbaycanın dövlət büdcəsi yenidən əvvəlki illərin rekordlarını qıracaq. Gəlir və xərc hissələrinin artması ilə yanaşı, Milli Məclisin əvvəlki çağırışının son iclasında qəbul edilən əsas iqtisadi sənəd bir sıra spesifik xüsusiyyətlərə malikdir.

Birincisi, yada salaq ki, artıq ikinci ildir ki, büdcə yeni büdcə qaydaları əsasında tərtib edilir, bu çərçivədə neft qiymətlərinin əsas iqtisadi sənədin parametrlərinə təsiri minimuma endirilir. Bu ildən başlayaraq Maliyyə Nazirliyi dövlət büdcəsi tərtib edilərkən xərclərin orta müddət çərçivəsindən istifadə etməyə başlayıb ki, bu da nəzəri olaraq, dövlət vəsaitlərindən istifadənin səmərəliliyini artırmaqla yanaşı, dövlət qurumları arasında makroiqtisadi koordinasiyanı gücləndirməlidir.

 

Önəmli kəsir

Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlir hissəsinin artım dinamikasının ölkənin iqtisadi artım templərini üstələməsini bir fakt da təsdiqləyir ki, fiskal siyasət ölkənin iqtisadi artımını dəstəkləyən bir mexanizm kimi fəaliyyət göstərməkdə davam edəcək.

Belə ki, 2020-ci il üçün Azərbaycanın ÜDM artımı 3% səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, dövlət büdcəsinin gəlirləri 4,2%, xərcləri 6,8%: uyğun olaraq 24,1 və 26,9 milyard manata qədər artacaq. Gələn il üçün büdcə kəsiri 2 milyard 779,2 milyon manat və ya ÜDM-in 3,3 faizi səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanın maliyyə imkanlarının büdcənin kəsirsiz yerinə yetirilməsinə imkan verməsinə baxmayaraq, hökumət gələn il ölkənin maliyyə sisteminin sabitliyini təmin etmək üçün kəsiri saxlayacaq. Məsələ bundadır ki, dövlət büdcəsi kəsiri maliyyə sistemi üçün, ilk növbədə, banklar, sığorta şirkətləri üçün önəmli elementlərdən biridir, çünki hökumət dövlət qiymətli kağızlarını dövriyyəyə buraxır ki, banklar əlavə likvid vəsaitlərini onlara yerləşdirə bilsinlər. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycan büdcə kəsirini ildən ilə artırmır və onu qiymətli kağızların yerləşdirilməsindən gələn pulla qapatmır. Buna görə büdcənin gəlir və xərc hissələri arasındakı fərq heç vaxt ölkə iqtisadiyyatı üçün problem olmayıb.

2020-ci ildə büdcə kəsirinin dövlət müəssisələrinin özəlləşdirilməsindən gələcək gəlirlər, daxili və xarici borclanma hesabına maliyyələşdirilməsi təklif olunur.

Borc alətlərinin xarici bazarlarda yerləşdirilməsindən əldə olunan vəsaitlərin büdcə kəsirini ödəmək üçün istifadə edilməsi də mənbələrdən biri kimi hər il büdcədə göstərilir. Bununla yanaşı, ölkənin bunun üçün gərək olan kredit reytinqlərinə sahib olmasına baxmayaraq, Azərbaycan hökuməti növbəti dəfə beynəlxalq bazarlara çıxmağa elə də tələsmir. Bu, Prezident İlham Əliyevin hökumətə xarici borcların cəlbinin məhdudlaşdırılması, yalnız müəyyən miqdarda və yalnız texnologiya tutarlı layihələr üçün kredit götürülməsi ilə bağlı tapşırığndan qaynaqlanır. Beləliklə, 2025-ci ilə qədər Azərbaycan xarici borcunun həcmini 6,5 milyard dollara və ya ölkə ÜDM-nin 12% səviyyəsinə qədər azaltmağı planlaşdırır. Ötən il bu göstərici ÜDM-in 19%-ni təşkil edirdi və bu il bu nisbət artıq 17,6%-ə enib.

Bundan əlavə, ilk dəfə gələn ilin büdcəsində Azərbaycanın beynəlxalq təşkilatlarda donor ölkəsi kimi iştirak etməsi üçün vəsait ayrılıb. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Asiya İnkişaf Bankının (AİB) və Dünya Bankının (DB) donor proqramlarında iştirakı üçün 7 milyon dollar ayrılacaq.

Büdcə kəsirinin örtülməsinin başqa bir mənbəyi kimi 1 yanvar 2020-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabındakı qalıqlar, xüsusən də əvvəlki illərdə yığılmış dövlət büdcəsi ehtiyatları nəzərdə tutulur. O cümlədən vergi və gömrük gəlirləri üzrə proqnozlardan əlavə toplanmış vəsaitlər də istifadə ediləcək. Üstəlik, bu mənbə hesabına büdcə kəsirinin 60%-nin təmin edilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, əvvəlki illərdə olduğu kimi, büdcə gəlirlərində əsas yük yenə də vergi və gömrük xidmətlərinin üzərinə düşür: payları uyğun olaraq 32,6% və 16,6% olacaq, digər mənbələrdən isə 3,8% əldə ediləcək.

 

Neft amili

Büdcə səmərəliliyinin vacib meyarlarından biri də onun dünya iqtisadiyyatında gedən proseslərdən asılılıq dərəcəsidir. Dünya bazarlarında neft qiymətləri daha yüksək olduğu halda, Azərbaycanın dövlət büdcəsində bir barel üçün sabit 55 dollar səviyyəsində götürülməsi (2019-cu ildə 60 dollar olub) hökumətin mühafizəkar yanaşmasını və Dövlət Neft Fondunda əlavə gəlir toplamaq istəyini göstərir. Prezident İlham Əliyevin bununla bağlı vurğuladığı kimi, hazırda aparılan islahatlar nəticəsində dövlət büdcəsinin gəlirləri digər mənbələrdən təmin etmək imkanları yaranıb: “Biz dövlət büdcəsində neftin qiymətini 2020-ci il üçün bir barel üzrə 55 dollar səviyyəsində müəyyən etdik. Baxmayaraq ki, hazırda «Azeri Light» markalı neftin bir barelinin qiyməti 70 dollardır. Bunu gəlirləri artırmaq üçün etdik. Əgər biz neftin qiymətini 65 dollar səviyyəsində müəyyən etsəydik, bu pullar transfertlər nəticəsində dövlət büdcəsinə daxil olardı və istifadə edilərdi”, - deyə dövlət başçısı vurğulayıb.

Gəlirlərin strukturunda 13,5 milyard manatın və ya 56%-in neft sektoru gəlirlərindən, 10,6 milyard manatın (43,9%) isə qeyri-neft sektoru gəlirlərindən əldə edilməsi planlaşdırılır. 2019-cu illə müqayisədə büdcəyə qeyri-neft sektorundan gəlirlərin 12% artması planlaşdırılır.

Maraqlıdır ki, gələn il cüzi - 0,1% olsa da, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalması gözlənilir. Onların 11,4 milyard manat və ya bütün büdcə gəlirlərinin 47% səviyyəsində olacağı gözlənilir.

Dünyanın bir çox ölkəsində, o cümlədən inkişaf etmiş ölkələrdə fiskal siyasət iqtisadiyyatın artım templərinin azalmasının qarşısını almaq və ya eyni səviyyədə saxlamaq məqsədi daşıyır. Azərbaycanda isə fiskal siyasətin ölkənin iqtisadi artımını dəstəkləyən bir mexanizm kimi xidmət etdiyi meyil müşahidə edilir. Bununla yanaşı, 2020-ci il dövlət büdcəsinin xarakterik xüsusiyyəti, xərclərin artım templərinin gəlirin artım templərindən artıq olmasıdır ki, bu da hökumətin geniş sosial proqramı ilə bağlıdır.

Gələn il dövlət büdcəsi xərclərinin 38,5%-nin sosial məqsədlərə yönəldilməsi planlaşdırılır ki, pul baxımından bu 10,4 milyard manat deməkdir (artım 33.5% təşkil edir). Beləliklə, maliyyə naziri Samir Şərifovun sözlərinə görə, "büdcə ənənəvi olaraq sosial yönümünü qoruyacaq".

“Əsas prioritetlər insan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, səriştəli işçi qüvvəsinin yaradılması olacaq. Təhsil sahəsində islahatlar davam etdiriləcək, məktəbəqədər müəssisələrin maliyyələşdirilməsi artırılacaq, dövlət sifarişi ilə tələbə qəbulu artırılacaq", - deyə S.Şərifov sosial xərclərin artımını şərh edib.

Eyni zamanda, təhsil xərcləri üçün dövlət büdcəsindən 3,1 milyard manatdan çox vəsait ayrılacaq ki, bu da 2019-cu ildəki illə müqayisədə 38,3% çoxdur. Səhiyyə sahəsindəki xərclər isə 1,4 milyard manat təşkil edəcək – bu da cari illə müqayisədə 31,3% artıqdır.

 

Vergi stimulları

Büdcə sahəsindəki islahatlarla yanaşı ənənəvi olaraq yeni ildə vergi sahəsində də dəyişikliklər gözlənilir - keçən il yeniliklər konkret olaraq korrupsiyaya və “kölgə iqtisadiyyatına” qarşı mübarizənin sərtləşdirilməsinə yönəldilmişdi. İlkin mərhələdə artıq müəyyən irəliləyişlər əldə edilib ki, bunun sayəsində büdcəyə maliyyə vəsaitlərinin daxil olması nəzərəçarpacaq səviyyədə artıb.

“Vergilər Azərbaycanda sahibkarlıq üçün stimullaşdırıcı rol oynayır və nəticələr göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan artıq 350 milyon manatdan çox pul yığdı və bu, əlbəttə ki, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsaitlər bu il çox geniş və ciddi bir sosial paket həyata keçirməyə imkan verdi", - deyə Prezident İlham Əliyev indiyə kimi bu sosial təşəbbüsün analoqu olmadığını vurğulayıb.

Beləliklə, sosial sahədə aparılan islahatlar nəticəsində 4 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, maaşlar və müavinətlər artırılıb. Minimum əməkhaqqı, demək olar ki, iki dəfə və minimum pensiya 70%-dən çox artırılıb. Vergi qanunvericiliyindəki bəzi dəyişikliklər məhz bu islahatların və layihələrin maliyyələşdirilməsi üçün əlavə gəlir əldə edilməsi ilə bağlıdır.

Məsələn, yerli alkoqol və tütün istehsalına aksiz dərəcələrinin artırılmasından əldə olunacaq əlavə gəlirin bir hissəsi icbari tibbi sığortanın (İTS) maliyyələşdirilməsinə gedəcək ki, İTS-nin tətbiqi bütünlüklə gələn ilin dördüncü rübündə başa çatacaq.

Vergilər Nazirliyinin vergi siyasəti şöbəsinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, bu təcrübə bütün dünyada qəbul edilir. İcbari tibbi sığortaya ödənişlər həmçinin energetik içkilərə, elektron siqaret mayesinə, alkoqollu içkilərə və tütün məhsullarına aksiz markalarının verilməsi hesabına təmin edilməlidir (hazırda hər aksiz markası üçün alkoqollu içkilər üzrə 0,1 manat və tütün məhsulları üzrə 0,05 manat nəzərdə tutulur).

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2020-ci il yanvarın 1-dən ölkədə istehsal olunan alkoqol və tütün məmulatları və energetik içkilərə aksiz vergi dərəcələri artırılacaq.

Bütünlükdə, məcəlləyə 162 düzəlişin daxil edilməsi planlaşdırılır, onlardan 73-ü yeni tədbirlər və anlayışlar daxil edən düzəliş, 89-u isə korreksiya xarakterli dəyişiklikdir.

Əvvəla, bunların hamısı bərabərhüquqlu və şəffaf fiskal siyasət quraraq sağlam rəqabət yaratmaq məqsədi daşıyır. Bundan əlavə, düzəlişlər riskli vergi ödəyiciləri üzərində nəzarəti və vergidən yayınma ilə mübarizəni gücləndirəcək, habelə sahibkarların inzibati və vergi yükünü azaldacaq, vergi bazasını genişləndirəcək.

Dəyişikliklərə əsasən, sənaye parklarının və texnoloji parkların rezidentləri üçün vergi və gömrük güzəştlərinin müddətinin 7 ildən 10 ilə qədər artırılması nəzərdə tutulur. Beləliklə, sənaye parklarının və texnoloji parkların rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət vergisi, torpaq vergisi və əmlak vergisindən, həmçinin texnika, qurğu və texnoloji avadanlıq idxalı zamanı gömrük rüsumu ödəməkdən azad olacaqlar.

Düzəlişlər həmçinin sənaye parklarını və texnoloji parkları idarə edən şirkətlərə və operatorlara da şamil edilir, onlar parkların infrastrukturunun tikintisi və saxlanması üçün ayırdıqları gəlir hissəsi üzrə mənfəət vergisi ödəməkdən azad edilirlər.

Həmçinin, gələn ildən toylarda və digər əyləncəli tədbirlərdə çalışan aparıcılar, musiqiçilər, rəqqasələr, aşıqlar üçün sadələşdirilmiş vergi dərəcəsi 33,3% - 30 manatdan 20 manata qədər endiriləcək.

Ümumilikdə dəyişikliklər 10 yeni güzəşt və azadolma təqdim edilməsini nəzərdə tutur. Bütünlükdə, onlarla birlikdə 2020-ci ilin dövlət büdcəsi də, şübhəsiz, ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə və inkişaf tempinin sabitliyinin qorunmasına yönəlmiş sosial-iqtisadi islahatların davamı olacaq.


MƏSLƏHƏT GÖR:

266