29 Mart 2024

Cümə, 15:57

«BAKIDA DOSTLUQ ANLAYIŞI ƏBƏDİDİR

Mixail QUSMAN: «Dünyada çox yerdə olmuşam, çox yeri gəzmişəm, lakin Azərbaycan paytaxtı fenomenini heç yerlə müqayisə etmək olmaz…»

Müəllif:

15.02.2020

Jurnalist, tərcüməçi, tele-radioaparıcı, TASS agentliyinin baş direktorunun birinci müavini, «Hakimiyyət formulu» və «Həyat formulu» kitablarının müəllifi, əməkdar incəsənət işçisi, əməkdar jurnalist, Rusiya Dövlət Mükafatı laureatı, Azərbaycanın «Şərəf», «Dostluq», «Şöhrət» ordenləri kavaleri Mixail Solomonoviç Qusman. O, bir əfsanə, Bakı gənclərinin kumiridir. Gənclər bu həmyerlilərinin əsl vətənpərvər olduğuna əmindirlər. Onun taleyi, həmçinin peşəkar həyatı aydın şəkildə göstərir ki, insan qarşısına məqsəd qoyarsa, nə istədiyini dəqiq müəyyənləşdirərsə, mümkünsüz heç nə yoxdur. Bu gün Mixail Qusman rəyi nəzərə alınan şəxslərdəndir. Onun problemlərə yanaşması, məsələlərə münasibəti çoxları üçün maraqlıdır. Və bu, yalnız bakılılara aid deyil. O, Azərbaycan həqiqətlərini, hələ də çoxlarının bilmədiyi doğruları dünyaya danışa bilən azsaylı şəxsiyyətlərdəndir.

Bu yerdə ortaya Mixail Qusmanla bağlı başqa formul çıxır – Vətənə sevgi formulu. Bu, həqiqətin lazımi anda, lazımi yerdə dilə gətirilməsi bacarığıdır. Üstəlik, elə demək ki, səni eşitsinlər – bu, xüsusi istedaddır. Mixail Solomonoviçdə məhz bu var. Onu hər kəs eşidir, ona hər kəs inanır.

Vətəni 30 il əvvəl tərk etmiş M.Qusman onunla əlaqəni bu gün də kəsmir, Şüvəlandakı evinə çox tez-tez gəlir: düşünmək, dincəlmək, dostlarla söhbətləşmək, əsl vətənpərvər üçün hər zaman «şirin və xoş» olan doğma hava ilə nəfəs almaq üçün. O, bu günlərdə də Bakıda idi. Sadəcə, darıxdığı üçün deyil, «Moskva-Bakı: mədəniyyətlərin dialoqu» mədəniyyət forumunun fəal təşəbbüskarlarından, təşkilatçılarından və iştirakçılarından biri olduğu üçün. Bu, ölkələrimiz üçün lazım, hətta vacib dialoqdur. Yeri gəlmişkən, tədbir Mixail Solomonoviçin yubileyilə üs-üstə düşürdü. Bu, təsadüf deyildi və yubilyar onu böyük hədiyyə sayırdı.

Təbriklərə qoşulan «Region+» redaksiyası əfsanəvi bakılı, «Hakimiyyət formulu» verilişinin müəllifi və dəyişməz aparıcısı Mixail Qusmanın sevgi formulunu öyrənməyi çox istərdi. Görüşümüz çox qısa sürdü. Çünki o, çox məşğul insandır və burada – Bakıda belə, vaxtı çox məhdud olur.

- Doğulduğunuz şəhərin adını dilə gətirdikdə nə hiss edirsiniz, nəyi xatırlayırsınız?

- Valideynlərimi. Bəzən məni özlərilə qonaq aparırdılar, bəzən evimizə gəlmiş qonaqlarla birgə masa arxasında əyləşdirirdilər. Bu, çox xoşuma gəlirdi. Onların ətrafı, dostları ilə ünsiyyəti məni üçün böyük zehni, psixoloji məktəb idi. Uşaqlığımdan, gəncliyimdən yaddaşımda qalmış ən yaxşı şey, yəqin ki, valideynlərimlə ünsiyyətimdir. Evimiz. Bu gün evimiz haqda qarışıq hisslərim var: uşaqlıq xatirələri, valideynlərim haqda xatirələrim…

 

Uşaqlıq insanın qısa müddətə də olsa qayıtmaq istədiyi zamandır, yerdir, məkandır. O həmin yerə bacardığı qədər tez-tez qayıdır. Bakıda Pyotr Montin küçəsi, ev 111 ünvanı var (1991-ci ildən Əlövsət Quliyev küçəsi). Mixail Solomonoviç buraya ikinci mərtəbədəki pəncərəyə baxmaq üçün gəlir. Onun valideynlərinin sevgi və harmoniya ilə dolu, rahat, xoşbəxt həyat yaşadığı evi buradadır. Qarşısında futbol oynayaraq böyüdüyü küçə.

111 nömrəli evin üzərinə Heydər Əliyevin sərəncamı ilə memorial lövhə vurulub. Bununla, Azərbaycanın görkəmli alimləri – tibb elmləri doktoru, professor Solomon Moyiseyeviç Qusman ilə pedaqogika elmləri doktoru, professor Lola Yulyevna Barsukun xatirələri əbədiləşdirilib.

Yəqin ki, ondan valideynlərinin məzarını ziyarət edərkən hansı hissləri yaşadığını soruşmağa dəyməz. Amma onunla valideynləri arasında dialoq sanki kəsintisiz davam edir. Valideynlərin illər öncə kiçik oğulu dostların əhatəsinə buraxaraq, qurduqları səmimi və ciddi dialoq.

 

- Mən valideynlərimlə zaman keçirməyi həmişə sevmişəm. Əgər həyətdə oynamaq və ya valideynlərimlə harasa getmək kimi seçim yaranırdısa, hər zaman ikincini seçirdim.

 - Niyə?

- Böyük yığıncaqları xoşlamır, anlamırdım: orada narahat olurdum.

- Heç zaman dalaşqan olmamısınız?

- Qarşıdakına səhv olduğunu izah etməm üçün hər zaman sözüm kifayət edib. Əl-qol atmağı heç zaman güclü sözdən möhkəm saymamışam.

 

Yəqin ki, o, uşaqlıqda da valideynlərini məyus etməyib. Amma indi sağ olsaydılar, onunla mütləq fəxr edərdilər. Çünki o, sevgi ilə böyüyərək, qəlbində sevginin işığını qoruyub saxlaya bilib və indi həmin sevgini digərlərinə də ötürür. Sevgi dolu, anlayışlı, müdrik valideynlər sayəsində istedadlı uşaqlar yetişir ki, sonda onlar cəmiyyətin dayağına, ziyalılar üçün işığa çevrilirlər. Çox epitet tapmaq, çox müqayisə aparmaq olar. Fakt isə odur ki, bizim hər birimiz uşaqlıq dövrü keçmişik. Onun müdrik valideynləri oğullarına özü kimi olmağa imkan verirdilər, gələcəkdə onu əfsanəvi şəxsiyyət kimi formalaşdıracaq xüsusiyyətlərin inkişafına kömək edirdilər.

- Eyni küçədə, həyətdə böyüdüyünüz uşaqlarla münasibətləriniz varmı?

- Bilirsiniz, hərə bir yana köçüb… Küçəmiz əsl futbol küçəsi idi. Azərbaycanda məşhur futbolçular olmuş Namazov qardaşları bizimlə üzbəüz həyətdə yaşayırdılar. Başqa həyətlərdən Anatoli Banişevski, Nikolay Boqdanov kimi uşaqlar onlarla futbol oynamaq üçün bizim həyətə gələrdilər…

- Necə yəni?

- Azərbaycan futbolunun əsl azarkeşləri məni başa düşəcək. O vaxt futbol çox populyar idi. Onlar artıq idman ustası, eyni zamanda Namazov qardaşları ilə dost idilər. Həmişə bizim komandamızda oynayırdılar. Nəticədə, biz həmişə qazanan tərəf olurduq.

- Bakıda kiminlə dostluq edirsiniz?

- Hər zaman dost olduğum insanlarla. Bakıda mənim dostlarım var. Moskvada isə azdır. Ümumiyyətlə, Moskvada dostluq anlayışı qəribədir. İnsanlar dostluq etdikləri şəxslərlə illərlə görüşməyə bilir. Bakıda dostluq anlayışı əbədidir.

- Bakıda insanlar arasındakı isti münasibət başqa şəhər və ölkələrdə gördüyünüz münasibətlərdən fərqlənirmi?

- Müqayisə aparmaq yersizdir. İstənilən müqayisə pis tərbiyənin əlamətidir.

- Memarlığı ilə turistləri özünə cəlb və heyran edən Bakıya tez-tez gəlirsiniz. Necə düşünürsünüz, bu cəlbediciliyin sirri nədir?

- Bakı memarlığı ilə, Qız qalası və ya bulvarı ilə unikal deyil. Bunlar, əlbəttə ki, çox gözəldir. Lakin Bakı insanları, onların bir-birinə münasibətilə də ad çıxarıb. Bakıda ən vacib cəhət mövcud atmosfer, qonaqpərvərlik, mehribanlıqdır. Burada bu hisslər səmimidir. Dünyada qonaqpərvərliyin, mehribanlığın olduğu çox yerləri gəzmişəm. Lakin Bakı fenomeni heç nə ilə müqayisəyə gəlmir…

- Məzuniyyətinizi Xəzər sahillərində keçirirsiniz?

- Bakı dənizinin vurğunuyam. Amma məzuniyyətimi fərqli yerlərdə keçirirəm. Məzuniyyətdən başqa, bütün boş vaxtlarımı Bakıda oluram. Burada dincələ bilmərəm. Çünki burada çox ünsiyyətdə olmaq, çox yemək lazım gəlir. Bunlar isə məzuniyyyət vaxtı mənə lazım deyil…

- Buraya gələrkən ciddi arxitektura dəyişiklikləri gördükdə uşaqlıq dövrünüzün həsrətini çəkirsinizmi?

- Yox. Bəlkə də, Bakıda tez-tez olduğumdan, bütün dəyişikliklər – istər memarlıq, istər mədəniyyət sahəsində – gözlərimin qarşısında baş verir. Əvvəllər bulvarda bir marşrut üzrə gəzərdik – paraşüt qülləsindən «Azneft» binasına və əksinə. Bu, hər zaman belə olardı. İndi isə bulvar çox böyüyüb. Mən Bakını yeni tikililərlə deyil, ürəyimlə hiss edirəm. Bu isə dəyişməzdir.

- Bu yaxınlarda Bakıda «Moskva-Bakı: mədəniyyətlərin dialoqu» mövzusunda dəyirmi masa keçirilib. Bu, əslində, ölkələrimiz arasında heç zaman kəsilməmiş dialoqun davamıdır…

- Onun heç zaman kəsilmədiyini demək olmaz. 20 Yanvar hadisələrindən sonra o, uzun müddətə, bəlkə də, həmişəlik kəsilə bilərdi. Xoşbəxtlikdən, Heydər Əliyev Azərbaycana qayıtdı. Nəticədə, dialoq bərpa olundu və gücləndi. Bu gün isə bu dialoq İlham Əliyevin sayəsində güclənir.

Halbuki, 20 Yanvardan sonra bir müddət bu dialoqun qırılacağı hissi var idi…

- Mədəniyyətlərarası siyasət mədəniyyətlərin dialoqundan keçir, belədirmi?

- Mədəniyyətlərarası siyasətdən danışarkən, bu siyasətin birgə layihələr vasitəsilə həyata keçirildiyini nəzərdə tutsaq, görərik ki, mədəniyyət siyasi əlaqələrin əvəzedilməz atributudur. «Moskva-Bakı: mədəniyyətlərin dialoqu» tədbiri məhz mədəni-siyasi əlaqələrə, iki ölkə, iki xalq arasında siyasi əməkdaşlığa töhfə verilməsinə nümunədir…

- Siz vətənpərvər bakılı olaraq, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində çox iş görürsünüz. Hansısa möcüzəvi gücə malik olsaydınız, Azərbaycan üçün nə edərdiniz?

- Qarabağ problemini çözərdim ki, köçkünlər öz yurdlarına qayıtsın, dostum Polad Bülbüloğlu Şuşadakı ata yurduna dönə bilsin. Əsrlərlə öz doğma evlərində yaşamış azərbaycanlıların doğma torpaqlarından qovulmasını böyük ədalətsizlik sayıram. Bu, mütləq ədalətsizlikdir! Ədalətsizlik isə aradan qaldırılmalıdır.

 

Söhbətimiz çox qısa – yarım saat çəkdi. Və biz yalnız hakimiyyət deyil, həyat, sevgi formulu haqda da hər şeyi olmasa da, çox şeyi bilən adamdan ayrılırıq. Sonuncu nə hakimiyyətlə müqayisəyə gəlir, nə həyatla. Çünki o, hətta həyatla birgə götürülən hakimiyyətlə müqayisədə daha dərin, daha geniş, daha böyükdür. Bəlkə də, özu bu haqda düşünmür. Lakin onun dostları – bakılı dostları – dəqiq bilirlər ki, Mişa Qusman hər şeyin dəyərini bilən, səmimiyyəti yalandan fərqləndirməyi bacaran nadir insanlardandır. Onun sevgi formulu əxlaqlı bakılı kodeksindədir. Bu, yaşananların dramaturgiyasından asılı olmayaraq, əbədidir, dəyişməzdir.

Bir vaxtlar tanınmış rusiyalı bard Aleksandr Qorodnitski Mixail Qusmana sonradan musiqiyə çevrilmiş şeir həsr etmişdi.

Şeirdə deyilirdi ki, «bakılı bakılını harada olsa, tapacaq!» və bu, həqiqətən də, belədir. Bu üzdən, görkəmli yerlilərini 70 illik yubileyi münasibətilə təbrik etmək istəyənlərin çoxluğu heç də təəccüblü deyildi. Üstəlik, söhbət heç də yalnız Bakıda yaşayanlardan getmir. Məktublar, teleqramlar, telefon zəngləri, «SMS»lər, səsli mesajlar… Ən dəyərlisi isə yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi saytında dərc olunmuş təbriki idi:

«Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm».



MƏSLƏHƏT GÖR:

317