24 Aprel 2024

Çərşənbə, 12:29

QARA DƏNİZİN DƏRİNLİKLƏRİNDƏN

«Türk axını»nın müəllifləri hesab edir ki, qaz kəmərinin işə salınması qlobal energetika dayanıqlılığını artıracaq

Müəllif:

15.01.2020

Yaxın Şərqdə siyasi ehtirasların gərginləşməsi fonunda Liviya, Suriya və İraqdakı vəziyyətin müzakirələrində fasilə yaranan kimi Türkiyə və Rusiya liderləri yanvarın 8-də «Türk axını» (Turkish Stream) qaz kəmərinin təntənəli mərasimlə işə salınması üçün vaxt tapdılar.  

Mərasimin təşkilatçıları İstanbuldakı «Halic» konqres mərkəzinin əsas zalının səhnəsində üzərində iki dildə "Türk axını" sözləri yazılmış, uc-uca uzadılmış iki boru yerləşdirmişdilər. Onların arasında üzərində rəmzi qırmızı açar olan üçüncü bir boru parçası qoyulmuşdu ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Bolqarıstan baş naziri Boyko Borisov və Serbiya prezidenti Aleksandr Vuçiç ilə birlikdə açarı fırladaraq, qaz kəmərini istismara açdılar.

 

«Tarixi imza»

«Türk axını» - son on ildə Türkiyədə həyata keçirilən Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) sonra ikinci irimiqyaslı boru kəməri layihəsidir. Qara dənizin dibi ilə Rusiyanın Anapa şəhərindən Türkiyənin Kıyıköy kəndinə qədər uzanan, uzunluğu, təxminən, 930 km olan bir qaz kəməridir. «Türk axını» bölgəyə ildə 31,5 milyard kubmetrədək təbii qaz ötürməyə imkan verəcək. Eyni zamanda «Türk axını»nın birinci qolu Türkiyə bazarı üçün, ikinci qolu isə Cənub və Cənub-Şərqi Avropa ölkələrinə qaz ötürülməsi üçün nəzərdə tutulub. Hər bir qolun gücü ayrılıqda ildə 15,75 milyard kubmetr qaz təşkil edir.

“Qoy, bu layihə hamıya uğur gətirsin!”, - deyə Türkiyə Prezidenti mərasimdə çıxış edərək layihənin tarixi önəmini vurğulayıb. R.T.Ərdoğan qeyd edib ki, milyonlarla insan heç bir vasitəçi olmadan, birbaşa Türkiyəyə ötürülən qaz vasitəsilə öz ehtiyacını ödəyəcək.

"Ümid edirik ki, Türkiyə və Rusiya iki yaxşı yoldaş kimi eyni yolla irəliləyəcək", - deyə bildirən Türkiyə prezidenti "Yaxşı yoldaş yolun yarısıdır" - deyən rus atalar sözünü yada salıb.

Türkiyə lideri xatırladıb ki, Rusiya Türkiyənin əsas təbii qaz təchizatçılarından biridir. “Son 33 il ərzində biz Rusiyadan, təxminən, 400 milyard kubmetr təbii qaz almışıq. Bu, ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin ən yaxşı nümunəsidir”, - deyə o vurğulayıb.

Vladimir Putin isə öz növbəsində bildirib ki, Rusiya-Türkiyə strateji tərəfdaşlığının bariz nəticəsi olan «Türk axını» qaz boru kəmərinin tikintisi layihəsi həm də bütün Avropa üçün vacibdir. Rusiya lideri boru kəmərinin "öz miqyasına görə bənzərsiz" adlandırıb.

“Biz önəmli bir layihənin şahidləriyik. Rusiya qazının «Türk axını» ilə ötürülməsi bütövlükdə Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsinə kömək edəcək", - deyə Putin bildirib.

Prezidentlərdən sonra çıxış edən "Qazprom" rəhbəri Aleksey Miller əmin edib ki, şirkətin «Yamal» yataqlarında olan qaz ehtiyatı təchizatı növbəti 110 il ərzində təmin etmək üçün yetərlidir.

Rusiya energetika naziri Aleksandr Novak isə rekord müddətdə və hətta vaxtından əvvəl həyata keçirilmiş «Türk axını» qaz boru kəmərini dünyanın ən böyük infrastruktur layihələrindən biri adlandırıb. Onun sözlərinə görə, «Türk axını»nın istismara verilməsi təkcə Türkiyənin deyil, həm də Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə önəmli töhfə verəcək, qlobal enerji dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq.

Onun türkiyəli həmkarı Fatih Dönməz isə əlavə edib ki, layihə həm də bölgənin sabitliyinə töhfə verəcək. "Bu, Qara dənizin dərinliklərində atılmış tarixi bir imzadır", - deyə o bildirib.

 

Gözlənən dividendlər və əlavə  

TANAP-ın inşası kimi «Türk axını» qaz boru kəmərinin tikintisi də təbii qazın idxalçısı olan Türkiyə üçün xüsusi önəm daşıyır. Bu layihələrin gerçəkləşdirilməsi ölkənin bölgədə strateji əhəmiyyətini artırır, onu

Şərqlə Qərb arasındakı ən vacib enerji mərkəzinə çevirərək, ona təkcə istehlakçılara deyil, həm də təchizatçılara öz iradəsini diktə edə bilmək imkanı qazandırır.  

"Türk axını" öz növbəsində "Qazprom"a isə Türkiyə bazarındakı onsuz da güclü olan mövqelərini daha da gücləndirməyə, həmçinin Rusiya qazının Avropaya ötürülməsi yollarını şaxələndirməyə imkan verəcək.

“Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP qaz kəmərinin, həmçinin «Türk axını»nın istifadəyə verilməsindən sonra Türkiyə uduşlu vəziyyətə çıxıb və rəqabətli qiymətlərə ümid edə bilər. Onun portfelinə Rusiya, Azərbaycan və İrandan gələn boru kəməri qazı, həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) daxildir", - deyə "Fitch" şirkətinin korporatisalar bölməsinin direktoru Dmitri Marinçenko bildirib.

«“Qazprom” üçün bu o deməkdir ki, Türkiyədəki bazar payını qorumaq üçün, bir çox Avropa ölkələrində olduğu kimi, rəqabətli qiymətlər təklif etmək məcburiyyətində qalacaq. Alternativ təchizatçılardan qaz satın ala bilməyən ölkələr üçün yüksək qiymət siyasəti artıq keçmişdə qalıb», - deyə ekspert əlavə edib.

Bununla belə, «VTB Bank»ın analitikləri hesab edir ki, «Türk axını»nın istismara verilməsi, Rusiya konserninin Türkiyə bazarında mövqeyini önəmli dərəcədə dəyişdirməyəcək, çünki bu bazarda kifayət qədər rəqibi var.

Bankın ekspertlərinin fikrincə, Türkiyədə qaza olan tələbatın azalması üzündən «Qazprom»un 2019-cu ilin ilk 9 ayında bu ölkəyə nəqli keçən ilin eyni dövrü ilə müqayisədə 35% azalıb (11,7 milyard kubmetrə qədər düşüb). Bu, tələbatın ümumi azalması ilə yanaşı, LNG ilə və TANAP vasitəsilə nəql edilən qazla şiddətli rəqabətin nəticəsi olub.

«Bizim “Qazprom” modelimiz Türkiyəyə qaz ixracının hər hansı bir önəmli bərpasını nəzərdə tutmur, çünki biz düşünürük ki, “Türk axını”nın birinci xətti yalnız Ukraynadan tranzit keçən qaz nəqlini əvəz edəcək. Bundan əlavə, "Qazprom"un göndərdiyi qaz, ehtimal ki, Türkiyə bazarında ən bahalı qazdır və bazar payını qorumaq üçün şirkət təchizat marjasını aşağı salmalı olacaq ki, bu da uzunmüddətli perspektivdə onun üçün fundamental mənfi amildir», - deyə VTB analitikləri hesab edirlər.

Yeri gəlmişkən, qaz kəmərinin Avropa qolunun tam dolacağı və ona ehtiyac duyulması da ümumi texniki cəhətdən şübhəlidir - Rusiya qazının Ukrayna ərazisindən Balkan istiqamətində tranzitinin davam etməsi nəzərə alınmalıdır, halbuki «Türk axını»nın hesabına ondan tam imtina düşünülürdü. Düzdür, 2020-ci il yanvarın 1-dən etibarən Ukrayna vasitəsilə qaz yalnız Rumıniya və Moldovaya ötürülür. Ukrayna artıq «Türk axını» qaz boru kəmərinin işə düşməsi ilə qaz tranzitindən gəlir itkisini qiymətləndirərək, bunun ildə, təxminən, 450 milyon dollara bərabər olduğunu bildirib. Həm də Rusiyanın bu yeni qaz kəmərinin iki qolunun fəaliyyəti onların tikinti xərclərini ödəyə biləcəkmi sualına hələ də cavab verilmir. Üstəlik, Avropada təbii qazın qiyməti azalır və ekspertlər düşünür ki, bu meyil davam edəcək.

"Qazprom" un layihə üçün elan etdiyi dəyər 7 milyard dollara yaxındır. Lakin analitiklər iddia edirlər ki, layihənin faktiki xərcləri bu məbləği xeyli üstələyir, "Türk axını"nın "Qazprom" üçün zərərli olması ilə bağlı fikirlər də səsləndirilir. Məsələn, «Sberbank CIB»in analitiki Alex Faekin hesablamalarına görə, «Türk axını» öz xərcini yaxın 50 ildə çıxarmayacaq və "Qazprom"a 13 milyard dollar zərər vuracaq.

Amma bununla belə, bir sıra Avropa ölkələri istənilən halda Rusiya qazının yeni boru kəməri ilə gəlməsini gözləyirlər.

 

Qaza tələbat

Yunanıstan və Bolqarıstandan sonra Serbiya da Rusiya qazının «Türk axını» qaz kəməri ilə çatdırılmasını istəyir. Serbiyanın dövlət şirkəti «Serbiagas» və Rusiyanın "Qazprom" şirkətinin ortaq müəssisəsi olan "Gastrans" 25 dekabr 2019-cu ildə Serbiya ərazisindən keçməklə, Bolqarıstan sərhədindən Macarıstana qədər 403 kilometrlik boru kəmərinin tikintisinin başa çatdığını bəyan edib.

"Bu boru kəməri Serbiyaya qazı indiyə qədər olduğundan daha əlverişli qiymətlərlə almağa imkan yaradacaq. Qazın Vladiçin-Xan, Lyuboviya və Bayina-Başta kimi məntəqələrə (ölkənin ucqar bölgələrinə) və başqa yerlərə ötürülməsi üçün ölkə boyunca 403 km uzunluqlu bir boru kəmərinin çəkilməsi həm investisiya cəlb etmək, həm də sənaye istehsalını inkişaf etdirmək baxımından böyük önəm daşıyır", - deyə Serbiya lideri vurğulayıb.

Bolqarıstan üzərindən Serbiyaya ilk qaz nəqli bu ilin may ayına gözlənilir. Artan daxili istehlakı, həmçinin qazın bir qisminin Bosniya və Herseqovinaya ixracını qarşılamaq üçün ötürülən ilkin həcmlər gündə 8,7 milyon kubmetrdən və ya ildə 3 milyard kubmetrdən çox olacaq.

Macarıstan da tezliklə «Türk axını»na qoşulmağı planlaşdırır. Hazırda ölkədə qaz kəmərinin milli seqmentinin tikintisinin planlaşdırılmasına hazırlıq üçün «Open season» prosedurları keçirilir.

 

Mümkün əməkdaşlıq

«Türk axını» qaz kəmərinin istifadəyə verilməsini rəsmi Bakı da alqışlayır. Bu layihə ilə bağlı ölkənin mövqeyi Prezident İlham Əliyevin «Rossiya 24» telekanalına verdiyi müsahibədə nümayiş etdirilib, İlham Əliyev açıq şəkildə söyləyib ki, Rusiya ilə Azərbaycanın həyata keçirdiyi enerji layihələri bir-birinə rəqib deyil.

“Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri heç vaxt ciddi müzakirələrin mövzusu olmayıb. Yəni düşünürəm ki, həm Rusiyada, həm də Azərbaycanda bizim həyata keçirdiyimiz layihələri dəstəkləyirlər. «Türk axını» layihəsinə gəlincə, bunun Rusiya və Türkiyə üçün nə qədər vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır, buna görə də biz ilk başdan bu layihəni dəstəklədik", - deyə o vurğulayıb.

Azərbaycan lideri Türkiyə ərazisində yaradılan qaz infrastrukturunu da Rusiya Federasiyası ilə birgə işlətmək imkanını istisna etməyib.

“Biz Azərbaycanla Türkiyə arasında (Bakı - Tbilisi - Qars) dəmir yolu bağlantısının tikintisinə başladıqda çoxlarına elə gəlirdi ki, bu, yalnız Çindən və Orta Asiyadan yüklərin göndərilməsi üçün nəzərdə tutulub. Ancaq bu gün Rusiya yükləri artıq bu istiqamətdə daşınır. Buna görə də, Rusiya tərəfindən yaradılan və Türkiyə ərazisində cəmləşdirilən mövcud qaz nəqliyyatı infrastrukturunun hansısa mərhələdə ümumi istifadə infrastrukturu ola biləcəyini mən istisna etmirəm", - deyə İ.Əliyev vurğulayıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov hətta Rusiya qazının TANAP vasitəsilə nəqlinin də mümkünlüyünü etiraf edib. Onun sözlərinə görə, müəyyən mərhələ üçün bu seçim də mümkün ssenarilərdən biridir.

“Hazırda bununla bağlı konkret bir şey söyləmək çətindir. Düşünürəm ki, istəkləri və imkanları olarsa, bütün ölkələr mövcud infrastruktura giriş əldə edə biləcəklər. TANAP və «Türk axını» bir-biri ilə rəqabət aparmırlar. Əksinə, hər iki layihə bölgənin - həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək", - deyə "Türk axını"nın açılış mərasimində Azərbaycanı təmsil edən P.Şahbazov bildirib.

 

Gözlənilməz rəqib  

Mövcud qaz təchizatçılarının beynəlxalq bazarlarda öz mövqelərini möhkəmləndirmək üçün yeni imkanlar barədə düşünən bir zamanda, yeni oyunçular özlərinə yer etməyə çalışırlar. Yəni ABŞ və Qətərla yanaşı indi İsrail də Aralıq dənizinin şərqindəki «Leviafan» və «Tamar» yataqlarından çıxarılan qazı hesabına Avropa qaz bazarında möhkəmlənməyi qərara alıb. Çıxarıla bilən qaz ehtiyatları «Tamar»da, təxminən, 307 milyard kubmetr və «Leviafan»da 453 milyard kubmetr təşkil edir. Bu ixrac iddialarını gerçəkləşdirmək üçün Təl-Əviv ilkin mərhələdə ildə 10 milyard kubmetr layihə gücünə malik Şərqi Aralıq dənizi qaz kəmərini (EastMed) tikməyi planlaşdırır.

2 yanvar 2020-ci ildə Yunanıstan, Kipr və İsrail Afinada «EastMed» qaz kəmərinin tikintisinə başlanılması üçün müqavilə imzalayıblar. 1900 km-lik «EastMed»in dünya üzrə ən uzun sualtı qaz kəməri olacağı gözlənilir. Boru kəmərinin 2025-2026-cı illərdə istismara verilməsi gözlənilir. İsrail qazı yeni qaz kəməri ilə Kiprə, daha sonra Yunanıstanın Krit adasına və qitə Yunanıstana gedəcək. Üstəlik, «EastMed»in İtaliya və digər Cənubi Avropa ölkələrinə qazla təchizində çox önəmli rol oynayacağı gözlənilir.

2015-ci ilin sonunda Avropa Birliyi (AB) «EastMed»ə "Ortaq maraqlar layihəsi" (PCI) statusu verib və onun texniki-iqtisadi əsaslandırması üçün 2 milyon avro ödəyib. Gözlənilir ki, 2022-ci ilə kimi AB Brüsseldə layihənin 6 milyard $-dan 7 milyard $-dək qiymətləndirilən ümumi dəyərinin 50%-ni almaqla bağlı qərar verəcək. Boru kəmərinin tikinti xərclərinin qalan yarısını Yunanıstanın «DEPA» qaz şirkəti və İtaliyanın enerji şirkəti «Edison» birgə müəssisəsi «IGI Poseidon»un vasitəsilə öz üzərinə götürməyə hazırdır.

Türkiyə yeni boru kəmərinin tikintisinə qarşı çıxır, hesab edir ki, Türkiyə və Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Yunanıstana qaz ötürən TANAP varsa, yeni qaz boru kəmərinə ehtiyac yoxdur.  

İndi işin azı qalıb - sözdən işə keçmək lazımdır. Əgər «EastMed» layihəsi həyata keçirilərsə, yaxın gələcəkdə həm Rusiya, həm də Azərbaycan qazı üçün ciddi Aralıq dənizi rəqibi ortaya çıxacaq.



MƏSLƏHƏT GÖR:

256