19 Aprel 2024

Cümə, 16:41

QARABAĞ: BAKI AĞ FİQURLARLA OYNAYIR

Nikol Paşinyanın Ermənistanı öz populizminin tələsinə düşüb

Müəllif:

15.01.2020

Ekspertlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tərəddüdsüz olaraq, keçmiş SSRİ ərazisindəki ən «köhnə» münaqişə adlandırırlar. Dünyada da o, ən uzun sürən problemlərdən biridir. Burada artıq 25 ildir – 1994-cü ilin yazından – atəşkəs rejimi hökm sürür. Başqa sözlə, artıq illərdir ki, problemin «ağırlıq mərkəzi» döyüş meydanından danışıqlar masası üzərinə keçib.

İlk baxışdan, Dağlıq Qarabağla bağlı 2019-cu ildə də ciddi dəyişikliklər baş verməyib. 2016-cı ilin yazından fərqli olaraq, ötən il tərəflər arasında miqyaslı hərbi toqquşmalar da olmayıb. Atəşkəs rejimi davam edir və ATƏT-in Minsk qrupunun simasında həmsədrlər, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu müsbət fakt sayır. Danışıqlar davam edir. Lakin prosesin nə qədər irəlilədiyi sualı ən azı açıq qalır. Amma…

 

Azərbaycanın «qırmızı xətti»

Bəlkə də, yazılmamış qanunlara əsasən, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı «bir nömrəli xəbər» humanitar sahədə atılmış «xırda addımlar» kimi təqdim olunmalıdır. Janrın qanunlarına görə deməliyik ki, Rusiyanın XİN başçısı S.Lavrov hələ 2019-cu ilin aprelində jurnalistlərin mümkün qarşılıqlı səfərləri haqda danışmış, oktyabrda isə bu səfərə hazırlığın getdiyini təsdiqləmişdi. Noyabrda səfər, həqiqətən də, baş tutub. İndi parlamentarilərin, ictimai və mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin mümkünlüyü nəzərdən keçirilir.

Bundan başqa, ötən il Ermənistanın nümayəndə heyəti son illərdə ilk dəfə olaraq, Bakıya gəlib. Onlar burada TRASEKA layihəsinin iştirakçısı olan dövlətlərin nazirlərinin toplantısına qatılıblar. Hərbi əsirlərin mübadiləsi isə təəssüf ki, baş tutmayıb. Lakin Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu istiqamətdə də iş aparıldığını söyləyib.

Lakin məsələyə daha diqqətlə yanaşsaq görərik ki, Qarabağda «ilin yekunu» heç də jurnalistlərin press-turu, hətta Ermənistan nümayəndə heyətinin TRASEKA forumuna qatılması deyil. Regionda baş vermiş «diplomatik yenilənmə» daha önəmlidir. Ötən il Azərbaycan regionda əminliklə öz «qırmızı xətt»ini çəkib və o xətdən geri çəkilməyəcəyini hər kəsə göstərib. Bundan başqa, bu «qırmızı xətt» həm ümumilikdə beynəlxalq hüquqa, həm də konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hüquqi qovluğa uyğundur.

Elə «xırda humanitar addımlar» və jurnalistlərin qarşılıqlı turları ilə də Azərbaycan yeni mexanizmi işə salıb. Söhbət Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, ilk növbədə, qeyri-rəsmi əlaqələrindən gedir.

Azərbaycanın bu «diplomatik manevr»i ATƏT-in Qarabağ üzrə 1994-cü ildə Budapeştdə təsdiqlədiyi danışıqlar reqlamentinə tam uyğun gəlir. Həmin reqlamentə əsasən, Qarabağ münaqişəsində iki tərəf var – Ermənistanla Azərbaycan. İki maraqlı tərəf isə Qarabağın azərbaycanlı və erməni icmalarıdır. Bu manevr Ermənistanın hazırkı hakimiyyətinin az qala ultimativ tonda «qarabağlıların danışıqlara buraxılması» tələbini səsləndirdiyi vaxta təsadüf edib. Lakin onlar «qarabağlılar» dedikdə, yalnız Ermənistanın işğal etdiyi bölgənin erməni icmasını – tanınmamış respublikanın «hakimiyyət»ini nəzərdə tutur. Bakı isə öz növbəsində zəruri xatırlatmanı edir: Qarabağ sakinləri danışıqlarda iştirak edə bilər. Amma bunun üçün birincisi, hər iki icma prosesdə bərabər hüquqla iştirak etməli, ikincisi, proses ATƏT və beynəlxalq hüququn müəyyənləşdirdiyi çərçivədə aparılmalıdır. Bu isə İrəvanın mövqeyinə ciddi zərbədir. Bu mənada, tanınmamış respublikanın Xankəndidəki «hakimiyyəti»nin məsələyə dərhal reaksiya verməsi, iki icma arasında dialoqun «qəti mümkün olmadığını» bildirməsi heç də təəccüblü deyil.

Bundan başqa, ATƏT Nazirlər Şurasının dekabrın əvvəlində Bratislavada keçirilmiş iclası ərəfəsində Azərbaycan memorandum yayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini ortaya qoyub. Sənəddə bildirilir ki, Azərbaycan əvvəlkitək münaqişənin ATƏT-in Minsk qrupu formatı çərçivəsində sülh yolu ilə həllinə sadiqdir: «Münaqişə yalnız beynəlxalq hüququn Helsinki Yekun Aktında əksini tapmış norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyinə tam hörmət edilməsilə həll oluna bilər».

Azərbaycanlı diplomatlar onu da bildiriblər ki, Bakı münaqişənin mərhələli həlli variantına sadiqdir, bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, məsələn, qurumun 1994-cü ildə Budapeştdə keçirilmiş sammitində qəbul olunmuş qərarına tam uyğundur. Məhz bu yanaşmaya əsasən, ilkin mərhələdə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və onu bitişik digər rayonlarından qeyd-şərtsiz çıxarılmalıdır. Bundan sonra azərbaycanlı məcburi köçkünlər bütün lazımi təhlükəsizlik tədbirlərinin təmin olunması ilə öz torpaqlarına qaytarılmalı, regionda kommunikasiyalar açılmalıdır. Növbəti mərhələ isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində, Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun şəkildə statusunun müəyyənləşdirilməsidir. «Statusun müəyyənləşdirilməsi sülh şəraitində, Azərbaycanın Dağlıq Qarabağ regionunun əhalisinin bilavasitə, tam və bərabər iştirak edəcəyi qanuni proseslə baş verməlidir. Söhbət Qarabağın erməni və azərbaycanlı icmalarının prosesdə bərabər şəkildə iştirakından, onların qanuni və demokratik proses çərçivəsində Azərbaycan hökumətilə əməkdaşlığından gedir», - deyə memorandumda bildirilir. Ən əsası isə sənəddə bildirilir ki, Azərbaycan münaqişənin bu çərçivələrdən kənar dinc yolla həllini görmür. Yəni Bakı memorandumu yaymaqla, öz «qırmızı xətt»ini növbəti dəfə çəkib və bu xətdən geri çəkilmək niyyətində olmadığını açıq şəkildə ortaya qoyub.

 

Üstünlük Bakıdadır

İndi aparacağımız paralel, əlbəttə ki, riskli görünə, bəziləri üçün isə şok sayıla bilər. Lakin «Qarabağ diplomatiya»sında baş verənlər 1941-ci ildə Moskva yaxınlığında baş vermiş döyüşü xatırladır. O vaxt «Qızıl ordu» SSRİ paytaxtının işğalını çətinliklə əngəlləmişdi. Daha vacibi isə o andan müharibənin xarakterinin dəyişməsi idi. Almanlar hələ də Moskva yaxınlığında – Ximkidə dayanaraq durbinlə Kremlə baxırdılar, amma blitskriq ssenarisi artıq pozulmuşdu.

Bu gün eyni şey Qarabağ diplomatiyasında baş verir. Azərbaycan şəksiz hüquqi üstünlüyə malikdir: BMT TŞ-nin qətnamələri, ərazi bütövlüyü və suverenliyə hörmət Azərbaycan diplomatiyasının aktivində olan üstünlüklərin heç də hamısı deyil. Doğrudur, Ermənistan Azərbaycan ərazisinin 20%-nin işğalını bu gün də davam etdirir. Lakin regiondakı qüvvələr balansı heç də 90-cı, hətta 2000-ci illərin əvvəllərində olduğu kimi deyil. 2016-cı ilin aprelində də məlum olduğu kimi, Azərbaycan artıq ciddi hərbi üstünlüyə malikdir. Bundan başqa, Bakı «Cənub Qaz Dəhlizi» və Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq iqtisadi və logistik superlayihələri uğurla həyata keçirir. Bütün bunlar isə Azərbaycanı istər Rusiya, istər Qərb, istərsə də Şərq üçün vacib, dəyərli tərəfdaşa çevirir. Üstəlik, regionda məhz Azərbaycanın səyləri ilə yeni nəqliyyat-kommunikasiya şəbəkəsi yaranır ki, Ermənistan ondan da kənarda qalır. Nəticədə, artıq erməni ekspertlər belə, Bakının diplomatiyada «ağ fiqurlarla oynadığını» etiraf edir.

 

Bəs İrəvan?

Ermənistan dünənədək dünya ictimaiyyətinin simpatiyasının öz tərəfində olduğuna əmin idisə, hazırda özünə qarşı bu münasibəti sürətlə itirməkdədir. İrəvanın özündə belə, ekspertlər baş nazir Nikol Paşinyanın ölkə üçün ən vacib problemlərlə bağlı ziddiyyətli bəyanatlar səsləndirdiyini etiraf edir. O, gah Qarabağın adından danışıqlar apara bilməyəcəyini deyir, gah buna tamamilə zidd olan «Qarabağ Ermənistandır və nöqtə!» bəyanatını səsləndirir, gah da özünü «Dağlıq Qarabağın prezidenti» sayan Bako Saakyana «hörmətli marzpet» (Ermənistanda yerli özünü idarəetmə orqanlarının rəhbərləri belə adlanır) deyə müraciət edir. Bütün bunlarla yanaşı, İrəvan Azərbaycanın çəkdiyi «qırmızı xətt»ə cavab verməyə tələsmir.

Bu, əlbəttə ki, son dərəcə uğursuz diplomatiyadır. Lakin əslində, Ermənistan öz populizminin tələsinə düşüb.

Erməni siyasətçilər, politoloqlar və ekspertlər daxili arenada «Arsax Azərbaycanın tərkibində olmayacaq!» kimi bəyanatlar səsləndirə bilər. Lakin benəlxalq arenada belə maksimalizmin ifadəsi çox risklidir. Daxili arenada isə bu gün danışıqların hansı məsələlər ətrafında getdiyinin etirafı riskli sayılır. Bu halda hakimiyyət «erməni işinə xəyanət»də və s. ittiham olunacaq. Bu, Ermənistanda istənilən hakimiyyət üçün təhlükəli olub. Paşinyan üçün isə risk daha böyükdür. Odur ki, populizm faktiki olaraq, onun yeganə resursudur. Üstəlik, «kabab inqilabı»ndan ilyarım keçməsinə baxmayaraq, yeni hökumət praktik olaraq, vətəndaşlarına heç nə verə bilməyib. Bu arada, Ermənistanda siyasi terror ənənəsinin mövcudluğunu da unutmaq olmaz.

Bütün bunlarla yanaşı, münaqişənin həllini sonsuzluğadək uzatmaq da mümkün deyil. Bakı problemin dinc yolla həllinə tərəfdardır, lakin lazımi xəbərdarlığını da edir: danışıqlar nəticə verməzsə, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün beynəlxalq hüququn verdiyi digər hüquqlarını da özündə saxlayır. Nəhayət, Ermənistanın Qarabağ münaqişəsinə görə ödəməkdə olduğu siyasi, sosial, iqtisadi və demoqrafik dəyərlər də ortadadır. Ümid edək ki, Ermənistan rəhbərliyi münaqişənin nizamlanması istiqamətində real addımlar atmaq üçün özündə müdriklik və siyasi iradə tapacaq.



MƏSLƏHƏT GÖR:

273