20 Aprel 2024

Şənbə, 11:32

YUBİLEY NÖQTƏSİ

Azərbaycanın yanacaq-energetika sahəsində uğurla gerçəkləşdirdiyi layihələrin siyahısı 2020-ci ildə böyüyəcək

Müəllif:

01.01.2020

2020-ci il artıq indidən Azərbaycan üçün tarixi olacağını vəd edir – məhz bu il «Şahdəniz» yatağından hasil olunan qazın Avropaya nəqlinə başlanacaq. Azərbaycan Köhnə Dünyanın ən önəmli qaz tərəfdaşlarından birinə çevrilməklə qlobal qaz bazarının önəmli oyunçusu statusunu qazanır.

Bu hədəfə nail olunması üçün sərmayəçi şirkətlərlə birlikdə görülən çox illik işlər, bütövlükdə 2019-cu ilin sonunda Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tam işə salınması ilə başa çatıb.

Yeri gəlmişkən, ənənəvi tərəfdaşların Azərbaycanla əməkdaşlıq etmək istəyi və etibarı neft sektorundakı əvvəlki layihələrin uğurundan qaynaqlanır ki, onlar üzrə ötən il də mühüm nəticələr əldə edilib. Ümumiyyətlə, 2019-cu il bir sıra yeniliklər, işə salmalar və anlaşmalar sayəsində yanacaq-enerji kompleksi tarixində həkk olacaq.

 

TANAP tam hazırdır

Ötən ilin başlıca hadisəsi kimi Eskişehir şəhərindən Yunanıstan-Türkiyə dövlət sərhədinə qədər Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ikinci mərhələsinin istismara verilməsini göstərmək olar. Açılış mərasimi mərasimi 30 noyabrda Ədirnədə Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. 1,85 min km uzunluqlu TANAP, bəllidir ki, «Cənub Qaz Dəhlizi» layihəsinin dörd komponentindən üçüncüdür və əsas halqalardan biridir, çünki «Şahdəniz»in  işlənməsinin 2-ci mərhələsindən əldə edilən qaz Avropaya məhz Trans-Anadolu qaz kəməri vasitəsilə gedəcək.

TANAP qaz boru kəmərinin birinci mərhələsi (Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan) 12 iyun 2018-ci ildə işə salınıb, TANAP vasitəsilə Azərbaycan qazının ticari tədarükünə isə həmin il iyunun 30-da başlanıb. 1 iyul 2019-cu ildən etibarən isə TANAP Avropaya nəql üçün tam hazır vəziyyətdədir.

Qaz kəmərinin buraxılış gücü ən azı ildə 16 milyard kubmetr olacaq, 2020-ci ildə bunun 10 milyardı Avropa, 6 milyardı Türkiyənin qərb bölgələri üçün nəzərdə tutulub. Gələcəkdə boru kəmərinin gücü ildə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırılacaq.

Boru kəmərinin 15 il iş müddəti ərzində səhmdarlara (SOCAR - 51%, SOCAR Turkiye Enerji - 7%, BOTAS - 30%, BP -12%) hər il1,45 milyard $ gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.

SOCAR-ın proqnozlarına görə, TANAP Türkiyənin qaz ehtiyacının 12%-ni ödəyəcək. 1 dekabr 2019-cu il tarixinə kimi TANAP 3,5 milyard kubmetr Azərbaycan qazını Türkiyəyə çatdırıb.

 

Qaz potensialının ciddi artımı

2019-cu ilin ilk yadda qalan hadisəsi «Şahdəniz» yatağından 100 milyard kubmetr təbii qaz hasil edilməsi oldu ki, bu, BP şirkəti tərəfindən yanvar ayında elan edildi. Xatırladaq ki, yataqda ilkin qaz hasilatı 15 dekabr 2006-cı ildə başlayıb. Onun ehtiyatları 1 trilyon kubmetrdən çox qaza və 2 milyard barel kondensata bərabər qiymətləndirilir. Hazırda «Şahdəniz»də qaz və kondensat hasilatı «Alfa» (Mərhələ - 1 çərçivəsində) və «Bravo» (Mərhələ-2) platformalarından həyata keçirilir. «Şahdəniz» yatağından hasil olunan qaz Azərbaycandan əlavə Gürcüstan və Türkiyəyə də göndərilir. SOCAR-ın məlumatına görə, 1 dekabr 2019-cu il tarixinə «Şahdəniz»dən ümumi qaz hasilatı artıq 115 milyard kubmetri və 27 milyon ton kondensatı keçib.  

BP şirkəti 2022-2023-cü illərə düşəcək ən zirvə dövründə «Şahdəniz»dən ildə 26 milyard kubmetr qaz və gündə 120 min barel kondensat çıxarılacağını gözləyir.

Keçən il həmçinin Azərbaycanın qaz hasilatını artırmaq üzrə planlarına təsir edəcək layihələrin icrasında ciddi irəliləmə əldə edilib. İlk növbədə, Xəzərin Azərbaycan sektorundakı «Abşeron» yatağının işlənməsi layihəsindən söhbət gedir. Başa çatmaqda olan ildə Fransanın «Total» şirkəti və SOCAR ilk qiymətləndirmə və istehsal quyusu "ABD-001"də qazma işini başa çatdırıblar, qazma 2018-ci ilin may ayından bəri «Heydər Əliyev» üzən yarımdalma qazma qurğusundan istifadə edərək, aparılıb.

Nəticələr hələ açıqlanmasa da, «Total» artıq «Abşeron» yatağının son 10 il ərzində şirkətin ən böyük kəşfi olduğunu bəyan edib. Öz növbəsində, dərinliyi 7411 m olan «ABD-001» quyusu Xəzər dənizindəki ən dərin oldu. Onun gözlənilən gündəlik debiti 2 min ton kondensat və 4,3 milyon kubmetr qazdır.

«ABD-001» quyusunun qazılması «Abşeron» yatağının işlənməsinin ilk mərhələsidir. Bu məqamda hasilat ildə 1,5 milyard kubmetr qaza çata bilər, layihə çərçivəsində ən yüksək hasilat dövründə isə ildə təxminən 5 milyard kubmetr qaz istehsal edilə bilər. Bu mərhələdə istehsal olunan bütün qaz Azərbaycanın daxili bazarına yönəldiləcək. Ayrıca, yataqda gündəlik 10 min barelə yaxın kondensat istehsal ediləcək.

 

AÇG-dən tarixi 500 milyon ton

2019-cu ilin ən böyük neft hadisələri arasında birincilik, şübhəsiz ki, «Azəri - Çıraq – Günəşli» (AÇG) layihəsinə aiddir. Ötən ilin aprel ayında Bakıda AÇG səhmdarları «Mərkəzi-Şərqi Azəri» (MŞA) layihəsi üzrə Yekun Sərmayə Qərarını (YSQ) imzalayıblar. Beləliklə, AÇG blokunun işlənməsində yeni bir mərhələnin gerçəkləşdirilməsinə başlanılıb. 6 milyard dollarlıq bir layihə çərçivəsində 100 min barellik gündəlik neft hasilatını təmin etmək üçün hasilat platformasının tikintisi və qurğuların quraşdırılması planlaşdırılır. Bütünlükdə, platformanın işlədilməsi zamanı oradan 300 milyon barel neft hasil edilməsi mümkündhür. İlkin neftin 2023-cü ildə çıxarılmasına başlamaq planlaşdırılır.

«Mərkəzi-Şərqi Azəri» üzrə tikinti işləri artıq başlayıb və 2022-ci ilin ortalarına qədər davam edəcək. Tikinti işlərinin ən gur vaxtında işə 8 min adam cəlb ediləcək.

MŞA layihəsi AÇG blokunun işlənməsində növbəti mərhələdir. Onun məqsədi əlavə quyu qazılması və əlavə dəniz obyektlərinin quraşdırılması ilə zirvə dövründə 100 min barelə qədər neft və 10 min kubmetr qaz səviyyəsində gündəlik hasilat təmin etməkdir.

Sentyabrın 20-də layihənin səhmdarları müstəqil Azərbaycanın iqtisadi inkişafının əsasını qoymuş “Əsrin müqaviləsi”nin 25 illiyini təntənəli şəkildə qeyd etdilər.

Bununla yanaşı, keçən il AÇG layihəsinin səhmdarlarının tərkibi dəyişib. Macarıstanın «MOL Plc. (MOL) şirkəti Amerikanın «Chevron» şirkətinin AÇG layihəsindəki 9,57%-lik payını və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satın alıb. Anlaşmanın dəyəri 1,57 milyard dollar təşkil edib.

MOL-dan verilən məlumata görə, anlaşma Azərbaycan hökuməti və tənzimləyici qurumlar tərəfindən təsdiqlənməlidir və bu iş 2020-ci ilin ikinci rübündə başa çatacaq. Bu anlaşma başa çatdıqdan sonra MOL AÇG-də (payın ölçüsünə görə – red.) üçüncü səhmdar olacaq. Hazırda AÇG-də hasilat altı platformada gerçəkləşdirilir.

Elə bu günlərdə blokda daha bir ildönümü qeyd edilib – işlənməyə başlanmasından bu yana ümumi neft hasilatı 500 milyon tona çatıb. Eyni zamanda, bu blokdan Azərbaycanın mənfəət nefti ümumi istehsalın təxminən 60%-ni təşkil edib. "Azəri-Çıraq-Günəşli" yatağının qalan ehtiyatı ən azı 500 milyon ton neft səviyyəsində qiymətləndirilir. Bu o deməkdir ki, yolun yalnız yarısı gedilib və «Azeri Light» hələ on illərlə öz istehlakçılarını sevindirəcək.

 

Kimya sənayesində yeni səhifə

Başa çatmaqdla olan il Azərbaycanın kimya sənayesi tarixinə qızıl hərflərlə yazılıb, çünki təkcə ölkədə deyil, bölgədə ilk dəfə olaraq azot mineral gübrələri istehsal edən zavodu istifadəyə verilib. 16 yanvar 2019-cu il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıtda «SOCAR Carbamide Plant»

müəssisəsi istifadəyə verilib. O, üç istehsal sahəsindən: ammonyak, karbamid, eləcə dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. Zavod təbii qazla işləyir və gündə 1,2 min ton ammonyak, 2 min ton karbamid istehsalı üçün hesablanıb. Hazırda zavodda 500 daimi iş yeri yaradılıb.

Layihə SOCAR tərəfindən qismən dövlət büdcəsi maliyyələşdirilməsi və kredit vəsaitləri ilə həyata keçirilib. Zavodun tikintisinin dəyəri 780 milyon avro təşkil edib ki, bunun da 197 milyonu Azərbaycanın dövlət büdcəsindən ayrılıb, 500 milyonu borc vəsaitidir, 80-85 milyon avronu isə SOCAR öz fondlarından tikinti zamanı büdcəyə vergi və digər ayırmalar kimi ödəyib.

Zavodun gücü nəzərə alınmaqla 650-660 min ton karbamiddən 500 min tona qədəri hazır məhsul kimi ixraca yönəldiləcək. Əsas satış bazarları Türkiyə, Qara dəniz və Aralıq dənizi bölgəsi ölkələri olacaq. İyun ayında zavod istehsal edilən məhsulları ixrac etməyə başlayıb. Şirkət karbamid ixracatından ildə 160 milyon dollar əldə etməyi düşünür.

Yeri gəlmişkən, «SOCAR Carbamide Plant»ın rəhbərliyinin hesablamalarına görə, zavod 2020-ci ildə tam istehsal gücünə çatacaq və Azərbaycanın azot gübrələrinə (ildə 100-150 min tona bərabər) daxili tələbatını tam ödəyəcək, indiyə qədər həmin gübrələr idxal olunurdu və nəticədə, ildə 90 milyon dollara qənaət edilə biləcək.

Ötən il fevralın 18-də Sumqayıtda «SOCAR Polymer» şirkətinin yüksək sıxlıqlı polietilen (YSP) zavodunun istifadəyə verilməsi yerli kimya sənayesinin daha bir uğuru olub. Müəssisənin istehsal gücü ildə 120 min ton hazır məhsuldur.

SOCAR-ın hesablamalarına görə, zavodun fəaliyyəti ölkənin YSP-yə olan daxili ehtiyacını tam təmin edəcək. Eyni zamanda, istehsal edilən məhsulun 75%-i Türkiyə və Avropaya ixrac ediləcək.

Xatırladaq ki, bir il əvvəl, 2018-ci ilin iyul ayında «SOCAR Polymer» illik gücü 184 min ton olan polipropilen istehsalı zavodunu işə salıb. «SOCAR Polymer» bu zavodların tikinti layihəsini həyata keçirmək üçün "Qazprombank"dan 10 il müddətinə 489 milyon dollar məbləğində kredit cəlb edib. 19 iyun 2015-ci il tarixində SOCAR-la «Qazprombank» arasında «SOCAR Polymer»in zavodlarının tikintisinin maliyyələşdirilməsinə dair müqavilə imzalanıb.

SOCAR-ın hesablamalarına görə, bu iki zavodun fəaliyyət göstərdiyi bütün dövr ərzində «SOCAR Polymer»in gəlirləri 6,6 milyard dollar məbləğində proqnozlaşdırılır ki, bunun da 30%-i xalis mənfəətdir. Daha 600 milyon dollar isə Azərbaycanın dövlət büdcəsinə vergi ödənişləri olacaq.

 

2020 planları

Yubiley ilinə - 2020-ci ilə Azərbaycanın neft sənayesi yeni möhtəşəm layihələrə başlayıb. Belə ki, birinci rübdə Bakının Qaradağ rayonunda dəyəri təxminən 4,2 milyard dollar olan yeni qaz emalı və polimer kompleksi «SOCAR GPC»nin tikintisinə başlamaq planlaşdırılır. Türkiyədə SOCAR və BP-nin iştirakı ilə İzmirdə dəyəri 1,8 milyard $ olan yeni "Mercury" neft-kimya kompleksinin inşası planlaşdırılır.  

Bundan əlavə, Xəzərin Azərbaycan sektorunda «Şəfəq-Asiman», «Babək» strukturlarını, «Qarabağ» yatağını və «Abşeron» arxipelağının dayaz hissəsini əhatə edəcək geniş kəşfiyyat proqramına başlanacaq.

Yeni ildə həm də Azərbaycanın karbohidrogen yataqlarının işlənməsi üzrə yeni müqavilələrin bağlanması mümkündür. O cümlədən, LUKOIL şirkəti 2020-ci ilin birinci rübündə adları hələ açıqlanmayan iki yeni layihənin icrası ilə bağlı Azərbaycan tərəfi ilə danışıqları başa çatdırmağı planlaşdırır.

Bununla belə, 2020-ci ilin əsas hadisəsi ilk Azərbaycan qazının Avropaya yolunu açan Cənub Qaz Dəhlizinin tam miqyaslı istifadəyə verilməsi olmalıdır.

Bir sözlə, 2019-cu ildə uğurla həyata keçirilən layihələr sayəsində götürülən yaxşı başlanğıc, 2020-ci ildə Azərbaycanın və bütövlükdə bölgənin enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş problemlərin həllində heç də az olmayan uğurlar əldə ediləcəyinə inam yaradır.



MƏSLƏHƏT GÖR:

319