25 Aprel 2024

Cümə axşamı, 09:43

LAYİQLİ ALTERNATİV

Azərbaycan bərpa oluna bilən enerji qaynaqlarının istehlakda payını artırır

Müəllif:

01.02.2020

Yeni sənaye müəssisələrinin istifadəyə verilməsi və yaşayış məntəqələrinin sayının artması Azərbaycanda enerji istehlakının durmadan artmasına səbəb olur. İndiyə qədər ölkənin elektrik enerjisinə artan tələbatını etibarlı şəkildə təmin etmək vəzifəsi, başlıca olaraq, istisnasız şəkildə ənənəvi yanacaqla işləyən mövcud generasiya güclərinin yenidən qurulması və yenilərinin tikilməsi hesabına həll edilib. Bununla belə, prioritetlər dəyişir və indi diqqət elektrik enerjisi istehsalında tükənən yanacaqların alternativ qaynaqlar ilə əvəz edilməsinə yönəldilir.  

Azərbaycan bu gün hidroenergetika, günəş enerjisi, külək enerjisi, biokütlə kimi bərpa olunan enerji mənbələrinin (BOEM) önəmli ehtiyatlarına malikdir ki, bu da bu sahəni enerji sektorunun inkişafı üzrə perspektivli və cəlbedici sərmayə istiqaməti halına gətirir. Energetika Nazirliyinin qiymətləndirməsinə görə, ölkənin bərpa olunan enerjidən istifadə potensialı 26,94 min MVt olaraq müəyyən olunub. Bunun 23,04 min MVt-ı günəş enerjisinin, 3 min MVt-ı külək, 520 MVt-ı hidroenergetikanın və 380 MVt-ı bioenerjinin payına düşür. Bununla belə, hidro enerjidən, yəni su elektrik stansiyalardan başqa ölkədə BOEM-dən hələ də geniş istifadə edilmir.

Hazırda Azərbaycanda ənənəvi mənbələrdən (təbii qazdan) istehsal olunan elektrik enerjisinin payı 91,9%, bərpa olunan enerji mənbələrini payı isə cəmi 8,1% təşkil edir. Böyük su elektrik stansiyalarının gücləri nəzərə alınarsa, elektrik enerjisi istehsalı güclərində bərpa olunan enerji mənbələrinin payı 17%-ə çatır ki, bu da 1,3 min MVt generasiya gücünə uyğundur.

Energetika Nazirliyinin qarşısında 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücünü 3,5 min MVt-a çatdırmaq və alternativ enercinin istehsalının ümumi həcmdəki payını 30%-ə çatdırmaq vəzifəsi durur. Bundan əlavə, müəyyən edilib ki, bərpa olunan enerji mənbələri hesabına 1 milyard kVt/saat elektrik enerjisi istehsalı Azərbaycana 200 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verə bilər. Bu, ölkə üçün çox önəmlidir və "mavi yanacaq" ixracını daha da artırmaq məqsədi daşıyır.

Qabaqcıl ölkələrlə müqayisədə Azərbaycanda BOEM və enerji səmərəliliyinin artırılması sahələri yalnız inkişaf yolunun başlanğıcındadır. Bu sahədə vəziyyətin və enerji balansının quruluşunun tezliklə dəyişəcəyi barədə danışmaq hələ çox erkəndir. Ancaq bu istiqamətdə irəliləməyimiz və bəzi aspektlərdə hətta çox dinamik irəliləməyimiz ürəkaçandır.

 

Yeni müqavilələr

Bərpa olunan enerji mənbələrinin inkişafı üçün qanunvericilik bazası yaradan normativ sənədlərin qəbulu ilə birlikdə iri maliyyə yatırımları görüləcək ilkin işlər sırasındadır ki, bunlar, bütövlükdə, sahənin vəziyyətinə müsbət təsir göstərər və artım perspektivlərini təmin edər. Energetika Nazirliyi bu məqsədlə 2018-2019-cu illərdə dünyanın doqquz aparıcı şirkəti (BP, TEKFEN, «Avelar Solar», «Total», «Equinor», «Masdar», «ACWA Power», «Mitsui&Jo» və «Quadran International») ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq memorandumları imzalanıb.

Bundan əlavə, Energetika Nazirliyi tərəfindən bir sıra normativ sənədlər, o cümlədən “Bərpa olunan elektrik mənbələrindən istehsal olunan elektrik enerjisinin satın alınması üzrə zəmanətli tarif mexanizminin tətbiqi qaydaları” layihəsi hazırlanıb.

"Qaydalar sərmayəçilərə tələbləri, alqı-satqı müqavilələrinin şərtlərini və xüsusiyyətlərini tənzimləyəcək, istehsal olunan elektrik enerjisinin maya dəyərini, investisiya xərclərinin investora qaytarılması prosesini müəyyənləşdirəcək", - deyə qurumun rəhbəri Pərviz Şahbazov izah edib.

Görülən işin ilk uğurlu nəticəsi kimi Səudiyyə Ərəbistanının «ACWA Power» və BƏƏ-nin «Masdar» şirkətləri ilə yanvarın 9-da Bakıda icra müqavilələrin imzalanmasını göstərmək olar.

Müqavilələr Azərbaycanda 440 MVt-luq generasiya güclərinin yaradılması üzrə pilot layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur. Bu zaman «ACWA Power» 240 MVt gücündə külək elektrik stansiyasının, «Masdar» isə 200 MVt gücündə günəş elektrik stansiyası tikintisini öhdəsinə götürüb. Bu iki stansiyanın fəaliyyəti nəticəsində ildə 1,4 milyard kVt/saat elektrik enerjisi istehsalının təmin edilməsi gözlənilir.

Dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının enerji tələbatını ödəmək üçün yeni enerji mənbələrinin axtarışı ölkə rəhbərliyinin gündəliyində dayanan strateji əhəmiyyətli bir məsələdir. Prezident İlham Əliyev vurğulayıb ki, «ACWA Power» və «Masdar»la bağlanmış müqavilələr Azərbaycana inamın sübutudur, çünki bu şirkətlər tərəfinən iri sərmayələrin təmin edilməsi nəzərdə tutulur. “Bu, Azərbaycanda enerji layihələrinin inkişafında yeni bir səhifə açacaq, çünki bərpa olunan enerji bu gün bizim üçün energetika sektorunun prioritetlərindən biridir. Ümid edirik ki, bu il günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bunlar bizim üçün çox vacib layihələrdir", - deyə İlham Əliyev bildirib.

Azərbaycan Energetika Nazirliyi sadalanan layihələrin dəyərini 300 milyon dollardan çox qiymətləndirir, özü də bu layihələrin maliyyələşdirilməsini bütünlüklə şirkətlər öz üzərlərinə götürəcəklər.

“İmzalanan müqavilələrdə Azərbaycanın bərpa olunan enerji mənbələri sektoruna sərmayələri nəzərdə tutur ki, bu da milli iqtisadiyyata təkan verəcək və yeni iş yerləri yaradacaq. Bu layihələr Azərbaycanın enerji dayanıqlılığını təmin edəcək və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək", - deyə Baş Nazir Əli Əsədov vurğulayıb.

Birbaşa şirkətlərdən alınan məlumata görə, hər iki layihənin icrası «build-own-operate» (tikinti-mülkiyyət-istismar) prinsipi ilə həyata keçiriləcək. «Masdar» tərəfindən inşa ediləcək günəş stansiyasının Bakıdan 75 km cənub-qərbdə yerləşəcəyi və 2022-ci ilədək kommersiya istismarına veriləcəyi də məlumdur. Külək elektrik stansiyası layihəsi haqqında hələ müfəssəl məlumat yoxdur, yalnız o məlumdur ki, «ACWA Power» bu enerji obyektinin tikintisinə sərmayə qoyuluşunu 200 milyon dollar səviyyəsində qiymətləndirib.

Yeri gəlmişkən, məhz bu Yaxın Şərq şirkətlərinin seçimi təsadüfi deyil - hər iki şirkətin BOEM sahəsində olduqca zəngin təcrübəsi var.

"Azərbaycanda BOEM layihəsinə yatıracağımız sərmayələr «ACWA Power»in elektrik enerjisi istehsalının dekarbonlaşmasına dəstək üzrə Səudiyyə xarici sərmayələrinin genişləndirilməsində oynadığı əsas rolu gücləndirir, bu, getdikcə çox sayda ölkə tərəfindən gerçəkləşdirilən iddialı dayanıqlı inkişaf plan və proqramlarını dəstəkləmək yolu ilə baş tutur", - deyə «ACWA Power» şirkətinin direktoru Paddi Padmanatan bildirib.

«Masdar»ın baş icraçı direktoru Mohamed Cəmil əl Ramahi isə öz növbəsində qeyd edib ki, “sazişin imzalanması Azərbaycan və enerji balansının şaxələndirilməsi üzrə niyyətləri üçün atılan mühüm addımdır. 30-dan çox ölkədə ticari baxımdan dayanıqlı BOEM layihələrinin işlənməsi üzrə dünya lideri olaraq «Masdar» Azərbaycan hökumətini və onun təmiz enerjiyə keçidini dəstəkləməkdən qürur duyur”.

 

Yeni sərmayəçilər axtarışı  

Bununla yanaşı, yeni sərmayəçilərin cəlb edilməsi prosesi davam edir, özü də, layihələr də, Azərbaycanın BOEM sektoruna sərmayə yatırmaq istəyənlər də yetərincədir. Ölkə rəhbərliyi Energetika Nazirliyinin oktyabr müsabiqəsinin qalan iştirakçılarını BOEM sahəsində yeni obyektlərinin tikintisinə cəlb olunmasını qərara alıb.

"Doqquz ən böyük şirkət bərpa olunan enerji istehsalı üçün Azərbaycana sərmayə qoymağa hazırdır. Nəticədə, daha əlverişli şərtlər təklif edən iki şirkət seçildi. Ancaq bu o demək deyil ki, qalanları kənarda qaldı, biz onları da dəvət edirik. Təkliflərini yenidən nəzərdən keçirməli, şərtləri ölkəmiz üçün məqbul etməlidirlər. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak edən şirkətlərin təkliflərini nəzərə keçirsinlər, Azərbaycanda da analoji layihələri həyata keçirsinlər deyə onlarla fərdi qaydada danışıqlar aparsınlar”, - deyə İlham Əliyev Nazirlər Kabinetinin yanvar iclasında çıxışı zamanı bildirib.

Yeri gəlmişkən, bu yaz Azərbaycanda BOEM sahəsində ilk hərraca başlanacaq ki, bu da bu sahəni inkişafı üzrə layihələr gerçəkləşdirmək istəyən bütün şirkətlər üçün yaxşı fürsət olacaq.  

“Hərrac yeni stansiyaların tikintisi nəzərdə tutulan 8 seçilmiş coğrafi ərazini əhatə edəcək. Bunlardan 5-i külək enerjisi, 3-ü isə günəş enerjisi üçün nəzərdə tutulub”, - deyə Enerji Məsələləri Dövlət Agentliyinin idarə heyətinin sədri Samir Axundov bildirib.

İstisna deyil ki, hərracın yekunlarına görə, Azərbaycanın enerji bazarında Rusiyadan da yeni iştirakçı peyda olacaq. 2019-cu ilin dekabr ayında Rusiyanın «Xevel» Şirkətlər Qrupu Azərbaycanda sənaye miqyaslı günəş elektrik stansiyaları şəbəkəsinin tikintisi üzrə hərracda iştirak etməkdə maraqlı olduğunu bildirib. Bu məsələ Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında da qaldırılıb.

Bundan başqa, şirkət öz istehsalı olan heterostruktur günəş modullarının Azərbaycandakı potensial tərəfdaşlara ixracını təşkil etməyə və günəş enerjisi sahəsində layihələrin birgə həyata keçirilməsi üçün təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

 

Yeri layihələr

Azərbaycanın enerji sahəsində digər önəmli hadisə 2020-ci ildə 84 MVt gücündə Şurabad külək elektrik stansiyasının tikintisinə başlanılması olacaq. Layihənin icrası 2018-ci ildə 50 MVt-lik «Yeni Yaşma» külək parkını istifadəyə vermiş "Azərenerji" ASC-yə həvalə edilib. Ümumi sahəsi 540 hektar olan park Yeni Yaşma və Şurabad kəndlərinin ərazisində yerləşir. Hazırda stansiyada 20 turbin tam gücü ilə işləyir.

Bundan başqa, Energetika Nazirliyi 2021-ci ilin martına qədər Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə Böyükşor gölündə hər biri 100 kVt gücündə olan üç fotovoltaik panel sisteminin quraşdırılmasını başa çatdırmağı planlaşdırır. «Floating Solar Energy Development» adlı layihə 17 avqust 2018-ci il tarixdə AİB tərəfindən təsdiq edilib. Bankın ekspertləri əmindir ki, bu, enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin artırılmasına və atmosferə atılan zərərli tullantıların azaldılmasına töhfə verəcək.

Xəzər dənizinin Azərbaycan sektorunda Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) tərəfindən hazırlanmış və toplam 1,2 milyard dollar dəyəri olan iki külək elektrik stansiyasının tikinti layihəsi isə «öz saatını» gözləyir.

«Wind Island-1» layihəsi Abşeron yarımadasını elektrik enerjisi ilə təmin etmək üçün Çilov və Pirallahı adalarında külək vasitəsilə elektrik enerjisi istehsalını nəzərdə tutur. Layihə külək parkının yaradılmasını nəzərdə tutur və park daxili istehlakçılara xidmət göstərmək üçün ölkənin enerji sisteminə qoşulacaq.

Pirallahıda külək elektrik stansiyasının tikintisi ilkin olaraq 800 milyon dollar dəyərində qiymətləndirilir, icra müddəti bir ildir, vəsaitin geri qaytarılması üçünsə 15 il nəzərdə tutulur.  

“Bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, o, Pirallahı və Çilov adaları arasında bir növ körpü yaratmağa imkan verəcək. Bu stansiya elektrik enerjisi təchizatında və yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq. Bu layihənin həyata keçirilməsi yerli infrastrukturun və iqtisadi rifahın inkişafına səbəb olacaq ”, - deyə hökumətdə düşünürlər.

Energetika Nazirliyi Azərbaycanda elektrik enerjisi istehlakının 2025-ci ilə qədər 25-28 milyard kVt/saata qədər artacağını proqnozlaşdırır. Əlbəttə ki, bu enerjinin böyük hissəsinin ənənəvi yanacaqdan istehsal ediləcəyi gözlənilir. Ancaq Azərbaycanda BOEM-in inkişafı ilə bağlı işlər davam edərsə, bu mənbələr ölkənin enerji balansında layiqli yer tuta bilər. Üstəlik, BOEM əsasında texnologiyaların tətbiqi təkcə ölkənin enerji təhlükəsizliyinin artırılmasının qarantı olmaqla qalmır, həm də ildən-ilə sürətlə pisləşən ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə məntiqli cəhddir.



MƏSLƏHƏT GÖR:

345