28 Yanvar 2020

Çərşənbə axşamı, 16:54

VALYUTA

ODSUZ TÜSTÜ

Yaxud müəmmalı elanlar Azərbaycanda əmlak sığortası bazarını necə coşdurdu

Müəllif:

01.01.2020

Bir müddətdir ki, Bakıda çoxmərtəbəli binaların divarlarında sakinlərdən əmlaklarını təcili sığortalamaq tələbi ilə müəmmalı elanlar görünməyə başlayıb. Əks təqdirdə cərimə olunacaqmışıq, özü də cərimə məbğəlğəlri hər gün artacaq. Təhdidlər nəticə də verdi - 2019-cu ilin sonunda sığorta şirkətlərinə indiyə kimi görünməmiş müştəri axını müşahidə edildi.

Ancaq burada başqa bir maraqlı məsələ var: daşınmaz əmlak sığortasını tənzimləyən qanun, yəni "İcbari sığorta növləri haqqında" qanun 16 dekabr 2011-ci ildən qüvvədədir. Sənəddə cərimələr də nəzərdə tutulub. Ancaq keçən 8 ildə nədənsə bu barədə yalnız tək-tək adamlar bilib və cərimə tutulması halları barədə geniş ictimaiyyətin heç bir məlumatı olmayıb...

Bəs, niyə bu sual indi ortaya çıxıb və əmlak mütləq sığortalanmalıdırmı?

 

Hər şey qanuna uyğundur

Sığorta bir maliyyə aləti kimi artıq çoxdan dünya təcrübəsində özünü təsdiq edib. Buna görə heç kim sığorta şirkətlərinin çoxsaylı məhsullarından mümkün olan qədər istifadə edilməsinə qarşı çıxmır. Daşınmaz əmlak sığortasına gəldikdə isə, bu, ümumiyyətlə, onun sahibləri üçün ən vacib tədbirlərdən sayılmalıdır. Axı, heç kim mənzilinin qonşular tərəfindən isladılmayacağından, yaxud uzun qış mövsümündə bağının başına bir iş gəlməyəcəyindən tam əmin ola bilməz. Hətta əgər insan amilini istisna etsək belə, həmişə təbii fəlakətlərin gözlənilməzliyi ilə üz-üzə qalırıq.

Buna görə, bəri başdan bir önəmli məqamı vurğulamaq lazımdır: daşınmaz əmlakın sığortası zəruri və vacibdir – bu, şübhəsizdir. Üstəlik, bu, qanunla rəsmiləşdirilib, bütün sivil ölkələrdə qəbul edilir və ən nəhayət, əmlak sahibinin birbaşa maraqlarına uyğundur.

Bu, təkcə mənzil deyil, həm də biznes obyektlərinə də aiddir - nə qədər gözlənilməz olsa da, bir saat içində ofisi, dükanı və ya hətta bir ticarət mərkəzini itirmək olar – bunu son illərdə Bakıda baş verən böyük yanğınlar:  «Diqlas» ticarət mərkəzinin, «EuroHome» tikinti materialları bazarı və s. yanması göstərir.  

Ancaq hələ də pula qənaət etmək istəyi rasional yanaşmaya üstün gəlir - kommersiya əmlakı mülkiyyətçilərinin bir çoxu dövlət köməyinə arxalanmağa davam edir – axı o, dəfələrlə təbii fəlakət və yanğın qurbanlarına dəymiş ziyanı kompensasiya edib.

Ancaq Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı 19 dekabr 2019-cu ildə keçirilmiş müşavirədə bildirib: «Ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır».  

Yetərincə aydın şəkildə izah edilib: indən belə dövlətdən itkilər üçün kompensasiya gözlənilməməlidir və bu, yetərincə məntiqlidir. Həm də məlumdur ki, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycanda qeyri-yaşayış obyektləri üzrə daşınmaz əmlakın icbari sığortası müqaviləsinin olmasına nəzarət gücləndiriləcək.

Bununula bağlı "Report" xəbər verir ki, bu onunla bağlıdır ki, Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidməti 30 may 2019-cu il tarixində Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, artıq bu ildən yenidən sahibkarların yanğın nəzarəti sahəsində fəaliyyətini yoxlaya biləcək. Yanğın həm də sığorta hadisəsi olduğundan, sığorta müqavilələri olmadıqda, obyekt sahiblərinə cəzalar tətbiq ediləcək.

 

Cərimə nə qədər qorxuludur?  

Ancaq gəlin, daşınmaz əmlakın sığortası məsələsində ajiotaja səbəb olmuş sözügedən elanlara qayıdaq. Ondan başlayaq ki, İnzibati Xətalar Məcəlləsinin icbari sığorta müqaviləsi olmadığı təqdirdə cərimələrin hesablanmasını nəzərdə tutan 469.1-ci bəndi uzun müddətdir mövcuddur. Özü də, o, bütün icbari sığorta növlərinə aiddir, yəni cərimələr sisteminin 2020-ci ilin yanvar ayından qüvvəyə minməsi barədə bəzi sığorta şirkətlərinin iddiaları, yumşaq desək, yanlışdır.

Bunun bir növ psixoloji təzyiq məqamı olduğu aydındır, çünki tarix təyin edildikdə insanlar daha sürətli reaksiya verməyə başlayırlar. Uyğun olaraq, sığortaçılar tərəfindən 1 yanvar 2020-ci ildən bütün yaşayış binalarının və mənzillərin sığortalanması lazım olduğuna dair bəyan edilənlər bir növ insanları cəlb etmək üçün sığorta şirkətlərinin istifadə etdiyi satış texnologiyası sayıla bilər. Yəni bu, sadəcə bir marketinq gedişidir.

Cərimələrə gəldikdə isə, Məcəllədə onların ölçüsü müqavilənin olmamasına görə fiziki şəxslər üçün əvvəldən müəyyən edilmiş 50 manatdan 30 manata, vəzifəli şəxslər üçün 100 manatdan 80 manata, hüquqi şəxslər üçün 300 manatdan 200 manatat qədər endirilib.

Lakin yuxarıda qeyd edildiyi kimi, indiyə qədər cərimə kəsilməsi ilə bağlı bir hal olmayıb. Ən azından, «Diqlas» ticarət mərkəzində keçən il baş verən yanğından sonra bu cür məlumatlar peyda olmalı idi, amma biri də yoxdur.

Mütəxəssislərin fikrincə, məsələ bundadır ki, əmlak sığortası müqavilələrinin olmasına nəzarətin dəqiq bir mexanizmi hələ yoxdur. Sadəcə, heç kim dəqiq cavab verə bilməz ki, bu məsələ ilə hansı dövlət qurumu məşğul olur, kim yoxlamalar aparıb cərimələr yazmalıdır.

Əgər ticarət obyektləri üçün bununla, yuxarıda qeyd edildiyi kimi, bu ildən Fövqəladə Hallar Nazirliyi məşğul olacaqsa, yaşayış binaları üçünsə səlahiyyətli orqan, bəzi məlumatlara, görə yerli icra hakimiyyətləridir. Lakin mütəxəssislərin fikrincə, qurumun bu cür nəzarəti həyata keçirmək üçün imkan və insan resursları yoxdur.

Bu gün Azərbaycanda əhali daşınmaz əmlakla bağlı alqı-satqı və ya bağışlanma əməliyyatları həyata keçirdiyi təqdirdə, onu sığortalanmağa məcbur olur, çünki icbari ev sığortası olmadan notariat kontoru müqavilə bağlamır.

Notariuslar nəzarət orqanı olmasa da, onların üstünlüyü ondadır ki, dövlət orqanı kimi davranaraq, “İcbari sığorta növləri haqqında” qanuna riayət etməyə yardımçı olurlar, digər tərəfdən isə sığorta şirkətlərinin qeyri-rəsmi agentləri kimi çıxış edərək, bu funksiyanın gerçəkləşdirilməsindən maddi mənfəət əldə edirlər.

Sığorta şirkətləri üçün müştəri bazasının yaradılması hesabına notariuslar mənzil sığortasından komissiya şəklində 20-25% qazanırlar. Beləliklə, notarius subagent rolunu oynayır, çünki birinci kateqoriyalı sığorta agenti funksiyasının yerinə yetirilməsi üçün tənzimləyici orqanın lisenziyası tələb edilir (bundan əvvəl tənzimləyici orqan Maliyyə Bazarlarına Nəzarət Palatası idi və indi Mərkəzi Bankdır). Notariuslar da yerlərdə rəsmi sığorta agentlərinin köməyi ilə sığorta müqavilələrinin bağlanmasını təmin edirlər.

Bu onu göstərir ki, bu gün ölkədə bu sığorta növünün, cüzi də olsa, inkişafı notariusların hesabına baş verir. Əks təqdirdə, bu sığorta növünün bütün əhali üçün məcburi olmasına baxmayaraq, Azərbaycan vətəndaşları əmlaklarını sığortalamaq üçün sığorta şirkətinə getməyəcəklər.

Belə çıxır ki, bu gün real olaraq yalnız yeni evə köçənlərə nəzarət etmək mümkündür, çünki əmlaklarını sığortalamayana kimi onlara mənzilin sənədləri verilmir.

 

Öncə maarifləndirmə, sonra cərimə  

Sığorta şirkətlərinin özləri də etiraf etdikləri kimi, daşınmaz əmlak sığortası müqavilələrinin sayının artırılması yolunda dayanan ilk və əsas maneə nəzarət mexanizminin olmamasıdır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Azər Əliyev isə öz növbəsində hesab edir ki, bu gün sığorta şirkətlərinin (SŞ) bütün təşəbbüsləri çaxnaşma yaymaq və ya əhalini qorxutmaq məqsədi daşımır. SŞ-nin əsas məqsədi mövcud imkanlar (zaman, insan və maliyyə imkanları) daxilində əhaliyə mövcud qanunvericiliyin tələbi barədə mümkün qədər məlumat verməkdir.

"Bəs niyə insanlar narazıdır və aldandıqlarını düşünürlər? Hər şeydən əvvəl, sığortaya cəlb olunmuşların əksəriyyəti sığorta prinsipini və onun necə işlədiyini tam anlamırlar. Buna görə, düşünürəm ki, sığorta şirkətlərinin əsas vəzifəsi əhaliyə mümkün olan bütün vasitələrlə ümumilikdə sığorta haqqında, onun necə işləməsi, hansı məhsullardan istifadə oluna biləcəyi və edilməli olduğu barədə məlumat verməkdir", - deyə Assosiasiya rəhbəri əlavə edib.

A.Əliyev əlavə edib ki, bu gün yayılan bütün bildirişlər sadəcə, çoxdan qəbul edilmiş və respublikanın hər bir vətəndaşı tərəfindən icra edilməli olan qanunun maddələrindən çıxarışlardır. Qanunun özü isə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa yönəlib. Bu, sosial şəbəkələrdə tez-tez yazdıqları kimi, heç bir vergi və ya icarə haqqı deyil.  

“Mən hətta cənab Prezidentə bu qanunun ləğvi üçün ərizə üçün imza toplayan birini görmüşəm. Bütün bunlar qeyri-ciddi işlərdir. Biz, demək olar ki, hər gün vətəndaşların üzləşdiyi bədbəxt hadisələri, onların vurduğu ciddi ziyanları görürük. Həm əmlaklarına, həm də sağlamlıqlarına zərər dəyir. Demək olar ki, həmişə dövlətə, onun köməyinə ümid edirik. Bəli, Prezidentimizin və Birinci vitse-prezidentimizin qətiyyətli iradəsi sayəsində, demək olar ki, bütün şikayətlərə baxılır, hər kəsə mümkün qədər kömək edilir. Ancaq dünyada bu, belə işləmir. Buna görə də, bu xidməti çox ucuz və hamı üçün əlverişli hala gətirərək, ölkənin bütün vətəndaşları arasında maksimum riskləri bölüşmək üçün icbari sığorta növləri tətbiq edirlər. Yəni bədbəxt hadisə baş verərsə, dövlətə deyil, sığorta şirkətinə müraciət edirlər ki, dəymiş zərəri qanunla müəyyən edilmiş ölçüdə ödəsin", - deyə Sığortaçılar Assosiasiyasının rəhbəri bildirib.

Bundan əlavə, A.Əliyev bildirib ki, cərimələrin tətbiqi sistemi üzərində iş aparılır, baxmayaraq ki, "cərimələr diqqət etməli olduğumuz son istiqamətdir". Ancaq istənilən halda, onun sözlərindən aydın olur ki, daşınmaz əmlak reyestrini İcbari Sığorta Bürosu ilə inteqrasiya etdikdən sonra fəal nəzarət işə düşəcək və cərimələrin tətbiqinə başlanacaq.

Daha öncə sığorta bazarı iştirakçılarından birinin qeyd etdiyi kimi, sığorta şirkətləri daşınmaz əmlakın sığortası üzrə rüsumları elektrik enerjisi istehlakı üzrə borcların ödəniş qəbzlərinə bağlamağı təklif edirlər. “Bunun üçün bir neçə qurumun sistemlərini birləşdirmək, bütün prosesi avtomatlaşdırmaq lazımdır. Elektrik niyə seçilir - çünki bu gün bütün evlərdə var”,- deyə sığortaçı bildirir.

"Bu gün mən vətəndaşlardan cərimələr barədə qayğılanmamağı xahiş edirəm, ilk növbədə mənzillərinin təhlükəsizliyi və əmlaklarını yaxşı bir sığorta şirkətində sığortalamaqla 25 min manata qədər maddi müdafiə təmin etmək yolları barədə düşünsünlər (Bakı üçün illik ödəniş 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan üçün 40 manat, ölkənin digər bölgələri üçün 30 manatdır). Bu, aylara və ya günlərə bölündükdə, gerçəkdən, çox az puldur. Telefon danışıqlarına daha çox pul xərcləyirik", - deyə Assosiasiya rəhbəri yekunlaşdırır.

 

Sığortanı necə rəsmiləşdirməli?

Daşınmaz əmlakın sığorta müqaviləsinin tərtibi prosesi olduqca sadədir. Bu, sığorta etdirənlərin seçimlərindən asılı olaraq bir neçə yolla gerçəkləşdirilə bilər. İcbari Sığorta Bürosuna daxil olan və uyğun sığorta fəaliyyəti həyata keçirmək üçün lisenziyası olan sığorta şirkətlərinin baş ofislərinə müraciət etməklə yanaşı, onların filialları və nümayəndəlikləri ilə də əlaqə saxlamaq mümkündür. Həm də istənilən ASAN mərkəzin birində və ya notariat kontorunda bir sıra sığorta vasitəçilərinin nümayəndələri fəaliyyət göstərir.

Bundan əlavə, sığorta şirkətlərinin çoxu evinizə və ya ofisinizə sığorta şəhadətnaməsinin çatdırılması üzrə xidmət təqdim edir. Həm də sığorta vasitəçilərinə müraciət edə bilərsiniz. Ərizənin elektron formada göndərilməsinə baxmayaraq, sığorta müqaviləsinin özü yazılı şəkildə, müəyyən edilmiş nümunə blankında bağlanır.

Sığorta şirkətinə müraciət edərkən yalnız iki sənəd təqdim etməlisiniz: qeydiyyat şəhadətnaməsini – sığorta etdirilən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını (kupçanı) və mülkiyyət sahibinin şəxsiyyət vəsiqəsini. Bu sənədlər təqdim olunduqdan sonra şirkətin əməkdaşı qanuni formada sığorta şəhadətnaməsini tərtib edir və sığorta etdirən sığorta rüsumunu ödəyir.

Bir vətəndaş sığortanı mənzili həqiqi bazar dəyərinə qədər çatdırmaq istəsə, onda eyni şirkətə müraciət edərək sözügedən əmlak üçün könüllü sığorta müqaviləsi bağlaya bilər. Nəzərə alınsa ki, bu müqavilədə franşiz kimi icbari sığorta, yəni Bakı şəhərində 25 min manat istifadə olunacaq, onda əlavə sığorta rüsumunun tamamilə cüzi olacağı ortaya çıxır.

Bəzi sığorta şirkətləri sığorta etdirilən obyektin yerində yoxlanışını keçirirlər və uyğun foto-sənədli hesabat hazırlayırlar.

Sənədi olmayan evlərə gəlincə, bu, hələ də belə əmlak sahibləri və sığorta şirkətləri üçün problem olaraq qalır. Birincisi, sənədi olmayan ev cərimələnə bilməz, ikincisi, heç bir sənəd olmadığı üçün sığorta şirkətinin ödəniş etmək hüququ yoxdur.

Beləliklə, hazırda daşınmaz əmlakın sığortası ilə bağlı yaranmış ajiotaj ilə bağlı önəmli nəticələr: birincisi – sığorta etdirmək lazımdır, ikincisi - cərimələr olub, var və olacaq, üçüncüsü - vəziyyətə nəzarət yoxdur, amma olacaq.

Etiraf etmək lazımdır ki, bu məsələ ətrafında toplumda yaranmış gərəksiz çaxnaşma hissi, bir yandan da onu aktuallaşdırmağa kömək etdi. Nəzərə alsaq ki, Azərbaycanın sığorta sektoru uzun müddətdir ağır günlər keçir, belə bir silkələnmə onun xeyrinədir. Sığorta şirkətlərinin məlumatına görə, daşınmaz əmlak bazarının illik potensialı 400 milyon manata çatır. Əlbəttə ki, müştərilərin sığorta şirkətlərinə cərimə cəzası qorxusu altında yox, könüllü gəlməsi daha arzuediləndir, amma etiraf etməliyik ki, bəzən belə radikal tədbirlər təbliğatdan daha təsirli olur...


MƏSLƏHƏT GÖR:

14