25 Aprel 2024

Cümə axşamı, 07:55

ARANIN «AĞ QIZILI»

2020-ci ildə Azərbaycanda pambıqçılığa texnoloji və maliyyə dəstəyi daha da artacaq

Müəllif:

01.01.2020

Söz verildiyi kimi, 2019-cu il Azərbaycanın aqrar sektorunda intensiv islahatların başlanğıc ili oldu. Gerçəkdən, il ərzində islahatlar çox oldu: fermerlərin lazımi avadanlıqla təmin edilməsi subsidiyaların verilməsi, nəhayət, kənd təsərrüfat sığortası sistemi mexanizmlərinin təkmilləşdirilməsi və görürlən bir çox işlər aqrar sənaye kompleksinin (ASK) yekun statistik göstəricilərinə təsir göstərməli idi.

Belə demək olar ki, kənd təsərrüfatının bir çox sahələrində qarşıya qoyulan məqsədlərə, prinsipcə, nail olunub – istənilən halda, bitkiçilikdə bir sıra məhsulların toplanması üzrə rekord rəqəmlərin əldə edilməsi bu barədə daha dolğun mənzərə ortaya çıxarır.

Bu il, əkin üçün ayrılan torpaq sahələrinin azalmasına baxmayaraq, toplanmış qeyri-adi səviyyədə çox pambıq məhsulu xüsusilə məmnunluq yaradıb. Bu, o deməkdir ki, potensial gerçəkdən var və gələn il də onun inkişafı davam etdirilməlidir.

 

Rekordun quruluşu

Beləliklə, 2019-cu ildə pambıq yığımı üzrə rekord göstəriciyə - 294 min tona nail olunub, hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentnerə çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı keçirilən iclasda dediyi kimi, "biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik."

Bu necə edildi? Yəqin ki, sahəyə nəzarət edən qurumlar nəhayət kompleks dövlət dəstəyini fermerlərin problemlərinin ünvanlı həllinə çevirməyin zəruriliyini anlamaları sayəsində gerçəkləşib. Belə ki, yalnız pambıqçılıq üçün texnika alınmasına 500 milyon manatdan çox vəsait xərclənib ki, bunun sayəsində məhsulun 87 faizi mexanikləşdirilmə üsulu ilə yığılıb. Bu texnika əvvəllər satın alınmışdı, amma yəqin ki, təyinat nöqtəsinə indi-indi çatmağa başlayıb.

Eyni söz subsidiyalara da aiddir. Yada salaq ki, 2016-cı ildən bəri dövlət istehsalçılara hər kiloqram pambıq üçün 0,1 manat məbləğində subsidiya ödəyib. Pestisidlərə qarşı müavinətlər artırıldı: hektara görə ödənişlər 10 manatdan 50 manata qaldırılıb. Gübrə üçün subsidiyalar isə 100 manatdan 150 manata qaldırılıb.

Fermerlərin pambıqçılığa marağını artıran digər önəmli amil xam pambığın alış qiymətinin artması olub. Əgər 2015-ci ildə pambığın alış qiyməti 0,41 manat olub, 2016-2017-ci illərdə isə 0,5 manata qaldırılıbsa, 2018-ci ildə bu göstərici 0,65 manata qədər artıb ki, bu da çox vacib stimullaşdırıcı amil oldu.

Pul təşviqlərindən başqa geniş miqyaslı irriqasiya tədbirləri görülüb və yayın quraq keçməsinə baxmayaraq, pambıq tarlalarına lazımi həcmdə su çatdırılıb. Buna görə, iclasda Prezident İ.Əliyev su itkisinin qarşısını almaq üçün irriqasiya kanallarının betonlanmasının və sahələrin suvarılması zamanı suya qənaət üzrə qabaqcıl texnologiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. Bu çərçivədə, suyun 40% -ə qədərinə qənaət imkanı yaradan pilot suvarma sistemlərinin kütləvi istifadəsindən söhbət gedir. Belə ki, artıq üçüncü ildir ki, bu cür sistemlər aparıcı pambıq istehsalçısı və emalatçısı «MKT İstehsalat Kommersiya» MMC tərəfindən 4 min hektardan çox ərazidə istifadə olunur və bu sahələrdə məhsuldarlıqda artıma nail olunub. Bu təcrübənin ölkənin digər pambıqçılıq təsərrüfatlarında istifadə edilməsi planlaşdırılır.

Beləliklə, əkin sahələri üçün ayrılmış ərazilərin 2018-ci illə müqayisədə 132,5 min hektar, yəni 100,1 min ha-a qədər azalması fonunda sahədə məhsuldarlıq artıb: əgər 2018-ci ildə 233 min ton xam pambıq yığılmışdısa, 2019-cu ildə daha kiçik sahədə 294 min tondan çox pambıq yığılıb.

Bununla belə, hazırda 20 rayonda pambıq yetişdirilir və 200 minə yaxın insan bu işə cəlb edilib. Bu proseslərin 2020-ci ildə və sonrakı illərdə genişləndirilməsi planlaşdırılır ki, bununla əlaqədar dövlət başçısı Sahibkarlığın İnkişafı Fondu vasitəsilə pambıqçılıq təsərrüfatlarına elektron kənd təsərrüfatı sistemi ilə təqdim olunan güzəştli kreditləşmənin artırılmasını tapşırıb.

Beləliklə, bu gün yerli pambıqçılığın ekstentiv üsullardan intensiv texnologiyalara keçidindən, maşın yığımı və fermerlərin fəaliyyətinin optimallaşdırılması hesabına kiçik bir ərazidə daha yüksək məhsuldarlıq əldə edilməsindən danışmaq mümkündür.

Burada yada salmaq yerinə düşər ki, prosesin pambıqçılığın uzun müddət tənəzzülü dövründən sonra başlayıb.

"Tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik",- deyə yığıncaqda dövlət başçısı bildirib.

 

Yeni texnologiyalar  

Bununla yanaşı, qeyd etmək lazımdır ki, pambıq yetişdirilən rayonların heç də hamısında məhsuldarlıq artımı təmin olunmayıb və iclasın gedişində Prezident bu məsələyə xüsusi diqqət yetirdi.

"Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən cüzi çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar - 19,3 sentner, Hacıqabul - 14,4 sentner, Ağsu - 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir", - deyə İlham Əliyev vurğulayıb.

Məhsuldarlığın artırılması məsələsi yeni yüksək məhsuldar, xəstəliklərə dayanıqlı və quraqlığa davamlı pambıq sortlarının istifadəsi, həmçinin bu bitkinin əkilməsi və becərilməsi üzrə innovativ texnologiyaların tətbiqi ilə bağlı pilot layihələrin həyata keçirilməsi ilə də əlaqəlidir. Belə ki, Ucardakı Şirvan təcrübə stansiyasının 10 hektar sahəsinə pambıq əkmək mövsümündə ilk dəfə Çin texnologiyası əsasında lazerlə malalama tətbiq olunub ki, bu da torpağın yenidən duzlanmasının qarşısını alır, suya qənaət edir, toxumların bərabər cücərməsinə səbəb olur və nəticədə məhsuldarlığı artırır. Buxarlanmanın qarşısını almaq və torpaqda nəm ehtiyatı yaratmaq, həmçinin alaq otlarının inkişafını məhdudlaşdırmaq üçün pambıq toxumu ilə əkilən sahələrə polietilen örtük çəkilib. Polietilen örtük toxumların inkişafı üçün əlverişli temperatur rejimi yaradır ki, bu da erkən əkin gerçəkləşdirməyə imkan verir. Çin texnologiyası əkininin yüksək sıxlığını nəzərdə tutur: hər hektara 200-220 min toxum səpilir, cərgələr arası məsafə 90 sm olur. Müqayisə üçün, ənənəvi üsullarla becərilən ərazilərdə iki dəfə az - 100-110 min toxum əkilir. Nəticədə, Şirvan təcrübə stansiyasında hər hektardan 70-80 sentner məhsul götürülür.

Bu sahədə müasir texnologiyaların tətbiqi üzrə pilot layihələr çərçivəsində Tərtər və Salyanda yunan modelinə, Beyləqanda isə türk modelinə əsaslanan pambıqçılıq təsərrüfatları yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İnam Kərimovun sözlərinə görə, Çin texnologiyasından istifadə zamanı məhsuldarlıq 60 sentner, Türkiyə texnologiyasından istifadə zamanı isə 58 sentner/ha olub. Nazir qeyd edib ki, ölkənin bütün pambıq istehsalının təqribən 75% -ni təşkil edən iki şirkətlə - MKT şirkəti və Azərbaycan Sənaye Korporasiyasının törəmə şirkəti olan «Azərpambıq» ilə nazirliyin təcrübə stansiyalarının pilot bölmələrində qazanılan təcrübənin genişləndirilməsi ilə bağlı anlaşma əldə olunub. "Hər biri öz sahəsində, yəni 100 hektardan böyük ərazidə Çin və Türk texnologiyaları ilə bu pilot layihələri həyata keçirəcək", - deyə İ.Kərimov vurğulayıb.

Nazir son illərdə əsas məqsəd kimi məhsuldarlığın artırılması hesabına sahədə böyük istehsal artımı əldə edilməsinin müəyyən edildiyini və buna nail olunduğunu vurğulayıb. “Bu gün kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. 2015-ci ildən sonrakı dövrdə pambıq istehsalı 8,2 dəfə artıb”,- deyə İnam Kərimov vurğulayıb. Onun sözlərinə görə, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi sayəsində pambıq istehsalı 61 min ton, orta məhsuldarlıq isə 11,8 sentner artıb.

Bütün bunların məntiqi nəticəsi olaraq, fermerlərin ümumi gəliri 2019-cu ildə 2018-ci illə müqayisədə 45 milyon manatdan çox artıb.

Ancaq sahənin problemləri yalnız istehsal səmərəliliyinin və bitki məhsuldarlığının artması ilə həll edilmir: əldə olunan məhsullardan savadlı istifadə etmək, yəni onları emal etmək və xaricə satmaq lazımdır. Buna görə də yeni ildə əsas məsələ emal olunmuş məhsulların payının artırılması, pambıq iplik, parça və hazır toxuculuq məhsullarının ixracı olacaq. Bu məsələ ən yüksək prioritet kimi müəyyən edilib. Belə ki, ötən ilin 9 ayı ərzində pambıqçılıq fermerlərə və şirkətlərə 111 milyon dollar gəlir gətirib, lakin bu məbləğin 87 milyon dolları pambıq lifinin payına düşür ki, bu, hələ də ilkin emal məhsulların ixracda əhəmiyyətli paya malik olduğunu göstərir.

Buna görə yığılmış pambığın emal səviyyəsini 40%-dən 100%-ə çatdırmaq üçün yeni iplik fabrikləri yaratmaq lazımdır. “Çünki bu, əlavə dəyər zənciri, iş yerləri yaradır. Sənaye istehsalı da artacaq. Ona görə yenə də özəl sektora müraciət edirəm ki, bu məsələyə diqqət yetirsin. Kifayət qədər pambığımız var. Ona görə iplik fabriklərinin tikintisi çox gəlirli sahəyə çevriləcək. Lazım olarsa, dövlət öz tərəfindən güzəştli kreditlərlə bu layihələri dəstəkləyə bilər. Ancaq iplik fabriklərinin tikintisi də bizim son hədəfimiz deyil. Son hədəf hazır məhsul istehsal etməkdir",- deyə Prezident İ.Əliyev yekunlaşdırıb.

Beləliklə, 2020-ci il pambıqçılıq və ümumilikdə Azərbaycanın kənd təsərrüfatı üçün yaxşı göstəricilərlə başlayır. Lakin risk amillərini nəzərə aldıqda, onları qorumaq və artırmaq elə də asan məsələ deyil, amma keçənilki təcrübədən də göründüyü kimi bu, yetərincə realdır.



MƏSLƏHƏT GÖR:

279