28 Yanvar 2020

Çərşənbə axşamı, 17:08

VALYUTA

YENİ SEÇKİDƏN SONRA YENİ ÖZBƏKİSTAN

Özbəkistan parlamenti hansı şəkli aldı və o, ölkənin gələcəyinə necə təsir göstərəcək?

Müəllif:

01.01.2020

Özbəkistan yeni parlamentini seçdi. 22 dekabr 2019-cu ildə bu ölkədə Olic Məclisin (parlament) Qanunverici palatasına, həmçinin vilayət, şəhər və rayon şuralarına (Kenqaşi) xalq deputatı seçkisi keçirilib. Bu seçki Özbəkistan üçün xüsusi əhəmiyyət daşıyırdı. Lakin bu mövzuya sonra qayıdarıq. Hələliksə yalnız onu qeyd edək ki, bu, ölkə prezidenti Şavkat Mirzyayevin dövlət başçısı postunu tutmasından sonra keçirilən ilk seçki idi və «Yeni Özbəkistan – yeni seçki» şüarı altında keçirilirdi.

Seçkiyə istərsə onun təşkilatçıları, istərsə sadə Özbəkistan vətəndaşları – seçicilər son dərəcə məsuliyyətlə yanaşırdılar. Biz hələ təyyarə ilə Daşkənd hava limanına enən zaman kapitanın ənənəvi müraciətində Özbəkistan vətəndaşlarına xüsusi müraciət də var idi - kapitan vətəndaşları seçkidə fəal iştiraka səsləyirdi. Bundan başqa, paytaxt və regional mərkəzlər seçki kampaniyası haqda plakatlarla bəzədilmişdi, KİV prosesi hərtərəfli işıqlandırır, vətəndaşlar isə öz namizədlərini, əvvəlki dövrlərdən fərqli olaraq, çəkinmədən, ehtiyat etmədən geninə-boluna müzakirə edirdi. Xüsusi yaradılmış Diskussiya Klubunda seçki gününədək jurnalistlər və müşahidəçilər hökumət üzvlərinə, siyasi partiya rəhbərlərinə istədikləri sualı ünvanlaya bilirdilər. Elə bu klubdaca siyasi partiyalar arasında hər gün debat təşkil olunur və bu, yerli telekanallarla canlı yayımlanırdı.

 

Natamam qanunlardan vahid məcəlləyə

Özbəkistanda seçki kampaniyası hələ sentyabrın 20-də başlamışdı. Ölkədə fəalyyət göstərən 5 siyasi partiyanın (Liberal-Demokrat Partiyası, Xalq-Demokrat Partiyası, «Milliy tiklaniş», «Adolat» və Ekologiya Partiyası) hərəsi seçkiyə 150 namizəd irəli sürmüşdü. Beləliklə, Mərkəzi Seçki Komissiyası (MSK) 750 namizədi qeydiyyata alaraq, seçkiyə buraxmışdı. Maraqlıdır ki, onlardan yalnız 43-ü əvvəlki çağırış parlamentdə təmsil olunub.

Özbəkistanda seçki ilk dəfə yeni Seçki Məcəlləsi əsasında keçirilib. Onun ideyası dövlət başçısı tərəfindən irəli sürülüb. İndiyədək ölkədə seçki sahəsində vahid qanunverici akt olmayıb - seçki sahəsini tənzimləyən əvvəlki normativ-hüquqi baza özündə bir neçə qanunu, həmçinin çoxsaylı qanunaltı aktı cəmləşdirirdi. Üstəlik, bütün bu təlimatlar, qanunlar, MSK-nın qərarları bəzən bir-birilə ziddiyyət təşkil edir, yaxud bir-birini təkrarlayırdı.

Bu vəziyyətə son qoyulması üçün özbəkistanlı ekspertlər 50-dən artıq ölkənin təcrübəsini öyrənib, beynəlxalq təşkilatların, o cümlədən ATƏT DTİHB, ŞƏT, MDB, Ümumdünya Seçki Orqanları Assosiasiyası və İslam Əməkdaşlığı Təşkilatının tövsiyələri, Venesiya Komissiyasının təkliflərilə tanış olublar. Beləliklə, yeni seçki qanunvericiliyinin ölkədə siyasi qüvvələr arasında sağlam rəqabət atmosferi, səsvermənin şəffaf keçməsi üçün şərait yaratdığını müşahidələrin ilk anından belə, görmək mümkün idi. Bütün bunlar isə özünü istər seçkinin nəticəsində, istərsə də beynəlxalq müşahidə missiyalarının prosesə verdiyi qiymətdə göstərib.

 

Seçki prosesində yenilik

Ola bilsin ki, bizim müşahidə etdiyimiz mənzərə Azərbaycan vətəndaşlarına çox adi təsir bağışlayacaq. Lakin Özbəkistan üçün bunların əksəriyyəti yenilikdir. Yeni Seçki Məcəlləsilə yanaşı, bu il Daşkənddə ilk dəfə seçicilərin vahid elektron siyahısından istifadə olunub. Yaradılmış baza, məsələn, seçkidə iştirak edən bütün siyasi partiyalar, deputatlığa namizədlər, seçki məntəqələrinin ünvanı və s. haqda məlumat alınmasına imkan verirdi.

Özbəkistana ilk dəfə seçkini müşahidə etmək üçün indiyədək görünməmiş sayda beynəlxalq və xarici müşahidəçi, xarici KİV təmsilçisi dəvət olunmuşdu. «Ümumilikdə seçkinin monitorinqi və işıqlandırılması ilə 50 xarici dövlət və 10 beynəlxalq təşkilatdan 800-dən çox müşahidəçi, həmçinin 130-dan çox xarici KİV təmsilçisi məşğul olub», - deyə Özbəkistan MSK-nın məlumatında bildirilir.

Seçkini ATƏT DTİHB, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, ŞƏT və digər təşkilatlardan olan missiyalar müşahidə edib. Bundan başqa, səsvermənin gedişini yerli vətəndaş cəmiyyətinin 70 mindən artıq nümayəndəsi də izləyib.

Özbəkistanda ilk dəfə olaraq, prosesi siyasi partiya və monitorinq təşkilatlarının çoxsaylı müşahidəçilərilə yanaşı, 270 hüquq müdafiəçisi də (bunadək onların sayı 30-40 civarında olurdu) müşahidə edib. Onların hər birinin, hətta ən ucqar seçki məntəqələrinə belə, baş çəkməsi, səsvermənin gedişini üzləməsi üçün bütün şərait yaradılmışdı.

Vətəndaşlar seçici siyahıları ilə seçki məntəqələrində tanış ola, eyni zamanda özlərinə aid məlumatları MSK-nın rəsmi saytından əldə edə bilirdilər. 120 seçki məntəqəsində isə ilk dəfə videokameralar quraşdırılmışdı və orada baş verənlər onlayn rejimdə yayımlanırdı.

Bu seçkidə ilk dəfə Özbəkistandan kənarda yaşayan özbəklərin də səs verməsi üçün şərait yaradılmışdı. Əvvəllər prosesdə yalnız yaşadığı yerdə rəsmi qeydiyyatda olan Özbəkistan vətəndaşları iştirak edə bilirdi. Bu dəfə isə təxminən 40 ölkədə 55 seçki məntəqəsi yaradılıb və onlarda 112,4 min seçici səs verib.

 

Seçki baş tutub

Özbəkistan MSK-nın səsvermənin səhəri açıqladığı məlumata görə, seçkidə 13,9 milyondan artıq vətəndaş iştirak edib (xaricdə yaşayan özbəklər də daxil olmaqla). Bu, ümumi seçicilərin (təxminən, 20 milyon) 67,8%-i deməkdir. Bununla yanaşı, 150 min seçici vaxtından əvvəl səs vermək hüququndan istifadə edib.

150 seçki dairəsindən 125-də seçki baş tutmuş elan olunub. Beləliklə, Sahibkarlar və işgüzar insanlar hərəkatı – Özbəkistan Liberal-Demokrat Partiyasından 43, Özbəkistan Demokrat Partiyası «Milliy tiklaniş»dən 35, Özbəkistan Sosial-Demokrat Partiyası «Adolat»dan 21, Özbəkistan Xalq Demokrat Partiyasından 18, Özbəkistan Ekologiya Partiyasından 11 nəfər deputat seçilib.

25 seçki dairəsində namizədlərdən heç biri minimal hədd olan 50% səsi yığa bilmədiyindən, yanvarın 5-də həmin dairələrdə təkrar səsvermə olacaq. MSK üzvü Şerzod Kudratxocayevin sözlərinə görə, təkrar səsvermə yeni parlamentdə və hökumətdə qüvvələr nisbətini dəyişə bilər. «Hazırda mübarizə iki partiya arasında gedir. Özbəkistan Liberal-Demokrat Partiyası seçkidən qalib çıxıb. Lakin elə vəziyyət yaranıb ki, ikinci turda «Milliy tiklaniş»in onu geridə qoyacağı istisna deyil. Bu halda bu partiya baş nazir postuna öz namizədini irəli sürəcək», - deyə Kun.uz saytının məlumatına görə, Kudratxocayev bildirib.

Sayt xatırladır ki, hazırkı baş nazir Abdulla Aripov bu vəzifəyə düz 3 il əvvəl – 2016-cı ilin dekabrında Qanunverici palata ilə Senatın birgə iclasında seçilib.

 

Müşahidəçilərin rəyi üst-üstə düşür

Əksər yerli və beynəlxalq müşahidəçinin Özbəkistan parlamentinə keçirilmiş seçkilə bağlı rəyi üst-üstə düşüb. Onlar seçkinin xalqın iradəsini əks etdirdiyini, ölkə qanunvericiliyiə uyğun, şəffaf və demokratik keçdiyini bildiriblər. Məsələn, MDB-nin müşahidə missiyası seçkinin şəffaf, demokratik və açıq keçdiyini bəyan edib. Missiyanın rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib ki, ölkə vətəndaşlarının açıq, rəqabət atmosferində səs verməsi üçün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, bütün namizədlərin planlarını, mövqelərini seçicilərə çatdırması, o cümlədən KİV vasitəsilə çatdırması üçün lazımi imkan tanınıb. S.Lebedev bildirib ki, ümumilikdə seçki prosesi yaxşı təşkil edilib, səsvermə dürüst keçib, üstəlik, seçici fəallığı kifayət qədər yüksək olub.

Bununla yanaşı, Lebedev ailəlikcə səs vermək cəhdləri kimi nöqsanlardan da danışıb. Onun sözlərinə görə, seçki günü ən azı 100 belə hala rast gəlinib. Lakin bu, seçkinin təşkili səviyyəsinə kölgə salmamaqla yanaşı, səsvermənin nəticəsinə də təsir göstərməyib. Lebedevin sözlərinə görə, onun rəhbərlik etdiyi missiya 2 mindən artıq seçki məntəqəsində olub. MDB müşahidəçiləri bu qənaətə gəlib ki, bu seçki Özbəkistanda demokratik yenidənqurmanın dərinləşməsi baxımından əhəmiyyətli hadisə sayıla bilər.

MDB missiyasının prosesə verdiyi qiymət praktik olaraq, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilərinin rəyilə üst-üstə düşüb. ŞƏT baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Se Syaoyun Daşkənddə keçirdiyi mətbuat konfransında bildirib ki, təşkilatdan olan 20 müşahidəçi ölkənin müxtəlif regionlarında ümumilikdə 495 seçki məntəqəsində olublar. Missiyanın ekspertləri miqyaslı təşkilatçılığın, böyük seçici fəallığının şahidi olduqlarını, xüsusilə gənclərin prosesə böyük maraq göstərdiyinə şahidlik etdiklərini bildiriblər.

Se Syaoyun deyib ki, seçki Özbəkistan Seçki Məcəlləsinin tələblərinə uyğun, şəffaf və demokratik keçib. Pozuntular müşahidə etmədiklərini vurğulayan Syaoyun hesab edir ki, seçkinin legitimliyi heç bir şübhə doğurmur. Onun sözlərinə görə, bu seçki ölkənin demokratikləşməsi istiqamətində atılmış vacib addımdır.

Amma ictimaiyyət əsas ATƏT-in nə deyəcəyini gözləyirdi – o, Özbəkistanda parlament seçkisini ilk dəfə müşahidə edirdi. ATƏT missiyasının rəhbəri Georgi Tsereteli bildirib ki, qurumun müşahidəçiləri seçki məntəqələrində seçicilərin prosesə səmimi marağının şahidi olub. O, hesab edir ki, bu seçki əsl rəqabət şəraitində keçib və nəticə «həqiqətən də, xalqın iradəsini əks etdirir».

«Özbəkistan, həqiqətən də, islahatlar yoluna qədəm qoyub. Biz burada inkişaf, əsl rəqabət şahidi olduq», - deyə Tsereteli qeyd edib. Bununla yanaşı, o, «seçkiqabağı kampaniya qaydalarının hələ də məhdudiyyət yaratdığını», məntəqə komissiyalarının fəaliyyətində yanlışlıqların olduğunu da əlavə edib.

ATƏT missiyasının rəhbəri müsbət fakt kimi, ölkə qanunvericiliyində edilmiş dəyişiklikləri, Seçki Məcəlləsinin qəbulunu, vətəndaşların seçkiyə marağının artmasını göstərib. «Bütün bunlar ölkəyə seçkilərin demokratik təşkilində kömək etməlidir… Burada yaxşı niyyət gördüyümüzü söyləyə bilərəm», - deyə Tsereteli bildirib.

ATƏT DTİHB missiyasının rəhbəri Tana de Zuluyeta öz növbəsində, seçkinin ATƏT DTİHB ilə Özbəkistan arasında «çox konstruktiv dialoq»un başlanğıcı olduğunu söyləyib. Onun sözlərinə görə, ATƏT müşahidəçiləri seçkidə respublikanın demokratik dəyərlərə sadiqliyini müşahidə edib: «Bu, həqiqi sadiqlik idi. Biz bunu təcrübədə gördük».

Bu arada, seçkinin nəticəsini onda iştirak etmiş 5 siyasi partiyanın hər biri tanıyıb. Ekologiya Partiyasının nümayəndəsi Boriy Alixanov jurnalımıza müsahibəsində bildirib ki, parlament seçkisi rəqabət atmosferində, şəffaf şəkildə keçib. «Yenilənmiş Özbəkistan keyfiyyətcə yeni seçki keçirir. 5 partiyanın hər biri üçün eyni şərait yaradılıb. Bu mənada hər hansı problem, maneə yoxdur. Ən əsası, Özbəkistanın yeni Seçki Məcəlləsi demokratik seçkinin keçirilməsi üçün hüquqi baza yaradıb», - deyə o, qeyd edib.

 

Xüsusi olaraq, «Region plus» oxucuları üçün

«Yeni Özbəkistan – yeni seçki» şüarı yalnız seçkinin keçirilməsinə deyil, həm də «jurnalist-hakimiyyət» ünsiyyətinə öz müsbət təsirini göstərmişdi. İstər yerli, istərsə də xarici jurnalistlərin işini görməsi üçün lazım olan bütün şərait yaradılmışdı. Məhz bu yeniliklər sayəsində biz Özbəkistanın baş naziri Abdulla Aripovdan və MSK sədri Mirzo-Uluqbek Abdusalomovdan seçki ilə bağlı eksklüziv açıqlama belə, ala bilmişik.

Özbəkistan hökumətinin başçısı hesab edir ki, budəfəki parlament seçkisi ölkədə islahatlar prosesinin davam etdirilməsinə yol açır. «Seçki, həqiqətən də, demokratik şəraitdə keçir. Necə debatların keçirildiyinə, məhz demokratiyanın, demokratik institutların inkişafı istiqamətində hansı seçkiqabağı işin aparıldığına fikir vermisinizsə, yəqin ki, hər yanda tam azadlığın olduğunu görmüsünüz», - deyə Abdulla Aripov səs verdikdən sonra bizə elə seçki məntəqəsindəcə verdiyi açıqlamada bildirib.

Baş nazirin sözlərinə görə, Özbəkistan rəhbərliyi özünə yeni yol seçib. O, ölkədə açıq cəmiyyət yaradır, vətəndaşların iradəsini azad şəkildə ifadə etməsi islahatların dərinləşməsinə yol açır: «Düşünürəm ki, bu seçki parlamentə yeni şəxslərlə yanaşı, yeni baxışlar, partiyalararası rəqabət gətirəcək. Bütün bunlar gələcək inkişafa, islahatlara təkan olmalıdır. Beləliklə, Özbəkistan öz inkişafında yeni eraya qədəm qoymalıdır». Aripov əmindir ki, Özbəkistan hökuməti demokratik parlament seçkisinin keçirilməsi üçün lazım olan hər şeyi edib.

MSK sədri Mirza-Uluqbek Abdusalomov isə «Region plus»a açıqlamasında Özbəkistanın parlament seçkisinə miqyaslı hazırlıq işi gördüyünü bildirib. «Açıq deyəcəyəm, mən bütün MDB ölkələrində, həmçinin ayrı-ayrı ölkələrdə oluram. Hazırlıq işləri prezident Şavkat Mirziyayevin rəhbərliyi altında aparılıb və bu iş həqiqətən diqqətəlayiqdir», - deyə o, qeyd edib.

MSK sədrinin sözlərinə görə, bir sıra xarici struktur və beynəlxalq təşkilat rəhbəri Özbəkistanın parlament seçkisinə hazırlıq təcrübəsini nümunə kimi qiymətləndirir. Abdusalomov bildirib ki, seçki zamanı 10 mindən artıq seçki məntəqəsində səsvermə keçirilib və onlarda 180 mindən çox insan çalışıb: «Biz onların hamısına təlim keçmişik. Onlar peşəkarlar deyil, adi xalqdır, müəllimlər, ictimai təşkilat nümayəndələridir. Odur ki, hansısa texniki yanlışlıqlara yol verilə bilər. Lakin ümumilikdə kobud səhvlərin olmadığını düşünürəm. Sizi buna əmin edə bilərəm».

Parlamentə 36 qadının seçildiyi ayrıca diqqət çəkir. Bu, ümumi deputatların 28%-i deməkdir.

 

Heç yana boylanmadan, irəli!

Yeri gəlmişkən, seçki günü Azərbaycanın Özbəkistandakı diasporunun səsvermədə nə dərəcədə fəal olduğunu da aydınlaşdırmağa çalışdıq. Məlum oldu ki, soydaşlarımız arasında yerlərdə seçkinin təşkili ilə məşğul olanlar da varmış. Məsələn, Mehriban Rəhimova. Əslən Şəki rayonundan olan Mehriban xanım 1982-ci ildən Daşkənddə yaşayır. O, azərbaycanlı köklərinə çox bağlıdır. Amma vətəndaşı olduğu Özbəkistanı da çox sevir. Mehriban Rəhimova deyir ki, azərbaycanlılar Özbəkistanın ictimai həyatında fəaldırlar və qardaş ölkənin gələcəyinə biganə deyillər.

Əslində, bu, təbiidir. Çünki Özbəkistanın dünya, o cümlədən Azərbaycanla gələcək münasibətləri onun firavanlığından asılıdır. Bu gün Özbəkistan xarici siyasətini sırf özünün milli maraqlarından çıxış edərək qurur. «Biz nə Şərqə, nə Qərbə, nə Şimala, nə də Cənuba boylanırıq. Biz bütün ölkələrlə normal münasibət qururuq. Bu gün bizim üçün ilk planda iqtisadi diplomatiyadır. XİN investisiya, ixrac, turizm məsələlərilə heç zaman məşğul olmayıb. Lakin artıq XİN-də bu istiqamətlər üzrə xüsusi idarələr yaradılıb», - deyə Özbəkistan xarici işlər nazirinin birinci müavini İlxom Nematov bildirib.

Daşkənddə hesab edirlər ki, yeni parlament qanunverici hakimiyyətin hökumətin qərarlarına əsaslanmayacağı, əksinə, bu qərarları özünün qəbul etməsinə imkan verəcək qanunverici sistem yaradacaq. Yəni parlament hökumətin əlavəsi olmayacaq, ölkənin inkişaf yolu ilə bağlı öz baxışını ortaya qoyacaq.



MƏSLƏHƏT GÖR:

14