23 Aprel 2024

Çərşənbə axşamı, 14:21

«ŞANSI QAÇIRMAYIN»

Vladimir Zelenskinin Azərbaycana səfəri regional miqyaslı əlamətdar hadisədir

Müəllif:

01.01.2020

Ukrayna prezidenti Vadimir Zelenskinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlər baxımından əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Hər halda, Bakıda aparılmış danışıqların nəticələri iki ölkənin dost və strateji tərəfdaş olduğunu bir daha təsdiqləyib.

 

İstifadə olunmayan potensial

Maraqlıdır ki, Azərbaycan Ukraynanın yeni prezidentinin hakimiyyətə gəldikdən sonra səfər etdiyi ilk postsovet respublikasıdır. Səfər çərçivəsində aparılmış müzakirələrin və əldə olunmuş razılaşmaların məğzini ən yaxşı elə Zelenskinin özü ifadə edib: «Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub və bu gün də bu, belədir».

Həqiqətən də, dövlət başçılarının danışıqları, Azərbaycan-Ukrayna biznes forumu və Zelenskinin Bakıya səfəri çərçivəsində baş tutmuş digər tədbirlər Bakı ilə Kiyev arasında dostluq, tərəfdaşlıq münasibətlərinin möhkəmliyini bir daha ortaya qoyub.

Səfər çərçivəsində tərəflər arasında 4 sənəd imzalanıb: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Saziş, həmçinin Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolu və Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə.

Yüksək səviyyədə aparılmış Azərbaycan-Ukrayna danışıqları, həmçinin biznes forum tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu göstərib. İqtisadi-ticari münasibətlərə dair rəsmi göstəricilərə əsasən, bu sahədə mövcud potensialdan heç də tam istifadə olunmur. Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 800 milyon dollardan artıq olub. Proqnozlara əsasən, 2020-ci ildə bu rəqəm ilk dəfə 1 milyard dolları keçəcək. Bununla yanaşı, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Vladimir Zelenskinin iqtisadi münasibətlərin gələcək inkişafı ilə bağlı müəyyənləşdirdikləri prioritetlər ticarət dövriyyəsi həcmində daha ciddi artımın olacağını göstərir.

Qarşılıqlı investisiya yatırımları həcminin artım imkanları da qeyd olunmalıdır. Hər halda, son dövrlərdə bu sahədə əlamətdar hadisələr baş verib. Azərbaycanın dövlət şirkəti olan SOCAR Ukraynaya ciddi investisiya yatırıb, ölkənin mobil operatoru «Bakcell» isə «Vodafone Ukraine» şirkətinin səhmlərini alıb. Azərbaycanın nəhəng şirkətlərinin Ukrayna iqtisadiyyatına kapital qoyuluşlarını davam etdirəcəyini gözləmək olar. Bu mənada prezident Zelenskinin azərbaycanlı sahibkarlara müraciəti də maraqlıdır. Prezident onları Ukraynada gedən özəlləşdirmə prosesində fəal iştiraka səsləyib.

Azərbaycan-Ukrayna əməkdaşlığında istər onun indiki səviyyəsi, istərsə də perspektivləri kontekstində enerji sahəsi xüsusi yer tutur. Ukraynanın idxal etdiyi xam neftin 90%-dən çoxu elə həmin SOCAR-ın payına düşür. Bununla yanaşı, Kiyev yalnız daxili bazar üçün «qara qızıl» tədarükündə deyil, Azərbaycan neftinin Avropaya çatdırılması üçün Ukraynanın tranzit imkanlarından istifadə edilməsində də maraqlıdır. Bundan başqa, Ukrayna Azərbaycan neftinin emalı üçün özünün neft emalı zavodlarından istifadə olunmasını da təklif edir. Kiyevdə hesab edirlər ki, həmin zavodlarda istehsal olunacaq benzin Ukraynadan Avropa İttifaqı bazarlarına nəql edilə bilər. Bunun hər iki ölkəyə sərf edəcəyi düşünülür. Məsələ ondadır ki, Brüssellə Kiyev arasında imzalanmış assosiasiya sazişinə əsasən, Azərbaycan neftindən əldə edilən benzin Ukraynadan Aİ-yə ixrac rüsumu ödənilmədən nəql edilir.

Səfərin vacib nəticələrindən biri də Vladimir Zelenskinin Cənub Qaz Dəhlizinə (CQD) dəstək ifadə etməsi olub. Məlum olduğu kimi, Azərbaycanın aparıcı rolu ilə reallaşdırılan bu layihə Xəzər qazının Aİ-yə nəqlini nəzərdə tutur və bu, öz-özlüyündə həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmini deməkdir. Yeri gəlmişkən, noyabrın sonunda CQD çərçivəsində Transanadolu qaz kəmərinin (TANAP) açılışı olub. Trans-Adriatik qaz kəmərinin (TAP) və Yunanıstan-Bolqarıstan qaz xətti-interkonnektorunun (IGB) istismara verilməsindən sonra Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə nəqli mümkün olacaq. Bundan başqa, Rumıniyanın da CQD-yə qoşulacağı gözlənilir. Bu halda Ukrayna Azərbaycan qazını Bolqarıstan və Rumıniya vasitəsilə əldə etməyi düşünür. Kiyevin layihəyə praktik marağı da buradan qaynaqlanır. Odur ki, Zelenski Bakıda CQD-nin genişləndirilməsi imkanlarının öyrəniləcəyini də bəyan edib.

Azərbaycanla Ukrayna arasında daha bir perspektivli əməkdaşlıq sahəsi nəqliyyat sektorudur. Hər iki ölkənin «inanılmaz nəqliyyat potensialının» olduğunu deyən V.Zelenskinin sözlərinə görə, Bakı ilə Kiyev nəqliyyat və aviasiya daşımaları sahəsində də əlaqələri, əməkdaşlığı artırmaq haqda razılığa gəliblər. Bu mənada, son illərdə Azərbaycanla Ukrayna arasında yük daşımaları həcminin artdığı xüsusi vurğulanmalıdır. Bu, daha çox Çin, Mərkəzi Asiya və İrandan Ukraynaya yüklərin məhz Azərbaycan üzərindən daşınması ilə izah olunur. Eyni zamanda Ukraynadan Şərqə daşımalar da Azərbaycan vasitəsilə həyata keçirilir. Ukrayna KİV-nin Bakı ilə Kiyev arasında məhz nəqliyyat sektorundakı əməkdaşlığı xüsusi işıqlandırması təsadüf deyil. Mətbuat Azərbaycanın «Çinlə Avropanı birləşdirən əsas haba çevrildiyini» vurğulayaraq, Ukrayna hökumətini «şansı qaçırmamağa» çağırır.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Ukrayna biznes forumunda səsləndirdiyi fikirlər də diqqətəlayiqdir: «Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar».

Kiyevlə Bakının GUAM (Gürcüstan və Moldovanın da yer aldığı struktur) çərçivəsində əməkdaşlığından ayrıca danışmaq lazımdır. GUAM-a üzv dövlət başçılarının dekabrda Kiyevdə keçirilmiş toplantısında dünya əhəmiyyətli nəhəng layihələr, məsələn, Yeni İpək yolu layihəsi çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

2020-ci ildə bu təşkilata sədrlik Azərbaycana keçəcək. Bakı isə GUAM-a sırf üzv ölkələrin iqtisadi inteqrasiyası, Qara dəniz-Xəzər regionunda, postsovet məkanının Avropa hissəsində ticarətin, nəqliyyat kommunikasiyalarının genişləndirilməsi, enerji marşrutlarının şaxələndirilməsi, strukturun Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən əsas bəndlərdən birinə çevrilməsi nöqteyi-nəzərindən yanaşır.

 

Ərazi bütövlüyünə dəstək

Ukrayna prezidentinin Azərbaycana səfərinin əsas siyasi nəticəsi isə şübhəsiz ki, hər iki dövlətin bir-birinin ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etməsidir. Vladimir Zelenski İlham Əliyevlə görüşdən sonra bildirib ki, «biz Dağlıq Qarabağ münaqişəsinə, həmçinin Ukraynanın şərqindəki problemlərə dair də müzakirə apardıq. Biz ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası məsələsində bir-birimizi dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir. Biz istər regional, istərsə də qlobal səviyyədə vahid mövqedən çıxış edirik».

Həqiqətən də, Azərbaycan prinsipial olaraq, Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir. Bakı BMT Baş Assambleyasında 27 mart 2014-cü ildə qəbul olunmuş «Ukraynanın ərazi bütövlüyü» qətnaməsinin lehinə səs verib. 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyinə «Ukraynanınmüvəqqəti işğal olunmuş ərazilərində vəziyyət» maddəsinin salınması da Bakı tərəfindən dəstəklənib.

Ukrayna isə öz növbəsində, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verir. Kiyevin bu mövqeyini Ukraynanın yeni prezidenti Vladimir Zelenski də təsdiqləyib.

Bu arada, Zelenskinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi Ermənistanda ciddi narazılıq yaradıb ki, bu da təəccüblü deyil. Hələ də «məxməri inqilab»ın «havasında olan» Ermənistan KİV-i Ukraynanın demokratik liderinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini ermənilərə qarşı çıxmaq kimi qiymətləndirib. Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyan isə Ukrayna prezidentini «maarifləndirməyi» belə, lazım bilib. O, Zelenskini bu cür «məlumatlandırmağa» çalışıb: «ATƏT-in bütün üzvləri yekdil qənaətdədir ki, Qarabağ münaqişəsi 3 prinsip, o cümlədən xalqların öz müqəddəratını təyin etməsi prinsipi əsasında həll olunmalıdır». Sanki xalqların öz müqəddəratını təyin etməsi prinsipi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini, 1 milyon azərbaycanlının doğma torpaqlarından qovulmasını nəzərdə tutur.

Bu kontekstdə, V.Zelenskinin Bakı səfəri Azərbaycan-Ukrayna əməkdaşlığının hər iki dövlətin milli maraqlarına cavab verdiyini, onun üçüncü ölkələrə qarşı yönəlmədiyini göstərib. Yeri gəlmişkən, bu «üçüncü dövlət»lər arasında Rusiya da var. Məsələ ondadır ki, bəzi ölkələrin bir sıra mətbuat orqanı və ekspert dairələri Bakı ilə Kiyevin tərəfdaşlığını anti-Rusiya rakursundan şərh edir. Halbuki Azərbaycan istər Ukraynaya, istərsə də Rusiyaya qarşı dost siyasəti aparır. O, tarixən bu slavyan dövlətlərini öz tərəfdaşı sayıb. Odur ki, Bakı Ukraynanın şərqində tezliklə sülhün bərqərar olmasını, Moskva ilə Kiyev arasında dostluq, qardaşlıq münasibətlərinin bərpasını arzulayır.

Başqa sözlə, Zelenskinin Bakıya səfəri Azərbaycanın balanslı xarici siyasətinin növbəti təsdiqidir. Bu siyasət bütün tərəfdaş ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulmasına yönəlib.

Konkret olaraq Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivinə gəldikdə, bir məqamı qeyd etmək vacibdir: xalqlarımızın maraqları naminə bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün böyük potensial var. İstər Azərbaycan, istərsə də Ukrayna siyasətçiləri və ekspertlərinin ümumi rəyi bundan ibarətdir ki, V.Zelenskinin Bakıya səfəri regional miqyaslı əlamətdar hadisədir. Bakı-Kiyev əməkdaşlığının genişlənməsi, şübhəsiz ki, Qara dəniz-Xəzər regionu və Cənub-Şərqi Avropa bölgəsi ölkələrinin və xalqlarının taleyinə müsbət təsir göstərəcək.



MƏSLƏHƏT GÖR:

302