26 Aprel 2024

Cümə, 03:38

ƏBƏDİ QƏHRƏMANLAR

«Qara Yanvar» Azərbaycan xalqının azadlıq və müstəqilliyə gedən yolunda dönüş anıdır

Müəllif:

01.02.2020

Bu il yanvarın 20-də Azərbaycan xalqı tarixinə «Qanlı Yanvar» kimi düşmüş faciənin 30-cu ildönümünü qeyd edib. Bu, Azərbaycanın yeni tarixinin vacib səhifəsidir. Başqa sözlə, «Qara «Yanvar» azadlıq və müstəqilliyə gedən yolda çox sayda qurban vermiş Azərbaycan xalqının şüurunda dönüş yaratmış hadisədir.

 

Bakının qurban verilməsi

1990-cı il yanvarın 20-nə keçən gecə o zaman hələ mövcudluğunu qoruyan Sovet İttifaqının ayrı-ayrı regionlarına atılmış qoşun hissələri Azərbaycan paytaxtına yeridildi. Qüdrətli fövqəldövlət olan SSRİ-nin güc strukturları rəhbərlərinin bilavasitə rəhbərliyilə həyata keçirilən əməliyyata Sovet İttifaqının quru qoşunlarının, Hərbi-Dəniz və Hərbi-Hava qüvvələrinin böyük hissələri, həmçinin DTK və DİN-in xüsusi təyinatlı dəstələri cəlb olunmuşdu.

Bakıda fövqəladə vəziyyət SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli qərarı ilə elan edilsə də, onun tətbiqi, komendant saatının elan olunduğu qoşunların Bakıya daxil olmasından 7 saat sonra açıqlanmışdı. O vaxtadək artıq paytaxtda onlarla günahsız insan qətlə yetirilmişdi.

Ümumilikdə Sovet qoşunlarının Bakıda və Azərbaycanın bölgələrində həyata keçirdiyi cəza əməliyyatı nəticəsində müxtəlif yaşda, ayrı-ayrı millətlərə və dinlərə aid 170-dən artıq mülki şəxs həlak olub, 800-dən çox insan yaralanıb, 100-dən artıq sakin itkin düşüb.

Bununla yanaşı, Sovet qoşunları Bakıya Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin razılığı olmadan, yəni SSRİ və Azərbaycan konstitusiyalarının, həmçinin «Azərbaycan SSR-in suverenliyi haqqında» Konstitusiya Qanununun kobud şəkildə pozulması ilə yeridilmişdi.

Həmin qanlı günlərdə doğma xalqının müdafiəsinə qalxan Sovet İttifaqının ali rəhbərliyi tərəfindən vəzifəsindən kənarlaşdırılmış və SSRİ prezidenti Mixail Qorbaçov tərəfindən təqib olunan Heydər Əliyev olmuşdu. Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn H.Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətə görə, Mərkəzi hökuməti, hakim Kommunist Partiyasını və şəxsən Qorbaçovu ittiham etmişdi.

1990-cı ilin yanvar faciəsinin əsas səbəbi hökumətin ona qarşı qalxmış Azərbaycan xalqını əzmək istəyi idi. Mərkəz Azərbaycanın SSRİ-dən ayrılmağa doğru getdiyini görürdü və bunun qarşısının alınması üçün bütün resurslarını səfərbər etmişdi. Lakin bir məqamın da qeyd olunması vacibdir – həmin günlərdə Bakıda və Azərbaycanın rayonlarında baş verənlər həm də demokratik ruhlu milli-azadlıq hərəkatı idi. Xalq öz milli «mən»ini qorumaq, totalitarizmdən qurtulmaq üçün ayağa qalxmışdı. Birmənalı şəkildə demək olar ki, Sovet imperiyasının qürubunda məhz Azərbaycan azadlıq, xalq hakimiyyəti uğrunda mübarizəyə qalxmış əsl demokratik hərəkat ocaqlarından biri idi. Bu kütləvi xalq hərəkatının arxasında kənardan hər hansı nüfuzlu qüvvə, siyasi və maddi resurs yox idi. Milyonlarla azərbaycanlı birağızdan öz hüquq və azadlıqlarının müdafiəsinə qalxmışdı. Lakin onların ilk və əsas tələbi doğma Qarabağın erməni təcavüzündən qorunması idi.

Azərbaycanda ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində baş vermiş bütün ictimai-siyasi proseslərin özəyini, təbii ki, respublikanın ərazi bütövlüyü uğrunda hərəkat təşkil edirdi. 1990-cı ilin yanvarında artıq Azərbaycan xalqı bir şeyə tam əmin olmuşdu: Mərkəz respublikanı erməni millətçilərinin qəsbindən nəinki qorumaq iqtidarında deyil, hətta buna xüsusi maraq belə, göstərmir. Bununla yanaşı, artıq aydın idi ki, Qorbaçov və ətrafının yaşıl işıq yandırdığı erməni millətçi hərəkatı əslində elə SSRİ-də millətlərarası sülhün «altına quraşdırılmış» minadır. Halbuki nəhəng çoxmillətli fövqəldövlət məhz bu millətlərarası sülh sayəsində yaşayırdı.

Beləliklə, Qorbaçovun rəhbərlik etdiyi Kreml, əslində, erməni separatizmini təşviq etməklə, istəyərək və ya istəmədən dünənədək beynəlmiləlçilikdən danışan, «xalqlar savaşı»nın qoxusunun belə, gəlmədiyi vahid dövləti dağılmasına imza atdı. Məhz Sovet rəhbərliyinin, ilk növbədə isə Mixail Qorbaçovun bu xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı dəqiq qənaətə gəlmişdi: ölüm-dirim məsələsinin ortada olduğu bu tarixi anda kənardan kömək gözləməyə dəyməz.

1990-cı ilin 20 yanvar faciəsinin daha bir vacib səbəbisə Azərbaycan SSR rəhbərliyinin faktiki satqınlığı olub. Həmin günlərdə yerli hökumət bu vəhşi qətliamın qarşısının alınması üçün heç bir tədbir görməyib. Burada Azərabaycan xalq hərəkatının liderlik missiyasını üzərinə götürmüş ayrı-ayrı təmsilçilərinin məsuliyyətsizliyini də qeyd etmək lazımdır. Çünki həmin insanlar hərəkata liderlik etməyə nə mənəvi, nə də zehni baxımdan hazır idilər.

Azərbaycan xalqına qarşı bu cinayətin törədilməsində xarici amillərin rolu da az olmayıb. Xalqımızın bəlası onda idi ki, onun demokratik milli-azadlıq hərəkatının darmadağın olmasında yalnız imperiyanın mövcudluğunu qoruyub saxlamağa çalışan Moskva maraqlı deyildi. Bu, Sovet İttifaqının süqutu üçün əlindən gələni edən qüvvələrin də marağında idi. Məsələn, SSRİ-nin parçalanmasına çalışan Qərb yanvar qətliamı kimi hadisələrin baş verməsində obyektiv olaraq maraqlı idi və bu məqsədlə ittifaqı daxildən laxladan qüvvələrə bütün lazımi dəstəyi verirdi. Məhz bu səbəbdən, Bakıda həyata keçirilmiş hərbi əməliyyat «azad dünya»nın heç bir dövləti tərəfindən pislənməmişdi. Əli yüzlərlə azərbaycanlının qanına batmış Qorbaçov isə elə həmin 1990-cı ilin sonunda Nobel Sülh mükafatına layiq görülmüşdü.

90-cı ilin yanvarında baş verənlərdə şübhəsiz ki, informasiya blokadasında olan Azərbaycana qəddar respublika imici yapışdırmaq üçün əlindən gələni əsirgəməyən dünya erməniliyinin də rolu var. Həmin hadisədən 30 il keçdikdən sonra belə, ermənilər və onların himayədarları öz amplualarına sadiq qalaraq, «Qara Yanvar»ın günahkarı kimi Azərbaycanın özünü göstərməyə çalışırlar. Tarixi faktlarla manipulyasiya edən, onları dəyişdirən, saxtalaşdıran erməni işğalçıları bununla, Azərbaycana qarşı istər o zaman, istərsə də bu gün həyata keçirdikləri cinayətlərə haqq qazandırmaq istəyirlər.

 

Haqq Azərbaycanın tərəfindədir

«Qara Yanvar» hadisəsinin 30-cu ildönümü ərəfəsində Ermənistan yeni siyasi təbliğat kampaniyasına başlayıb. Onlar dünya birliyini Sovet qoşunlarının Bakıya guya «erməni talanlarına» son qoymaq məqsədilə yedirildiyinə inandırmağa çalışır. Məsələn, Ermənistan prezidenti Serj Sarqsyan 1990-cı ilin yanvar hadisəsinə həsr olunmuş xüsusi müraciətində bildirirdi ki, «Bakıda ermənilərə qarşı həyata keçirilmiş talanlar Azərbaycan dövlətinin anti-erməni siyasətinin nəticəsi olub». Baş nazir Nikol Paşinyan isə analoji müraciətində «Bakına ermənilərə qarşı həyata keçirilmiş talanların 30-cu ildönümü»ndən danışır. Bu da son deyil. «DQR»in «ombudsman»ı Artak Beqlaryan deyir ki, «Sovet ordusu Azərbaycan Milli Cəbhəsi qoşunlarının amansız müqavimətini qıraraq, 7 gün davam etmiş erməni qətliamını dayandıra bilib». Bu «insan haqlarının müdafiəçisi» nəinki faktları biabırcasına təhrif edərək dinc azərbaycanlıları heç zaman mövcud olmamış «Azərbaycan Milli Cəbhəsi»nin (təşkilat Azərbaycan Xalq Cəbhəsi adlanıb) ordusu kimi göstərir, erməni işğalçıları tərəfindən öz doğma torpaqlarından qovulmuş və ya məhv edilmiş 100 minlərlə dinc insanın – azərbaycanlının taleyinə etinasızlıq göstərərək, Azərbaycanı «ermənilərə qarşı irqi nifrət bəsləməkdə» günahlandırır.

Beləliklə, Azərbaycana qarşı ittihamlar səsləndirən ayrı-ayrı erməni xadimlər saysız-hesabsız fakta bilərəkdən «görmür». Halbuki həmin faktlar iki xalq arasındakı qanlı düşmənçilikdə, Qarabağda bu gün də davam etməkdə olan müharibədə məhz Ermənistanın və erməni millətçilərin günahkar olduğunu açıq-aydın ortaya qoyur.

Birincisi, münaqişənin gedişində ilk qan məhz Ermənistan SSR ərazisində axıdılıb. Bu, hələ Qarabağ münaqişəsinin aktiv fazasından əvvəl, 1987-ci ilin sonlarında olub. Həmin vaxt Ermənistan SSR-in Qafan, Quqark və digər rayonlarında yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Azərbaycan SSR-ə məxsus DQMV-də separatçı çağırışlar, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri baş qaldırmadan Ermənistan SSR-in əslində əzəli Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur kimi bölgələrindən 200 mindən artıq azərbaycanlı qovulmuşdu. Halbuki, regionun köklü əhalisinin son nəsli məhz onlar idi. Artıq 1987-ci ilin sonlarında Ermənistandan qaçqın düşmüş azərbaycanlılar Bakıda, Sumqayıtda və Azərbaycanın digər bölgələrində məskunlaşmağa başlamışdılar.

Hakimiyyətin tam fəaliyyətsizliyi nəticəsində artıq Azərbaycan xalqı böyük fəlakətlə, respublika isə ərazi bütövlüyünü itirmək təhlükəsilə üz-üzə qalmışdı. Məhz bu təhdidlərə cavab olaraq azərbaycanlıların təhlükəsizliyinin, respublikanın suverenliyinin təminini tələb edən xalq hərəkatı yaranmışdı.

Beləliklə, erməni millətçiləri və onları Mərkəzdən himayə edən müttəfiqləri Azərbaycanda getdikcə güclənməkdə olan xalq hərəkatının yatırılmalı olduğunu əsaslandırmağa çalışırdı və 1990-cı ilin yanvarında Bakıda baş vermiş «erməni talanları» məhz bu məqsədlə təşkil olunmuşdu. Halbuki, ilk belə hadisə hələ 1988-ci ilin fevralında Sumqayıtda baş vermişdi. Sumqayıt talanlarına erməninin rəhbərlik etdiyi faktı istintaq orqanları tərəfindən çoxdan sübuta yetirilib.

Bir sözlə, Qorbaçovun Bakıya qoşun yeridilməsi qərarını «erməni əhalinin müdafiəsi» zərurətilə əsaslandırması, erməni tərəfinin guya Azərbaycan paytaxtında ermənilərə qarşı talanların həyata keçirildiyi haqda iddiaları qədər yalandır, riyakarlıqdır. Mərkəz erməniləri qorumaq istəsəydi, qoşunu Bakıya 1 həftə əvvəl yeridərdi – o zaman ermənilərə qarşı zorakılıq aktları kimi təxribatlara, həqiqətən də, əl atılmışdı. Lakin Sovet ordusu Bakıya SSRİ hakimiyyətinin Azərbaycanda son günlərini yaşadığı aydın olduqda yeridilib. Bu mənada 20 Yanvar yalnız faciə yox, həm də Azərbaycan xalqının qəhrəmanlıq günüdür. Son nəfəsdə olan Sovet İttifaqı adlı super fövqəldövlət bu qəhrəmanlıq nümayişini boğmaq üçün bütün gücünü ortaya qoymuşdu.

Ermənistan rəhbərliyinin bu məsələdə Azərbaycanı «hədəfə çevirmək» cəhdlərinə gəlincə, bunun heç bir mənası yoxdur. Hər halda, həqiqi, danılmaz faktı tarixdən heç kəs silə bilməz – hər iki tərəfdən on minlərlə insanın ölümünə səbəb olmuş Qarabağ müharibəsini məhz Ermənistan başlayıb. Bu həqiqəti təcavüzkar dövlətin keçmiş və indiki rəhbərliyinin heç kim dəyişdirə bilməz…

Bu yerdə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından bir sitat gətirmək yetirə düşər: «O ki, qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir».



MƏSLƏHƏT GÖR:

273