26 Aprel 2024

Cümə, 00:58

MAKSİMALİST

“Region plus”un suallarını “İlin idmançısı” Teymur Rəcəbov cavablandırır

Müəllif:

01.01.2020

Yola salığımız 2019-cu il Azərbaycan idmanı, xüsusilə şahmat üçün böyük qələbələrlə yadda qaldı. Zəka sahiblərimiz yeniyetmələrin dünya birinciliyində parlaq qələbə qazandılar, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasında çempionluq sevinci yaşadılar. Qadın şahmatçılardan ibarət Azərbaycan yığması isə 27 illik fasilədən sonra Avropa çempionatında bürünc medala layiq görüldülər. Dünyanın ən güclü şahmatçılarından sayılan Teymur Rəcəbov isə ölkə idmanı tarixində ilk dəfə Dünya Kubokunun qalibi oldu.

Təsadüfi deyil ki, aparılan sorğulara əsasən Teymur Rəcəbov Azərbaycanda ilin ən yaxşı idmançısı seçildi. Elə bu münasibətlə Dünya Kubokunun qalibini axtardıq. Beləliklə, Teymur Rəcəbovun “Region plus”a eksklüziv müsahibəsini təqdim edirik.

- İlk növbədə, sizi 2019-cu ildə əldə etdiyiniz qələbə münasibətilə təbrik edirik.

- Təşəkkür edirəm. 2019 karyeram üçün uğurlu oldu. Dünya Kuboku kimi nüfuzlu yarışda qalib gəlməyim çox sevindirici idi. Fürsətdən istifadə edərək mötəbər yarışda mənə dəstək olan və azarkeşlik edən bütün insanlara minnətdarlığımı bildirirəm.

- Dünya Kubokundakı qələbəylə Teymur Rəcəbov həm də növbəti dəfə şahmatçı kimi bütün dünyaya ismarıc yolladı...

- Mən hər zaman aktiv şahmatda olmuşam. Daim FİDE reytinqində yüksək pillələrdə qərarlaşmışam. Mütəmadi olaraq Azərbaycan yığmasının heyətində iştirak etmişəm və milli komandayla üç dəfə Avropa çempionatında çempionluq yaşamışam. 2017-2018 mövsümündə İddiaçılar Turnirinə vəsiqə qazanmağıma yarım xal çatmadı.

- 14 finalda siz milli komanda yoldaşınız Şəhriyar Məmmədyarova qalib gəldiniz. Şəhriyara qarşı şahmat oynamaq nə dərəcədə çətin idi?

- Şəhriyar güclü və təcrübəli şahmatçıdır. Uzun illər onunla Azərbaycan milli komandasının şərəfini qoruyuruq. Şəhriyarla partiyalar çətin və gərgin anlarla yadda qaldı. Sonda uğur mənim tərəfimdə oldu. Oyundan sonra Şəhriyar məni təbrik edərək növbəti mərhələlərdə uğurlar arzuladı.

- Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva sizə təbrik məktubu ünvanladı. Ölkə rəhbərliyi tərəfindən təbrik almaq şahmatçı üçün nə deməkdir?

- İlk növbədə, böyük şərəfdir. Ölkə rəhbərliyindən təbrik almaq o deməkdir ki, karyeranı ümumilikdə Azərbaycan şahmatını izləyirlər. Dövlətin şahmatçıların çıxışlarını izləməsi ölkədə şahmata olan marağı artırır və biz şahmatçıları daha böyük qələbələr qazanmağa həvəsləndirir.

- Dünya Kubokundan sonra milli komandalar arasında Avropa çempionatında iştirak etmədiniz...

- Təəssüf ki, milli komandayla birgə Avropa çempionatında iştirak edə bilmədim. Bilirsiniz ki, çox güclü yığmamız var. Kişi şahmatçılardan ibarət Azərbaycan yığması üç dəfə Avropa çempionatında çempion olub. Müxtəlif illərdə gümüş və bürünc medallara layiq görülmüşük. Dünya Kuboku 1 aya yaxın davam etdi. Orada güclü rəqiblərlə gərgin mübarizədən sonra böyük yorğunluq özünü göstərdi. Üstəlik, Avropa çempionatından dərhal sonra Hamburqda FİDE Qran-Pri turnirinin mərhələsində iştirak etməliydim. Belə vəziyyətdə tam gücümlə mübarizə aparmaq mümkün olmayacaqdı. Ona görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasından əvəzolunmam barədə xahiş etdim.

- Dünya Kubokunu qazanan Teymur Rəcəbovun bundan sonra əsas məqsədi nədir?

- Hər zaman maksimalist olmuşam. Uşaq yaşlarından belə öyrənmişəm. İştirak etdiyim bütün turnirlərdə ən yüksək yer uğrunda mübarizə aparmışam. Karyeramda Dünya Kubokunda qələbə xüsusi yer tutur. Bu yarış böyük marafondur. Ən güclülər iştirak edir və bir məğlubiyyət səni turnirdən kənarlaşdırır. Ona görə Dünya Kubokunda qələbə qazanmaq çox çətindir. Bu qələbə həm də Azərbaycan şahmatının dünyada gücünü göstərdi. İdmanda məqsəd bitmir. Şahmatçı kimi bu nəticələrlə kifayətlənmək mümkün deyil. Növbəti yarışlarda da maksimum nəticə uğrunda çıxış edəcəm.

- 2020-ci ildə şahmat dünyasının diqqəti İddiaçılar Turnirinə yönələcək. Planetin ən güclü 8 şahmatçısının qatılacağı mötəbər yarışda Azərbaycanı siz təmsil edəcəksiniz. İddiaçılar Turnirinə hazırlıq barədə nə deyə bilərsiniz?

- İddiaçılar Turniri 2020-ci ilin əsas yarışlarından biridir. Yarışın qalibi şahmat tacı uğrunda dünya çempionuyla qarşılaşmaq şansı əldə edəcək. İddiaçılar Turnirində ən güclü şahmatçılarla yanaşı onların məşqçi heyətinə qarşı mübarizə aparacayıq. Yarışa lazımi hazırlıqdan ötrü ciddi maliyyə lazımdır. Dünya şahmat elitasının çox böyük imkanları var. İstənilən halda bütün potensialımı nümayiş etdirməklə dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacam.

- Teymur Rəcəbovun oxuculara nə sözü var?

- Sizi və oxucularınızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm. “Region plus” jurnalının kollektivinə daim mənə göstərdikləri diqqətə görə minnətdaram. Sizin vasitənizlə azərbaycanlıları təbrik edirəm. 2020-ci ildə də Azərbaycan inkişafını davam etdirsin, stabilliyini qorusun.

- Müsahibəyə görə təşəkkür edirik!



MƏSLƏHƏT GÖR:

324