23 Aprel 2024

Çərşənbə axşamı, 13:21

EMOSİONAL BARBARLIQ

yaxud, tarixi abidələrin bilərəkdən, məqsədli şəkildə məhv edilməsi haqqında

Müəllif:

15.01.2020

ABŞ prezidenti Donald Trampın İranın tarixi abidələrinə hücum edə biləcəklərilə bağlı hədəsi dünya ictimaiyyətinin böyük bir hissəsini, sözün əsl mənasında şoka salıb. Açıq bəyanatlar səsləndirmək xasiyyətinə sadiq olan Ağ Ev sahibi ABŞ-ın «İrandakı 52 obyekti hədəfə aldığını» (İranda illər əvvəl girov götürülmüş 52 amerikalıya eyham olaraq) bildirib. Üstəlik, o, bu hədəflər arasında «mədəni irs obyektlərinin» də olduğunu deyib.

Dövlət katibi Mayk Pompeo ilə təhlükəsizlik katibi Mark Esper Trampın bəyanatını yumşaltmaq üçün əllərindən gələni etsələr də, prezident istər «tvit»lərində, istərsə də jurnalistlər qarşısındakı çıxışında öz mövqeyinə haqq qazandırmağa çalışıb: «Qanun belədirsə… Mən qanunlara əməl etməyi sevirəm. Amma onlar bizim insanlarımızı öldürür, partladır. Belə olan halda, biz onların mədəni irsinə qarşı diqqətli olmalıyıq? Belə olmaz. Belə deyim: İran atmalı olmadığı addımları atarsa, ciddi nəticələrlə üz-üzə qalacaq».

Əlbəttə ki, hər kəs məsələnin «ciddi nəticələrə» gedib çıxmayacağına əmin idi. Lakin Trampın bəyanatı istənilən halda, çoxlarına ağır gəlib. Bu, xüsusilə tarixçilərə, alimlərə, hüquq müdafiəçilərinə, BMT nümayəndələrinə aiddir. Prezidentin hədəsi ABŞ-ın özündə də, daha konkret desək, Demokratlar Partiyasının sıralarında mənfi qarşılanıb. «Mədəniyyət obyektlərinin hərbi hədəf elan olunması qanunsuzluq, hətta barbarlıqdır. Trampın İrana qarşı səsləndirdiyi hədə ABŞ-ı İŞİD və «Taliban»la eyni səviyyəyə salır. Bu, dünyanın ən qüdrətli hərbi fövqəldövlətinin liderinə yaraşmır», - deyə nüfuzlu «New York Times» nəşri yazıb.

Amerikalı senator Elizabet Uorren də hesab edir ki, mədəni irs obyektlərinin məhvi hərbi cinayətdir və bu, beynəlxalq hüquqa əsasən də belədir. Demokrat senator Ed Marki isə əmindir ki, Trampın sözləri Amerika dəyərlərinə xəyanətdir. O, Konqresin yuxarı palatasının mədəniyyət obyektlərinə hücumu hərbi cinayət kimi tanıyacaq qətnamə qəbul etməli olduğunu bildirib və bu təşəbbüslə çıxış da edib.

Lakin ABŞ Senatının Silahlı Qüvvələr komitəsinin rəhbəri, respublikaçı Ceyms İnhof qətnamənin qəbuluna imkan verməyib. Əvəzində, bir qədər sonra ABŞ Konqresinin Nümayəndələr Palatasında Trampın İrana qarşı güc tətbiqi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edilib. Bu sənədin qəbulu Vaşinqtonda İranla bağlı fikir ayrılıqlarının nə qədər dərin olduğunu bir daha ortaya qoyub. Amma Amerikada neçə siyasətçinin ürəyində Trampın sözügedən hədəsini dəstəklədiyini demək çətindir. Bu, həqiqətən də, son dərəcə qalmaqallı bəyanatdır.

 

Düşünmək üçün əsas

Digər yandan Trampın sözləri həm də qiymətlidir: o, bizə bir daha, çox vaxt, diqqətdən kənarda qoyduğumuz məsələlər haqda düşünməyə əsas verdi. Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunmasına dair Haaqa Konvensiyası hələ 1954-cü ildə, İkinci Dünya müharibəsi nəticəsində mədəni irs obyektlərinin kütləvi şəkildə məhvindən sonra qəbul olunub. Sonradan – 1972-ci ildə Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya (UNESCO) qəbul edilib. 2017-ci ildə BMT Təhlükəsizlik Şurası din, təhsil, mədəniyyət, elm, xeyriyyə məqsədli obyekt və binalara, yaxud tarixi abidələrə qeyri-qanuni zərbə endirilməsinin müəyyən hallarda və beynəlxalq hüquqa əsasən hərbi cinayət sayıla biləcəyini təsdiqləyib. Lakin bu və ya digər sənədlər müasir dövrün münaqişələri zamanı çox mədəniyyət abidəsini qorumaqda aciz qalıb. Bu, xüsusilə Balkanlara, Yaxın Şərqə, Mərkəzi Asiyaya, Afrikaya, həmçinin Qafqaza aiddir. Belə hallar olub və bir çox lokal münaqişələrin, yaxud indiki adı ilə desək, proksi-müharibələrin gedişində hələ də baş verir. Məsələn, 2001-ci ilin martında taliblər Əfqanıstanın Bamyan vadisini əhatə edən qalaların üzərində yerləşən, VI əsrə aid iki Budda heykəlini partladıblar. 2012-ci ildə islamçı terrorçu tuareqlər Malinin şimalında yerləşən, XI əsrə aid arxeoloji abidəni – Qao-Saneyi qarət edib və partladıb. «National Geographic»in məlumatına görə, son onillikdə bitmək bilməyən münaqişələr nəticəsində Əfqanıstan Milli Muzeyindki kolleksiyanın 70%-i qarət edilib.

Qərbin Səddam Hüseyn rejimini devirməsindən sonra İraqın da zəngin mədəni irsi talan olunub. Yalnız Mosulda qədim əlyazmaların saxlandığı Mərkəzi Kitabxananın yandırılması baş verənlərin qlobal miqyaslı mədəni faciə kimi qiymətləndirilməsi üçün kifayətdir. Amma məsələ bununla bitməyib. Bağdad Milli Muzeyində şumer, akkad sivilizasiyalarına, Assuriya və Babilə aid artefaktlar da talan olunub. Bununla yanaşı, yalnız Səddam Hüseynin evində 40 min qədim manuskriptin olduğuna dair xəbərlər var idi və onların taleyi bu gün də məlum deyil.

Daha sonra, artıq Suriyada müharibənin başlaması ilə «növbə» «İslam Dövləti»nə (İD) çatıb. İD terrorçuları ecazkar Palmiranı, Nineviyada assuriyalılara məxsus «Tanrının qapısı»nı, Hələbdəki Böyük məscidi xarabalığa çeviriblər. Bununla yanaşı, XVI-XVIII əsrlərə aid bir çox məscid yer üzündən silinib, 1142-1271-ci illər arasında tikilmiş, dünyada səlibçilərin ən yaxşı qorunub saxlanmış qəsrlərindən sayılan Krak de Şevalye ciddi dağıntıya məruz qalıb. Təəssüf ki, bu siyahını çox uzatmaq olar. Çünki Mesopotamiya, yaxud müasir İraq, həmçinin Suriya insan sivilizasiyası tarixinin beşiyidir. Bu torpaqların az qala hər qarışında tarix var.

 

Abidələrin məqsədli şəkildə dağıdılması və Ermənistan

İstər Qərb koalisiyasının İraqda mədəni irs abidələrinin qorunmasını lazımi səviyyədə təşkil etməməsi, istər Trampın son hədələri, əlbəttə ki, beyinlərdə abidələrin bilərək, məqsədyönlü şəkildə məhv edildiyinə dair də fikirlər yaradır. Bəs, məqsəd nədir? Ya həmin ərazidəki milli dövlətin tarixini silmək, ya da dünya tarixilə bağlı nələrisə gizlətməyə, yaxud öz istəklərinə uyğunlaşdırmağa çalışırlar. Sadə dildə desək, məqsəd tarixin saxtalaşdırılması ola bilər. Bu versiyaya inanıb-inanmamaq hər kəsin öz ixtiyarındadır və bunu rəsmi sübutlar olmadan qiymətləndirmək mənasızdır. Amma saxtalaşdırmaya gəlincə, bu məsələyə xüsusi diqqətlə yanaşmaq lazımdır. Çünki dövrümüzdə dağıdılmış artefaktlar üzərində uydurma tarix qurmağa çalışan kifayət qədər dövlət var.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi-mədəni abidələr ya yerli-dibli məhv edilir, ya da saxtalaşdırılaraq, «erməni abidəsi»nə çevrilir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Şuşa şəhərindəki alban kilsələri (sonradan erməniləşdirilib), Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid qala divarları, Qarabağ xanlarının sarayları, Xurşidbanu Natavanın Ev Muzeyi, Molla Pənah Vaqifin mavzoleyi, Xudafərin körpüsü, çox sayda məscid və yüzlərlə tarixi-memarlıq abidəsi işğal altında qalıb. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi və mədəniyyətilə bağlı artefaktların, bədii və mədəni əsərlərin saxlandığı onlarla muzey, kitabxana, şəkil qalereyası talan olunub və yandırılıb. İşğal nəticəsində yerli əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin və tam hesablanmamış qiymətləndirməyə görə, Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq ziyan dəyib. Azərbaycan rəsmiləri, alimləri, siyasətçiləri, ictimai xadimləri bu məsələni davamlı olaraq beynəlxalq platformalarda gündəmə gətirir, deyilənləri tarixi sənədlər, ATƏT missiyasının hesabatları, peykdən çəkilmiş şəkillərlə sübut edirlər. Lakin dünya birliyi baş verənlərə hələ də lazımi reaksiyanı göstərmir.

Mədəni irsin məhvi zərər vurmağın tam fərqli formasıdır və onu insan qətlilə belə, müqayisə etmək olmaz. Məsələ ondadır ki, bu abidələr yalnız ayrıca xalqa deyil, bütünlükdə bəşəriyyətə məxsusdur. Məhz bu üzdən Trampın İrana ünvanladığı hədə, onu sənaye və ya elm obyektlərinin deyil, məhz mədəni irsinin məhvilə hədələməsi, həqiqətən, çoxlarına toxunub. Bu insanlar arasında İran haqda ətraflı məlumatı olmayan, ona xüsusi simpatiya bəsləməyən şəxslər belə var.

Bütün bunlarla yanaşı, demokratların mövqeyinə və «New York Times»ın «hökm»ünə rəğmən, Ağ Ev başçısının bu qədər uzağa gedəcəyi inandırıcı görünmür. Sadəcə, Trampın ölkəsinə az qala 4 ildir başçılıq etməsinə baxmayaraq, çoxları onun həddini aşan emosional üslubuna öyrəşə bilməyib. Digər yandan son zamanlar beynəlxalq siyasət həddindən artıq rasional xarakter alır və bu trendi hər addımda dəyərləri unudaraq şəxsi maraqlarından çıxış edən biznesmen Tramp gücləndirib. Yəni Trampın İslam Respublikasını mədəniyyət obyektlərinin məhvilə hədələməsinə elə onun NATO-dakı müttəfiqlərinə «hücum»ları, yaxud müxtəlif beynəlxalq müqavilədən, ilk növbədə, iqlim sazişindən çıxması kimi addımları ilə eyni cür yanaşmaq lazımdır. Bu cür münasibət, əlbəttə ki, «qırmızı xətləri» yerindən tərpədir. Əsas odur ki, belə vəziyyətdə heç kəs özünü cəsasız hiss edib bu xətti keçməsin.



MƏSLƏHƏT GÖR:

309