29 Mart 2024

Cümə, 08:45

BAHARIN ƏKS-SƏDASI

Hüsnü Mübarəkin devrilməsindən ötən 9 il və ya inqilab Misiri niyə dəyişə bilmədi?

Müəllif:

01.03.2020

“Ərəb baharı”nın növbəti – ikinci – dalğası Misirdə oldu. 2011-ci il yanvarın 25-də Qahirənin mərkəzi “Təhrir” (Azadlıq) meydanına yığışan insanlar Hüsnü Mübarəkin 30 ildir davam edən hakimiyyətinə etiraz edirdi. Hökumət aksiyalara polislə müdaxilə etmək istəsə də, kütləvilik qarşısında polisin təsiri olmadı. Sonrakı günlərdə prezident Hüsnü Mübarəkə yaxın bədəvi qrupları “Baltaçılar” Qahirədə etirazçılara hücum etsə də, milyonluq aksiyaçılar qarşısında geri çəkilməli oldular.

 

Sonun başlanğıcı

Misirdə inqilabın gedişində ordu küçələrə çıxarılsa da, hərbçilər aksiyaçılara güc tətbiq etmədi, dövlət obyektlərini mühafizə altına alan ordu birləşmələri daha çox müşahidəçi mövqedə dayandılar.

Fevralın 10-da isə Misir ordusunun komandanlarının, yəni Ali Hərbi Şuranın toplantısı keçirildi. Məhz bu toplantının sabahı günü, yəni fevralın 11-də axşam saatlarında Misirin kəşfiyyat naziri və Hüsnü Mübarəkin ən yaxın adamlarından olan Ömər Süleyman prezidentin istefa verdiyini bəyan etdi. Bununla da, Hüsnü Mübarəkin 1981-ci ildən başlayan 30 illik avtoritar idarəçiliyi başa çatdı. Hüsnü Mübarək səlahiyyətlərini Ali Hərbi Şuraya (AHŞ) təhvil verdi.

Hüsnü Mübarəkin hakimiyyəti cəmi 3 həftə tab gətirə bildi. Ancaq Mübarəki istefaya göndərən yalnız Misirdəki kütləvi etirazlar deyildi. Məsələ ondadır ki, Misirdə də Tunisdə olduğu kimi ordu etirazlara müdaxilə etmədi. Misir ordusu Mübarəkin devrilməsini seyr etdi. Polis və iqtidar tərəfdarı qeyri-qanuni qüvvələr isə milyonluq aksiyaların qarşısında uzun müddət tab gətirə bilmədi. Halbuki həmin Misir ordusu 2 ildən sonra Qahirədə etiraz edən yüzlərlə insanı gülləbaran edib öldürdü. Bu haqda bir qədər sonra.

 

Hərbçilərin rolu haqqında və ya inqilabın ikinci dalğası

2011-ci il yanvar-fevral etirazlarında ordunun Mübarəki müdafiə etməməsinin arxasında daha dərin səbəblər vardı. Məsələ ondadır ki, Misirdə ən azı son 60 ildə hakimiyyət hərbçilərdə olub. Polkovnik Camal Ədül Nasir, Ənvər Sədat və Mübarək hamısı Misir ordusundan gəlirdi. Amma Mübarək bu “ənənəni” pozmaq fikrində idi, öz oğlu Camal Mübarəki Misirin yeni prezidenti seçdirməyə çalışırdı. Ancaq ölkə başçısı postunda ordudan birini deyil, öz oğlunu görmək istəməsi ordu rəhbərliyində xoş qarşılanmadı. Məhz bu səbəbdən, Misirdə xalq küçələrə çıxıb Mübarəki devirməyə çalışanda ordu “əlini ağdan qaraya vurmadı”, küçələrdə tankın üzərindən prosesləri müşahidə elədi.

Fevralın 11-də inqilab qələbə çaldıqdan sonra proseslər sürətlə davam etdi. 19 mart 2011-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumu 77 faiz səslə qəbul edildi. Aprelin 30-da isə inqilabdan sonra yenidən populyarlıq qazanan “Müsəlman Qardaşlar” Hərəkatı Azadlıq və Ədalət Partiyasını yaratdığını və seçkilərə qatılacağını bəyan etdi. 2011-ci il noyabrın 28-də keçirilən ilk demokratik seçkilərdə “Müsəlman Qardaşlar” 37,5 faiz səs alaraq Misir parlamentində yerlərin 45,8 faizini götürdü. İkinci sırada isə 27,7 faiz səs alaraq parlamentin 25,5 faiz yerlərini götürən sələfi “Nur” Partiyası oldu.

23-24 may 2012-ci ildə keçirilən seçkilərdə 13 namizəd qatılsa da, Azadlıq və Ədalət Partiyasının namizədi Məhəmməd Mursi və Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı, 2011-ci il inqilabı zamanı iki ay hökumətə rəhbərlik etmiş Əhməd Şəfiq ikinci tura qaldı. İyunun 16-17-də keçirilən seçkinin ikinci turunda isə Mursi 51,7 faiz səs alaraq Misirin demokratik seçkilərlə seçilmiş ilk prezidenti oldu.

Ancaq bu dönəmdə və sonrasında Ali Hərbi Şura yenə də dövlət aparatında və xüsusən də məhkəmə üzərində təsirini davam etdirirdi. Ordu generalları Parlamentin buraxılması və Mursinin qəbul etdiyi bəzi qərarları ləğv etməyə nail oldular. Ancaq buna baxmayaraq, 15-22 dekabrda keçirilən referendum nəticəsində ölkənin Mübarəkdən sonra ilk mülki Konstitusiyası qəbul olundu.

2013-cü il iyunun 30-da isə bir neçə ay əvvəl təşkilatlanan gənclər hərəkatları və eləcə də digər dünyəvi və liberal siyasi qruplar, eləcə də sonradan bilindiyi kimi sələfilərin “Nur” Partiyası tərəfdarları “Milli Qurtuluş Cəbhəsi” adı altında birləşərək Mursi hökumətinə qarşı aksiyalara başladı. Mursi hakimiyyətinə qarşı başlayan etirazlar “Təmərrud” (üsyan) hərəkatı adını aldı. Hər şey planlaşdırıldığı kimi sürətlə baş verdi. Misir şəhərlərində birdən başlayan etirazlarda Mursiyə istefa tələb olundu, daha sonra isə Misir ordusu baş qərargah rəisi Əbdülfəttah Sisi tərəflərə müraciət edərək uzlaşma üçün 48 saat vaxt verdi. Verilən vaxt başa çatdıqda, yəni iyulun 3-də ordu hərəkət keçərək hökuməti devirdi. Daha sonra isə hökumət rəsmiləri, o cümlədən prezident Məhəmməd Mursi həbs olundu. Bununla da, Misir inqilabının ikinci mərhələsi başa çatdı.

 

Əsaslı tədbirlər və repressiyalar

Bilindiyi kimi, hərbi çevrilişə etiraz olaraq küçələrə çıxan “İxvan” tərəfdarlarına qarşı yeni hökumət zorakı davranıb. Aksiyalara qarşı zor tətbiq olunub, hökumət qüvvələri silahdan istifadə edib. Ümumilikdə hərbi çevrilişin baş verdiyi 3 iyuldan sonra Misirdə 2 min insan öldürülüb, 5 min nəfərdən artıq insan yaralanıb, 2 min nəfər isə həbs olunub. Bundan başqa, öldürülənlər arasında “ixvan” liderlərinin övladları da olub. Qətliamların davam etməsi Misirdə siyasi təbəddülata səbəb olub, müvəqqəti vitse-prezident Məhəmməd əl-Baradeyi istefa verərək hökumətin tərkibindən çıxıb.

Ən şiddətli toqquşmalar isə Qahirənin “Rabul Ədəviyyə” və ya “Rabia” meydanında baş verib. Təxminən, 40 gün – çevrilişdən sonra avqustun 14-dək davam edən etirazlar 14 avqust günü polisin müdaxiləsi ilə dağıdlıb. Rəsmi məlumatlara görə toqquşmalarda 8-i polis olmaqla 632 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb.

Çevrilişdən sonra müvaqqəti hökumətə Konstitusiya Məhkəməsinin hakimi Adil Mənsur rəhbərlik etməyə başlayıb. 23 sentyabr 2013-cü ildə Misir məhkəməsi “Müsəlman Qardaşlar” Hərəkatını “terror təşkilatı” elan edib. “İxvan” tərəfdarı və üzvü olan 55 min məscid imamı vəzifəsindən azad edilib və diplomları ləğv olunub. Eyni zamanda sələfi qruplar və “Əl-Əzhər” Universiteti rəhbərliyi çevrilişi dəstəkləyib. Bundan sonra ağır repressiyalar başlayıb.

Ümumilikdə, ötən illər ərzində Misirdə 10 minə yaxın “İxvan” üzvü həbs olunub. Çevrilişdən dərhal sonra “İxvan”a məxsus “İslami Tibb Dərnəyi”nə məxsus 22 xəstəxana və 7 özəl tibb mərkəzi müsadirə olunub.

Yeri gəlmişkən, 2018-ci ilin dekabrında Misir məhkəməsi “İxvan” üzvü və ya bu təşkilatı dəstəkləməkdə ittiham olunan 614 şəxs, 268 şirkət, 30 xəstəxana və ya aptekin müsadirə edilməsi haqda qərar verib. Bundan bir neçə ay əvvəl isə məhkəmə aralarında Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin də olduğu 1589 şəxs, 1133 təşkilat, 118 şirkət, xəstəxana və eləcə də bir neçə xəbər saytının əmlakına həbs qoyub.

Məhkəmə tərəfindən 683 “İxvan” üzvü və ya tərəfdarına edam qərarı verib, onlardan 3-ü qadındır. Ən son olaraq bu ilin fevralında 19 “ixvan”çı edam edilib. Ümumilikdə 2016-cı ildə 60, 2017-ci ildə isə 112 “İxvan” üzvü edam olunub. Misir qanunlarına görə, məhkəmənin edam qərarı verrdiyi şəxslərin hökmləri baş müftiyə göndərilir. Müfti qərarı təsdiqlədikdən sonra edam baş verir.

 

Yeni mərhələ və iqtisadi problemlər

2013-cü il çevrilişindən sonra isə hərbçilər yenidən hakimiyyətə qayıdıb. 2014-cü il mayın 26-27-də keçirilmiş seçkilərdə Misir müdafiə naziri və 2012-ci ilin avqustundan 2014-cü ilin 27 martınadək Ali Hərbi Şuranın rəhbəri olmuş marşal Əbdülfəttah əs-Sisi Misirin prezidenti seçilib. 2018-ci il martın 26, 27 və 28-də keçirilən prezident seçkilərində marşal Sisi ikinci dəfə prezident seçilib.

2019-cu il fevralın 14-də keçirilən toplantısında isə Misir parlamentində 596 deputatından 485-i konstitusiyaya təklif olunan və prezidentlik müddətini 6 ilə çıxaran dəyişikliklərə səs verib. Bu o deməkdir ki, Sisi 2022-ci ildə müddəti başa çatdıqdan sonra daha iki müddətə, yəni 2034-cü ilə qədər postunda qala biləcək.

Ancaq Misirin indi ciddi iqtisadi problemləri var. Ölkə iqtisadiyyatının əsas gəlir sahələrindən biri olan turizm isə 2015-ci ildə Şarm əş-Şeyxdən Sankt Peterburqa uçan və içərisində rus turistləri olan təyyarənin İŞİD tərəfindən partladılmasından sonra ciddi zərbə alıb. Hətta bir dönəm turist sayı 70 faizə qədər azalıb. Misir hökumətinin cəhdlərinə baxmayaraq, hələ də əvvəlki vəziyyətə qayıtmaq xəyal olaraq qalır.

Misirin digər mühüm gəlir qaynağı isə Süveyş kanalından əldə olunur. Ümummilli gəlirin 20 faizinin əldə olunduğu Süveyş kanalı dünya dəniz ticarətinin 14 faizinin həyata keçirildiyi ən böyük dəniz keçididir. Misir iqtisadiyyatında kanalın böyük rolu var. Mütəxəssislər, kanalın təmir olunub iş imkanlarının böyüdülməsi nəticəsində 1 milyon yeni iş yeri yarana biləcəyini proqnozlaşdırır. Bu səbəbdən də, Misir hərbi çevrilişdən bu yana körfəz ölkələrinin yardımlarından asılı vəziyyətdədir. BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələr Misir hakimiyyətinə maddi dəstək verirlər. Bunun qarşılığında Misir indi Səudiyyə Ərəbistanı koalisiyasında yer alır.

Ötən illərdə Misirdə vəziyyət heç də yaxşılaşmayıb. 2014-cü ildən etibarən Sinay yarımadasında İŞİD-in yerli qanadı “Beyt əl-Makdis” qruplaşması fəaliyyətə başlayıb. Qruplaşma Misir ordusu və hüquq-mühafizə orqanlarına davamlı hücumlar həyata keçirib. Ancaq buna baxmayaraq qruplaşmanı, yox etmək mümkün olmayıb, Misir ordusu hələ də Sinayda təmizlənmə əməliyyatları həyata keçirir.

Nüfuzlu iqtisadi mərkəzlər Misirin yaxın 10 ildə sürətlə inkişaf edəcəyini proqnozlaşdırır, lakin hazırda ölkə iqtisadiyyatı o qədər də yaxşı vəziyyətdə deyil. Kənd təsərrüfatı ölkəsi olan Misirdə əhalinin həddən artıq sıxlığı ciddi problemdir. Misirdə kənd təsərrüfatı əsasən Nil çayının sahili boyunca ölkənin cənubundan şimala doğru bir zolaqdadır. Qalan ərazilər isə səhradır. Bu səbəbdən də, 90 milyondan çox əhalisi olan və sürətlə artan Misir indi daha çox başqa mənbələrdən “qidalanır”. “Ərəb baharı”na qədər Misir əhalisinin bir qismi qonşu ərəb ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanı, Liviya kimi ölkələrə gedərək orda çalışırdı. Ancaq müharibələr və terror bu imkanları xeyli məhdudlaşdırıb, Liviyadakı 2 milyon misirlinin böyük qismi geri qayıtmağa məcbur olub.



MƏSLƏHƏT GÖR:

263