20 Aprel 2024

Şənbə, 09:49

DƏYƏRLƏR ZƏNCİRİ

2020-ci ildə Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas vəzifə qeyri-neft ixracatının artırılmasıdır

Müəllif:

01.02.2020

Azərbaycanda 2019-cu ili xüsusilə yaddaqalan edən bir sıra struktur islahatları və iqtisadi islahatlar, şübhəsiz ki, 2020-ci ilin hədəflərinə və çağırışlarına düzəlişlər etdi. Bütünlükdə, bunlar hökumətin qarşısına iqtisadiyyatın şaxələndirilməsi, real sektora kreditləşmənin artırılması və gəlirli sahələrin inkişafı ilə bağlı qoyulmuş tapşırıqlardan real nəticələr əldə etməyə yönəldilib. Bununla bağlı, artıq ölkənin qeyri-neft ixracının nəhəng potensialından istifadə etmək üzrə yeni bir plan hazırlanır.

 

«Xəsis» reytinqlər  

Beynəlxalq reytinq agentliklərinin proqnozlarına görə, 2020-2021-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 2%-i keçəcək ki, bu da həm beynəlxalq müqavilələr üzrə qaz hasilatının artması, həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq.  

Məsələn, «Fitch Ratings»in hesabatında deyilir ki, 2019-cu ildə ÜDM-in artımı 2,4% olub ki, bu, əvvəlki ildəki 1,4% göstəricisi ilə müqayisədə xeyli yüksəkdir. Bu, artımı 3,5% təşkil edən qeyri-neft sektorunun hesabına mümkün olub. "2020-21-ci illərdə artımın 2,2% səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq", - deyə agentliyin açıqlamasında bildirilir.  

«S&P Global Ratings» isə bir az daha nikbindir, o, 2020-2023-cü illər üçün Azərbaycan ÜDM-in orta illik artımını 2,3% səviyyəsində proqnozlaşdırır.

Maraqlıdır ki, hər iki agentlik Azərbaycanın uzunmüddətli ölkə reytinqini “BB +” səviyyəsində saxlamaq qərarına gəlib və proqnozu “sabit” saxlayıb. Bu yaxşıdırmı? Tam demək olmaz, nəzərə alınmalıdır ki, hökumət dəfələrlə reytinq agentliklərinin Azərbaycanın iqtisadi imkanlarını «xəsis» qiymətləndirmələrindən narazılıq bildirib.  

“Biz belə reytinqlə razılaşmırıq. Mən hesab edirəm ki, 2015-ci ildə milli valyutanın devalvasiyasından sonra bizim atdığımız addımlar, bank sektorunun inkişafında nail olduğumuz tərəqqi reytinq agentlikləri tərəfindən uyğun səviyyədə qiymətləndirilməyib", - deyə hələ keçən il Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirmişdi. Onun fikrincə, ölkə reytinqi bir pillə qaldırılaraq - “BBB-” səviyyəsinə çatdırılmalıdır.

2016-cı ilin yanvar ayına qədər reytinq məhz belə idi. Onda neft qiymətlərinin düşməsi və manatın devalvasiyası ilə bağlı Azərbaycan iqtisadiyyatında yaranmış vəziyyət gerçəkdən narahatlıq doğururdu. Ancaq neftin qiyməti qalxdı və hökumət vəziyyəti düzəldə bildi, həmçinin islahatlar aparıldı.

Bəs, reytinq agentlikləri nə gözləyir? Onlardan birinin hesabatında iddia edilirdi ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məhdud templərlə baş verəcək, bununla bağlı olaraq, nisbətən aşağı neft qiymətləri şəraitində ölkədə zəif iqtisadi artım gözlənilir. Yumşaq desək, bu, subyektiv yanaşmadır, elə həmin hesabatlarda Azərbaycan iqtisadiyyatının qeyri-neft və neft sektorlarının artımları arasında yetərincə əlverişli bağlılıq olduğu göstərilir.

Bununla bağlı, daha obyektiv «Qazprombank» SC-nin analitikləri fikir bildiriblər, onların hesabatları MDB ölkələrindən olan sərmayəçilər arasında çox populyardır. “2019-cu ildə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük iş görüb. Bununla belə, bu istiqamətdə tədbirlərin sonra işlənilməsi də tələb edilir", - deyə onlar vurğulayıblar.

Artıq bəlli olub ki, 2019-cu ilin yekunlarına görə, qeyri-neft ÜDM-nin xüsusi payı 54% təşkil edib və bu sektorun artım tempi 3,5% -ə çatıb. "Qeyd etmək vacibdir ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına 2,2%-lik artım imkanını qeyri-neft sektoru yaradıb, çünki neft ÜDM cəmi 0,2% artıb. Bundan əlavə, 2019-cu ildə qeyri-neft sektoruna qoyulan sərmayələr 23%, neft sektoruna qoyulanlar isə 1,9% artıb”, - deyə bankın Azərbaycan iqtisadiyyatı ilə bağlı icmalında vurğulanır.

Bununla yanaşı, «Qazprombank»da hesab edirlər ki, Azərbaycan ixracatının strukturu şaxələndirilmənin davam etdirilməsini tələb edir. "Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yekun göstəriciləri üzrə ixracatın strukturunda neft-qaz komponentinin payı yüksək olaraq qalır - 90%-dir, o cümlədən xam neftin ixracı 76%-dir", - deyə bank vurğulayır.

 

Klaster istehsalı

Beləliklə, bütövlükdə qeyri-neft sektoru inkişaf edir və böyüyür, lakin ölkənin ixrac balansında onun payı hələ də həddindən artıq azdır. Bu, ciddi problemdir və əgər ən qısa müddətdə həll olunmazsa, qeyri-neft sektoru ölkənin ÜDM-nin formalaşmasında çətinliklə qazanılan faiz göstəricilərini itirə bilər.

Hakimiyyətin əvvəllər qəbul edilmiş bir sıra proqram və islahatların icrası ilə bağlı əsas narazılığı məhz bununla bağlı idi. Prezident İlham Əliyevin hökumətin iqtisadi blokunun yenilənmiş tərkibi üçün müəyyən etdiyi ən vacib vəzifələrdən biri qeyri-neft ixracının real artımına nail olmaqdır.

2019-cu ilin yekun göstəricilərinə görə, Azərbaycanın qeyri-neft ixracı 1,9 milyard dolları keçib və hökumətin qiymətləndirmələrinə görə 2024-cü ilə qədər bu rəqəm 3 milyard dolları keçməlidir.  

Məlum olduğu kimi, ölkə başçısının 2019-cu ilin yekunları ilə bağlı iclasın gedişi zamanı verdiyi tapşırıqların icrası ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi 2020-ci ilin iyul ayına qədər qeyri-neft ixracı üzrə yeni strategiya hazırlayacaq.

Göründüyü kimi, söhbət dövlət sərmayələrinin bölüşdürülməsi, habelə məhsul istehsalının təşkili və xaricdə satış məsələlərinə yeni bir yanaşmadan gedir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, hökumət müxtəlif klasterlər yaratmaqla qeyri-neft ixracını artırmağı düşünür. "O cümlədən, bu, kənd təsərrüfatı və aqrar klasterlərinin, eləcə də neft-kimya sənayesinin ətrafında iri, kiçik və orta biznes klasterinin yaradılmasını, bu sahəyə sərmayələr yatırılmasını və bu sahədə uğurlu nəticələr qazanılmasını əhatə edir", - deyə M. Cabbarov vurğulayıb.

Nazir hesab edir ki, həmçinin turizm, əyləncə infrastrukturu, nəqliyyat və ticarət logistika klasterlərinin yaradılması imkanlarını təhlil etməyə ehtiyac var. "Bu, ixracın coğrafiyasını şaxələndirməyə və xidmət ixracını genişləndirməyə imkan yaradacaq", - deyə M.Cabbarov vurğulayıb.

Prinsipcə, ayrı-ayrı istehsal sahələrinin klaster inkişafı ideyası bizim üçün yeni deyil. Lakin İqtisadiyyat nazirinin dediyi kimi, bu vəziyyətdə diqqət əlavə dəyərlər zəncirinin təmin edilməsinə yönəldiləcək, yəni dövlət tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə emal sənayesinə, həmçinin bank sektoruna və özəl sərmayəçilərə dəstək veriləcək.

Misal üçün, keçən il Azərbaycanda rekord bir pambıq məhsulu yığıldığı bəllidir. Ancaq iqtisadiyyatımız bu məhsulu qəbul edib emal etməyə hazırdırmı? Təəssüf ki, bu gün birmənalı şəkildə cavab «yox»dur. Yeni bir istehsal zəncirinə ehtiyac var: emal müəssisələri - toxuculuq fabrikləri – toxuculuq məhsullarının və digər məhsulların istehsalı, hazır paltarlar tikişi. Təbii ki, keyfiyyət parametrlərinə riayət edildikdə, belə bir zəncirin son məhsulu iqtisadiyyat üçün ilkin xammaldan daha sərfəlidir. Yeni müəssisələrdə əlavə iş yerləri açmaqla nə qədər sosial problemlərin həll edilə biləcəyinə isə şübhə yoxdur.

Ədalət naminə qeyd edirlməlidir ki, bugünkü şəraitdə bir məhsulun sadəcə keyfiyyəti heç də həmişə onun ticarət uğurunu müəyyənləşdirmir. Çox vaxt bu məsələdə marketinq siyasəti və bazar ehtiyaclarının düzgün təhlili daha böyük rol oynayır.  

"Təcrübə göstərir ki, çox halda bizim hətta yüksək keyfiyyətli mal və məhsullarımız olduğu halda, bəzən xarici bazarlara çıxış zamanı özəl sektordabilik və bacarıq çatışmazlığı duyulur. Bununla bağlı, dövlət lazımi yardım mexanizmi hazırlayacaq və təklif edəcək”, - deyə M.Cabbarov vurğulayıb.

Belə ki, İqtisadiyyat Nazirliyi "Made in Azerbaijan" brendinin təşviqini davam edəcək. “Bu istiqamətdə, ilk növbədə, "Made in Azerbaijan" nişanı altında istehsal olunan məhsulların keyfiyyətinin yoxlanılmasını zəruri hesab edirəm. Biz xarici bazarlara yalnız keyfiyyəti şübhə doğurmayan, çox yüksək səviyyəli və bütün standartlara cavab verən məhsullar çıxarmalıyıq", - deyə nazir vurğulayıb.

Bundan başqa, İqtisadiyyat Nazirliyi qeyri-neft ixracının təşviqi mexanizmlərinin sayına və formatına yenidən baxmağı planlaşdırır ki, bu çərçivədə dəstək mexanizmləri, sahibkarların xarici bazarlara çıxışının asanlaşdırılması üçün, onların iş keyfiyyətinin yaxşılaşdırmasına və maarifləndirilməsinə istiqamətləndiriləcək.

 

Sərmayələrin yoxlanması  

Beləliklə, hökumət son məhsulu xaricdə satıla biləcək konkret istehsal zəncirlərinin yaradılmasına və inkişafına dəstək verməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə həll edilməli olan digər vacib məsələ əsaslı kapitala yatırılan sərmayələrin payının artırılmasıdır – bu göstərici 2019-cu ildə ÜDM-in 23,2%-ni təşkil edib.  

“Bizim məqsədimiz bu göstəricini ən azı ÜDM-in 25%-inə çatdırmaq və onu bu səviyyədən yüksəkdə saxlamaqdır. Bu baxımdan, ölkə iqtisadiyyatında xarici sərmayə cəlbi üçün lazımlı şəraitin yaradılması da önəmli bir addımdır. Öz bazarımıza, eləcə də üçüncü ölkələrin bazarlarına daxil olmaq üçün şərait yaratmaq lazımdır. Bu həm yerli, həm də xarici sərmayəçilər üçün önəmlidir. Hazırda biz həm azad ticarət, həm də xüsusi ticarət rejimləri üzrə ticarət sazişlərinin layihələrini hazırlayırıq", - deyə M.Cabbarov bildirib.

Bununla bağlı, dövlət sərmayələrinin bölgüsündə də ciddi dəyişikliklər gözlənilir. Belə ki, 2020-ci il üzrə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş dövlət investisiya proqramının əsas ideyası resursların həcmini mövcud və bağlanmış layihələrin həcminə uyğun şəkildə düzgün qiymətləndirilməsi, sonrakı illər üzrə dövlət sərmayələrinin səmərəliliyinin artırılmasıdır.  

“Bizim investisiya proqramımız infrastruktur layihələrinin gerçəkləşdirilməsi ilə yanaşı, iqtisadiyyatın real sektorunu dəstəkləməlidir. O cümlədən, bu infrastruktur layihələrinin real sektora təsirini təhlil etmək lazımdır. Məsələn, yeni infrastrukturun bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə qədər müsbət təsir göstərdiyi təhlil edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

Bildirmək gərəkdir ki, keçən il qeyri-neft sektoruna yatırılan sərmayələrin ümumi həcmdəki payı 2018-ci ildəki 65,2% göstəricidən 2019-cu ildə 69,7%-ə yüksəlib. Ancaq daha gözə çarpan artım üçün yenə də xarici bazarların Azərbaycan istehsalçılarının qarşısına qoyduğu çağırışları nəzərə almaq lazımdır, yəni həmin bazarlara həm keyfiyyət, həm də qiymət parametrlərində rəqabət apara biləcək daha çağdaş məhsullarla çıxmaq lazımdır. Bu da öz növbəsində texnologiya tələb edir.

"Biz bu məsələnin həllini ölkəmizə bu texnologiyalara sahib olan xarici sərmayəçilərin, özəl sərmayəçilərin, sərmayəçilərin cəlb edilməsində, hökumətin bu işdə oynadığı dəstəkləyici rolunun artmasının təmin edilməsində görürük", - deyə M.Cabbarov bildirib.

Sadalananlardan qısa şəkildə çıxarılan nəticəyə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ islahatların monetar gəlirə çevrilməsi - yəni çoxsaylı inkişaf proqramlarının, "yol xəritələrinin" və fəaliyyət planlarının dövlət büdcəsinin gəlir hissəsində real göstəricilərə çevrilməsidir. Əlbəttə ki, bu prosesin bir il ərzində qaydaya salına biləcəyi ehtimalı azdır, amma əsas odur ki, buna başlanılıb və bu dəfə gerçəkdən başlanılıb.



MƏSLƏHƏT GÖR:

273