19 Aprel 2024

Cümə, 12:48

SIĞORTALANMIŞ MÜALİCƏ

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə bu ilin sonuna kimi başa çatmalıdır

Müəllif:

01.03.2020

Bu ilin əvvəlindən Azərbaycanda icbari tibbi sığortanın (İTS) geniş tətbiqinə başlanılıb və aprel ayından sığorta rüsumlarının yığılması başlayacaq. Bütün proses ilin sonuna qədər başa çatacaq və dörd mərhələdə – hər rübdə bir mərhələ gerçəkləşdiriləcək. Birinci mərhələdə icbari tibbi sığorta tam olaraq Azərbaycanın 20 şimal rayonunda, ikinci mərhələdə - 17 qərb rayonunda, üçüncü mərhələdə - 14 cənub rayonunda, dördüncü mərhələdə isə Bakı, Sumqayıt və Abşeron yarımadasında tətbiq ediləcək. Dövlət bu məqsədlər üçün büdcədən 900 milyon manatdan çox vəsait ayıracaq.

 

Ərazi bölgüsü

Azərbaycanda hökumətin qısa müddət ərzində icbari tibbi sığortanı tətbiq etməklə bağlı qərarlı olmasına baxmayaraq, praktikada bu, elə də asan iş olmadı. Səhiyyə sahəsindəki ciddi problemlər, kadr çatışmazlığı, tələb olunan xərclərin yüksək olması və s. hər dəfə vaxtı uzatmağa məcbur edib. Hətta keçən il başlanğıc nöqtəsi olaraq 2020-ci ilin yanvar ayı müəyyən edilsə də, daha sonra sistemin dərhal ölkə üzrə tətbiq edilməməsi, prosesin mərhələli gerçəkləşdirilməsi qərara alındı.

Həm də İTS-nin ölkədə tibbi xidmətin keyfiyyəti ilə bağlı bütün ağır problemləri dərhal həll edəcəyini gözləmək də sadəlöhvlük olardı. Fakt budur ki. pulsuz tibbi xidmət, bütün alicənab və doğru niyyətlərinə baxmayaraq, bazar iqtisadiyyatı şəraitində duruş gətirə bilmədi, onu inkişaf etmiş ölkələrdə sınaqdan çıxmış və minimum ödəniş qarşılığında baza tibbi yardım almağa imkan verən icbari tibbi sığorta sistemi ilə əvəz etmək lazım gəldi.

Bununla belə, ötən il Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xidmətlərin siyahısı heç də "baza" deyil, ona təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi xidmətlərin geniş spektri daxildir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazovun sözlərinə görə, ilk mərhələdə vətəndaşlar İTS çərçivəsində 3 min tibbi xidmətdən istifadə edə biləcəklər.

“Bu rəqəm, ümumilikdə, Azərbaycanda göstərilən tibbi xidmətlərin, təxminən, 60%-ni əhatə edir. Bildiyiniz kimi onkoloji xəstəliklər, QİÇS, diabet və s. ilə mübarizə üzrə artıq bir neçə dövlət proqramımız var. Bu proqramlar, hələ ki, icbari tibbi sığorta zərfinə daxil edilməyib", - deyə o vurğulayıb.

Bundan başqa, əgər lazım olan müalicəni dövlət klinikaları təmin edə bilmirsə, özəl klinikalar da İTS proqramına cəlb oluna bilər və orada da müalicə tamamilə pulsuz olacaq.

İcbari tibbi sığorta evdə tibbi xidmətin göstərilməsini də nəzərdə tutur. Bu, ailə həkimi tərəfindən gerçəkləşdirilir, təcili və təxirəsalınmaz hallarda təcili və təxirəsalınmaz tibbi yardım qrupu tərəfindən həyata keçirilir.

Daha bir məqam var. Bir pasient üçün xidmətlərin sayında sığorta limiti yoxdur - Azərbaycan vətəndaşları il ərzində icbari tibbi sığortadan qeyri-məhdud dəfə istifadə edə bilərlər.

Düzdür, tibb müəssisələrinin ərazi üzrə yerləşməsi ilə bağlı bəzi nüanslar mövcuddur. Məlumdur ki, bu yaxınlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Azərbaycanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölgüsü"nü təsdiqləyib. Ümumilikdə, bunların sayı 13 olacaq və onları yeni bir hüquqi şəxs - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) idarə edəcək.

Məsələ bundadır ki, qaydalara görə, icbari tibbi sığorta xidmətləri almaq üçün şəxsiyyət vəsiqəsində göstərilən ünvana, yəni qeydiyyata uyğun olaraq təyin olunmuş klinikada uçota alınmaq lazımdır. Artıq bu klinikada seçilmiş ailə həkimi (sahə həkimini o, əvəz edəcək) pasientin tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə müalicəsi üçün yenə də müəyyən ərazi bölgüsü çərçivəsində yollayış verməlidir. Əgər pasient bunun çərçivəsindən kənara çıxmağa qərar verərsə, onda tibbi xidmətlərin birgə maliyyələşdirilməsi qüvvəyə minir. Sadə dillə deyilərsə, onda xidmətdən asılı olaraq pasient öz cibindən müalicə üçün əlavə pul ödəməli olacaq – bu, xidmətdən asılı olaraq 5 manatdan 90 manata qədər tutacaq. Ancaq bir faktı nəzərə almaq lazımdır ki, bunun təcili tibbi yardıma dəxli yoxdur - ölkə ərazisində o, pulsuzdur.

 

Həkim borcu və ya maraq?

Yeri gəlmişkən, sosial mediada bu məsələ ilə bağlı ən çox narazılıq potensial pasientlər tərəfindən ifadə olunub. Çünki bu limitlər istədiyi tibb müəssisəsini öz istəkləri ilə seçmək hüququ məhdudlaşdırılır və qeydiyyat ərazisindən kənarda müvəqqəti yaşayan insanlar müalicə almaq üçün hər dəfə uzun yol qət etməli olacaqlar. Ancaq Dövlət Agentliyi nümayəndələrinin arqumentləri də başadüşüləndir - bu limitlər olmadan tibb müəssisələrinə xəstələrin axınını tənzimləmək, uyğun olaraq yüksək keyfiyyətli xidmət göstərmək, demək olar ki, mümkün deyil. Bəli, belə halda xidmət keyfiyyəti və həkimlərin peşəkarlığı ilə bağlı sual yaranır, amma bu da bir il ərzində həll ediləcək problem deyil...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəri Zaur Əliyevin sözlərinə görə, bu məqsədlər üçün xaricdə təhsil almış həkimlərin regional xəstəxanalara cəlb olunması planlaşdırılır.

“Düşünürəm ki, onların bəziləri buna maraq göstərər. Bundan əlavə, biz bəzi bölgələrdə dövlət klinikalarının nəzdində tibb fakültələrinin açılması imkanlarını araşdırırıq, həmçinin rezidenturanı başa vurub rayon xəstəxanalarında təyinat alan həkimlər ən azı üç il orada işləmələri üçün nəzarəti gücləndirəcəyik", - deyə Zaur Əliyev vurğulayıb.

O, etiraf etdi ki, kəndlərdə tibb məntəqələri ilə bağlı vəziyyət ürəkaçan deyil, orada həkimlər, lazımi avadanlıq yoxdur, amma agentlik bütün problemlərin aradan qaldırılması üçün çalışacaq.

Niyyət, sözsüz ki, yaxşıdır, amma həkimlərin könüllü qaydada rayonlarda qalmağa maraq göstərmələri nə dərəcədə realdır? Məlumdur ki, icbari tibbi sığortanın tətbiqi çərçivəsində həkimlər maaşlarına əlavə alacaqlar. İTS sistemində işləyən həkimlərə və tibb işçilərinə əməkhaqları verilməsi üzrə təsdiq olunmuş qaydalara əsasən, onların təyin edilməsində əsas prinsip göstərilən tibbi xidmətlərin keyfiyyətidir.

Eyni zamanda, xəstələri qəbul edən həkimlər üçün qəbul şərtləri işlənib və bir növbədə, yaxud bir ay ərzində əyani müayinə oluna biləcək xəstələrin icazə verilən sayı müəyyən edilib. Məsələ bundadır ki, müraciət edən hər bir xəstə üçün xəstənin sığortasının həcmindən asılı olaraq həkimə əməkhaqqına əlavə faiz hesablanacaq.

Məsələn, terapevtlər və pediatrlar gün ərzində 20-yə qədər xəstə qəbul edə bilərlər, onların hər biri üçün dövlət qurumu bu xidmət üzrə tətbiq olunan tarifin əlavə 7%-i qədər vəsait ödəyəcək. Mama-ginekoloqlarla bağlı cərrahi müdaxilələr zamanı həkim xidmətlərinə görə ödəniş tarifin 15%-i qədər artacaq. Həkim-assisentlər hər manipulyasiyadan öz "kisələrinə" 3% əlavə edəcəklər. Ən yüksək əlavə faizi stomatoloq həkimlər alacaq – işlətdiklərin bütün materialların dəyərini çıxardıqdan sonra - sığorta ödənişinin 60%-i qədər əlavə ödəniş alacaqlar.

Bundan əlavə, digər təşviq tədbirləri kimi Dövlət Agentliyi gecə növbəsində işləyən cərrahların, reanimatoloqların, təcili yardım həkimlərinin, mama-ginekoloqların maaşlarını artırmaq niyyətindədir.

Həkimlərdən fərqli olaraq orta və kiçik tibb işçiləri iş şəraitindən asılı olaraq 40 manatdan 790 manata qədər sabit əlavə ödəniş almağa davam edəcəklər. Yeri gəlmişkən, maksimum əlavə ödəniş tibb bacıları (feldşerlər) üçün nəzərdə tutulur.

Yaxşı təcrübəsi və böyük gəliri olan yetişmiş həkimləri bu əlavə ödənişlərin nə qədər maraqlandıracağı, əlbəttə ki, mübahisəli məqamdır. Ancaq etiraf etmək lazımdır ki, bütün dünyada özəl tibb dövlət tibbindən daha keyfiyyətli hesab olunur, lakin hamının buna imkanı yoxdur. Ümid etmək olar ki, bu əlavə ödənişlər Azərbaycanda dövlət klinikalarının səviyyəsini yüksəltməyə, tibbi xidmətlərin, həqiqətən, pulsuz olmasına, tibb işçiləri arasında korrupsiya və rüşvətin aradan qaldırılmasına kömək edəcək. Yeri gəlmişkən, Dövlət Agentliyi bu işlərlə gərgin mübarizə aparacağını vəd edir və vətəndaşlardan heç bir halda həkimlərə ödənilən sığortadan yuxarı “təşəkkür” etməmələrini xahiş edir...

Bundan əlavə, icbari tibbi sığorta istifadə edilən tibb müəssisələrində birgə maliyyələşdirmə məbləğini, xidmətlər paketinə daxil olmayan tibbi xidmətlərin tariflərini və digər ödənişləri artıq nağdsız qaydada - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə buraxdığı bank kartı vasitəsilə həyata keçirmək mümkündür. Gələcəkdə bank kartı digər xüsusi üstünlüklərdən və tibb sektorunun əlavə güzəştlərindən yararlanmağa imkan verəcək.

 

Artıq apreldən ödəməli

Bütün bu "rahatlığın" vətəndaşlara neçəyə başa gələcəyinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi, İTS üzrə yığımlar bu ilin aprel ayında ölkənin bütün işləyən əhalisi üçün başlayacaq. İcbari tibbi sığortanın paytaxta yalnız ilin sonunadək gələcəyinə baxmayaraq, Bakı sakinləri də ödəniş edəcəklər. Dövlət Agentliyinin izah etdiyi kimi, icbari tibbi sığortanın başlanmasından dərhal sonra sığorta hadisələrini örtmək üçün müəyyən maliyyə bazası yaratmaq lazımdır.

"İcbari tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklərə əsasən, özəl və qeyri-neft sektoru təmsilçiləri 8000 manatdan çox olmayan əmək haqqının 1%-ni 2020-ci ildə icbari tibbi sığortaya yönəldəcəklər. 2021-ci ildən bu kateqoriya üçün ödənişlər 2% təşkil edəcək. Eyni zamanda, işəgötürənlər 2020-ci ildə hər işçi üçün əməkhaqqı fondunun 1%-ni, 2021-ci ildə isə 2% ödəməyə borcludur. Bundan başqa, əmək haqqının 8000 manatdan yuxarı olan hissəsindən əlavə olaraq 0,5% tutulacaq.

Neft və dövlət sektoru işçiləri 8 min manatdan çox olmayan maaşın 2%-ni və 8 min manatdan yuxarı məbləğ üçün əlavə 0,5%-ni ödəyəcəklər. İşəgötürənlər əməkhaqqı fondunun 2%-ni (8 min manatdan az məbləğ üçün) və 8 min manatdan yuxarı olan məbləğ üçün əlavə 0,5% ödəməlidirlər.

Əlbəttə, uşaqlar, tələbələr, pensiyaçılar, ünvanlı sosial yardım alanlar, hamilə qadınlar, qaçqınlar, habelə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün də sosial paket təqdim olunur. Onlar üçün bir xidmət paketinin dəyəri ildə 90 manat olacaq və dövlət büdcəsindən ödəniləcək.

1-2% maaşın, əlbəttə ki, kiçik bir hissəsidir və pulsuz tibbi xidmət müqabilində kimsənin bunun əleyhinə olacağı ehtimal edilmir. Digər bir sual, sığorta müştərilərinin gözləntilərinin və sığorta şirkətlərinin vədlərinin gələcəkdə real vəziyyətlə nə qədər üst-üstə düşəcəyidir. Açıq danışılsa, cəmiyyətdə buna inamsızlıq var, bunun öhdəsindən gəlmək isə vaxt və cəlb olunan bütün qurumların birgə işini tələb edir. İstənilən halda, biz yetərincə çox gözlədik və İTS, nəhayət ki, Azərbaycana gəldi. İndi ölkəmizdə oturuşması üçün ona bir şans verilməlidir.


MƏSLƏHƏT GÖR:

261