20 Aprel 2024

Şənbə, 16:09

«YOLUXMUŞ» İQTİSADİYYAT

Çin koronavirusu dünya iqtisadiyyatında depressiya yarada bilər

Müəllif:

15.02.2020

Dünya üzrə Çin koronavirusuna yoluxmaların sayının artması işgüzar fəallığa daha çox təsir göstərməkdədir. «Moody's Corporation» ekspertlərininfikrincə, koronavirus pandemiyası dünya iqtisadiyyatına 2008-2009-cu illərdəki maliyyə böhranı və böyük resessiyadan daha pis təsir edəcək "qara leylək"ə çevrilə bilər. "Həm də maliyyə böhranından fərqli olaraq, bu dəfə hakimiyyətlərin vəziyyəti düzəltmək imkanları məhduddur",- deyə «Moody's»in böyük iqtisadçısı Con Lonski bildirib.

 

Proqnozların antirekordları

Avstraliya Milli Universitetinin iqtisadiyyat professoru Uorik MakKibbinin «Bloomberg» tərəfindən dərc olunmuş fikirlərinə görə, nCov-2019-un zərəri 160 milyard dollar ola biləcək ki, bu da 2003-cü ildə SARS-ın vurduğu 40 milyard dollarlıq zərərdən, təxminən, 3-4 dəfə artıq olacaq.  

Koronavirus, həqiqətən, sərmayəçiləri qorxudub. Daha çox lüks mallar satan pərakəndə satış şirkətlərini, turizm sektoru və kazinoların səhmləri zərər gördü. S&P analitikləri hesab edirlər ki, sərmayəçilərin riskli aktivlərdən geri çəkilməsi yeni sərmayələrin axınına mane ola bilər, kapitalın uzaqlaşması isə səhmlərin qiymətlərini və valyutanın dəyərini azaldacaq. Buna bənzər bir ssenari 2002-2003-cü illərdə, Çində atipik pandemiya (SARS) başlayanda yaşanmışdı, lakin xəstəlik zəifləməyə doğru gedəndə başa çatdı.  

Analitiklərin proqnozlarına görə, yeni koronavirus epidemiyasının yayılmasından ən ağır zərbəni ÇXR-nın iqtisadiyyatı alacaq, lakin digər ölkələr də zərər çəkəcək ki, bu da iqtisadçıları 2020-ci il üçün proqnozlara yenidən baxmağa məcbur edir. Ekspertlərin qiymətləndirməsinə görə, epidemiya Çin iqtisadiyyatının inkişafını 0,5-1% yavaşlada bilər. Öz növbəsində, Çindəki problemlər üzündən qlobal iqtisadi artım ən azı 0,2% azalacaq və ən yaxşı halda 2020-ci ilin yekunlarına görə artım 2,3% olacaq, yəni Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlaşdırdığı kimi - 2,5% olmayacaq. Bu, 2008-ci il böhranından bəri dünya ümumi daxili məhsulunun (ÜDM) ən aşağı artımı olacaq.

Yanvarın 24-də «Dow Jones» indeksi ABŞ-da koronavirusa yeni bir yoluxma hadisəsi barədə xəbərlər fonunda 1%-dən çox düşərək, 2020-ci ilin antirekordunu müəyyənləşdirdi. Amerikanın «American» və «Delta» aviaşirkətlərinin, həmçinin «Las Vegas Sands» korporasiyasının (iri kazino sahibi) səhmləri ucuzlaşdı.

Dünya Bankının prezidenti Devid Malpass "ən azı 2020-ci ilin birinci yarısında" dünya iqtisadiyyatının artım proqnozlarında azalma gözlənilməsi barədə xəbərdarlıq edib. O, Çindən gələn malların xeyli hissəsinin dünya üzrə sərnişin təyyarələri ilə çatdırıldığını xatırladıb. İndi şirkətlərinin tezliklə öz logistika zəncirlərini yeni şərtlərə uyğunlaşdırması lazımdır.  

 

Çin üçün yalnız mənfi yox, müsbət də var  

Çində virusdan, ilk növbədə, nəqliyyat, pərakəndə satış, restoran və hotel biznesi zərər çəkdi. Bütün dünyaya Çindən uçan hava reyslərinin kəskin azalması yalnız sərnişin və trafikini itirən aviaşirkətlərin və hava limanlarının gəlirlərini azaltmaqla qalmır, həm də müxtəlif sahələrdən olan şirkətlər üçün getdikcə daha da artan ciddi problemlər yaradır.

Sənaye də çətin günlər keçirir - bir çox istehsal müəssisələri bağlanıb, çünki işçilər hələ də hakimiyyətin tələbi ilə məzuniyyətdə oturmağa məcburdurlar, nəqliyyatda yaranan fasilələr isə müştərilərə mal göndərməyi çətinləşdirir.

«Toyota» və «Volkswagen»in Çindəki zavodlarında konveyerlər dayandırılıb və Çindəki «Airbus» müəssisəsi qeyri-müəyyən müddətə ortamənzilli A320 təyyarələrinin yığılmasını dayandırıb. «Tesla», «General Motors», «Ford Motor», «Ikea», «Nike» və s. kimi dünyaca məşhur şirkətlərin də koronavirus epidemiyası üzündən istehsal, təchizat və satış prosesində pozuntularla üzləşiblər.

«McDonald`s», Uhan da daxil olmaqla, Çinin ictimai nəqliyyatın işini dayandırdığı beş şəhərində restoranlarının bağlandığını elan edib. «Starbucks» bir sıra qəhvəxanalarının bağlandığını elan edib, həm də qeyd edib ki, işçilərini və müştərilərini qorumaq üçün Çin səhiyyə xidmətləri ilə əməkdaşlıq edir. «Uniqlo» markasının sahibi «Fast Retailing», habelə İsveçin «Hennez & Mauritz» şəbəkəsi də Çinin bir neçə şəhərində mağazalarını dayandırdı. «Facebook», Yaponiyanın «Shiseido» şirkəti və bir sıra digər şirkətlər işçilərin lazımsız yerə Çinə getməsinə məhdudiyyət qoydu; «Nissan», «Honda» və «Groupe PSA» avtomobil istehsalçıları Uhandan işçiləri təxliyə edirlər. «Apple» bəyan edib ki, virusun yayılması onun təchizat zəncirinə mənfi təsir göstərə bilər, çünki «iPhone»unyığımı ilə məhz Çin istehsalçıları məşğul olur.

Ancaq həmişə olduğu kimi, itirənlərlə yanaşı, koronavirusun yayılmasından qazananlar da var. Bunlar yeni infeksiyanın əlamətlərinə qarşı dərman istehsal edənlər, habelə tibbi maska və əlcək istehsalçıları - belə şirkətlərin səhm qiymətləri, orta hesabla, 10% artıb.

Baş verən hər şey, Çinin qlobal iqtisadiyyatdakı mövqelərini zəiflətmək üçün "diversiya"nı xatırladır. Ancaq başqa bir versiya da var. Epidemiya fonunda Çin şirkətlərinin səhmləri bütün dünya üzrə ucuzlaşıb və bu, çinlilərin özləri tərəfindən ucuz qiymətə alınıb, yəni indən belə səhmlərdən gələn gəlir ölkə daxilində qalacaq.

Epidemiyanın lokalizasiyasından sonra bu səhmlərin qiymətləri yenidən qalxa bilər. Alınan səhmlərin kursunda Çinin artıq 18 milyard dollar qazandığına dair ehtimallar da var.Bundan əlavə, inkişaf etmiş ölkələrin istiqrazları da bahalaşacaq, çünki investorlar riskli aktivləri satmağa və etibarlı olanları almağa çalışırdılar.

Belə çıxır ki, epidemiya idarəedilən olub? Bu versiya bəzi analitiklər tərəfindən dəstəklənir, onlar iddia edirlər ki, koronavirusun yayılması haqqında məlumatlar bilərəkdən vəziyyəti idarə etmək üçün lazımlı olan istiqamətlərdə təhrif edilir.

 

Neft qiymətləri sərt şəkildə düşür

Buna baxmayaraq, bu, fakt olaraq qalır: bu gün bir çox əmtəə bazarları virusun təsiri altına düşüb. Virusun yayılmasından sonra sənayedə istifadə olunan metalların - misin, nikelin, alüminiumun qiymətləri, orta hesabla, 7% düşüb.

Neft bazarı elə ilk başdan təzyiq altınadadır: «Brent» markalı neftin barelinin qiyməti yanvarın əvvəlində, təxminən, 70 dollar idi, hazırda 56-55 dolara qədər düşüb. Çin dünyanın ən böyük neft idxalçısıdır və 2016-cı ildə bu məsələdə ABŞ-ı keçdikdən sonra bu ölkədə tələbat həcminin dəyişməsi dünya bazarına böyük təsir göstərə bilir. Dünya üzrə neft istehlakının, təqribən, 15%-i Çinin payına düşür. Bundan əlavə, bu ölkə neft bazarının böyüməsinin əsas hərəkətvericisidir. Belə ki, son 5 ildə qlobal neft tələbatı artımının, orta hesabla, 36%-i Çinin payına düşüb.  

«Bloomberg»in hesablamasına görə, həm elektrik enerjisi istehlakını, həm də turizm xidmətlərinə tələbatı və ümumilikdə iqtisadi fəaliyyəti məhdudlaşdıran koronavirusun yayılması fonunda Çində neftə 14 milyon barel olan günlük tələbat 3 milyon barel azalıb ki, bu da istehlakın, təxminən, 20%-ni təşkil edir. Agentliyin bildirdiyinə görə, bu, 2008-2009-cu illərdəki maliyyə böhranından sonra tələbatda yaşanan ən ciddi şok və 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisələrindən sonra ən gözlənilməz bir çöküşdür.

«S&P Global Platts» düşünür ki, dünya üzrə neftə tələbi fevral ayında, "demək olar ki, fəlakətli" şəkildə - 2,6 milyon barel/sutka azalacaq, mart ayında isə, ən pis ssenariyə görə, daha 2 milyon barel/sutka azalacaq.  

Bununla yanaşı, OPEK+ artıq koronavirusa qarşı "peyvənd" axtarmağa başlayıb. OPEK+ Texniki Komitəsi fevralın 6-da Vyanada keçirilmiş üç günlük fövqəladə iclasından sonra anlaşmadaiştirak edən ölkələrə Çin koronavirusunun təsirini aradan qaldırmaq üçün neft hasilatının azaldılması üzrə razılaşdırılmış 1,7 milyon barel/sutka göstəricisinin üzərinə daşa 600 min barel/sutka əlavə etməyi və anlaşmanı2020-ci ilin iyununa qədər uzatmağı tövsiyə edib. Düzdür, bunlar yalnız tövsiyələrdir, son qərar üçün OPEK+ Nazirlər Komitəsinin (JMMC) iclasında baxılmalıdır. JMMC-nin iclası 5-6 mart 2020-ci il tarixinə təyin edilib.

Yeri gəlmişkən, Texniki Komitənin Vyana iclasının nəticələri göstərdi ki, OPEK+ sövdələşməsinin heç də bütün iştirakçıları neft hasilatının yeni azaldılmasına getməyə hazır deyil, koronavirusun neft bazarına real mənfi təsirlərini qiymətləndirmək üçün bir az da vaxt tələb olunur.

Xüsusilə, Rusiyanın Energetika naziri Aleksandr Novak qeyd edib ki, neft bazarında indi "həddindən çox qeyri-müəyyənlik var, bəlkə də, bu, sadəcə, vahimə qorxularıdır". Nazir bildirib ki, ekspert rəylərinə görə, koronavirusun yayılması dünya üzrə orta neft tələbatının 2020-ci ildə cəmi 150-200 min barel azalmasına səbəb ola bilər.

Bu arada, Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib ki, fevral ayında koronavirusla bağlı OPEK+ nazirlərinin təjili ijlası gözlənilmir (OPEK+ nazirlərinin görüşünün martdan fevral ayının ortalarına keçirilməsi təklifləri vardı - red.). "Ancaq vəziyyət bir daha təhlil edildi və bu günə vəziyyət belədir ki, nazirlərin görüşü erkən olmayacaq, planlaşdırıldığı kimi mart ayında baş tutacaq", - deyə P.Şahbazov bildirib.

O əlavə edib ki, koronavirus üzündən neftin ucuzlaşması 10%-i keçib, lakin "indi vəziyyət sabitləşir". Onun sözlərinə görə, neft bazarındakı vəziyyət qiymətlərin müəyyən qədər bərpa olunmasına doğru dəyişir.

 

Azərbaycan iqtisadiyyatının immuniteti işə düşüb

Azərbaycana gəldikdə isə, koronavirusun ölkə iqtisadiyyatına təsiri yalnız dünya neft qiymətlərinin aşağı düşməsini davam etdirəcəyi təqdirdə, hiss edilə bilər, çünki bu, mütləq ölkənin ixrac gəlirlərinin həcminə təsir edəcək. Belə ki, 2020-ci il üçün büdcəsi 55 dollar/barel hesab əsasında qurulub.

Bununla belə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan hökumətinin kənar təsirlərə qarşı ciddi işlər gördüyünü əmin edir. “Ölkənin büdcəsi neftin bir bareli üçün 55 dollar səviyyəsində hesablanıb. Bu, kənar riskləri minimuma endirən və qiymət fərqindən illik profisitə zəmanət verən yetərincə rasional bir yanaşmadır. Ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib və güclü strateji valyuta bazası ən ciddi kənar təsirlərin qarşısını uğurla almağa hazırdır", - deyə o bildirib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov da, öz tərəfindən, neftin dünya bazar qiymətlərinin aşağı düşməsi ilə bağlı 2020-ci ilin dövlət büdcəsinin parametrlərinə yenidən baxılmasına ehtiyac görmədiyini deyir.

“Neftin qiymətləri ona müxtəlif cür təsir edən bir çox amillərdən asılıdır. Düşünmürəm ki, son hadisələr fonunda biz çaxnaşmaya düşməliyik, neftin qiyməti büdcədə olduqca ehtiyatla müəyyən edilib", - deyə S.Şərifov bildirib.  

“Bu gün dövlət büdcəsinin tərtib edilməsi zamanı biz daha uzunmüddətli proqnozlara əsaslanırıq. 2020-ci ilin dövlət büdcəsi neft qiymətlərinin kəskin düşməsindən sığortalanıb, çünki dövlət büdcəsinə transfertlər nəzərdə tutulub. Transfertin məbləği milli valyutada ifadə olunub, yəni dəyişmir. Qiymətin azalması prosesi uzunmüddətli olarsa, əlbəttə ki, bəzi düzəlişlər edə bilərik. Amma mən təkrar edirəm ki, indi tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Bizim böyük ehtiyatlarımız var və müəyyən şok vəziyyətlərə dözə bilərik", - deyə nazir bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da hesab edir ki, koronavirusun ölkə iqtisadiyyatına təsiri barədə narahat olmağa heç bir əsas yoxdur. “Hələ ki, hər hansı bir proqnoz vermək tezdir, baxmayaraq ki, böhran artıq bir çox ölkələrin, ilk növbədə, Asiya ölkələrinin iqtisadiyyatlarına mənfi təsir göstərib. İnanıram ki, nəticə çıxarmağa tələsmək lazım deyil. Vəziyyəti müvafiq dövlət qurumları ilə təhlil etməliyik. Artıq bütün ssenarilər işlənib hazırlanıb", - deyə nazir vurğulayıb.

Eyni zamanda müəyyən dərəcədə koronavirus Azərbaycan neftinin əsas alıcılarından olan Çinlə ixrac-idxal əməliyyatlarının səviyyəsinə təsir göstərə bilər. Həmçinin Çindən tranzit axınının azalması və Çindən Azərbaycana gələn turist sayının bir qədər azalması səbəbindən də müəyyən itkilər mümkündür.

Digər tərəfdən Rusiya Çindən meyvə və tərəvəz məhsulları idxalından imtina edərsə, bu, Azərbaycandan idxalatın, məsələn, sarımsaq, pomidor və ya xiyar idxalınınartırılması üçün yeni imkanlar açır, bu məhsullara Rusiya bazarında böyük tələbatın olması nəzərə alınmalıdır.

Bir sözlə, nə qədər pis səslənsə də, istənilən bir qlobal problem - xəstəlik, müharibə və s. həmişə iqtisadiyyata ikili təsir göstərir və itkilərlə yanaşı, qazanc üçün də əlavə imkanlar aça bilir.



MƏSLƏHƏT GÖR:

266