29 Mart 2024

Cümə, 01:37

BREXİT – YENİ İMKANLAR, YOXSA PROBLEMLƏR?

Deyəsən, ölkəyə çiçəklənmə vədi vermiş Boris Conson ona nail olmağın yollarını bilmir

Müəllif:

15.02.2020

Böyük Britaniya Avropa İttifaqını (Aİ) tərk etməyə macal tapmamış, Aİ-dən ayrılmaq məsələsində əsas müttəfiqindən «şillə yeyib». Söhbət baş nazir Consonun ABŞ prezidenti Donald Trampla telefon danışığından gedir. Tərəflər Britaniya hökumətinin Çinin «Huawei» şirkətilə əməkdaşlıq və ölkədə 5G şəbəkəsindən istifadə qərarını müzakirə ediblər. «Financial Times» yazır ki, danışıqların baş nazirin kabinetinə toplaşmış iştirakçıları Donald Trampın kobud tonundan «şoka düşüblər». ABŞ prezidenti söhbət boyu qəzəbini gizlətməyə cəhd belə, göstərməyib.

Məhz bu danışıqlardan dərhal sonra London Britaniya baş nazirinin ABŞ-a səfərinin martadək təxirə salınmasına qərar verib. Üstəlik, səfərin daha uzun müddətə təxirə salınacağı istisna deyil.

Boris Conson ABŞ prezidentini dəfələrlə Avropa ilə yeni ticarət müharibəsinə başlana biləcəyi hədəsinə, İranla razılaşmaların birtərəfli şəkildə pozulmasına görə sərt tənqid edib. O, Trampın «tariflərdən xarici siyasətdə belə, alət kimi istifadə etməsini» dəfələrlə pisləyib.

Tramp isə sanki bu tənqidləri görmür və hər imkanda Consonu tərifləyirdi. «Onların əla yeni baş naziri var», - deyə o, hələ yanvarda Davosdakı çıxışında bildirmişdi. Tramp demişdi ki, «Birləşmiş Krallıq ilə möhtəşəm yeni sazişlə» bağlı danışıqları səbirsizliklə gözləyir.

Dovosdakı toplantıdan az sonra baş tutmuş telefon danışığı isə Trampın Böyük Britaniyaya real münasibətini ortaya qoyub. Nəticədə, Conson Brüsseli şantaj etdiyi əsas «silah»ını itirib – o, Brüsselin qarşısına hər zaman «ABŞ ilə uğurlu dialoq imkanları» ilə çıxırdı.

Amma açığı, Consonun nəyə ümid etdiyi bu telefon zənginədək də bəlli deyildi. Birincisi, hazırda ABŞ Britaniya ilə ticarətdə müsbət saldoya malikdir və özünə zərər olacaq yeni saziş imzalamağı düşünmür. İkincisi, Trampın təxminedilməz siyasətçi olduğu, diplomatik danışıqlardansa hədələməyə üstünlük verdiyi heç kəs üçün sirr deyil. Bu dəfə də belə olub. ABŞ prezidenti Britaniyanın «Huawei» ilə əməkdaşlığına cavab olaraq, Krallıq istehsalı olan avtomobillərə görə tariflərin artırılacağını bildirib.

Zərbənin istiqaməti də təsadüfən seçilməyib. Bu gün Böyük Britaniya üçün bu sahə xilası vacib olan sektorların başında gəlir. «Brexit»lə bağlı qeyri-müəyyənlik üzündən ölkədə avtomobil istehsalı ardıcıl 3-cü ildir ki, azalır və hazırda son 10 ilin ən aşağı həddindədir. Üstəlik, dünyanın Britaniyada zavodlar tikmiş avtomobil istehsalçıları da bu il Aİ ilə yeni ticarət sazişinin imzalanmayacağı təhlükəsindən narahatdır. Bu üzdən onlar artıq başqa ölkələrə üz tutmaq haqda düşünürlər.

 

Avropada inamsızlıq

Böyük Britaniya yanvarın 31-də Aİ sıralarını rəsmən tərk etsə də, keçid dövrünün ilin sonunadək davam etməsi nəzərdə tutulub. Bu müddətdə onun Aİ-nin 37 üzvü ilə iqtisadi münasibətləri dəyişməz qalacaq. Bundan başqa, ilin sonunadək London Aİ-nin bütün qanunlarına və qərarlarına da əməl etməlidir. Halbuki, artıq o, İttifaqın heç bir idarəçilik strukturunda yer almır.

İlin sonunadək çox sayda məsələ həll olunmalıdır: mal və xidmət ticarəti, məlumatların qorunması, təhlükəsizlik sahəsində əməkdaşlıq, aviasiya, avtomobil daşımaları, balıqçılıq və s. Danışıqlar prosesində Aİ-ni təmsil edən Mişel Barniyerin sözlərinə görə, azad ticarət haqqında yeni sazişlə yanaşı, 600-dən artıq beynəlxalq saziş də razılaşdırılmalıdır.

Bu gün Avropada Böyük Britaniya ilə Consonun müəyyənləşdirdiyi müddət ərzində «Brexit»in bütün aspektlərini əhatə edəcək hərtərəfli razılığa gəlinəcəyinə praktik olaraq, heç kəs inanmır.

Danışıqlara martın 3-də start veriləcək və o, oktyabr-noyabr aylarında başa çatmalıdır. Bu, sənədlərin parlametlərdə ratifikasiyasına zaman qalması üçün vacibdir. Tarixdə azad ticarət haqda hərtərəfli sazişin belə qısa müddətdə hazırlanaraq hər kəs tərəfindən təsdiqlənməsi halına rast gəlinməyib. Məsələn, Kanada ilə belə danışıqlara 2009-cu ildə başlanmışdı və o, yalnız 2016-cı ildə imzalanıb. Buna rəğmən, həmin saziş hələ də qüvvəyə minməyib. Çünki sənədi Aİ-nin bütün subyektləri ratifikasiya etməyib. Eyni sənəd üzrə Avstraliya ilə 2016-cı ildə başlamış danışıqlar isə hələ də davam edir. Conson isə Britaniya ilə Aİ-nin gələcək münasibətləri üçün hər zaman bu ölkələrlə razılaşmaları nümunə göstərir. Halbuki onların əsası tamamilə fərqlidir. Başqa sözlə, Kanada və Avstraliyanın Aİ ilə münasibətləri Britaniya ilə olandan tam fərqlidir. Fərqlər həddindən artıq çox olsa da, onlardan əsaslarını diqqətə çatdırırıq: birincisi, o ölkələr heç zaman Aİ üzvü olmayıblar, bu üzdən də onların iqtisadiyyatı Avropa ilə o qədər də bağlı deyil. Böyük Britaniyanın isə idxalının 54, ixracının 43%-i Ai-nin payına düşür.

İkincisi, sərt zaman məhdudiyyəti var.

Üçüncüsü, Britaniya hökumətinin öz məlumatına görə, «Brexit»dən və azad ticarət haqqında sazişin imzalanmasından sonra ölkə iqtisadiyyatı 5% kiçiləcək. Razılaşma əldə olunmazsa və Aİ ilə ticarət ÜTT-nin tarifləri əsasında müəyyənləşərsə, Britaniya iqtisadiyyatı daha da kiçiləcək – 7,6%. Proqnozlara görə, Britaniyanın Aİ-dən getməsindən sonra ölkə iqtisadiyyatı 2023-cü ilədək ildə, orta hesabla, yalnız 1,1% arta bilər.

Dördüncüsü, çoxsaylı mübahisəli məsələlər, o cümlədən ərazi məsələləri həll olunmalıdır.

Beşincisi, Conson hökumətinə etimad mandatı yalnız «münasib ayrılma» üçün verilib. Bu işdə uğursuzluq baş verərsə, torilər xalqın dəstəyini itirəcək, ölkə isə yenidən qeyri-müəyyənliyə yuvarlanacaq.

Siyahını uzatmaq da olar.

 

Problemli mövzular

Birləşmiş Krallıqla birlikdə Aİ-ni tərk etməli olan Şimali İrlandiyanın İrlandiya Respublikası ilə ciddi sərhəd probleminin həll edilməməsi Mey kabinetinin istefasına səbəb olmuşdu. Conson isə İrlandiya adaları daxilində gömrük postlarının, pasport nəzarəti məntəqələrinin olmaması variantı ilə razılaşıb. Lakin Şimali İrlandiya yenə də Böyük Britaniyanın gömrük ərazisinə aid olmalıdır. Bunun təcrübədə necə mümkün olacağı, hələ ki, heç kəsə bəlli deyil.

Aİ İspaniyanın Cəbəllütariqlə bağlı ərazi iddialarını dəstəkləyir. Britaniyanın bu ərazi üzərində suverenliyi 1713-cü ilə aid Utrext müqaviləsilə tanınıb. Lakin İspaniya bu sənədə hər zaman etiraz edib. Böyük Britaniya onun iddialarına Aİ üzvü olduğundan sinə gərə bilirdi. İndi, Madrid bu məsələdə Aİ-nin bütün digər üzvləri tərəfindən dəstəklənən tərəfdir. Avropa İttifaqı liderləri Cəbəllütariqin iki tərəf arasında gələcək razılaşmaların «ərazi çərçivəsinə» daxil edilməyəcəyilə bağlı razılığa hələ 2018-ci ilin noyabrında gəliblər. Başqa sözlə, London bu ərazi ilə bağlı ayrıca sazişlər imzalamalı, onları isə əvvəlcədən İspaniya ilə razılaşdırmalı olacaq.

Uzun illər ərzində vahid Avropanın balıqçılıq zonalarına bərabər çıxış haqda qaydalar olub. Aİ-nin 8 üzvü Böyük Britaniyanın ərazi sularında balıq ovu ilə məşğuldur (məsələn, buradan ovlanan balığın 30%-i fransız balıqçıların payına düşür). 2016-cı ildə referenduma getmiş «Brexit» tərəfdarlarının əsas tələblərindən biri də bunun qadağan edilməsi idi. Məsələni Conson da qaldırıb. Lakin onun bu cəhdi Brüsselin sərt etirazı ilə qarşılanıb. Aİ rəhbərliyi bunun qarşılığında Böyük Britaniyadan Avropaya dəniz məhsulları tədarükünün qadağan oluna biləcəyini bəyan edib. Nəticədə, Conson bir daha mövzuya qayıtmamaq qərarına gəlib.

Britaniya taxt-tacına aid Normand adalarının tərkibində yer alan Gernsi adasının rəhbərliyi isə keçid dövrü qaydalarının onlara aid olmadığını deyir. Onlar artıq fevralın 1-dən öz sularını Avropanın balıqçı gəmilərinin üzünə bağlayıb. Ada rəhbərliyi qarşı tərəfə «fərdi icazə» sisteminin işlənib hazırlanmasını təklif edir. Nəticədə, Brüsselin təzyiqi ilə qarşı-qarşıya qalmış London bu inadkarlarla da məsələni həll etməlidir.

Bütün bunların fonunda «Brexit» Britaniya ictimaiyyətini sözün əsl mənasında parçalayıb. 2014-cü ildə keçirilmiş müstəqillik referendumunda şotlandiyalıların 55%-i Böyük Britaniyanın tərkibində qalmağa səs vermişdi. Lakin cəmi 2 il sonra artıq 62% şotlandiyalı Aİ sıralarını tərk etməyin əleyhinə çıxdı. Son ictimai rəy sorğuları isə göstərir ki, bu gün referendum keçirilərsə, əksəriyyət müstəqil dövlətin qurulmasına səs verər. Yanvarın 31-də Britaniyanın inzibati binaları üzərindən Aİ bayraqları endirildikdə isə Şotlandiya onları nümayişkaranə şəkildə yerində saxlayıb. Onların Londona müstəqillik referendumunun təşkililə bağlı təzyiqi gündən-günə artır.

Daha bir problemli məsələ Brüsselin Aİ vətəndaşlarının Britaniyada sərbəst hərəkətinin təminilə bağlı tələbi ola bilər. Bundan başqa, Brüssel Londondan rəqabət siyasəti, subsidiyalar, sosial müdafiə, ətraf mühitin mühafizəsi kimi məsələlərdə qaydalara əməl olunmasını tələb edir. Conson hökumətisə yenə də Kanada ilə sazişə istinad edərək, azad ticarət haqqında sazişi bunlar olmadan da imzalamağın mümkünlüyünü bildirir. Amma Brüssel geri çəkilmək niyyətində deyil. «İnsanların sərbəst hərəkətini təmin etmədən, kapitalın, mal və xidmətlərin sərbəst hərəkətinə nail ola bilməzsiniz. Ətraf mühitin, əməyin mühafizəsi, vergi ödəmələri, dövlət yardımı kimi sahələrdə şərtlər eyni olmazsa, dünyanın ən nəhəng vahid bazarına çıxa bilməyəcəksiniz», - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

 

Ümidlərin doğrulması

Ötən ilin dekabrında keçirilmiş seçkidə enerjili, sağa-sola «vəd paylayan» Boris Consonun rəhbərlik etdiyi mühafizəkarların qazandığı inamlı qələbə Britaniya şirkətləri və istehlakçıları arasında çoxdan unudulmuş nikbinliyi geri qaytarmışdı. Seçkidən dərhal sonra aparılmış sorğu göstərirdi ki, Britaniya vətəndaşları arasında ölkə iqtisadiyyatının tezliklə yüksələcəyinə inananların sayı 10 punkt artaraq 41%-ə çatıb – bu, 2017-ci ilin martından bu tərəfə ən yüksək göstərici idi. O zaman rəyi soruşulan iş adamlarının 53%-i şirkətlərinin perspektivilə bağlı 3 ay əvvəlkindən daha böyük nikbinlik ifadə etmişdilər.

3,5 ildir davam edən qeyri-müəyyənlikdən bezmiş ölkə, əslində, Aİ-dən yanvarın 31-də rəsmiləşmiş ayrılıqla «dərindən nəfəs aldı». İkinci dəfə referendum keçirilməsini tələb edən leyboristlərin sarsıdıcı məğlubiyyətə uğraması da bu yorğunluqla izah olunur. Britaniyalılar hesab edir ki, təkrar referendum qeyri-müəyyənliyi daha bir neçə ay uzadacaqdı.

Boris Conson, adətən, leyboristləri dəstəkləyən sənaye dairələrinin sakinlərin belə, ilk dəfə torilərə səs verməsinə nail olub. Britaniyalılar hesab edir ki, indi, hökumətin onların gözləntilərini doğrultması vaxtıdır. Yəni London tezliklə Aİ ilə azad ticarət haqqında saziş imzalamalıdır. Görünən isə odur ki, indi yeni hökumət özü nikbinliyini getdikcə itirir. «Dəyişən Avropada Böyük Britaniya» analitik mərkəzinin direktoru Anand Menonun da bu yaxınlarda dediyi kimi, Conson hökumətinin «Brexit»in «geniş imkanlar açdığı» ilə bağlı gurultulu tonu yerini «həlli vacib problemlər»lə bağlı etiraflara verir.



MƏSLƏHƏT GÖR:

265