24 Aprel 2024

Çərşənbə, 21:23

MƏSULİYYƏTLİ İL

Gənclər və idman naziri Azad Rəhimov “Region Plus”a eksklüziv müsahibə verib

Müəllif:

15.01.2020

Ötən il Azərbaycan idmançılarının bir sıra beynəlxalq yarışlarda uğurlu çıxışlarıyla yadda qaldı. Şahmatçı Teymur Rəcəbov idman tariximizdə ilk dəfə Dünya Kubokunu qazandı, qadın şahmatçılardan ibarət yığmamız isə 27 illik fasilədən sonra Avropa Çempionatında mükafatçılar sırasında yer aldı. Bədii gimnastımız Zöhrə Ağamirova və qrup hərəkətləri üzrə yığma komandamızın Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanması da uğurlu nəticələrdən sayılır. Sözsüz ki, qələbələrlə yanaşı uğursuzluqlarımız da oldu.

2019-cu ilin idman yekunlarını təhlil etmək və 2020-ci ildən olan gözləntilərə nəzər salmaq məqsədilə Gənclər və idman naziri Azad Rəhimova müraciət etdik. Nazir müraciətimizi cavabsız qoymadı.

- Cənab nazir, icazənizlə əvvəlcə 2019-cu ilin idman yekunlarından danışaq. Əldə olunan nəticələrdən razısınızmı?

- 2019-cu il Azərbaycan idmanı tarixində xüsusi yer tutacaq. Biz hər il yekun nəticələri müzakirə edirik və bu müzakirələr zamanı irəliləyə bilib-bilmədiyimizi görürük. Ötən il idmançılarımız 775 medal qazanıb. Onlardan 327-si olimpiya idman növlərinin payına düşür. Bu o deməkdir ki, bayrağımız hər gün ən azı 2 dəfə dalğalanıb. "Minsk 2019" II Avropa Oyunlarında 28 medal əldə olunub. Bakıda bir sıra mühüm idman yarışlar keçirilib. Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi etmişik. “Formula-1” kimi nüfuzlu yarışa canlı şahidlik etmək imkanımız olub. 2019-cu ildə 233 respublika yarışı təşkil olunub. Təkcə Bakıda 62 beynəlxalq yarış olub. Milli komandalarımız 243 beynəlxalq yarışa qatılıblar. Yığmalar üçün 118 təlim-məşq toplanışı təşkil edilib.

Hazırda 45 olimpiya kompleksi xidmət göstərir. Gələcəkdə belə komplekslərin sayı artacaq. Biz bütün bölgələrdə sağlam gələcəyin inkişafı üçün şərait yaratmağa çalışırıq. Ona görə yeni arenaların açılışı olacaq.

İlin sonunda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev fərqlənən idmançılara, məşqçilərə mükafatlar verdi, ehtiyacı olanları mənzillərlə sevindirdi. Yüksək mükafatlar idmançılar üçün çox vacibdir, onlar buna xeyli sevinirlər. Buna görə cənab Prezidentə təşəkkürümü bildirirəm.

2020-ci ildə idmanımızı ciddi sınaqlar gözləyir. Bu il də Azərbaycan idmanı üçün zəngin olacaq: "Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq davam etməkdədir. Artıq bir sıra idman növlərində lisenziyalar əldə olunub. Bakı AVRO-2020-nin 4 oyununa və növbəti dəfə "Formula 1"ə ev sahibliyi edəcək. Karate üzrə 55-ci Avropa Çempionatı da Azərbaycanda olacaq. Həmçinin gimnastika üzrə Dünya Kuboku təşkil ediləcək. Gimnastikanın ayrı-ayrı növləri üzrə dünya və Avropa çempionatları keçiriləcək. Dövlətin qayğısı nəticəsində idmanın inkişafı növbəti illərdə də təmin olunacaq.

- Yeri gəlmişkən, Tokio Olimpiadasına neçə lisenziya qazanmağı planlaşdırırsınız?

- Hədəfimiz 50 lisenziyadır. İlk dəfədir ki, üzgüçülükdə lisenziya qazanmışıq. Əlbəttə bu, çox sevindirici xəbərdir. Gələcəkdə badminton, kamandan oxatma kimi yeni növlərdə də vəsiqələrin qazanılacağına ümid edirəm. Çünki bunun üçün federasiyalar tərəfindən işlər görülür.

Hazırda lisenziya sarıdan güləş və avarçəkmədə vəziyyət qaneedici deyil. Güləş bizim milli idmanımızdır. Güləşçilərimiz həmişə bizi böyük qələbələrlə sevindirib. Ona görə onlara ümidimiz böyükdür. Boksdakı vəziyyətdən razı deyiləm. Ümid edirəm ki, bu il vəziyyət düzələcək. Cüdoçuların lisenziya sayı olimpiada ərəfəsində təsdiqlənəcək. Sadəcə, cüdodan həmişə qızıl medal gözləyirəm. 2019-da isə cüdoçular daha çox gümüş medalla yadda qaldılar. Tokioda da onlardan çempionluq gözləyirik. 50 lisenziya qazanmağı əsas hədəf seçmişik. Bu hədəfə nail olmaq üçün vaxtımız var.  

- Olimpiya komplekslərindən danışdıq. İnsanlar arenalarda məşqlərin ödənişli olmasından şikayətlənir. Bu arenalar Gənclər və İdman Nazirliyinin tabeliyindədir?

- Hamısı yox. Sizə açıq söyləyəcəm. Olimpiya idman növləri üzrə məşqlər bütün komplekslərdə ödənişsizdir. Bəzən olimpiya növlərinə aid olmayan başqa idman sahələri üzrə məşqlər təşkil olunur. Digər idman növləri üzrə məşqçi kompleksdən icazə alaraq zal götürür və orada hazırlıq keçir. Belə olan halda bu məşqçiyə və ya hazırlığa cavabdeh olan şəxsə aid məsələdir. Amma nazirliyin tabeliyində olan komplekslərdə olimpiya növləri üzrə məşqlər pulsuzdur.

- Bəzi federasiyalarda prezident vəzifəsi hazırda boşdur. Təyinat niyə gecikir?

- Federasiyalar ictimai birliklərdir. Biz onların işinə müdaxilə edə bilmərik. Görünür, namizədləri yoxdur. Namizəd olan halda seçki keçirmək mümkündür. Federasiyaya rəhbərlik etmək istəyən şəxs, ilk növbədə, idmanı sevməlidir, həmin idman növünün inkişaf istiqamətlərini aydınlaşdırmalıdır. Federasiyaya rəhbərlik etmək asan deyil. Üstəlik, quruma maddi dəstək cəlb etməyə imkanı olmalıdır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi imkan daxilində köməyini əsirgəmir. Lakin federasiya özünü maliyyələşdirməyi bacarmalıdır.

- Ötən il Bakıda Avropa Liqasının final matçı baş tutdu. Finala baxmaq istəyən əcnəbi azarkeşlər paytaxtımızda hotellərin bahalı olduğundan şikayətlənirdi. Bu il Avro-2020-nin 4 matçı Bakıda təşkil olunacaq. Azərbaycana daha çox turistin gəlişi gözlənilir. Sizcə, azarkeşlər yerləşmə problemiylə üzləşməyəcək?

- Heç bir problem olmayacaq. Azərbaycan bu dörd oyunu yüksək səviyyədə təşkil edəcək. “Koroğlu” metrosunun yaxınlığında “Atletlər kəndi” fəaliyyət göstərirdi. Həmin binalardan bir neçəsi münasib hotelə çevriləcək. Yəni 2-3 ulduzlu hotellər kimi fəaliyyət göstərəcək. Bu binalar Bakı Olimpiya Stadionuna yaxın yerləşdiyindən turistlər üçün əla fürsət yaranacaq. Həm arenaya yaxındır, həm də münasib qiymətə olacaq. Avropa Liqasının final oyunu zamanı da Bakıda azarkeşlərə bütün şərait var idi. Xarici mətbuat qiymətlərin baha olduğunu yazırdı. Amma Avropanın özündə belə oyunlar zamanı qiymətlər qat-qat baha olur.  

- Şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirinə hazırlıqla bağlı vəsaitinin azlığından danışıb. Nazirlik bu işdə ona kömək edəcək?

- Bu sual bizə aid deyil. Teymur Dünya Kubokunda qalib gəlməklə böyük uğura imza atdı. İndi mötəbər İddiaçılar Turnirinə hazırlığı çox vacibdir. Bu işdə ona xüsusi təyin olunan məşqçilər kömək edəcək. Lakin nazirlik ayrı-ayrı məşqçilərin məvacibini ödəmir. Bu artıq müvafiq federasiya tərəfindən həll olunmalıdır. Bizə müəyyən köməkliklə əlaqədar rəsmi müraciət olunacaqsa, biz də məsələyə baxa bilərik. Ancaq biz məşqçilərin, köməkçilərin məvacibini ödəmirik. İdmançıların səfər, təlim-məşq toplanışlarına dəstək oluruq. Məşqçi məsələsi federasiyaya aiddir.

- Sonda 2020-ci ildə gözləntilərinizi öyrənmək istərdik.

- 2020-ci ildə xalqımıza firavanlıq, sabitlik arzu edirəm. Yaralı yerimiz olan Qarabağ probleminin həll olunmasını istərdik. İdmana gəldikdə planetin ən böyük idman yarışı Tokio-2020 Olimpiadasında layiqincə çıxış etməyimizi arzulayıram. Dövlət tərəfindən idmançılara lazımi şərait yaradılıb. Onlar bunun qarşılığında ölkəmizi layiqincə təmsil etməlidir.


MƏSLƏHƏT GÖR:

258