25 Aprel 2024

Cümə axşamı, 15:25

AZƏRBAYCANA GÜVƏNƏRƏK

Davos Forumu Azərbaycanın dünya siyasəti və iqtisadiyyatında artan rolunu təsdiqlədi

Müəllif:

01.02.2020

2020-ci ilin ilk günlərinin ən maraqlı hadisələrindən biri İsveçrənin Davos şəhərində keçirilən sayca 50-ci Dünya İqtisadi Forumu (DİF) oldu. Bu forum özünü nəinki dünya iqtisadiyyatının, həm də beynəlxalq siyasətin aktual məsələlərinin müzakirə meydanı kimi çoxdan təsdiqləyib. Yubiley toplantısına gəlincə, foruma 117 ölkədən 45 dövlət və hökumət başçısı da daxil olmaqla, dünyanın siyasi və iqtisadi elitasını təmsil edən 3 minədək nümayəndə qatılmışdı. Bütün diqqətləri üzərinə çəkmiş forumun iştirakçıları arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi.

 

Qlobal çağırış

Yubiley forumun mövzusu «Birgə və davamlı dünyanın maraqlı tərəfləri» olub. Lakin bu mövzu kontekstində bəşəriyyət üçün getdikcə daha ciddi əhəmiyyət kəsb edən ekoloji problemlərin müzakirəsi xüsusi yer tutub. Budəfəki Davos Forumu dünya liderlərində Paris İqlim Sazişinə dəqiq əməl olunmasını tələb edən ekologiya fəallarının çıxışları ilə müşayiət olunub. Maraqlıdır ki, forumun işgüzar proqramını isveçrəli gənc ekofəal Qreta Tunberq açıb. O, qlobal siyasi dairələri və onların nəzarətində olan KİV-i növbəti dəfə bütün dünyaya təhdid olan ekoloji fəlakətlə bağlı susmaqda, məsələyə etinasız yanaşmaqda təqsirləndirib. Onunla qiyabi polemikaya ABŞ prezidenti Donald Tramp belə girib. Forumda çıxış edən Tramp bildirib ki, hazırda prioritet ekologiya yox, iqtisadiyyatdır. Məhz bu kontekstdə ABŞ lideri ətraf mühitin qoruyucularını sərt tənqid edib.

Donald Trampın növbəti dəfə dilə gətirdiyi bu mövqeyi fonunda onun «trilyon acağın əkiləcəyi» anonsu heç bir effekt verməyib. Üstəlik, Tunberq Trampın bu təşəbbüsünə cavab olaraq «yalnız ağac əkməklə iqlim dəyişikliyini önləməyin mümkün olmayacağını» bildirib.

Davos Forumunun digər nüfuzlu iştirakçısı – Almaniya kansleri Angela Merkel isə ekofəalların mövqeyini dəstəkləyib. Onun fikrincə, Paris İqlim Sazişinin qarşıya qoyduğu hədəflərə nail olunması xüsusilə Avropa qitəsi üçün həyati məsələdir. Merkel bəşəriyyəti bu məsələdə birliyə çağırıb, eyni zamanda qlobal ekoloji fəaliyyətin qarşısının alınmasına hər bir ölkənin ayrı-ayrılıqda töhfə verməli olduğunu söyləyib. «Avropa üçün hədəf bəllidir – 2050-ci ilə qitə iqlim üzrə neytral qitəyə çevrilməlidir. Yəni 2050-ci ildə Avropada artıq atmosferə parnik qazları buraxılmamalı, qaçılmaz olan məsələlər isə başqa tədbirlər vasitəsilə kompensasiya edilməlidir. Bunun üçün nəhəng, tarixi miqyasda dəyişikliklər vacibdir», - deyə kansler qeyd edib. O, Almaniyanın 2038-ci ilə atom enerjisindən tam imtina edəcəyini, kömürlə işləyən bütün elektrik stansiyalarını bağlayacağını da bildirib.

Ekoloji problemlərin müzakirəsilə yanaşı, forumda biznesin insani aparılması yolları, gələcəkdə iş yerlərinin açılması, ictimaiyyətin rifahı naminə yeni texnologiyaların tətbiqi kimi məsələlər də nəzərdən keçirilib. Avrasiya və dünya miqyasında ayrı-ayrı dövlətlərin artmaqda olan iqtisadi imkanları da təhlil edilib. Bu mənada, dünyanın iqtisadi və siyasi elitasının Azərbaycana marağı özünü bir daha göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin DİF-in işinə ardıcıl olaraq 14-cü dəfə qatılmasının özü çox şeydən xəbər verir.

 

«Suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənmək»

İlham Əliyev Davos Forumunun nüfuzlu tribunasından növbəti dəfə istifadə edib. O, qlobal siyasət və iqtisadiyyatın nüfuzlu nümayəndələri qarşısında Azərbaycan dövlətinin daxili və xarici siyasətindəki prioritetlərdən danışıb. Bu zaman o, Azərbaycan siyasətindəki fundamental prinsipə xüsusi diqqət çəkib. Söhbət beynəlxalq arenada müstəqilliyin, milli maraqların davamlı qorunmasından gedir.

Davos Forumu çərçivəsində «Strateji baxış: Avrasiya» mövzusundakı panel iclasın aparıcısı ilə Azərbaycan Prezidentinin dialoqu da maraqlı olub. İlham Əliyev «Avrasiyanın böyük qüvvələrindən ilk olaraq Pekinə zəng edərsiniz, yoxsa Moskvaya?» sualına İlham Əliyev qısa, lakonik, lakin kifayət qədər aydın cavab verib: «Bakıya…». Moderatorun təəccüb dolu reaksiyasını görən İ.Əliyev bildirib ki, Azərbaycan böyük uğurlara, ilk növbədə, xalqın və dövlətin öz müstəqilliyinə sadiqliyi sayəsində imza atıb.

«Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı öz-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir», - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycanda həyata keçirilən islahatlardan da danışan dövlət başçısı ölkənin daxili və xarici siyasəti üçün ümumi prinsip sayıla biləcək prinsipi də dilə gətirib: «Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik».

Azərbaycan Prezidenti forum iştirakçılarının diqqətini regional sabitliyə ciddi təhdid olan məsələlərə, ölkəmizin sərhədlərindən kənarda artan gərginliyə, xüsusilə Əfqanıstanda baş verənlərə və Amerika-İran münasibətlərinə də çəkib. O, tam doğru olaraq deyib: «Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq…».

İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini də xatırladıb, bunun bütünlükdə regionun təhlükəsizliyinə, sabitliyinə daimi təhdid olduğunu bildirib.

Azərbaycan dövlətinin müasir mərhələdə inkişafı üçün nələrin tələb olunduğu haqda da danışan prezident «yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma»dan danışıb. Bununla yanaşı, o, Azərbaycanın uğurları haqda Davos Forumunun özünün açıqladığı qiymətləndirməyə istinad edib. Həqiqətən də, DİF-in Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görməsi Azərbaycan dövlətinin effektivliyinin aşkar göstəricisi sayıla bilər. Demək, daxili potensialı ona beynəlxalq arenada mövqeyini davamlı olaraq gücləndirmək imkanı verir.

 

Regional mərkəz

Azərbaycanın beynəxalq nüfuzunun nə qədər artdığını, onun xüsusilə DİF meydanında hansı nüfuza malik olduğunu Prezident İlham Əliyevin Davosda keçirdiyi çoxsaylı görüşlər də təsdiqləyib. Forumun kluarlarında o, müxtəlif dövlətlərin liderləri, nəhəng beynəlxalq şirkətlərin rəhbərlərilə çoxsaylı görüşlər keçirib. İlham Əliyevin Pakistanın baş naziri İmran Xan, Polşa prezidenti Ancey Duda, Xorvatiya hökumətinin başçısı Andrey Plenkoviç, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın baş naziri Georgi Qaxariya, İsveçrə prezidenti Simonetta Sommaruqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqları Azərbaycanın tərəfdaş dairəsinin nə qədər geniş olduğunu, onun xarici siyasi maraqlar spektrini bir daha ortaya qoyub.

İ.Əliyevin DİF prezidenti Borge Brende, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suma Çakrabarti, Norveçin «Equinor» şirkətinin baş icraçı direktoru Eldar Saetre, Rusiyanın «LUKOIL» şirkətinin prezidenti Vahid Ələkbərov, Niderlandın «Signify» şirkətinin rəhbəri Erik Rondolat və digər nəhəng beynəlxalq biznes nümayəndələrilə görüşlərisə Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını davam etdirmək niyyətinin, eyni zamanda dünyanın aparıcı şirkətlərinin, iqtisadi-maliyyə mərkəzlərinin ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunun göstəricisidir.

Davos Forumunun gedişində Azərbaycanın «LUKOIL», «Signify» (işıqlandırma sahəsində dünya liderlərindən biri), «Swiss Re» (İsveçrənin təkrar sığorta cəmiyyəti), «Procter and Gamble Europe» (beynəlxalq istehlak malları bazarının liderlərindən biri), «Carlsberg Group» (nəhəng pivə istehsalı korporasiyası) şirkətlərilə əməkdaşlığı genişləndirməsinə dair konkret razılaşmalar əldə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşündən ayrıca danışmaq lazımdır. Barkindo İlham Əliyevin hələ 5 il əvvəl Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələri və OPEC-ə üzv olmayan ölkələri bir araya gəlməyə, birlikdə çalışmağa çağırmış dünya liderlərindən birincisi olduğunu xatırladıb. Bununla, OPEK rəhbəri İlham Əliyevin uzaqgörənliyinə, qlobal enerji bazarındakı problemlərin həlli yollarını, neft hasilatçısı olan ölkələr arasında əməkdaşlığın perspektivlərini dəqiq görməsinə yüksək qiymət verib.

Beləliklə, sayca 50-ci olan yubiley forumunda müstəqil Azərbaycanın regional və qlobal proseslərdəki artan nüfuzu növbəti dəfə nümayiş olunub. Forumun əlamətdar hadisələrindən biri də Prezident İlham Əliyevlə DİF rəhbəri Borge Brende arasında imzalanmış protokoldur. Sənədə əsasən, Azərbaycanda DİF-in afilə edilmiş regional mərkəzi yaradılacaq. Azərbaycan üçün bu, yalnız yeni böyük investisiya axını perspektivi yox, həm də onun Avrasiyanın əsas iqtisadi mərkəzlərindən biri kimi qəbul olunması deməkdir.

Başqa sözlə, Bakının Şərqlə Qərb, Şimalla Cənub arasında bağlayıcı bəndə çevrilmək istiqamətində uzun illər göstərdiyi səylər məntiqi nəticəsini tapır. Artıq onun bu rolu dünyanın siyasi və iqtisadi elitaları tərəfindən qəbul olunur. Bunlardan biri isə əlbəttə ki, Davos Forumudur. Bu, əslində qlobal güc mərkəzlərinin Azərbaycanın Cənubi Qafqazdakı liderliyini qəbul etməsidir. Onlar Azərbaycanı etibarlı, cəlbedici iqtisadi tərəfdaş kimi qəbul, regional təhlükəsizliyin formalaşdırılması prosesindəki vacib rolunu etiraf edirlər.



MƏSLƏHƏT GÖR:

302