28 Mart 2024

Cümə axşamı, 22:56

DÖNÜŞ NÖQTƏSİ

Fransanın səfiri Zakari QROSS: «Ümid edirəm ki, Aİ ilə Azərbaycan 2020-ci ildə tərəfdaşlıq haqqında sazişi imzalayacaqlar»

Müəllif:

01.02.2020

Zakari Qross Fransanın Azərbaycandakı sayca onuncu fövqəladə və səlahiyyətli səfiridir. Nəzərə alsaq ki, o, Bakıda diplomatik missiyasının icrasına bu yaxınlarda – ötən ilin payızında başlayıb, səfirin ölkəmizə tez və uğurla uyğunlaşdığını deyə bilərik. Bunun səbəbi də aydındır. Qross təcrübəli diplomat olmaqla yanaşı, həm də təhlükəsizlik sahəsində ekspertdir. Azərbaycana səfir təyin olunanadək Fransa Xarici İşlər Nazirliyində Təhlükəsizlik, ballistik və nüvə raketlərinin yayılmaması və kosmik təhlükəsizlik idarəsinə rəhbərlik edib. Son 4 ildə İranın nüvə problemilə bağlı işlərlə yaxından məşğul olub. Bunadək isə Fransanın İsraildə, Rusiyadakı səfirliyində, BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (MAQATE) daimi nümayəndəliklərdə çalışıb.

Beləliklə, diplomatın regionu yaxından tanıması, ötən illər ərzində topladığı təcrübə Bakıda işə başladığı ilk günlərdəcə Fransa səfirliyinin fəaliyyətində aktivliyin artmasına imkan verib. İş qrafikinin kifayət qədər sıx olmasına rəğmən, cənab Z.QROSS ilə söhbətləşə, ondan bəzi suallarımıza cavab ala bilmişik.

 

- Cənab Qross, Azərbaycan Fransanın Cənubi Qafqazdakı əsas iqtisadi tərəfdaşı sayılır. Qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? O, mövcud potensiala nə qədər uyğundur?

- Bu gün Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi çox aşağı həddədir. 2018-ci ildə ölkələrimiz arasında ticarət mübadiləsinin həcmi, təxminən, 615 milyon avro olub. Bu, məyusedici vəziyyətdir. Çünki Fransanın dünya səviyyəli şirkətləri Azərbaycana iqtisadiyyatını şaxələndirməsi üçün çox şey təklif edə bilər. Buraya nou-hau və texnologiyalar da aiddir. Onlar Azərbaycan standartlarının Avropa standartları səviyyəsinə çatdırılmasına yardım edə bilərlər. Hazırda Azərbaycanda Fransanın 50-dən artıq şirkəti kifayət qədər aktiv fəaliyyət göstərir: «Total», «Suez», «Alstom», «Schneider», «Airbus», «Thales», «Bouygues», «Lafarge-Holcim» və sair. Onlar şəhərdaxili və beynəlxalq nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələrindən istifadə, həmçinin təmiz su istehsalı, təmiz hava kimi məsələlərdə azərbaycanlıların günləlik həyat keyfiyyətinin yaxşılaşdırılmasında maraqlıdır. Təhlükəsizlik, məsələn, kompüter təhlükəsizliyi sahəsində ixtisaslaşmış Fransa şirkətləri də Azərbaycanda beynəlxalq öhdəliklərə uyğun fəaliyyət göstərməyə hazırdır. Bundan başqa, Azərbaycanda Fransanın «Societe Generale», «Axa» kimi bank və sığorta şirkətləri də fəaliyyət göstərir.

Fransa İnkişaf Agentliyi (AFD) Bakıdan Tbilisiyə dəmir yolu ilə daşımaların keyfiyyətinin yüksəldilməsi üçün çoxmilyonluq layihələrə investisiya yatırır, «Azərbaycan Dəmir Yolları» QSC-nin yenidən qurulmasından yaxından iştirak edir. Ölkələrimiz arasında ikitərəfli ticarətin artım potensialının nəzərə alınması vacibdir.

- Bu günə hansı sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığın artıq qurulduğunu demək olar? Eyni zamanda, hansı sahələrdə əməkdaşlığın inkişafına ehtiyac var?

- Fransanın Azərbaycanda fəaliyyətdə olan nəhəng enerji şirkətlərindən biri ölkə iqtisadiyyatına milyardlarla investisiya yatırmağa hazırdır. Bu niyyətin baş tutub-tutmayacağı Azərbaycandan asılıdır.

Digər aparıcı fransız şirkətləri Azərbaycanda külək və günəş elektrik enerjisi istehsalının inkişafına investisiya yatırmağa çalışır. Onlar bu sahədə böyük beynəlxalq təcrübəyə malikdirlər. Hazırda hökumət bir neçə vacib layihəni nəzərdən keçirir və ümid edirəm ki, onlar tezliklə Azərbaycanda fəaliyyətə başlayacaq.

Fransanın CNES şirkətilə Azərbaycanın «Azərkosmos» ASC kosmosun mənimsənilməsi sahəsində kifayət qədər fəal və uğurlu əməkdaşlıq edir. Amma təbii ki, Azərbaycanın tələbatı artır. Odur ki, Fransanın «Ariane», «Airbus» və «Thales Alenia-Space» kimi şirkətlərinin də bu missiyada Azərbaycanı müşayiət etməsini istərdik. Onlarla telekommunikasiya, yaxud Yerin müşahidə olunması sahəsində əməkdaşlıq edilə bilər.

Hesab edirəm ki, əməkdaşlığın inkişafı üçün potensialın böyük olduğu sahələrdən biri şəhər xidmətləri sektorudur. Supaylayıcı sistemin təkmilləşdirilməsi su sərfiyyatını azalda, onun keyfiyyətini artıra, həmçinin qışda daşqın suları ilə bağlı problemi həll edə bilər.

Bundan başqa, paytaxt sakinlərinin əksəriyyəti üçün Bakı Metropoliteninin fəaliyyətinin əhəmiyyəti nəzərə alınarsa, qatarların hərəkət sürətinin artırılması ilə məşğul olmaq mümkündür. Havanın təmizliyi sahəsində də əməkdaşlıq mümkündür.

- Təyinatadək Fransa Müdafiə Nazirliyində vacib postlardan birini tutmusunuz. Azərbaycanın və ATƏT-in Minsk qrupunun, o cümlədən Fransanın səylərinə baxmayaraq, artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmur. Münaqişənin həlli, regionda təhlükəsizliyin təmini yolunu nədə görürsünüz?

- Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, regionun çiçəklənməsinə əngəl olan, burada sabitliyi pozan amildir. O, münaqişə tərəflərinin xalqlarına baha başa gəlir. Münaqişə nəticəsində hər iki tərəfdən insan tələfatı olub və bu, indi də davam edir. Tamamilə əminəm ki, münaqişənin diplomatik dialoq vasitəsilə həlli yaranmış çətin vəziyyətdən yeganə çıxış yoludur. Bununla yanaşı, mövcud status-kvo qəbuledilməzdir. Fransa açıq şəkildə bildirir ki, danışıqlar prosesinə yeni impulsun verilməsi üçün səmimi danışıqlar tam formatda bərpa olunmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu istiqamətdə diplomatik səylərin göstərilməsi vacibdir.

Mən nikbinəm. Çünki iki ölkə arasında dialoq davam edir. Ötən ilin yanvarında Azərbaycanın xarici işlər naziri cənab Məmmədyarov Parisdə erməni həmkarı ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirakı ilə razılığa gəlib. Razılıqa əsasən, hər iki tərəf öz xalqını sülhə hazırlamaq üçün yeni təşəbbüslər irəli sürməlidir. Bu, asan iş olmasa da, artıq konkret addımlar atılmaqdadır. Bu mənada, bu yaxınlarda iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfərləri maraqlı idi. Lakin fərdi ünsiyyət (people to people), məhbusların mübadiləsi, stereotiplərin dağıdılması kimi məsələlərdə də irəliləmək lazımdır.

Bu gün Fransa, Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, tərəflər arasında dialoqun bərpasına əllərindən gələn yardımı göstərməyə hazırdırlar. Bu gün onların bu əzmi hər zaman olduğundan daha güclüdür. Məqsəd bölgədə beynəlxalq qanunvericiliyə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə əsaslanan ədalətli, uzunmüddətli sülhə nail olunmasıdır. Həmsədrlər öz mandatlarına uyğun fəaliyyət göstərir və tərəflər sonda məhz onların fəallığı sayəsində qərar qəbul edəcək. Bunun üçün isə hər iki tərəfin kompromisə getməsi lazımdır. Əminəm ki, 2020-ci ildə münaqişənin həllinə nail olunması üçün imkanlar qazanacağıq. Bu mənada prezident Makronun Avropanın təhlükəsizliyilə bağlı olan aktiv gündəmi, dünya liderlərilə davamlı dialoqu müsbət amildir.

- Fransa Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında da vacib rol oynayır. Fikrinizcə, Bakı ilə Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi perspektivi necədir?

- Ümid edirəm ki, 2020-ci ildə Aİ ilə Azərbaycan tərəfdaşlıq haqda yeni saziş imzalayacaqlar. Aİ Azərbaycanın yaxın, güclü və etibarlı tərəfdaşıdır. Onun ölkə və ya regionla bağlı gizli gündəliyi yoxdur. Hesab edirəm ki, azərbaycanlılar da Aİ ilə daha geniş əməkdaşlıq istəyirlər: təhsil və tədris sahəsində daha geniş əməkdaşlıq, insanlar arasında daha geniş ünsiyyət, iqtisadiyyatda Avropa standartlarının daha çox tətbiq olunması, qarşılıqlı turist səfərlərinin daha da artması, biznesə daha çox Avropa investisiyasının cəlbi və sair…

Ümid edirəm ki, Aİ ilə Azərbaycan arasında açıq hava məkanı haqda da saziş imzalanacaq. Ümumilikdə Aİ Azərbaycanın rifahına böyük töhfələr verə bilər.

- Təhsil sahəsində Azərbaycan-Fransa əməkdaşlığı nə qədər uğurla inkişaf edir? Azərbaycan-Fransa Universitetinin rolunu necə qiymətləndirirsiniz?

- Bakıda Azərbaycan-Fransa Universiteti (UFAZ) 2016-cı ildə açılıb. Hazırda orada fizika, kimya, hesablama texnikası və neft maşınqayırması ixtisasları üzrə 600-dək tələbə təhsil alır. Universitetdə tələbələrin işləməsi üçün müasir laboratoriyalar var. Professor-müəllim heyəti, tədris metodiyası və proqramı Strasburq Universiteti tərəfindən müəyyənləşir. Tədris ingilis dilində aparılır, lakin tələbələrə fransız dilini öyrənmək və ya təkmilləşdirmək imkanı da verilir. Gələn payız magistrlər üçün kursların açılacağı gözlənilir ki, bu da vacib addım olacaq. Bu layihənin uğur qazandığını görmək xoşdur. Mən Azərbaycan hökumətinə UFAZ-a göstərilən davamlı dəstəyə görə minnətdaram.

Bununla yanaşı, Azərbaycanda tələbələrə Fransa universitetlərinin diplomunu verən başqa ali təhsil ocaqları da var. Məsələn, Azərbaycan Dillər Universiteti yeni nəsil tələbələrin, fransız dili müəllimlərinin hazırlanmasında aparıcı rol oynayır.

Xaricdə təhsil almaq arzusunda olanlara gəlincə, biz Fransada təhsil alan tələbələrin sayının əhəmiyyətli dərəcədə artmasına çalışırıq. Əgər siz parlaq, iddialı, dinamik xarakterə malik şəxssinizsə, düşünmədən Fransanı seçin. Fransa universitetlərində ingilis dilində saysız-hesabsız fənn tədris olunur. Üstəlik, əksər Qərb ölkəsilə müqayisədə, Fransada oxumaq daha ucuz başa gəlir.

- Fransanın turizm sahəsində də zəngin təcrübəsi var. Fikrinizcə, Azərbaycana əcnəbi, məsələn, fransalı turistin cəlbi üçün nə tələb olunur? Turistləri ölkəmizə nə cəlb edə bilər?

- Düşünürəm ki, Azərbaycan məsələn, Gürcüstan kimi turist bumuna nail ola bilər. Burada bunun üçün tələb olunan bütün şərait var – dağlar, dəniz, isti iqlim, saysız-hesabsız görməli yer, əla mətbəx və sair. Avropada nəyin dayanıqlı olduğu, nəyini olmadığını bilmək üçün Avropa təcrübəsini öyrənmək lazımdır. Ölkənin mənzərəsini, kəndlərini, irsini, yerli mədəniyyəti qoruması, eyni zamanda infrastrukturu daha az yükləyəcək turizm formasını tapması vacibdir. Avropada buna böyük diqqət ayrılır. Çünki avropalıların həyat tərzi və gözləntiləri dəyişir. Bu üzdən də hesab edirəm ki, Azərbaycanla Aİ bu sahədə də tərəfdaş olmalıdırlar. Bundan başqa, artıq qeyd etdiyim kimi, açıq hava məkanı ilə bağlı ikitərəfli sazişin imzalanması bu istiqamətdə atılacaq yaxşı addım olardı.

- Azərbaycan nəhəng regional nəqliyyat-tranzit, enerji layihələrinin təşəbbüskarıdır. Bu layihələrdən hansılar Fransa üçün bu gün və perspektivdə daha aktualdır?

- Avropa ilə Azərbaycanı bir-birinə bağlayan enerji infrastrukturu, yəni Bakı-Tbilisi-Ceyhan neft kəmərilə Bakı-Tbilisi-Ərzurum qaz dəhlizi hər iki tərəf üçün çox vacibdir. Bu, Avropanın istehlak bazarını Azərbaycanın üzünə açır, Aİ üçün isə yeni tədarükçü yaradır. Bundan hər iki tərəf yalnız qazanır.

Bu layihələrə Fransa şirkətləri də cəlb olunub. Lakin bu layihələrdən Fransaya düşən pay çox deyil. Çünki bizim enerjiyə olan tələbatımız, elektrik enerjisi istehsalımız daha çox nüvə enerjisi hesabına təmin olunur. Bundan başqa, bu sahədə bərpa olunan enerji mənbələrinin də payı artır. Söhbət əsasən hidroenergetikadan gedir. Lakin külək və günəş enerjisi istehsalı da getdikcə artır. Bütün bunlarla yanaşı, biz qeyd olunan layihələrin yaxşı nəticələr verməsindən məmnunuq.

- Azərbaycanda hansı sahələr Fransa investisiyası üçün cəlbediciliyini qoruyur? Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında Fransa investisiyasının həcmi nə qədərdir və o, hansı layihələr hesabına arta bilər?

- «Total» gələn ildən işləməyə başlayacaq «Abşeron» layihəsinə 1 milyard avrodan artıq invetisiya qoyub. Fransanın dünya səviyyəli şirkətləri Azərbaycanda enerji layihələrinə sərmayə yatırmaqda maraqlıdır. Lakin bunun üçün qarşılıqlı maraq lazımdır. Şəxsən mənə Azərbaycanda təhsil mərkəzlərinə, istehsal layihələrinə investisiya yatırmağa hazır olan bir neçə fransız şirkətinin adı məlumdur, onların satış bazarlarına da çıxışı var.

Fransa İnkişaf Bankı Azərbaycanda bərk tullantıların emalı kimi «yaşıl» layihələrə investisiya qoymağa hazırdır. Bu, bərk tullantıların azalmasında yeni təmiz texnologiyalardan istifadəyə imkan verərdi. Bu isə öz növbəsində, həm ətraf mühitin, həm də yerli əhalinin xeyrinədir.

Biz eyni zamanda, Fransa iqtisadiyyatına, xüsusilə istehsal sektoruna böyük həcmdə Azərbaycan investisiyalarının yatırıldığını da görmək istərdik.

- Fransa dünyanın ən nəhəng kənd təsərrüfatı məhsulları istehsalçılarından biri, şərabçılıqda isə lider ölkələrdəndir. Bu sahədə hansı birgə perspektiv layihələri qeyd edə bilərsiniz?

- Azərbaycanda fermer təsərrüfatları ümumilikdə son dərəcə kiçikdir. Bu, yeni texnologiyaların tətbiqini çətinləşdirir, təlim, xidmət xərclərini artırır. Əlbəttə, ölkədə Sovet nümunəsi olan kolxoz, sovxoz kimi kənd təsərrüfatı modellərinin bəyənilmədiyi aydındır. Fransada isə alternativ özəl kooperativ modellər var. Düşünürəm ki, Azərbaycan onların öyrənilməsində maraqlı ola bilər. Bu modellər kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən şərabçılıqda tətbiq olunur.

Fransada Azərbaycanın müxtəlif regionlarının şəraitinə uyğunlaşacaq çoxsaylı mal-qara cinsi, dənli bitki növləri də var.

Yeri gəlmişkən, şərabçılığa gəlincə, fransızların həyat tərzinin vacib elementi olan bu sahə Qafqazda zəngin tarixə malikdir. Ümid edirəm ki, bu sahədə də çoxsaylı birgə layihələr həyata keçiriləcək. Buraya şərab istehsalında istifadə olunan maşın və texnologiyalar da daxildir, tədqiqatlar da, təlimlər də, dequstasiya kursları da.


MƏSLƏHƏT GÖR:

410