25 Aprel 2024

Cümə axşamı, 11:25

YENİDƏN DÖYÜŞƏ

Rusiya və Türkiyə arasında İdlibdə nifaq düşüb

Müəllif:

01.03.2020

İdlib ətrafında gərginlik fevralın 20-də axşama doğru Türkiyə Suriya orduları arasında toqquşmayla nəticələndi. Düzdür, Rusiyanın müdaxiləsindən sonra qarşıdurma böyümədi, ancaq İdlibdə Türkiyə və Suriya (həm də Rusiya) arasında qarşıdurma riski yüksək olaraq qalır.

İndi vəziyyət elədir ki, Türkiyə və Rusiya yenidən 5 il əvvəlki gərgin münasibətlər dövrünə qayıda bilər. Bu isə təkcə Suriya deyil, bütövlükdə region üçün yeni risk vəd edir. Bu səbəbdən də, indi nəzərlər İdlibdəki vəziyyətlə bağlı Ankara və Moskvanın davranışlarına dikilib. Bundan sonra necə olacaq? Ümumiyyətlə, nədən Suriyanın kiçik bir vilayəti Ankara və Rusiyanı yenidən bir-birlərinə düşmən həddinə gətirdi?

Düzdür, ötən gün müdafiə naziri Akar bir daha qeyd edib ki, Rusiya ilə qarşı-qarşıya gəlmək istəmirlər. Ancaq hazırda Türkiyə ordusu Suriya ərazisində Suriya və Rusiya ordusu ilə qarşı-qarşıyadır, toqquşma hər an baş verə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə hökuməti bəyan edib ki, Suriya ordusu bu ayın sonuna qədər Soçi anlaşmasında nəzərdə tutulan cəbhə xəttinə geri dönməsə, Türkiyə ordusu hərbi əməliyyatlarla bunu edəcək. Üstəlik, Vaşinqton da bəyan edib ki, İldibdə müharibə riski çox yüksəkdir.

 

Hər iki tərəfin istinad etdiyi Soçi razılaşması

Məsələnin ən maraqlı tərəfi odur ki, həm Moskva, həm də Ankara indi Soçi razılaşmasına istinad edir. Və belə demək mümkündürsə, hər iki tərəf haqlıdır. Məsələn, fevralın 18-də kabinetin toplantısından sonra mətbuata açıqlama verən Prezident Ərdoğann sözçüsü İbrahim Kalın deyib ki, “Suriya mövzusunda Türkiyənin əsas istəyi Soçi razılaşmasının şərtlərinə əməl olunmasıdır. Xüsusilə hərbi müşahidə məntəqələrimiz və dinc vətəndaşların qorunmasında lazım olan addımların atılmasını istəyirik. Bununla bağlı nümayəndə heyətimizin müxtəlif danışıqları və müzakirələri oldu. Danışıqlarda qəbul edilən qərar bu müzakirələrin davam etməsidir”.

Oxşar açıqlama Moskvadan da gəlib. Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov bildirib ki, Ankara Soçi razılaşmasına əməl etməyib. Elə fevralın 21-də telefonla danışan Putin və Ərdoğan da Soçi razılaşmasına sadiqlik ifadə ediblər.

Ancaq aydın məsələdir ki, hər iki tərəfin istinad etdiyi Soçi anlaşmasının fərqli bəndləridir. Bu səbəbdən də, indi hər iki tərəfi qane edəcək razılaşmanı əldə etmək mümkün olmur. Hətta Rusiya və Türkiyə heyətləri bir araya gəlib müzakirə aparmasına, Ərdoğan və Putin arasında bir neçə telefon danışığına baxmayaraq, İldib mövzusunda ortaq mövqeyə gəlmək mümkün olmur.

 

Nədir Soçi razılaşması?

İndi gündəmdə olan və Soçi razılaşması adı verilən anlaşma 2018-ci il sentyabrın 17-də Putin və Ərdoğan arasında Rusiyanın Soçi şəhərində keçirilən danışıqlarda əldə olunub. Türkiyə prezidentinin təşəbbüsü ilə əldə olunmuş anlaşmaya görə, İdlibdə atəşkəs elan olunmalı və vilayətdə silahsızlaşdırılmış bölgə yaradılmalı idi.

Soçi razılaşmasına əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları döyüş bölgəsindən çəkəcək, oktyabrın 15-dək isə İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılacaqdı. “Ən-Nusra”, ya da başqa adla “Heyət Tahrir əş-Şam” (HTŞ) və digər terror təşkilatı kimi tanınan qruplar silahsızlaşdırılmış bölgədən çıxarılacaqdı.

Silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusu patrulları birgə hərəkət edərək atəşkəsə nəzarət etməli idi. Bu anlaşmaya əsasən, hər iki tərəfin terrorçu kimi tanıdığı qruplar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaqdı. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsi idi. Soçi anlaşmasının bir bəndi də İdlib ətrafında Türkiyə, İran və Rusiyanın atəşkəsə nəzarət məntəqələri – hərbi postlarının yaradılması idi.

Soçi razılaşması əldə olunduqdan dərhal sonra icrasına başlandı. Razılaşmanın birinci mərhələsi uğurla yekunlaşdı. Yəni ilkin etapda ağır silahlar döyüş xəttindən çıxarıldı. Rusiya XİN silahsızlaşdırılmış bölgədən 1000 nəfərdən çox silahlı, 100-ə yaxın hərbi texnikanın çıxarıldığını bəyan etmişdi. Anlaşmada qeyd olunan “ağır silahlar” kateqoriyasına raket atan qurğular, minaatanlar, tanklar, 23 mm-lik zenit-atəş qurğuları, 57 mm-lik tank əleyhinə toplar, o cümlədən 12.7 mm və 14.5 mm-lik pulemyotlar daxildir.

Lakin razılaşmanın növbəti mərhələsini icra etmək mümkün olmadı. 15 oktyabra nəzərdə tutulan ikinci, yəni silahsızlaşdırılmış bölgənin yaradılması prosesi ləngidi. Bundan sonra isə İdlibdə çoxluq və güc təşkil edən radikal cihadçı qruplar, o cümlədən HTŞ və digərləri birləşərək vilayət ərazisindəki Türkiyənin dəstəklədiyi silahlı müxalif qruplara hücum etdi. Bu hücumlar nəticəsində tezliklə İdlibin, təxminən, 70 faizə qədər ərazisi radikal cihadçıların nəzarətinə keçdi.

Bu vəziyyət isə öz növbəsində Rusiya və ən əsası Suriya hakimiyyətinin işinə yaradı. Çünki faktiki olaraq İdlib razılaşmasındakı öhdəliklərin bir hissəsi reallaşmamışdı. Üstəlik, tez-tez İdlibin cənubundakı Suriya ordusu mövqelərinə və Tartus, eləcə də Laziqiyyədəki Rusiyaya məxsus Xmeymim hərbi bazasına dron hücumları təşkil edən radikal cihadçılar yeni əməliyyat üçün əsas yaradırdılar. Bu səbəbdən də, Moskva Soçi razılaşmasına Ankaranın əməl etmədiyini bəyan etdi. Ötən ilin yazında isə Suriya ordusu radikal qrupların təxribat atışlarını əsas gətirərək İdlibin cənubunda hərbi əməliyyatlara başladı və bir neçə rayonu azad etdi. Avqustda Suriya ordusunun növbəti hücumu Ərdoğanın Moskvaya səfər edərək atəşkəsə nail olması ilə dayandı. Lakin o zaman da aydın idi ki, İdlibdə atəşkəs uzun müddət davam etməyəcək.

 

Bəşər Əsədin İdlib israrı

Əslində, Suriya hakimiyyəti əvvəl gündən Soçi razılaşmasına o qədər də isti yanaşmayıb. Ancaq razılaşmanı Suriya tərəfdən Putin imzaladığı üçün rəsmi Dəməşqin etiraz etməyə cəsarəti olmayıb. Ancaq əlbəttə ki, sonradan İdlibdə baş verənlər, atəşkəsin tez-tez pozulması Suriya hakimiyyətinin işinə gəlib. Bəs, Bəşər Əsəd nədən İdlib üçün bu qədər inad edir?

Məsələ ondadır ki, İldib hazırda kürd kantonları (fransızca vilayət, Suriyada ərazi vahidinə verilən ad – K.R.) istisna olmaqla müxaliflərin nəzarətində olan yeganə vilayət İldibdir. 2015-ci ildə tamamilə müxaliflərin nəzarətinə keçən İdlibdə müharibədən əvvəl 1,4 milyon əhali yaşasa da, son illərdə burada əhalinin sayı artıb. Çünki Hələb, daha sonra Dəməşq ətrafı və cənubda Dəra kimi rayonlarda məğlub olan və mühasirəyə düşən müxaliflər razılaşma əsasında ağır silahları buraxaraq hökumətin ayırdığı avtobuslarla əsasən İdlibə daşınıb. Buna görə də İdlibdə Soçi anlaşması zamanı artıq 3 milyon yaxın əhali vardı və bu əhalinin yarıdan çoxu başqa şəhərlərdən köçmüş və mərkəzi hakimiyyətə müxalif olan suriyalılar idi. Nəhayət, İdlib Türkiyə ilə sərhəd vilayətdir və Suriya müxalifətinə əsas dəstək məhz İdlib üzərindən gəlib. Daha bir səbəb isə İdlibin Suriyanın əsas liman şəhəri və ən sakit regionu olan Laziqiyyə və Tartus şəhərlərinə yaxın məsafədə yerləşməsi, bu şəhərlər üçün təhdid təşkil etməsi idi. Eyni zamanda İdlibdə radikal cihadçıların olması Suriya hakimiyyətinin bu vilayətə hücumuna əsas verirdi. Nəhayət, kürdlərdən fərqli olaraq İdlibdə müxaliflər və əsasən də cihadçılar yerləşir ki, onlar Suriya hakimiyyəti üçün hələ də təhdid təşkil edir.

 

Suriyanın İdlibdəki hərbi gücü

Bütün bu faktorları nəzərə alan Suriya hakimiyyəti müxaliflərin “sonuncu qalası” olan vilayətdə nəzarəti ələ keçirmək üçün bütün əsas zərbə qüvvələrini bir ilə yaxındır İdlib ətrafına toplayır. Məsələ ondadır ki, müharibədən əvvəl 220 min şəxsi heyəti, o cümlədən 500-ə yaxın təyyarə, 4700 tank, 4500-ə yaxın zirehli texnika, 500 özüyeriyən artilleriya qurğusu və 1500 topu olan Suriya ordusu münaqişənin ilk vaxtlarında hücumlar və fərarilər səbəbindən müəyyən itkilər yaşasa da, ötən illərdə, demək olar ki, aktiv əməliyyatlara qatılmayıb. Ötən 9 ildə Suriya ordusu 2600-ə yaxın tank, zirehli texnika və artilleriya itirib.

Lakin 2015-ci ildə İran və Rusiyanın Suriyada müharibəyə qatılmasından sonra Suriya ordusu hərbi gücünü qismən bərpa edib. Rusiya və İran Suriya ordusuna müasir tanklar və raket qurğuları verib. Eyni zamanda əsgərlərin tərxis olunmaması və azad edilən ərazilərdə orduya qatılmaq şərti ilə əfv olunanların hesabına Suriya ordusu canlı qüvvə sayını müharibədən əvvəlki səviyyəyə çatdırıb.

Və ən əsası da Suriya ordusunun böyük bir hissəsi, ümumiyyətlə, hərbi əməliyyatlara qatılmır. Ordu ya arxa cəbhədə postlarda, ya da kazarmalardadır. Aktiv döyüş əməliyyatlarına yalnız Suriya ordusunun xüsusi təyinatlı əməliyyat qüvvələri qatılır. Bunların isə ümumi sayı 50-70 min nəfər arasında dəyişir.

Suriya ordusunun əsas əməliyyat gücü “Pələng qüvvələri” adı verilmiş general Suheyl Hassanın komandanlıq etdiyi 25-ci terrorla mübarizə diviziyasıdır. Bu diviziyanın 10 minə yaxın döyüşçüsünün olduğu ehtmal edilir. Suriyada əsas əməliyyatları bu qüvvələr həyata keçirir. Hazırda İdlibdə də zərbə gücünü “Pələng qüvvələri” təşkil edir.

Suriya ordusunun ikinci əsas zərbə gücü prezident Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi 4-cü diviziyadır. Əsasən Dəməşq ətrafında yerləşən 4-cü diviziyanın tərkibində “Əl-Ğavs” (Yardım) adı verilən əməliyyat birləşməsi var. Bu birləşmə Hələb, İdlib və Laziqiyyə ətrafında əməliyyatlarda iştirak edir.

Suriya ordusunun 3-cü əsas zərbə gücü 104-cü diviziya və ya Prezident Qvardiyasıdır. Elitar qüvvə hesab olunan 104-cü diviziya Dəməşqdə yerləşir.

Bundan başqa Suriya münaqişəsinin ilk illərində hakim Bəəs Partiyasının silahlı dəstələri və “Şəbbiha” adı verilən gənclər qrupları sonradan “Milli Müdafiə Qüvvələri” adı ilə birləşdirilərək 5-ci ordu adı altında orduya daxil edilib. Bu qüvvələr də əməliyyatlara qoşulur.

Bundan başqa Rusiyadan “Vagner” və digər muzdlu silahlılar, həmçinin İranın təşkil etdiyi “Əbəlfəzl Abbas” briqadaları (iraqlılardan ibarət), həmçinin əfqan və pakistanlılardan ibarət “Fatimiyyun” briqadaları, fələstinlilərdən ibarət briqada və nəhayət, Livan Hizbullahının bir neçə min silahlısı da Suriya tərəfdən vuruşur. Bu səbəbdən də nizami ordu böyük ölçüdə aktiv əməliyyatlarda yer almır. Sadalanan əməliyyat qüvvələri isə 9 illik müharibə təcrübəsinə malik güclü ordu hesab olunur.

 

Türkiyə nə istəyir?

Türkiyə ordusu isə daha əvəvl İldibdə 12 atəşkəsə nəzarət məntəqəsində olan hərbi güclərinə kömək üçün son bir həftədə 5-7 min arasında əlavə qüvvə göndərib. Türkiyə ordusunun tərkibində yüksək hazırlıqlı xüsusi təyinatlılar dəstələri də var. Bundan başqa İdlib və Suriyanın şimalında Türkiyənin dəstəklədiyi “Suriya Milli Ordusu” adlı hərbi qüvvə də Türkiyə ordusuna dəstək verir. Ümumilikdə Suriyada 60 minə yaxın Türkiyəyə loyal hərbi qüvvə olduğu güman edilir.

İdlibdə isə 30 mini radikal cihadçılar olmaqla 70 minə yaxın silahlının olduğu güman edilir. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar ağır nəticələr doğura bilər.

Suriya hakimiyyətindən fərqli olaraq Türkiyə İdlibdə atəşkəsin davam etməsi və Soçi razılaşmasının qorunub saxlanılmasında maraqlıdır. Çünki İldibdə Suriya ordusunun başlatdığı əməliyyatlar ilk növbədə 500 min və ya 1 milyona yaxın qaçqınlar ordusunun Türkiyə əraziləri və ya azad edilmiş regionlara köçməsi deməkdir. Üstəlik əhalinin sıx yaşadığı bölgələrdə hərbi əməliyyatlar dinc əhalinin kütləvi surətdə qırılması ilə nəticələnə bilər.

Nəhayət hərbi əməliyyatlar formal da olsa müxaliflərin nəzarətində olan sonuncu vilayətin itirilməsi, Suriya müxalifətinin faktiki olaraq küncə sıxışdırılması demək olacaq. Və buradakı silahlıların taleyi isə təhülkə altına düşəcək. İdlibdəki ən-Nusra və HTŞ kimi əl-Qaidə ilə bağlantılı qrupların sağ qalması ehtimalı azdır. Onların Suriya ordusunun hücumları qarşısında Türkiyəyə qaçması isə Ankara üçün əlavə riskdir. Və nəhayət İdlibdəki 15 minə yaxın uyğurun taleyi də sual altına düşür. Çünki Türkistan İslam Partiyası adlı uyğur təşkilatı ABŞ və Avropa ölkələri tərəfindən terror təşkilatı kimi tanınır və Türkiyənin onları qəbul etməsi mümkün deyil. Həm də ortada Çinin reaksiyası amili də var. Bu mənada indi İdlibdə atəşkəs və Soçi anlaşmasının davam etməsi Türkiyə üçün prioritetdir. Əks təqdirdə bölgədə daha dərin böhran yaşana bilər.



MƏSLƏHƏT GÖR:

290