26 Aprel 2024

Cümə, 00:34

İSLAHATLARIN YENİ TRENDLƏRİ

Kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə, emal müəssisələrinin inkişafı və işçilərin hüquqlarının müdafiəsi – 2020-ci ilin əsas məsələləridir

Müəllif:

15.02.2020

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən gerçəkləşdirilən üç dövlət proqramı Azərbaycan iqtisadiyyatının inkişaf templərinə müsbət təsir göstərib, əyalət bölgələrində çağdaş infrastruktur qurulmasına, aqrar, sənaye və logistika potensialının inkişaf etdirilməsinə imkan yaradıb. Bu işlər bu gün dünya iqtisadiyyatında tüğyan edən neft qiymətlərinin azalması və başqa mənfi proseslərin nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayıb. 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə IV Dövlət Proqramının yerinə yetirilməsinin birinci ilinin nəticələrinin nəzərdən keçirilməsi üzrə bu günlərdə baş tutmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev ən qısa zamanda həll edilməsi lazım olan problemləri diqqətə çatdırıb, həmçinin iqtisadi inkişafın prioritet istiqamətlərini müəyyənləşdirib.

 

Müsbət nəticələr…

Konfransdakı çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev baza iqtisadi göstəricilərindən danışaraq, Azərbaycanın yüksək sərmayə cəlbediciliyini davam etdirdiyini vurğulayıb ki, 13,5 milyard dollarlıq sərmayə qoyuluşu bunun sübutudur və həmin yatırımların hesabına 98 min yeni iş yeri açılıb.  

Yalnız strateji əhəmiyyətli layihələrə yatırılan dövlət vəsaitlərinin ehtiyatlı istifadəsi sayəsində ölkənin valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 2020-ci ilin yanvar ayında 52 milyard dollara çatıb. Makroiqtisadi vəziyyət də yetərincə sabitdir: inflyasiya cəmi 2,5% olub, ev təsərrüfatlarının gəlirləri isə 7,4%, yəni illik qiymət artımından, demək olar ki, 3 dəfədən çox artıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il infrastruktur layihələrinin, o cümlədən elektrik enerjisi istehsalı sahəsində layihələrin gerçəkləşdirilməsi baxımından yaddaqalan oldu. "Azərenerji"nin generasiya güclərinə 800 MVt əlavə edilərək artırıldı: bunun yarısı yeni «Şimal-2» İstilik Elektrik Stansiyasının (İES), qalan 400 MVt isə ölkənin elektrik stansiyalarının itirilmiş güclərinin bərpası nəticəsində mümkün olub. Bu proseslər davam edir və bu gün ASC-nin enerji sistemində 1000 MVt gücündə bir ehtiyat mövcuddur və bunun sayəsində Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilib, yalnız keçən il 65 milyon dollar qazanıb.

Eyni zamanda ölkənin bölgələrinin qazlaşdırılması prosesi davam edir, qazla əhatə səviyyəsi 96%-ə çatıb və bu, dünya üzrə ən yüksək göstəricilərdən biri kimi qəbul edilir.

İrriqasiya sahəsində də mühüm nailiyyətlər əldə edilib: təxminən, 80 min hektar sahəyə su verilməsi təmin edilib, 300-dən çox sub-artezian quyusu qazılıb. Həmçinin, ötən il 1300 km yol çəkilib (bütövlükdə son on beş ildə 16,7 min km yol çəkilib) və bu gün keyfiyyətinə görə onlar bir çox inkişaf etmiş ölkələri geridə qoyur - Azərbaycan dünyada 27-ci yeri tutur. 2019-cu ildə dəmir yolu sektorundakı layihələr, o cümlədən Bakıətrafı qəsəbələrdə dairəvi dəmir yolu xəttinin çəkilişi davam etdirilib, ölkənin şimal və cənub sərhədi istiqamətində qatarların sürətini artırmaq üçün dəmir yolu infrastrukturunun modernləşdirilməsinə hazırlıq işləri davam etdirilib.

“Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir", - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

... və qalan problemlər

O cümlədən dövlət başçısının müəyyən etdiyi problemləri bir neçə istiqamətə bölmək olar. Bu il ən vacib hədəflər kimi bunlar müəyyən edilib: uçota alınmayan dövriyyə və kölgə iqtisadiyyatı sahəsində mənfiliklərin aradan qaldırılması, korrupsiya və bürokratik özbaşınalıq faktlarının qarşısının alınması, infrastruktur layihələrində dövlət vəsaitlərindən qənaətli istifadə edilməsi. Dövlətin sərmayə siyasəti sektorunun yenidən nəzərdən keçirilməsinə, sahibkarların istehsalda daha fəal iştirak etməyə və emal sektoruna sərmayə qoymağa həvəsləndirilməsinə ehtiyac var.

«Sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin», - deyə Prezident İlham Əliyev bildirib.  

Digər tərəfdən sahibkarlar öz öhdəliklərini yerinə yetirməli, istehsal olunan məhsulun və ya idxal olunan malın həqiqi həcmini bəyan etməlidirlər; vergidən yayınmaya, ikili mühasibat uçotu aparılmasına, ƏDV və əmtəə qrupları ilə manipulyasiyalara, aksiz qanunvericiliyi pozuntularına və s.-ə göz yuman korrupsioner məmurlarla biznesin anlaşmasının qarşısı alınmalıdır.

Bir sözlə, işgüzar dairələr öz bizneslərini yüz faiz kölgədən çıxartmalıdırlar. Bu sahədə qanun pozuntularının yolverilməz miqyasa çatdığı nəzərə alınaraq, keçən il vergi və gömrük orqanlarında böyük bir islahatlar aparılıb, fiskal qanunvericiliyə düzəlişlər edilib və bu tədbirlər 2019-cu ildə proqnozdan artıq yığılan vəsaitlərin 1 milyard manatdan çox olmasına imkan verib. Bu sərt tədbirlər bu il də davam etdirilib və yanvar ayında kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində vergi işçiləri proqnozdan 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat artıq vəsait yığıblar.

«Əvvəllər bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir, - deyə dövlət başçısı bildirib və qeyd edib ki, köhnə qaydalarla işləmək cəhdlərinin qarşısı alınacaq. Heç kimə güzəşt olmayacaq, həm də “toxunulmaz” sahibkarlar və məmurlar da olmayacaq.

Prezident Nazirlər Kabinetinə əmək qanunvericiliyinin pozulmasına nəzarəti gücləndirməyi, işçilərin əsassız ixtisar edilməsi faktlarının qarşısını almağı, işçilərin istismarının qarşısını almağı, 8 saatlıq iş günü normalarına əməl edilməsini, ən əsası əmək pensiyaları almağa, tibbi sığortaya imkan yaradan əmək müqavilələrinin bağlanmasını təmin etməyi də tapşırıb. Təəssüf ki, bu sahədə heç də hər şey uğurlu deyil, işçilərin xeyli hissəsi uçota alınmır və sosial sığorta vergiləri ödənilmir.

İşsizlik səviyyəsini azaltmaq məqsədi ilə dövlət haqqı ödənən ictimai iş yerlərinin yaradılması ilə bağlı sosial layihələr həyata keçirir: təkcə bu il, təxminən, 40 min insanın dövlət xətti ilə işə qəbul edilməsi planlaşdırılır.  

«Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır», - deyə İlham Əliyev vurğulayıb, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial layihələr üzrə bütün işlərin qeydiyyata alınmasını və dövlət vəsaitlərinin xərclənməsinə ciddi nəzarət edilməsini tapşırıb.

 

Nəzarət gücləndirilməlidir

Qeyd etmək yerinə düşər ki, bu il sahibkarlığın dövlət tərəfindən güzəştli maliyyələşdirilməsi istiqamətlərinə ciddi şəkildə yenidən baxılması və müvafiq layihələrin səmərəliliyinin qiymətləndirilməsi də planlaşdırılır. Son illərdə sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilib, bu proses bu il də davam edəcək və 200 milyon manat ayrılması planlaşdırılır. Ancaq Azərbaycan Prezidentinin fikrincə, bu kreditlərin məqsədli xərclənməsi üzərində nəzarəti gücləndirmək, eləcə də biznes-layihələrini yenidən nəzərdən keçirmək lazımdır, çünki təhlillər göstərir ki, hər bir iş yerinin yaradılması üçün çox vaxt həddindən böyük miqdarda pul xərclənir.

Eyni zamanda sərmayə siyasətinin istiqamətini böyük layihələrdən çəkərək, güzəştli kreditləri əsasən kiçik və orta biznesin sahibkarlığın (KOS) ehtiyaclarına yönəltmək də təklif olunur. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunun böyük hissəsini KOS-lar formalaşdırır və Azərbaycan da bu istiqamətdə irəliləməlidir.

İri layihələrin icrasına gəldikdə isə, aqroparkların inkişafına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracyönümlü istehsalın genişləndirilməsi ilə bağlıdır. Azərbaycanda 51 aqroparkın yaradılması ilə bağlı işlər bir neçə ildir ki, davam edir və orda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və maddi-texniki bazasının yaradılması planlaşdırılır: bölgələrdə 22 aqropark yaradılıb, daha 11-nin yaradılması planlaşdırılır.  

«Ancaq mənə məlumat verildi ki, bir neçə yerdə nəzərdə tutulmuş aqroparkların yaradılması yubanır, yaxud da ki işlər, ümumiyyətlə, getmir. Ona görə mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, bu məsələ araşdırılsın. Təqribən, 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulurdu. Araşdırılsın, təhlil aparılsın və mənə məlumat verilsin, əgər o yerlər, sadəcə olaraq, sahibkarlar tərəfindən götürülüb və istifadə olunmur, o yerlər geri qaytarılmalıdır və iş görən sahibkara verilməlidir», - deyə İlham Əliyev vurğulayıb.  

Öz növbəsində, Azərbaycanda sənaye istehsalının inkişafının əsas istiqaməti emal sektoru olmalıdır - burada dövlət dəstəyini gücləndirmək, güzəştli kreditlərin həcmini artırmaq, həmçinin sahibkarları, öz vəsaitlərini yatırmaları üçün, stimullaşdırmaq lazımdır. Əsas məqsəd, əlavə dəyəri daha yüksək olan emal edilmiş və qablaşdırılmış meyvə-tərəvəz məhsullarının payını artırmaq, hər şeydən öncə ixracın gəlirliliyini artırmaqdır. Məsələn, 2019-cu ildə tərəvəz ixracı 243 milyon dollar gətirib ki, bunun da 4/5-ü pomidor göndərilməsinin payına düşüb. Ancaq ölkədə yetərincə sayda ketçup, tomat pastası və s. istehsal edən çağdaş zavodlar olsaydı, ixracatçıların qazancı nə qədər arta bilər?

Pambıqçılıq sənayesində də oxşar məsələ var: artım 46%-ə çatıb və keçən il ixracın həcmi 158 milyon ABŞ dollara bərabər olub. Ancaq pambıq xam şəkildə ixrac edilməzsə, ölkə xammalının 50%-i iplik halına gətirilərək, ondan toxuculuq, tikiş fabriklərində son məhsullar istehsal olunursa, daha çox qazanc əldə edilə bilər, Ancaq bunun üçün ətaləti və biznesin passivliyini aradan qaldırmaq lazımdır.

Dövlət başçısı həmçinin fındıq və şərab məhsullarının ixracının artdığını, ipək lifləri üçün barama istehsalının genişləndiyini də qeyd etdi. Lakin bu nailiyyətlər dövlətin fındıq bağlarının artırılması (30 min hektardan 80 min hektara qədər çatırılması), tut ağaclarının əkilməsi, habelə xaricdə şərab və ticarət evlərinin açılması, reklam tədbirlərinin maliyyələşdirilməsi, ticarət missiyalarında, sərgilərdə və s.-də iştirakı üzrə səyləri nəticəsində baş tutub. Təəssüf ki, sahibkarlar bu istiqamətdə müstəqil addımların həyata keçirilməsi üzrə aşağı sərmayə fəallığı nümayiş etdirirlər.

Diqqətəlayiqdir ki, emal sektorunu inkişaf etdirmək və hazır məhsulların payını artırmaq təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də sənaye sahəsində planlaşdırılır.

«Məsələn, SOCAR Polymer zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır», - deyə İlham Əliyev vurğulayıb.

Bununla əlaqədar, dövlət başçısı bildirib ki, Azərbaycanda sənaye klasterlərinin formalaşdırılması və ölkəmizdə son polimer məhsulları istehsalının qurulması, bununla da, xaricə vəsait axınının qarşısının alınması üçün dövlət dəstəyi vacibdir.

Hökumətdə ehtimal edirlər ki, bütün bu problemlərin sürətli həlli bölgələrin sosial-iqtisadi inkişafına əlavə təkan verəcək, özəl sektorun işgüzar fəallığının genişlənməsinə, o cümlədən istehsal sektorunda yeni təşəbbüslərin həyata keçirilməsi üçün xarici sərmayələrin cəlb olunmasına töhfə verəcək.



MƏSLƏHƏT GÖR:

262