20 Aprel 2024

Şənbə, 12:21

«ORDUDA TƏMİZLƏMƏ» - VERSİYA 3.0

Paşinyan güc strukturlarında səliqə-sahman yaradır, yoxsa hərbi çevriliş təhlükəsini aradan qaldırmağa çalışır?

Müəllif:

01.03.2020

Ermənistanın siyasi həyatında «ordu məsələsi» yenidən gündəmə çevrilib. Ermənistan silahlı qüvvələrində baş verən son hərbçi ölümləri Nikol Paşinyanı xüsusi iclas keçirməyə vadar edib. Məsələ ondadır ki, ilin əvvəlindən indiyədək Ermənistan ordusunun 13 əsgəri qeyri-döyüş şəraitində dünyasını dəyişib. Hər bir halda, ordu məsələsi hər zaman qaynar mövzudur. Xüsusilə, söhbət müharibə şəraitində olan ölkədən gedirsə…

Artıq isti izlərlə ölkənin kifayət qədər yüksəkrütbəli hərbçiləri istefaya göndərilib. Baş nazir Nikol Paşinyanın iclasdan sonra verdiyi təqdimat əsasında Ermənistan prezidenti Armen Sarqsyan, Artur Baqdasaryanı Müdafiə Nazirliyi Hərbi Polisinin rəisi vəzifəsindən azad edib. Prezident Aleksan Aleksanyanın Ermənistan silahlı qüvvələrinin Mənəvi-Psixoloji Təminatı İdarəsinin rəhbəri vəzifəsindən azad olunması haqqında da sərəncamimzalayıb.

Yalnız bu fakt Qarabağın Ermənistan tərəfindən işğal edilmiş ərazi olduğu faktını bir daha təsdiqləyir. Hər halda, ölkədəki son hadisələrlə bağlı xəbərləri izləyən hər bir kəs bir faktın şahididir: dünyasını dəyişmiş əsgərlərin əksəriyyəti Qarabağda – Azərbaycanın işğal olunmuş ərazisində ölüb. Halbuki Paşinyan Münhendə cəmi bir neçə gün əvvəl iflasa uğradığı debatda Qarabağda «Ermənistan qoşunlarının olmadığını» iddia edirdi. İndi Dağlıq Qarabağdakı əsgər ölümlərinə görə Ermənistan Müdafiə Nazirliyində kadrlara «hücum olunursa», şərhə ehtiyac qalmır.

 

Ordu qanunları, yoxsa həbsxana qaydaları?

Narahatlığa səbəb olan bu sualdan Ermənistanın özündə yan keçməyə çalışırlar. Lakin Ermənistandan olan əsgərlərin Azərbaycanın işğal olunmuş torpaqlarındakı statusu məsələsi yeganə incə məsələ deyil. Bu dərəcədə silsilə əsgər ölümləri fonunda «dedovşina» söhbətləri, Ermənistan silahlı qüvvələrində «ağlar» və «qaralar»ın olduğu haqda deyilənlər, «qarabağlılar»la «yerevanlılar» arasında qarşıdurma haqda danışılanlar vəziyyətə tam fərqli çalar qatıb. Bütün bu deyilənlərin fonunda Hərbi Prokurorluq baş verənlərin intihar olduğunu deyirsə, dünyasını dəyişmiş əsgərlərin yaxınları qətldən danışır. Üstəlik, onlar etiraz olaraq, ölmüş əsgərlərin cəsədini tabuta qoyaraq İrəvana aparır. Dünyasını dəyişmiş əsgərlərin yaxınlarını qəbul etmək məcburiyyətində qalan müdafiə naziri David Tonoyan isə vəziyyəti güclə idarə edir. Vəziyyət o həddə çatıb ki, Nikol Paşinyan parlamentin tribunasından cəmiyyətdə, o cümlədən orduda «kriminal submədəniyyət»in olduğunu etiraf etmək məcburiyyətində qalıb. Baş nazirin fikrini əsaslandırmaq üçün gətirdiyi misal isə həm gülməlidir, həm də ağlamalı. O, deyib ki, «bəzi hərbçilərimiz paltaryuyan maşında alt paltarlarının başqalarına aid geyimlərlə birgə yuyulmasını təhqir hesab edir». Həqiqətən, dəhşətlidir!

Bu yerdə erməni ekspertlərə bir məqamı xatırlatmaq lazımdır: ordunun mənəviyyatını ən çox pozan amil işğalçı müharibə və soyğunçuluqdur. Ermənistan silahlı qüvvələrisə 90-cı illərin əvvəllərində Azərbaycanın işğal olunmuş ərazilərində məhz bununla məşğul olub – mülki əhaliyə qarşı talanlar, amansız etnik təmizləmə. Ordunun hazırkı rəhbərliyi məhz o dövrün səhra komandirlərindən formalaşıb. Ermənistan ordusunda həbsxana qaydalarının hökmranlıq etdiyi, əsgərlərin təhqir olunduğu, zorakılıqlara məruz qaldığı, zabitlərinsə öz aralarında maşınlarına, mühafizəçilərinin sayına görə yarışdığı haqda illərdir danışılır. Belə mənfi xəbərlər yalnız vaxtilə məlum 366-cı alayda batalyon komandiri olmuş, Xocalı soyqırımında iştirak etmiş Seyran Ohanyanın müdafiə naziri təyin olunmasından sonra kəsilmişdi – o, «orduya qara yaxılmasına» imkan verməyəcəyini bildirmişdi. Bəs, bu, silahlı qüvvələrdə hər şeyin qaydaya düşdüyü anlamına gəlirdimi? Hər halda, 2010-cu illərdə hərbçi yoldaşları tərəfindən qətlə yetirilən erməni əsgərlərin ölümünü dərhal «Azərbaycan tərəfinin atəşkəsi pozmasının nəticəsi» kimi qələmə verirdilər.

 

Klanların savaşı

Lakin Paşinyan, özünün də etiraf etdiyi kriminal submədəniyyətdən, «dedovşina», nizamnaməyə zidd əməllər nəticəsində əsgərlərin dünyasını dəyişməsindən o qədər də narahat deyil. Bu faciəvi hadisələr onun üçün orduda «3.0 versiyalı təmizləmə» aparmaq üçün bəhanədir. Və burada məqsəd ordunun sağlamlaşdırılması yox… klassik hərbi çevriliş riskindən qurtulmaqdır. Məhz bu məqsədlə Paşinyan daha nüfuzlu və özü üçün daha təhlükəli şəxsləri silahlı qüvvələrdən kənarlaşdırır.

Bu yerdə bir qədər keçmişə getməyə ehtiyac var. Əslində, ordu siyasətə qarışmamalıdır. Lakin Ermənistanın öz qaydaları var. Ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hakimiyyətdən 1997-1998-ci illərdə müdafiə naziri Vazgen Sarqsyanın (1999-cu ildə onun özü parlamentdə törədilmiş terror aktının qurbanı olub) da yaxından iştirak etdiyi «örtülü çevriliş» nəticəsində kənarlaşdırılıb.

2008-ci il martın 1-də İrəvan küçələrində mitinqçilərin güllələnməsi zamanı da məhz ordudan, daha dəqiq desək, paytaxta Qarabağdan gətirilmiş ordu hissələrindən istifadə olunub. Məlum olduğu kimi, həmin hadisələr zamanı 10 nəfər həlak olmuşdu.

Nəhayət, Nikol Paşinyan onun özünün «kabab inqilabı»nın baş tutmasında sülhməramlı briqadanın əsgər və zabitlərinin hansı rolu oynadığını yaxşı bilir – proseslərin həlledici məqamında həmin qüvvələr mitinqçilərin tərəfinə keçmişdilər. Lakin «sülhməramlı»ların bu davranışı qaydadan çox istisnadır.

Bu gün Ermənistan ordusunun rəhbərliyi əsasən devrilmiş «Qarabağ klanı»na aid şəxslərdən ibarətdir. Paşinyan hakimiyyətə gələr-gəlməz, ordu rəhbərliyinə ilk «hücum»unu, başqa sözlə, «təmizləmə 1.0» versiyasını gerçəkləşdirmişdi. O zaman bir sıra sabiq və iş başında olan hərbi məmur 2008-ci ilin 1 mart hadisələrinə aidiyyəti olmaqda təqsirləndirilirdi. Həmin günlərdə KTMT-nin baş katibi olan Yuri Xaçaturov belə, hədəfə alınmışdı. Lakin yeni hakimiyyət prosesi məntiqi sonluğuna, yəni məhkəməyədək aparıb çıxara bilmədi.

Bir müddət sonra «orduda təmizləmə - versiya 2.0» başlayıb. Generalitetə növbəti hücum dalğası orduda korrupsiya ilə mübarizə adı altında aparılıb. Həmin günlərin ən səs-küylü epizodu general Manvel Qriqoryanın həbsi sayıla bilər. Həbs olunan generalın dəbdəbəli villaları, şəxsi zooparkı, qızıl tapançaları, oğurluq mülkiyyəti, hətta şəxsi təcili tibbi yardım maşını, hərbçilərə aid külli miqdarda alt geyimi, konservləşdirilmiş ət, tualet kağızı, hətta dəfn əklilləri (!) bütün dünyaya nümayiş etdirilmişdi. Lakin bu dəfə də proses məntiqi sonluğuna, yəni məhkəməyə çatmayıb: «tuşonka Manvel»in müdafiəçiləri onun barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə nail olublar. Erməni zabitlər Paşinyanı orduda həddindən artıq gərgin, əsəbi vəziyyət yaratmaqda ittiham edir. İstənilən halda, generalitetə ikinci hücum da «dondurulub». Bundan başqa, N.Paşinyan əsgərlərin qidalanması, alt geyimilə və şəxsi gigiyena maddələrilə bağlı problemi də çözə bilməyib.

Nəhayət, Nikol Paşinyan «orduda təmizləmə - 3.0 versiyası»nın tətbiqinə başlayıb. Lakin bu dəfə vəziyyət tam fərqlidir. Baş nazirin generalitetlə münasibətlərində gərginlik pik həddə çatıb. Üstəlik, artıq onun əvvəlki populyarlığı da qalmayıb. «Qarabağ klanı»nın qiyama hazırlaşdığı az qala tam aşkardır. Nəhayət, Paşinyan İrəvan-Moskva münasibətlərini də əməlli-başlı korlayıb. Ermənistanda isə ordu məlum səbəblərdən ruspərəst istehkam sayılır. Baş nazir bu dəfə əsas kimi, ilk baxışdan «qələbəyə zəmanət verən» ordudaxili özbaşınalıq mövzusunu seçsə də, ictimai rəyin sonda onu deyil, generaliteti dəstəkləməyəcəyinə zəmanət yoxdur. Hər halda, ordudakı qalmaqal fonunda Paşinyanı ölkədə nifrət atmosferi yaratmaqda günahlandırırlar və məhz bu atmosferin silahlı qüvvələrə də sirayət etdiyini bildirirlər. Üstəlik, o, artıq az qala 2 ildir ki, ölkəyə rəhbərlik edir. Əgər indi orduda əsgər ölümü halları artıbsa, buna görə məsuliyyət, ilk növbədə, Paşinyanın üzərinə düşmürmü? Beləliklə, generalitetə növbəti hücumunda uğurla bitmək şansı azdır. Əvəzində, ölkədə hərbi qiyamın baş vermə ehtimalı getdikcə artır.

İstənilən halda, hərbçilərə qarşı növbəti kampaniyanın orduda vəziyyəti yaxşılaşdırmayacağına, onun döyüş qabiliyyətini artırmayacağına heç bir şübhə yoxdur. Ermənistan hərbi reytinqlərdə, onsuz da, Azərbaycandan onlarla punkt geri qalır. Azərbaycanla davam edən münaqişə və İrəvanın danışıqlar prosesində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe fonunda bütün yaşananlar tam fərqli istiqamət alır.



MƏSLƏHƏT GÖR:

284