25 Aprel 2024

Cümə axşamı, 10:23

OYUNÇU, YOXSA OYUN MEYDANÇASI?

Avropa İttifaqının yeni liderləri Ayın səthinə enişdən daha ciddi hadisə vəd edirlər

Müəllif:

15.01.2020

Birləşmiş Avropa 2020-ci ilə yeni liderlərlə qədəm qoyur. Bu liderlərin hər birisə öz növbəsində, nəhəng dəyişikliklər vəd edir. Belə vədlərin ən parlağı, yəqin ki, qitə olaraq atmosferə çirkli tullantıların atılmasına son qoyulması (2050-ci ildə bu problemin tamamilə aradan qalxacağı vəd olunur) istiqamətində hərəkətə keçiləcəyilə bağlıdır. Bu ideyanın sahibi Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayendir. O, bu niyyətini nə az, nə çox – Amerikanın 1960-cı illərdə həyata keçirdiyi Ayın səthinə insan enişi proqramı ilə müqayisə edir.

Etiraf etmək lazımdır ki, bu çağırış, sözün əsl mənasında, vaxtında səslənib. Son araşdırmalar göstərir ki, Avropa sakinlərinin, təxminən, yarısı iş yerinin itirilməsi, miqrant axını və ya terror hücumlarından çox, iqlim dəyişikliyindən qorxur. Yaşı 15-29 arasında olan avropalıların, xüsusilə İspaniya, Yunanıstan və Fransa kimi cənub ölkələri gənclərinin 41%-i isə daha sərin ölkələrə kömək haqda düşünür. Ümumilikdə, avropalıların 82%-i hesab edir ki, iqlim dəyişikliyi onların gündəlik həyatına təsir göstərir.

Avropalıların qlobal istiləşməyə münasibətinin sürətlə dəyişdiyini təsdiqləyən daha bir fakt var. Cəmi yarım il əvvələdək Aİ-yə üzv 28 ölkənin yalnız 9-u bu istiqamətdə qəti addımlar atmağa hazır idi. Yerdə qalanlar hesab edirdi ki, bu məsələ yalnız XXI əsrin ikinci yarısında aktuallıq qazanacaq. Bu gün isə belə kəskin addımların atılmasına qarşı cəmi bir 1 Aİ üzvü çıxış edir - kömür sənayesindən son dərəcə asılı olan Polşa.

 

«Yaşıl» sövdələşmə

Ursula fon der Lyayen «Avropa üçün yeni yaşıl kurs» («The Green New Deal for Europe») mövzusunda proqram çıxışında bildirib ki, bu gün Avropa iki böhranla üz-üzədir – iqtisadi böhran və iqlim böhranı.

Hazırda Avropada qeyri-bərabərlik rekord həddə çatıb. Ev təsərrüfatlarının 10%-i qitənin ümumi sərvətinin yarısına sahibdirsə, 40%-i bu sərvətin yalnız 3%-nə nəzarət edir. Yoxsulluq həddində yaşayan fəhlələrin sayı artır. 118 milyon avropalı (təxminən, hər 4 nəfərdən 1-i) yoxsulluq və ya sosial təcrid riski ilə qarşı-qarşıyadır. Bununla yanaşı, bütünlükdə qitədə evsizlərin sayı xeyli artıb.

Avropa Komissiyası 2021-ci ilin martına iqlim neytrallığını (atmosferə atılan zərərli maddələrin azaldılması) hüquqi öhdəliyə çevirmək niyyətindədir. Məqsəd artıq 2030-cu ildə atmosferə zəhərli qazların buraxılmasının, 1990-cı illə müqayisədə, ən azı 50% azaldılmasıdır. 2050-ci ilə isə Aİ iqlim neytrallığına nail olmuş birliyə çevrilməyi hədəfləyir. Başqa sözlə, artıq 2050-ci ildə Aİ-dən atmosferə zərərli maddələr, ümumiyyətlə, atılmamalıdır.

İctimaiyyətə nəhəng investisiya proqramı da təqdim olunub. Yaxın 10 il üçün nəzərdə tutulmuş proqramın büdcəsi 1 trilyon avrodur. Müəlliflərin fikrincə, proqram «iqtisadi hədəfləri ekoloji ədalət konsepsiyası ilə birləşdirəcək: Avropa iqtisadiyyatı karbondan təmizlənəcək, biomüxtəlifliyin yaratdığı xərclər aradan qalxacaq, bütün qitə boyu kifayət qədər iş yeri açılacaq».

Digər tədbirlər sırasında 2050-ci ilədək elektromobillər üçün, ən azı, 1 milyon cərəyan toplama stansiyasının yaradılması, kerosinə yüksək vergilərin tətbiqilə uçuşların məhdudlaşdırılması planını göstərmək olar. Bundan başqa, sənaye və gəmiçilik şirkətləri atmosferə CO2 tullantıları hüququnu almalı, kənd və meşə təsərrüfatları isə 2030-cu ilə bitkilərin qorunması üçün istifadə olunan kimyəvi maddələrin və antibiotiklərin həcmini 50% azaltmalıdır. İqlimin qorunması səviyyəsinin aşağı olduğu ölkələrdən mal idxalı zamanı CO2-yə vergi tətbiqinin mümkünlüyü də nəzərdən keçirilir.

 

2020 və sonrakı illərin büdcəsi

Avropa İttifaqının 2020-ci il büdcəsinin beşdə bir hissəsinin (168,7 milyard avro) iqlim dəyişikliyilə mübarizəyə xərclənməsi nəzərdə tutulub. 2021-2027-ci il büdcələri ətrafında debatlar isə getdikcə qızışmaqdadır. Məsələ ondadır ki, Böyük Britaniyanın Aİ sıralarını tərk etməsi məsələsi artıq həll olunub və bu, onun büdcəsində boşluq yaradır. Bundan başqa, ötən illərdə daha yoxsul regionlarda fermerlərin dəstəklənməsinə xərclənmiş vəsaitlər indi, iqlim dəyişikliyilə mübarizə, miqrant axınının idarə olunması kimi yeni prioritetlərə yönəldilir. Məhz bu məsələdə isə fikir ayrılığı yaranır. Bəziləri Aİ-nin geridə qalmış üzvlərinə dəstəyin artırılmasını təklif edirsə, digərləri buna qarşı çıxır, xərclərin daha da azaldılmalı olduğunu deyir.

2014-2020-ci illərin büdcəsi Aİ-nin Böyük Britaniya da daxil olmaqla, 28 üzvünün hər birinin ümumi milli gəlirindən (ÜMG) 1% tutulması ilə formalaşdırılmışdı. Büdcənin əvvəlki səviyyədə saxlanılmasına qərar verilərsə, bu, Londonun gedişilə yerdə qalan 27 ölkənin hər birinin ümumi milli gəlirindən 1,13% tutulacağı anlamına gəlir. Bu isə başda Almaniya olmaqla, nəhəng ödəyicilərin ürəyincə deyil. Lakin şərqdən və cənubdan olan daha yoxsul, dotasiyalarla yaşayan ölkələr iqtisadiyyatlarının Brüssel tərəfindən maliyyələşdirilməsinin davam etməsini istəyir və büdcəyə hər üzvün ümumi milli gəlirindən hətta 1,3% tutulmasına razıdır.

Hazırda Avropa İttifaqına rəhbərlik edən Finlandiya kompromis kimi, blokun növbəti 7 illik büdcəsinin 1,07-1,08%-lik ödəmə ilə formalaşdırılmasını təklif edir. Fransa isə başqa təkliflə çıxış edib. Parisdə hesab edirlər ki, üzv ölkələrdən büdcəyə ayırmaların artırılması üçün Aİ miqyasında «Facebook» və «Google» kimi texnoloji nəhənglərə rəqəmsal vergi tətbiq olunmalıdır. Aİ-nin dekabr sammitində bu məsələ ətrafında qızğın müzakirələr aparılıb və üzv dövlətlər məsələyə 2020-ci ilin fevralında keçiriləcək toplantıda bir daha qayıtmaq haqda razılığa gəliblər. Qərar ilin ortalarınadək qəbul olunmalıdır. Lakin bunun mümkün olacağına inananlar o qədər də çox deyil.

Avrozonanın (19 ölkə) yeni böhrandan müdafiəsi üçün islahatlar paketinin müzakirəsi də 2020-ci ilin yayınadək təxirə salınıb. Əslində, bu haqda müzakirələr hələ 2015-ci ildən aparılsa da, ortada konkret paket yoxdur. Avropa ölkələri bankların inteqrasiyası, avrozonanın büdcəsi, xilas fondu – ASM-in (Avropa Sabitləşdirmə Mexanizmi) rolunun artırılması kimi məsələlərdə heç cür kompromisə gələ bilmir.

Proqnozlara görə, iqtisadi artım gözlənildiyindən zəif olacaq. Məsələ ondadır ki, qlobal ticarətdə bitmək bilməyən gərginlik fonunda Aİ-nin istehsalat sahəsində müşahidə olunan böhranın xidmət sektoruna da keçməsi mümkündür. BVF-nin məlumatına görə, 2019-cu ildə artım cəmi 1,2% təşkil edib. Bu, 2018-ci ilin göstəricisindən (1,9%) xeyli zəifdir. Bununla yanaşı, Avrozonanın Sabitləşdirmə Fondunun (EFSF) rəhbəri Klaus Renlinq təşvişə əsasın olmadığını düşünür. O, əmindir ki, Avropa «resessiya yox, yavaşıma mərhələsindədir».

Paralel olaraq, Avropa Mərkəzi Bankının (AMB) rəqəmsal valyutası üzərində iş gedir. Bu məsələdə artıq növbəti ildə ciddi irəliləyişə nail olunması mümkündür. Avropada ümumi rəqəmsal valyutanın yaradılması planı «Facebook»un iyunda özünün «Libra» layihəsini elan etməsindən sonra yaranıb. Bundan narahat olan tənzimləyicilər dərhal «Facebook»un sözügedən layihəsinin Avropa ərazisində qadağan oluna biləcəyini açıqlayıb. AMB-də hesab edirər ki, ümumi kriptovalyuta «Libra» və digər özəl layihələrə alternativ ola, beynəlxalq tranzaksiyaların qiymətini azalda bilər.

 

«Brexit» finişə yaxınlaşır

Böyük Britaniyada keçirilmiş seçkinin nəticəsini Aİ ölkələrinin rəhbərləri məyusluqla qarşılasalar da, bu, onlarda rahatlıq da yaradıb. Hər halda, onlar, nəhayət, qeyri-müəyyənliyin başa çatdığını deyirlər. Aİ-nin dekabr sammitində Aİ üzvlərinin dövlət və hökumət başçıları gələcəkdə Britaniya ilə mümkün qədər yaxın münasibətlərdə olmaq arzularını da dilə gətiriblər. Lakin onlar bunun «hüquq və öhdəliklər balansına, bərabərhüquqlu tərəfdaşlığa» əsaslanmalı olduğunu da deyirlər.

Problem ondadır ki, Böyük Britaniyanın baş naziri Boris Consonun Aİ ilə gələcək münasibətlərlə bağlı fikirləri ziddiyyətlidir: o, bir yandan Aİ ilə hərtərəfli ticarət əlaqələri qurmaq istəyir, digər tərəfdən onun qaydalarına (məsələn, ekoloji standartlarına və ya vergi qanunlarına) boyun əymək istəmir. Aİ isə çətin ki, bu şərtləri qəbul etsin. Odur ki, tərəflər arasında danışıqların ağır keçəcəyinə şübhə yoxdur. Ursula fon der Lyayenin sözlərinə görə, Britaniya ilə gələcək münasibətlərə dair danışıqlarda Aİ-nin 3 hədəfi olacaq: sıfır tariflər, sıfır kvota və sıfır dempinq.

İndi hər kəs zamanın təzyiqi altında olan Consonun standart razılaşmanı imzalamağa «hə» deyəcəyinə ümid edir. O, 2020-ci il dekabrın 30-dək «yumşaq gediş»ə hazırlaşmaq üçün buna məcburdur.

Razılaşmada keçid dövrünün uzadılması mümkün sayılır, lakin bu qərarın iyulun 1-dək qəbul edilməsi tələb olunur. Bununla yanaşı, Conson və yeni parlamentin vaxtı uzadıb-uzatmayacağı da məlum deyil.

Skeptiklər mövcud qrafikin real olmadığına əmindir. Onların fikrincə, azad ticarət haqqında razılaşmanın əldə olunması üçün ən azı 3, hətta bəlkə də Kanada ilə münasibətlərdə olduğu kimi, 7 ilə ehtiyac var.

Daha bir problem ondan ibarətdir ki, Avropa Parlamenti razılaşmanın bütün maddələrini ratifikasiya etmək səlahiyyətində deyil. Xidmətlər, maliyyə əməliyyatları, məlumatların və ya investisiyaların qorunması kimi məsələlərdə milli, hətta regional parlamentlərin razılığı tələb oluna bilər. Bu isə məsələnin illərlə uzana biləcəyi deməkdir.

Nəhayət, danışıqlar mövzusu yalnız azad ticarət haqqında razılaşma deyil. Tərəflər gələcəkdə təhlükəsizlik sahəsində necə əməkdaşlıq edəcəklərini də müəyyənləşdirməlidir. Bir ölkə Aİ sıralarını tərk edirsə, dərhal Şengen informasiya sistemi kimi vacib bazalara çıxışı da əldən verir. Məsələn, Aİ-yə girişi qadağan olan şəxslər və s. haqda informasiya isə məhz bu bazada toplanır.

Doğrudur, Aİ Londonda informasiya mübadiləsi haqqında razılığa gəlməyə hazırdır. Lakin əvəzində Brüssel «Beş göz»ə (Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ) məxsus xüsusi xidmət orqanlarının hesabatlarının Aİ kəşfiyyat orqanlarının üzünə açıq olmasını istəyir. Bununla yanaşı, Londonun Aİ-nin müdafiə layihələrində iştirak edə bilib-bilməyəcəyi, biləcəksə bunun hansı formada olacağı da müəyyənləşdirilməlidir.

 

Hakimiyyət dili

Aİ-nin yeni liderləri blokun dünya arenasındakı rolunu artırmağı da planlaşdırırlar.

«Əgər biz avropalılar özümüzü dünyada təsdiqləmək istəyiriksə, tək «yumşaq güc»lə kifayətlənmək olmaz. Avropa hakimiyyət dilini öyrənməlidir», - deyə Ursula fon der Lyayen bildirib. O, «geosiyasi komissiya»nın yaradıldığını da bəyan edib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Cozep Barrel deyib ki, dünya geostrateji rəqabətin yüksəlişinə şahidlik edir: «Çin, Rusiya və ABŞ nəhəng güc yarışında bir-birlərilə qarşı-qarşıya qalıblar. İndi Aİ oyunçu, yoxsa oyun meydançası olmaq seçiminə malikdir».

İlk addım kimi, tezliklə Avropanın «Maqnitski qanunu»nu qəbul edəcəyi deyilir. Söhbət ABŞ-ın hələ 2012-ci ildə Rusiyaya qarşı hazırladığı qanundan gedir. Bu qanun ABŞ hökumətinə bütün dünya üzrə insan haqları pozucularını cəzalandırmaq, onların aktivlərini dondurmaq, Amerikaya girişlərinə qadağa qoymaq haqqı verir.

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel öz növbəsində, Brüsselin avro ilə bağlı planını açıqlayıb. Plana əsasən, avro ABŞ dollarının qlobal hökmranlığına son qoymalıdır.

 

«Ölmüş beyinlər»ə artıq ehtiyac yoxdur

Amma bütün bu fikirlər hələ ki, Aİ-nin bilavasitə müdafiə siyasətilə o qədər də uyğunluq təşkil etmir. 2018-ci ildə qüvvəyə minmiş «Təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi strukturlaşmış əməkdaşlıq» (PESCO) proqramı, şübhəsiz ki, Avropanın tezliklə hərbi mənada ABŞ-dan müstəqil, öz-özünü qorumaq gücündə olacağı anlamına gəlmir.

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda NATO-nu «ölmüş beyinlər» təşkilatı kimi xarakterizə etsə də, Avropa ərazisinin müdafiəsi bu hərbi blokun vəzifəsi olaraq qalır. Aİ istəsə belə, bunu dəyişdirə bilməz. Vəziyyəti yaxın gələcəkdə PESCO-nun da dəyişdirməsi mümkün deyil.

 

Miqrasiya böhranı

Avropa Komissiyasının başçısı fevralda Miqrasiya və sığınacaq haqqında yeni Paktın təqdim olunacağını bəyan edib. O, ümid edir ki, yeni Pakt Aİ-nin bütün üzvləri üçün qəbuledilən olacaq. Məsələ ondadır ki, Avropa İttifaqı artıq 4 ildir sığınacaq verilməsilə bağlı ümumi siyasətini müəyyənləşdirə bilmir. Ən mübahisəli məsələ Aİ daxilində miqrantların paylanması ilə bağlıdır. Hələ uzaq 1990-cı ildə qəbul olunmuş Dublin razılaşmasına əsasən, qaçqın Aİ-yə hansı ölkənin ərazisindən daxil olubsa, sığınacağın verilməsinə görə məsuliyyət də həmin dövlətin üzərindədir. Son illərdə bu vəziyyətlə ən çox İtaliya, İspaniya və Yunanıstan qarşı-qarşıya qalıb.

2016-cı ildə Avropa Komissiyası miqrantların kvotalar üzrə paylanması təklifilə çıxış edib. Məntiq belədir: mövcud meyarlara uyğun olaraq, miqrantları yalnız bir neçə Aralıq dənizi ölkəsi yox, həmrəy olaraq, bütün ölkələr qəbul etməlidir. O zaman Komissiya bu prosesə qatılmayanların böyük həcmdə cərimələnməsini təklif etmişdi. Təklif Mərkəzi və Şərqi Avropanın bir çox ölkəsində – Avstriya, Polşa, Macarıstan və s. ciddi narazılıqlara səbəb olmuşdu. Bu ölkələr hansı sayda insanı qəbul etməli olduqlarının kənardan diqtə edilməsilə barışmırdılar. Məhz bu mübahisələr nəticəsində bir müddət sonra Aİ-nin sığınacaqların yaradılması sistemilə bağlı qanunverici planları «dondurulub». Bu gün Dublin razılaşmasının köhnəldiyini hər kəs bilsə də, hər kəsi qane edəcək variantın tapılması mümkün olur.

 

Ümumi ev

Ümumi ev adlandırılan Avropanın çox sayda fərqli problemləri var. Britaniyanın Aİ-ni tərk etməsilə isə o, ərazisinin əhəmiyyətli bir hissəsini də itirir. Amma bu, Aİ-nin yeni üzvlər üçün cəlbediciliyini qətiyyən azaltmır. Ümumi Avropaya qoşulmaq istəyində olan, lakin bir müddət əvvəl rədd cavabı almış Şimali Makedoniya ilə Albaniyanın taleyinə də yeni ildə aydınlıq gələcək. Üstəlik, məsələ, yəqin ki, müsbət həll olunacaq. Hər halda, Aİ üzvlərinin mütləq əksəriyyəti genişlənmənin blokun maraqlarına uyğun olduğu qənaətindədir.



MƏSLƏHƏT GÖR:

277