19 Aprel 2024

Cümə, 08:59

QIZIL QAYDA

Zinət əşyaları idxalında şəffaflıq və fiskal yükün azaldılması Azərbaycanda zərgərlik işinin dirçəldilməsinə imkan yaradır

Müəllif:

01.03.2020

Son illərdə Azərbaycan qızıl və gümüş istehsalında önəmli nəticələr əldə edə bilib. Ölkədə bir neçə yataq istismara açılıb, filiz çıxarılması və konsentratın emalı üçün infrastruktur yaradılıb, qiymətli metal külçələrinin ixracı gerçəkləşdirilir. Ancaq Azərbaycanın zəngin zərgərlik ənənənləri bir sıra səbəblər üzündən müəyyən mənada itirilib, böyük hissəsi aşağı keyfiyyətli məhsul olan kütləvi idxal yerli istehsalı yox səviyyəsinə endirib. Bu gün hökumət yerli zərgərlik sahəsinin dirçəldilməsinə, həmçinin bu sahədə mövcud olan və prosesə mane olan mənfi halların aradan qaldırılmasına yönəlmiş tədbirlər kompleksinin qəbul edilməsini nəzərdə tutur.

 

Zərgərliyin «ağ ləkələri» 

Ötən onilliklər boyunca əhali üçün çox sayda sərmayə yatırımı imkanları yaradan bazar dəyişikliklərinə baxmayaraq, Azərbaycan əhalisinin qızıl və gümüş almağa marağı səngiməyib və bu günə kimi qorunan tarixi ənənələrlə, o cümlədən toy mərasimləri ilə bağlı ənənələrlə dəstəklənir, Nüfuzlu ekspertlər ehtimal edir ki, ABŞ, Çin və Avropa arasında ticarət müharibələrinin davam etməsi, koronavirus epidemiyasının yayılması üzündən bir sıra ölkələrə qarşı sanksiyaların və məhdudlaşdırıcı rüsumların tətbiq edilməsi, həmçinin enerji daşıyıcılarının qiymətlərinin yüksək dəyişkənliyi şəraitində yaxın illərdə risklərin gecləşdirilməsi vasitəsi kimi qızıla maraq yalnız artacaq. 

Ancaq perspektiv üçün proqnozlaşdırılan tələbata baxmayaraq, Azərbaycanın pərakəndə satış zərgərlik bazarının tələbatının böyük hissəsi bu gün idxal hesabına ödənilir. Bu, yerli istehsalçılar tərəfindən yetərincə həcmdə keyfiyyətli təklifin olmaması ilə, həmçinin gömrük nəzarətində qalmaqda olan problemlərlə bağlıdır ki, bu da qaçaqmalçılığa və ölkəyə saxta zinət əşyaları gətirilməsinə səbəb olur. Ticarət obyektlərinin əyar nəzarəti ilə yetərincə əhatə edilməməsini, istehlakçı hüquqlarının etibarlı təmininə yönəlik qanunvericilik və inzibati mexanizmlərinin təkmil olmamasını da buraya aid etmək olar. 

Azərbaycanın qızıl bazarında və zərgərlik sektorunda mənfi halların qarşısının alınması məqsədi ilə bir sıra nazirliklərin və qurumların təmsilçiləri qaçaqmal məhsullarla ticarətin qarşısının alınması, həmçinin bazara rəqabət üçün ədalətli şəraitin yaradılması, yerli istehsalçıların dövlət tərəfindən dəstəklənməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. 

«Təəssüf ki, qızıl məmulatların leqal yollarla gətirilməsi yalnız brend malların ticarətinə aiddir, onların payı isə bazarda yetərincə azdır. İdxalçılar və istehsalçılar üçün xammal və məmulatların təchizatının mövcud qeyri-leqal kölgə sxemindən azad olunmuş ədalətli rəqabət şərtlərinin və tam şəffaf fəaliyyət sxeminin yaradılması vacibdir», - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov qızılın çıxarılması, istehsalı və emalı sahəsində işləyən sahibkarlarla bu yaxınlarda baş tutmuş görüş zamanı bildirib.

İqtisadiyyat nazirinin sözlərinə görə, Azərbaycanda qızıl və zərgərlik məmulatları bazarının bütün istehsal zəncirini inkişaf etdirmək, daxili tələbatın ödənilməsini təmin edərək, hazır məhsullarla ixraca çıxmaq lazımdır. Nazir vurğulayıb ki, zamanla Azərbaycan zərgərlik bazarının regional mərkəzlərindən birinə çevrilə bilər. 

Ancaq bunun üçün, ən azından, yerli zərgərlərin təşəbbüsünü kökündən məhv edən aşağı keyfiyyətli idxal məhsullarının bazardakı mütləq üstünlüyünü aradan qaldırmaq lazımdır. Bu gün idxalın payı ölkədə satılan zərgərlik məhsullarının ümumi həcminin 4/5-dən çoxdur, brend məhsulların payı idxal olunan məhsulların ümumi həcminin 1/20-dən azdır. Zinət əşyalarının əsas hissəsi Azərbaycana daha az tanınan istehsalçılardan - əsasən BƏƏ-dən, Türkiyə və Rusiyadan, qismən İran, Hindistan və Tailanddan gəlir. Üstəlik, bəzi ekspertlərin fikrincə, bazarda satılan zərgərlik məmulatlarının dörddə biri qaçaqmal mənşəlidir.

Zərgərlik məmulatlarının idxalı sahəsində mənfi halların aradan qaldırılması üçün hərtərəfli tədbirlərin görülməsinin zəruriliyi ölkənin gömrük qurumu tərəfindən də qəbul edilir. “Statistik göstəricilər zərgərlik sektorundakı vəziyyətin o qədər də yaxşı olmadığını göstərir. Yüksək vergilər və gömrük rusumları ona gətirir ki, bəzi şirkətləri qaçaqmalçılıq sxemlərinə üstünlük verir. Bütünlükdə, idxal rüsumlarının artırılması zərgərlik bazarının tənzimlənməsinə kömək etmir və əksinə, kölgə iqtisadiyyatına qarşı mübarizəni çətinləşdirir", - deyə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev hesab edir. 

DGK başçısının sözlərinə görə, zərgərlik sahəsində şəffaflığı və effektiv tənzimlənməni təmin etmək üçün dövlətlə biznes arasında birbaşa dialoqun təmin edilməsi, sahibkarlar üçün əlverişli şəraitin yaradılması, qanunsuz dövriyyəyə və saxta məhsulların idxalına qarşı birgə mübarizənin qurulması zəruridir ki, bu da sektorun dinamik inkişafına səbəb olacaq.

“Biz Azərbaycanın zərgərlik sektorunda problemlərin nə qədər ciddi olduğunu və bununla bağlı qanunvericilikdə hansı ağ ləkələrin olduğunu bilirik. Əgər bu problemin həllinə vahid komanda ilə yanaşılarsa, ölkədə zərgərlik biznesinin gələcək leqal və məhsuldar inkişafı mümkün olacaq. Əks təqdirdə, dövlət və özəl sektor birgə tədbirlər görməzsə, sahədə fiskal yükün azaldılmasından və ya artırılmasından asılı olmayaraq, zərgərlik bazarının inkişafı mümkün deyil",- deyə S.Mehdiyev bildirib və qeyd edib ki, daxili istehsalın müdafiəsi məqsədi ilə həm də mövcud qanunvericiliyə yenidən baxmaq lazımdır.

 

Keyfiyyət üzərində nəzarət

Bu gün Azərbaycanda yerli istehsalı əsasən kiçik emalatxanalar və fərdi işləyən zərgərlər təmsil edir. Burada da bir qayda olaraq, kiçik seriyalı istehsal üstünlük təşkil edir, çox az sayda emalatxanada bahalı dəzgahlar əldə etmək imkanındadır, kiçik həcmli istehsal bu cür avadanlıqların öz pulunu çıxarma müddətini uzadır, bu səbəbdən uyğun olaraq məhsulların dəyəri artır. Əl alətlərindən istifadə edərək seriyalı istehsal qurulmasının və məhsulun bütün seriyası üçün keyfiyyət standartlarına riayət edilməsinin mümkün olmadığından heç danışmağa dəyməz. Nəticədə, yerli kustar istehsal əksər hallarda kütləvi miqdarda sənaye üsulu ilə tirajlanan idxal zərgərlik məhsullarına uduzur. 

Ancaq istisnalar da var: Azərbaycanda çağdaş dəzgahlarla təchiz olunmuş bir neçə emalatxana var ki, onlar məhsulun keyfiyyətində ən yüksək səviyyəyə nail olublar və hətta məhsullarını ixrac edirlər. Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə açılmış "Mirac Gold" MMC zərgərlik fabrikində qızıl və gümüş məmulatların seriya istehsalı qurulub ki, bu gün orda dövlət sifarişləri yerinə yetirilir – fəxri adların döş nişanları və s. istehsal olunur. Ölkənin aparıcı qızıl hasilatı şirkəti «AzərGold» da qızıl bazarının əsas iştirakçıları sırasına daxil edilməlidir, şirkət yüksək keyfiyyətli külçələrin və Bakının 12 fərqli nöqtəsində 5, 10 və 20 qramlıq 999,9 əyarlı qızıl və gümüş investisiya sikkələrinin satışını həyata keçirir.

Azərbaycanın zərgərlik ənənələrini canlandırmaq və bazarın tələbatını tədricən yerli zərgərlərin məhsullarına yönəltmək üçün nə etmək lazımdır?

"Zərgərlik sahəsində şəffaf qiymətləndirmə və tənzimləmə mexanizmləri yaratmaq lazımdır. Çünki qiymətli metalların və daşların keyfiyyətinin müəyyənləşdirilməsinə nəzarətin olmaması müxtəlif problemlərə yol açır. Bu gün Azərbaycanda zərgərlik bazarının iştirakçıları və istehlakçıları arasında aşağı səviyyədə etibar müşahidə edilir, bununla bağlı sahəyə elə tənzimləyici alətləri tətbiq etmək lazımdır ki, problemi kökündən kəssin. O cümlədən bu sektorda qiymətləndirmə və tənzimləmə qurumları yaratmaqla nəzarət tədbirlərini gücləndirmək lazımdır", - deyə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Zərgərlik sənayesində keyfiyyətə effektiv nəzarət mexanizminin olmaması iqtisadi itkilərə gətirə bilər. Xüsusilə də, əyar nəzarəti mexanizminin yetərli olmaması artıq bu gün pərakəndə satış seqmentinə mənfi təsir göstərir və istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Belə ki, "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq subyektləri tərəfindən istehsal olunan, həmçinin ölkədə satışa çıxarılan zərgərlik məmulatlarının dövlət əyarı olmalıdır.

Qanunun bu müddəasına uyğun olaraq, ölkəyə gətirilən və ölkədə ərazisində qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik əşyaları və digər məhsullar müvafiq dövlət orqanına təhlil, müayinə, sınaq və əyar üçün təqdim edilməlidir. Bununla birlikdə, son illərdə ticarət mərkəzlərində və zərgərlik mağazalarında, habelə dövlət təhlili markaları olmayan naməlum mənşəli əyar sikkəsi olan on minlərlə məhsul aşkar edilib. Bundan başqa, üzərində göstərilən qızıl və gümüş əyarlarına uyğun gəlməyən, qiymətli metalın çəkisi göstəriləndən az olan, qiymətli daşları keyfiyyətsiz olan və s. zərgərlik məhsulları satılır.

Burada qeyd etmək yerinə düşər ki, 2018-ci ilin sonuna qədər Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası ölkədə satılan zərgərlik məhsullarına nəzarət funksiyasına malik idi, lakin bu qurum ləğv olunduqdan sonra bu sahədə vahid idarəetmə mexanizmi yoxdur, təchizatçı və alıcı hüquqlarının pozulması riskləri nəzərəçarpacaq dərəcədə artıb.

 

Məqsəd və öhdəliklər

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu və digər problemlərin həlli üçün işçi qrupun yaradılması qərara alınıb ki, qrupun görəcəyi işlər sırasına sahənin inkişafını və rəqabət qabiliyyətliliyini təmin edəcək konkret addımları müəyyən etmək daxildir. İşçi qrupun vəzifələri sırasına istehsalçıları stimullaşdırma mexanizmlərinin işlənməsi və zərgərlik sahəsinin güzəştli maliyyələşdirilməsi də daxildir. Gözlənilir ki, qrupun tərkibinə Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, «AzerGold» QSC-nin, eləcə də yaxın aylarda yaradılması planlaşdırılan Azərbaycan Zərgərlər Assosiasiyasının rəhbərliklərinin nümayəndələri daxil olacaq. Bu çərçivədə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi müxtəlif sahibkarlar - zərgərlik bazarının iştirakçıları ilə görüş keçirib və dövlətlə biznes arasında körpü rolunu oynayacaq Assosiasiyanın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

"Yerli bazarın inkişafı üçün həll edilməli olan növbəti məsələ bu sahədə rüsumların azaldılması ilə bağlıdır ki, sahibkarlar bundan yararlanaraq tərk etdikləri bazara qayıtsınlar", - deyə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib.

Demək olar ki, bütün ekspertlər zərgərlik sahəsində fiskal yükün azaldılmasının zəruriliyini qəbul edir və örnək kimi başqa ölkələrdə aparılan siyasəti göstərirlər. Məsələn, Çin, Hindistan, İtaliya və Türkiyədə qızıla qarşı aksiz vergisi tətbiq edilmir, qızılın, qiymətli daşların və hazır məhsulların dəyərinə artımlar (ƏDV və digər rüsumlar) 0-24% təşkil edir. Ancaq onların Azərbaycana idxalı zamanı fiskal artım 46%-ə bərabər olur ki, bu da sahibkarları şəffaf fəaliyyət üçün stimuldan məhrum edir. Bu məqam xammal gətirilməsi ilə bağlı xüsusilə aktualdır, çünki dünyanın əksər ölkələrində yerli istehsalın naminə onun idxalına minimum rüsum tətbiq edilir.

Ümid etmək qalır ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə başlamış islahatlar saxta mallarla bağlı problemi aradan qaldırmağa, bazarda şəffaflığı və rəqabət qabiliyyətini artırmağa kömək edəcək, həmçinin zərgərlik sənayesini dirçəldəcək.



MƏSLƏHƏT GÖR:

287