19 Aprel 2024

Cümə, 18:39

TACLI GEDİŞ, YOXSA APOKALİPSİS

Koronavirus: Çin dünyaya qəribə bağlama göndərib

Müəllif:

15.02.2020

Çində koronavirusun yayılması dünya mediasının əsas xəbərinə çevrilməklə dağıdıcı yürüşünü davam edir. Ətrafında baş verən hadisələr epidemiyalar, viruslar, bioloji silahlar haqqında Amerika blokbasterlərini xatırladır. Adətən, bu blokbasterlərin sonu təsəlliverici olmur - insanlar zombiyə çevrilir, dünya apokalipsis gözləyir. Epidemiyaya qalib gəlinən, dünya birliyinin qələbəni qeyd etdiyi xoşbəxt sonluqlu həppi-end filmləri də var. Hər şeyin yaxşı olacağına ümid edən bəşəriyyət koronavirusun qarşısının alınması üçün mümkün olan hər şeyi edir ki, onun potensial artımı tükənsin və yazın gəlişi ilə sıfra düşsün.

 

Ancaq göstəricilər təskinlik vermir

Yoluxmuş insanların statistikası hər gün deyil, hər saat dəyişir. Dünya Səhiyyə Təşkilatının 11 fevral tarixinə məlumatına görə, artıq 40 554 nəfər 2019-nCoV virusuna yoluxub (onlardan 40 235-i Çində yaşayır). Çindən kənarda 319 yoluxma hadisəsi qeydə alınıb. Çinin Milli Səhiyyə Komissiyası təsdiqlənmiş 42 min 638 yoluxma halının olduğunu bildirib. Bütün ölkələrdə yoluxmuş insanların sayı nəzərə alınarsa, «South China Morning Post» qəzetinin yazdığına görə, yoluxanların sayı 43 103 nəfərdir. 1018 nəfər ölüb, 2 ölüm Çindən kənarda baş verib.

Qeyd etmək lazımdır ki, indi baş verən koronavirus yoluxmasının qurbanlarının sayı Çində 2002-2003-cü illərdə baş vermiş atipik pnevmoniya (SARS) epidemiyasının ölüm səviyyəsini ötüb. Onda bütün dünyada 774 nəfər ölmüşdü.

Xatırladaq ki, bu dəfə Çində pnevmoniya epidemiyası 2019-cu il dekabrın sonunda qeydə alınıb. Xəstəliyin əsas əlamətləri yüksək temperatur, öskürək, nəfəs darlığıdır. Fəsad riski xüsusilə yaşlılar arasında yüksəkdir, ölənlərin yaşı 48-dən 89-a qədər dəyişir.

 

Azərbaycanda vəziyyət

Qorxulu xəbərlər peyda olan kimi vəziyyətin gərginləşməsi gözlənilmədi. Dövlət aviadaşıyıcısı AzAL Bakı-Pekin-Bakı reyslərini dayandırdı. Onlar martın 8-də bərpa olunacaq. Lakin bundan öncə bütün Azərbaycan vətəndaşları, o cümlədən Türkiyə hərbçilərinin yardımı ilə Çindən təxliyə edildi. Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “Yeni koronavirus 2019-nCoV-yə qarşı profilaktik tədbirlərin gücləndirilməsi haqqında” sərəncama əsasən ölkəyə bu xəstəliyə diaqnoz qoyulması üçün avadanlıq gətirilib. Onun köməyi ilə virus şübhəsi olanları yoxlamaq mümkün olub. Azərbaycana gələn insanlarda 2019-nCoV virusunun varlığı şübhə oyatdıqda, onların müvəqqəti qalması üçün xüsusi bir tibb müəssisəsi yaradılıb. İnsanların avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı ilə gəldiyi bütün nöqtələrdə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən bədən istiliyini məsafədə ölçmək üçün termovizorlar quraşdırılıb. Mərkəzi Gömrük Xəstəxanasının həkimi Nərgiz Kərimovanın sözlərinə görə, Azərbaycana gələn insanların ilk müayinəsi daxil olan andan dərhal sonra aparılır. Bədən istiliyi 37,2 dərəcəni keçərsə, şəxs üç dəqiqə ara verildikdən sonra yenidən yoxlanılır.

Səhiyyə Nazirliyi tərəfindən digər aidiyyəti dövlət qurumları ilə müvafiq işlər gerçəkləşdirilir, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və lazımi tədbirlərin təşkili üzrə tədbirlər görülür. Ölkənin baş infeksionisti Cəlal Əliyevin sözlərinə görə, fövqəladə tədbirlər planı hazırlanıb. Koronaviruslu xəstələrin aşkarlanması halı üçün Ağciyər Xəstəlikləri İnstitutunda palatalar yaradılıb, vəba əleyhinə stansiyaya müvafiq əmrlər verilib. Fevralın 11-nə olan məlumata görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində koronavirusun qeydə alınmadığı Çin şəhərindən gəlmiş bir Azərbaycan vətəndaşı saxlanılıb. Xoşbəxtlikdən, heç bir ciddi sağlamlıq problemi aşkarlanmayıb – o, sadəcə, karantin müddəti bitənə qədər klinikada saxlanmalıdır. Çindən gələn digər vətəndaşlar fevralın 12-dək klinikada olublar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva hesab edir ki, Azərbaycanda koronavirus yoluxma halı qeydə alınmasa da, vətəndaşlar ehtiyat tədbirləri görməlidirlər. “Virus qida və hava-damcı yolu ilə ötürülür. Buna görə də temperaturun yüksəlməsi, qripə bənzər simptomlar halında dərhal həkimə müraciət edilməli və laboratoriya müayinələrindən keçilməlidir. İnfeksiya riskini azaltmaq üçün əllər daha tez-tez yuyulmalıdır, yoluxmuş insanlarla yaxın təmasdan çəkinilməlidir, əlləri yumadan ağıza, buruna və gözlərə toxunmaq olmaz. Düzgün yuyulmuş əllər koronavirus da daxil olmaqla istənilən infeksiyanın yoluxma riskini azaldır. Öskürək və asqıraq zamanı ağzı cib dəsmalı və ya salfetka ilə tutmaq lazımdır. Daha sonra onları atmaq və əlləri yenidən yumaq lazımdır."

 

Bağlama ilə virus?

Çindən gələn bağlamaları nə etmək lazımdır? Bəlkə də, bu, Azərbaycan vətəndaşları üçün ən aktual məsələdir. İnsanlar sifariş verməyə davam edirlər, baxmayaraq ki, bir çox Çin fabrikləri elan edilmiş karantinə görə işi dayandırıblar - çinlilər işə çıxmırlar. Ancaq tanınmış Çin saytları ilə satınalma gerçəkləşdirmədən öncə bir çox insan satıcı ilə əlaqə saxlayır və bağlamanın göndərilib - göndərilməyəcəyini öyrənir. Satıcı razılıq verirsə, sifariş yerinə yetirilir. Amma bağlamanın özü ilə bir "bonus" - ölümcül xəstəlik gətirəcəyindən qorxaraq sifarişlərdən imtina edənlər də var.

İnternet toplumu virusla bağlı çox sayda internet-mem ilə doludur. Onlardan biri məşhur "Simpsonlar" cizgi serialı ilə əlaqələndirilir, serial, adətən, mövcudluğu illərində bu və ya digər şəkildə ən yeni dünya tarixinin ən əlamətdar hadisələrinin proqnozlarını verir. Koronavirus ilə bağlı da serial yenə qorxuducu şəkildə "işlədi". Demək olar ki, tam dəqiq. Bu dəfə serialın pərəstişkarlarının diqqətini «Marge in Chains»in 1993-cü ilin mayında yayımlanmış dördüncü mövsümünün 21-ci epizodu çəkdi. Orada Sprinqfildə kütləvi şəkildə ABŞ-a qrip gətirən Asiya bağlamaları gəlməyə başlayır. Düzdür, bağlamalar Çindən yox, Osakadan (Yaponiyadan) gəlirlər. Ancaq bunlar detallardır. Epizodun süjet xətlərindən birinə görə, Sprinqfildin çox sayda sakini poçt ilə Yaponiyada istehsal edilən şirəçəkən sifariş edir. Sən demə, Osakada epidemiyaya yoluxmuş işçilərdən biri konveyerdə asqırıbmış. "Tam dəqiq deyil, amma belə görünür ki, «Simpsonslar» yenə də ölümcül bir virusun başlanacağını proqnozlaşdırıblar?" – deyə «Twitter»də ehtimallarını istifadəçilərlə paylaşıblar.

Zarafat öz yerində, amma "Azərpoçt" MMC bildirir ki, koronavirusun Çindən poçt göndərişləri ilə Azərbaycana daxil olma təhlükəsi yoxdur. Ölkəyə poçt bağlamalarında gələn bütün mallar gömrük məntəqələrində yoxlanılır və beləliklə, bu virusun Azərbaycana girmək riski son dərəcə aşağıdır. Buraya həm də əlavə olunub ki, ümumiyyətlə, Çindən Azərbaycana gələn bağlamaların sayı azdır və gün ərzində, orta hesabla, 20-30-u keçmir. Bununla belə, Dünya Səhiyyə Təşkilatı bu mövzuda fikir bildirməkdən yan keçməyib: Çindən bağlama və məktublar alarkən koronavirusa yoluxmaq mümkün deyil. Son araşdırmalara görə, koronaviruslar bədəndən kənarda uzun yaşamır, buna görə, qurum bildirib ki, infeksiya riski yoxdur.

 

Topdansatışçılar ağlayır, turist agentlikləri gözləyir  

Lakin koronavirusun yayılması ilə bu və ya digər şəkildə təsirlənən digər sahələr var. Çin sənaye və istehlak mallarının (xüsusilə elektronikanın) istehsalı üzrə hissələrin əsas qlobal təchizatçısıdır. Dünya üzrə bütün bu cür təchizatın beşdə biri, bölgə ölkələri üzrə isə, təxminən, 40%-i onun payına düşür. Çox sayda çinli işçi karantinlə bağlı evdə "oturduğuna" görə, Azərbaycanın topdansatış bazarlarının iri alıcıları və ticarətçiləri Çindən mal idxal edə bilmirlər.  

"Çinə ildə ən azı üç dəfə mal almaq üçün gedirik. Yaz-yay mövsümü yaxınlaşır. İndi Çinə mal almaq üçün getməsək, böyük itkilər verəcəyik. Hə, hətta mart ayında ora getmək qorxuludur. Alternativ təchizatçılar axtarmaq lazımdır. Buna da vaxt və pul gedəcək", - deyə "Sədərək" topdansatış bazarının oyuncaq satışı üzrə ticarət nöqtəsinin sahiblərindən biri müxbirimizə bildirib. Aydındır ki, Çin mallarının iri, buna görə də qorunan azərbaycanlı alıcıları bu böhrandan kiçik və orta sahibkarlara baxanda daha rahat çıxacaqlar.

Digər tərəfdən Çin turistlərinin Azərbaycana səfərləri ya ləğv edilib, ya da qeyri-müəyyən müddətə təxirə salınıb, həmçinin turizm agentliklərinin fevral və mart ayları üzrə rezervasiyaları da eyni taleyi yaşayıb. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyevin fikrincə, bu, Azərbaycan turizminə ciddi ziyan vuracaq: “Çinə bizim turistlərin də səfərləri dayandırılıb, aviareyslər müəyyən müddətə təxirə salınıb. Əvvəllər səyahət etməyi planlaşdıran turistlərimiz turpaketləri geri qaytarırlar. AzAL və Çin Hava Yolları aviabiletləri cəriməsiz geri qaytarır."

 

Başqa ölkələrdə vəziyyət

Bu məsələdə həm yaxşı, həm də pis xəbər var. Pisindən başlayaq - virus bir ay ərzində 28 ölkəyə keçə bilib. Yaxşı xəbər isə budur ki, 11 fevral tarixindən etibarən virus yeni ölkələrə yayılmağı dayandırıb. Yeni koronavirus yoluxmasının başlaması üzündən Çinin, təxminən, 300 şirkəti, o cümlədən «Xiaomi» boş dayanmalarının nəticələrini yumşaltmaq üçün kredit vermək tələbi ilə banklara müraciət etmək məcburiyyətində qalıblar. Məcburi kreditlərin ümumi məbləği 8 milyard dolları ötüb.

Həmçinin, Çində yeni bir koronavirusun başlaması, demək olar ki, qlobal çaxnaşmaya səbəb olub. Dünya Səhiyyə Təşkilatı bunu fövqəladə hal adlandırıb, lakin bəzi mütəxəssislər bu epidemiyanın uydurma olduğunu düşünürlər. Yeni koronavirusda ölüm səviyyəsi 2-3% təşkil edir ki, bu da digər təhlükəli koronaviruslarla müqayisədə bir neçə dəfə azdır. Yoluxma miqyasına gəldikdə isə, Çinin yalnız Uhan bölgəsinin əhalisi ilə nisbətdə say çox az olduğuna görə, onu epidemiya adlandırmırlar. Yeri gəlmişkən, virusların istifadəsi və bilinməyən bir xəstəliyin ətrafında həyəcanın qəsdən artırılması bir çox ölkə hökumətləri tərəfindən dəfələrlə sınaqdan keçirilib. Dərs nümunəsi kimi, bir vaxtlar Qərbi Afrikada Ebola qızdırmasına qarşı psevdo-mübarizəyə başlamış ABŞ-ı göstərmək olar.

 

Kim qazandı?

Əgər buna qaldısa, Rusiyanın «Vesti» qəzetinin yazdığına görə, koronavirus ətrafındakı mövcud çaxnaşmadan aşkar faydalananlar əczaçılıq şirkətləridir. Yeri gəlmişkən, mövcud çaxnaşmanın əsas PR müştərilərinin onların olması istisna edilmir. 2009-cu ildə dünyada buna bənzər bir çaxnaşma "donuz qripi" adlandırılan xəstəliyin yayılması ilə bağlı bütün dünyanı başına götürmüşdü ki, bu xəstəlikdən ölənlərin sayı yüzə çatmadı. Ancaq bu, İsveçrənin «Roş» şirkətinin o zaman yeni xəstəliyin yeganə əlacı kimi tanıdılan dərmanı «Tamiflu»nun kütləvi reklam kampaniyasına başlamasına mane olmadı. Təsadüfi deyil ki, dərmanı tövsiyə edən Dünya Səhiyyə Təşkilatı da şirkəti dəstəkləndi. Mütəxəssislərin hesablamalarına görə, bu «möcüzə» dərmanın satışından «Roş»un əldə etdiyi gəlir, təxminən, 1 milyard dollar təşkil edib və qəzetin yazdığına görə, "donuz qripi" ilə əlaqəli bu çaxnaşma şirkətin gəlirlərini 200-300% artırıb. Görünür, yaxın gələcəkdə yeni Çin koronavirusunun müalicəsi ilə bağlı da yeni ixtiralar barədə eşidəcəyik.

İstənilən halda, koronavirusla bağlı mövcud məlumat axınında, heç kimin müstəqil şəkildə iddia irəli sürməsinə və müəyyən nəticələr çıxarmasına qadağa qoyulmayıb: bu, dəhşətli bir xəstəlikdir, yoxsa dünya və maliyyə siyasətinin müəyyən aspektlərini inkişaf etdirmək üçün "taclı" bir gedişdir? Necə deyərlər, qorunanı Allah qoruyur. Hər hansı bir xəstəlikdən qorumaq üçün lazımi gigiyena və profilaktik tədbirlərə riayət etmək heç zaman artıq iş deyil.



MƏSLƏHƏT GÖR:

252