20 Aprel 2024

Şənbə, 05:48

MƏNTİQİ NƏTİCƏ

MDB dövlət başçılarının qeyri-formal görüşü Bakının region ölkələrilə 2019-cu ildə də uğurlu dialoq apardığını ortaya qoyub

Müəllif:

01.01.2020

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vadimir Putinin dəvətilə MDB dövlət başçılarının dekabrın 20-də Sankt-Peterburqda keçirilən qeyri-formal görüşünə qatılıb. Bunu Azərbaycanla Rusiya arasında 2019-cu ildə də intensiv xarakter daşımış münasibətlərin məntiqi yekunu kimi qiymətləndirmək olar. Bu, həm də Bakının MDB üzrə bütün yaxın qonşuları, ümumilikdə regional dövlətlərlə effektiv iqtisadi və siyasi dialoqunun uğurlu nəticəsi də sayıla bilər.

MDB dövlət başçılarının qeyri-formal görüşü Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclasının keçirildiyi günlərə təsadüf edib. 2014-cü ildə yaradılmış bu beynəlxalq iqtisadi təşkilatda 5 ölkə təmsil olunur: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan (Moldova qurumda müşahidəçi statusuna malikdir). Təşkilat Çin, İran, Sinqapur, Vyetnam və Serbiya ilə azad ticarət zonalarının (ATZ) yaradılması ilə əməkdaşlıq edir (məsələn, Tehran Aİİ çərçivəsində ATZ-yə 2019-cu il, oktyabrın sonlarında qoşulub). Qurumun özəyini hələ ondan əvvəl yaradılmış Rusiya-Belarus İttifaq Dövləti təşkil edir. Minsklə Moskva iki ölkənin inteqrasiyasını davamlı şəkildə dərinləşdirir.

Aİİ-də həll olunmamış çox sayda problemin olduğunu, ilk növbədə, təşkilatın üzvləri hər zaman etiraf edir. Buna baxmayaraq, qurum istər üzvlər, istərsə də tərəfdaş ölkələrin iqtisadi yaxınlaşmasına yönəlmiş cidd-cəhdləri durmadan davam etdirir.

Bakı Aİİ-nin üzvü deyil. Lakin o, təşkilatdakı tendensiyaları, ümumiyyətlə, Avrasiya məkanında baş verən prosesləri diqqətlə və fəal şəkildə izləyir. Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş Ermənistan istisna olmaqla, bütün Aİİ üzvlərilə sıx ikitərəfli münasibətlərinin olduğunu nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Bu təşkilata maraq həm də «Xəzər beşliyi»nə aid dövlətlərin geostrateji mövqeyindən irəli gəlir. Misal kimi, onların beynəlxalq nəqliyyat-tranzit layihələrində, məsələn, «Şimal-Cənub» layihəsində mərkəzi yer tutmasını göstərmək olar. Keçmiş SSRİ ölkələrinin ümumi iqtisadi keçmişini nəzərə alsaq, artıq mövcud və işlək olanların itirilməsi, əlbəttə ki, son dərəcə qeyri-rasional olardı. Əksinə, yeniliklərin bu təməl üzərində qurulması daha doğru yoldur. Bununla yanaşı, əksər ekspertlər hesab edir ki, Aİİ-nin əsas iqtisadi üstünlüyü vasitəçilərdən istifadə etməyən, təkbaşına çalışan kiçik və orta səviyyəli ixracatçılar üçün ticarətin sadələşdirilməsidir. Aydındır ki, bu, Azərbaycanı da maraqlandırmaya bilməz. Eyni zamanda Bakı ümumilikdə tərəfdaşları ilə qarşılıqlı ticarət həcminin artırılmasında maraqlıdır. Son zamanlar onun üçün texnologiya sahəsində, elmyüklü sahələrə investisiya qoyuluşları xüsusilə aktualdır.

Lakin Dağlıq Qarabağ münaqişəsinin hələ də çözülməmiş qalması regionda əsl, hərtərəfli əməkdaşlığa (İran, hətta Türkiyə də daxil olmaqla, bütün oyunçuların iştirakı ilə) imkan vermir. İstər ekspertlər, istərsə də siyasi elita arasında Azərbaycanın Aİİ-yə mümkün üzvlüyülə bağlı zaman-zaman müzakirələr aparılır. Ancaq həlledici məqam 2015-ci ildə bu təşkilatın vahid gömrük ittifaqı və vahid iqtisadi məkan əsasında yaradılmasıdır. Demək, təşkilat daxilində heç bir ərazi mübahisəsi olmamalıdır. Yəni Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanla Ermənistanın Aİİ çərçivəsində əməkdaşlığı mümkün deyil. Yeri gəlmişkən, İrəvan Aİİ meydanından daim Azərbaycana qarşı istifadə etməyə çalışır. Lakin onun bu cəhdləri digər üzv dövlətlər tərəfindən qəti şəkildə rədd olunur.

2014-cü ildə hələ İrəvanın Aİİ-yə qəbulunun müzakirəsi zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dedikləri hər kəsin yadındadır. O, Ermənistanın təşkilata yalnız BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində, yəni Dağlıq Qarabağsız qəbul edilə biləcəyini açıq şəkildə dilə gətirmişdi. O zaman eyni mövqe Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən də ortaya qoyulmuşdu. Başqa sözlə, Ermənistana sözün bütün mənalarında yerini, sərhədlərini hələ o vaxt göstərmişdilər. Bənzər vəziyyət bu dəfə də yaranıb. İlham Əliyevlə bir masa arxasında əyləşmiş Nikol Paşinyan yaxşı anlayırdı ki, Bakı Aİİ-nin üzvü olmasa da, onun çəkisi daha ağırdır.

Bütün bunlarla yanaşı, istənilən qonşu dövlətlərin, yaxın tərəfdaşların münasibəti yalnız iqtisadi və siyasi inteqrasiyaya yox, həm də ümumi tarixi dəyərlərə əsaslanmalıdır. Yəqin ki, Rusiya prezidenti Vladimir Putin Avropa Parlamentinin 19 sentyabr 2019-cu ildə qəbul etdiyi «Gələcək Avropa üçün tarixi yaddaşın qorunmasının vacibliyi» adlı qətnamədən narazılığını məhz bu üzdən MDB-dən olan həmkarlarının yanında dilə gətirib. O, İkinci Dünya müharibəsindən əvvəlki dövrə aid 17 tarixi sənəddən sitat gətirərək bildirib ki, Sovet İttifaqı ilə Almaniya arasında imzalanmış müqaviləni (Molotov-Ribbentrop paktı) «Avropanı və müstəqil dövlətlərin ərazilərini iki totalitar rejim arasında bölmüş, İkinci Dünya müharibəsinə aparan yolu açmış» yeganə sənəd saymaq olmaz.

Rusiya prezidentinin bu sözləri Azərbaycanın dövlət başçısı İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının bu ilin oktyabrında Aşqabadda keçirilmiş iclasında dediklərilə üst-üstə düşüb. O zaman İ.Əliyev müharibənin nəticələrinə yenidən baxılmasının, onun fərqli təfsirinin yolverilməz olduğunu demişdi. İlham Əliyev Aşqabad çıxışında MDB dövlət başçılarının dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxdıqlarını xatırlatmış, lakin hazırda Ermənistanın bu işlə məşğul olduğundan təəssüfləndiyini söyləmişdi. Prezident, misal kimi, 2016-cı ildə İrəvanda faşist cəlladı, alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana (Qarein Njde) abidənin ucaldıldığını göstərmişdi. İ.Əliyev Njdenin əməllərinin Rusiya XİN-nin məruzələrində də pisləndiyini, lakin Ermənistan rəhbərliyinin fərqli mövqedə olduğunu demişdi.

Yeri gəlmişkən, bundan bir qədər sonra – 2019-cu ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı jurnalistlərlə İrəvanda keçirdiyi görüşdə yenə də Molotov-Ribbentrop paktını nəzərdə tutaraq, Njde ilə keçmiş SSRİ-nin xalq xarici işlər komissarı Vyaçeslav Molotov arasında paralel aparmağa çalışmışdı. Bununla yanaşı, o, dissident Soljenitsın ilə də müqayisə etmiş, bunu Böyük Vətən müharibəsindən sonra sonuncunun da həbsə atılması ilə «əsaslandırmışdı».

Bu azmış kimi, Paşinyan Azərbaycan liderini məzəmmət etməyə də çalışıb – İlham Əliyev Njde məsələsinin müzakirəsi üçün «bu formatdan» (MDB çərçivəsində görüşlər) yararlanmağa çalışırmış. Halbuki, istər Aşqabadda, istərsə də bu yaxınlarda Sankt-Peterburqda baş tutmuş görüşdə söhbət başqa şeydən gedib: İkinci Dünya müharibəsinin nəticələrini hər kəs öz istəyinə uyğun təqdim edə bilməz! Bununla yanaşı, İlham Əliyevin bu mövzuda göstərdiyi humanist mövqe də vurğulanmalıdır. O, faşizm üzərində qələbəyə Azərbaycanın töhfələrini sadalamaqla kifayətlənməyib və ümumi işə erməni xalqının verdiyi töhfələrdən də danışıb. Çünki Azərbaycan Prezidenti əslində, bir məqamı diqqətə çatdırmağa çalışıb – bu utancverici ləkədən, ilk növbədə, ermənilərin özləri xilas olmalıdır. Demək, onlar qalmaqallı abidəni sökməlidirlər.

Amma bu, siyasi iradədən, kimin şəxsən özü və xalqı üçün hansı məqsədləri hədəflədiyindən asılıdır. Bakının siyasəti açıqdır. O, xarici siyasətinin yalnız milli maraqlara əsaslandığını dəfələrlə bəyan edib. Azərbaycanın yalnız Aİİ-yə deyil, ÜTT-yə üzvlüyə, Aİ ilə əməkdaşlığa da eyni dərəcədə diqqətlə yanaşdığı bu faktı bir daha təsdiqləyir. İlham Əliyevin Sankt-Peterburqa dekabrda etdiyi səfərə məhz bu rakursdan yanaşılmalıdır. Səfər çərçivəsində İ.Əliyevlə V.Putin arasında 2019-cu ildə sayca üçüncü olan ikitərəfli görüş də keçirilib.

Sankt-Peterburqdakı Azərbaycan diaspor təşkilatlarının rəhbərlərilə də görüşən İlham Əliyev bildirib ki, «bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir».

İki ölkə arasındakı münasibətlərin səviyyəsi haqda aydın mənzərənin yaranması üçün yalnız yüksək səviyyədə baş tutmuş görüşləri yada salmaq kifayətdir – prezidentlərin 3 görüşü, nazirlər səviyyəsində qarşılıqlı səfərlər, Rusiya Federasiya Şurası sədrinin, həmçinin müxtəlif vəzifəli şəxslərin səfərləri, nəhayət, ilin sonuna yaxın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya son dərəcə uğurlu alınmış rəsmi səfəri. Odur ki, Rusiya prezidentinin İlham Əliyevi Sankt-Peterburq görüşünə dəvət etməsi tamamilə məntiqli idi – orada «saatlar tutuşdurulur», 2019-cu ilin yekunları müzakirə olunur, planlar qurulurdu. Üstəlik, yəqin ki, Sankt-Peterburqda dövlətlərarası münasibətlərlə bağlı kulisarxası müzakirələr də aparılıb.



MƏSLƏHƏT GÖR:

347