29 Mart 2024

Cümə, 05:28

VİRUS NEFTƏ DƏ BULAŞDI

Ekspertlər vəziyyətin yaxın aylarda sabitləşəcəyinə ümid edir

Müəllif:

15.03.2020

2020-ci ilin mart ayı dünya neft hasilatı üçün, həqiqətən, “qara ay” oldu. Koronavirus epidemiyası qlobal neft bazarına böyük təsir göstərdi və yanacağa tələbatın azalmasına səbəb oldu. Bu məsələnin həllinə dair müəyyən ümidlər OPEK və qeyri-OPEK ölkələrinin nazirlərinin görüşü ilə bağlı idi. Ancaq görüşün nəticələri bütün gözləntiləri "geridə qoydu": Bazarda sabitliyi təmin etmək üçün yaranmış OPEK+ əməkdaşlıq formatı üç illik mövcudluğundan sonra elə əsas təşəbbüskarlarının - Rusiya və Səudiyyə Ərəbistanının fikir ayrılığı üzündən məhv oldu. Elə bundan sonra da, məxsusən, neft qiymətləri çökdü.

 

OPEK artıq əvvəlki deyil

Əlbəttə ki, haçansa OPEK + mexanizminin çökəcəyi və səmərəliliyini itirəcəyi anlaşmadan sonra dəfələrlə səslənsə də, amma onun bazar üçün ən uyğun olmayan anda dayandırılması hər kəs üçün xoşagəlməz bir sürpriz oldu.

2019-cu ilin dekabrında imzalanmış sonuncu OPEK+ sazişinin şərtləri 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2020-ci ilin birinci rübündə neft hasilatını toplam 1,7 milyon barel azaldılmasını nəzərdə tuturdu.

OPEK nazirlərinin martın 5-də Vyanada keçirilən iclasında razılaşdırılmışdı ki, OPEK+ anlaşması 2020-ci ilin sonuna qədər uzadılsın və azalma daha 1,5 milyon/barel dərinləşdirilsin. Özü də, kartel hasilatın 1 milyon barel/sutka əlavə azalmasına başlamağa hazır idi və qalan 500 minin isə OPEK üzvü olmayan ölkələr arasında paylanması təklif edilirdi. Neft hasilatının daha da azalmasının fəal tərəfdarı Səudiyyə Ərəbistanı idi. İstisna edilmir ki, məhz Ər-Riyadın təzyiqi ilə kartel eyni gündə iki dəfə qərarını dəyişdirmişdi – gündüz yalnız ikinci rüb üçün azalmanı əlavə 1,5 milyard barel/sutka dərinləşdirmək barədə razılığa gəlmişdi və axşam saatlarında onu 2020-ci ilin sonuna qədər uzatmağı təklif etmişdi.

Rusiya israr edirdi ki, əlavə ixtisarlar olması və mövcud razılaşma ikinci rübün sonuna qədər uzadılsın. Anlaşmanın əsas tərəfləri arasında fikir ayrılığı əvvəllər də yaranmışdı, lakin bu dəfə güzəştə nail olmaq alınmadı. Nəticədə, martın 6-da OPEK + nazirlərinin görüşü nəticəsiz qaldı, çünki Rusiya və Səudiyyə Ərəbistanı razılığa gələ bilmədilər.

Bu o deməkdir ki, 2016-cı ilin sonunda bağlanmış neft anlaşması aprelin 1-dən etibarən qüvvədən düşür və OPEK+-a daxil olan ölkələr hasilatı azaltmaq öhdəliyindən azad olacaqlar. OPEK-in növbəti iclası iyun ayında keçiriləcək.

Əgər hələ ötən ilin dekabrında Rusiyanın anlaşmanın vaxtını uzatmağa könülsüz getdiyi nəzərə alınarsa, ölkənin bu öhdəlikdən çıxışının öncədən müəyyən etdiyini düşünmək mümkündür.  

“Biz OPEK+ Əməkdaşlıq Xartiyası çərçivəsində işləyəcəyimiz və qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyimiz barədə birgə sənəd imzalamışıq. Azaltmaya gəldikdə isə – yəqin ki, qəbul edilmiş qərar nəzərə alınarsa, bu ilin aprelin 1-dən etibarən OPEK-ə daxil olan və OPEK-ə daxil olmayan ölkələrin heç birinin öhdəliyi yoxdur", - deyə Rusiyanın enerji naziri Aleksandr Novak vurğulayıb.

OPEK baş katibi Məhəmməd Barkindo nikbinlik və əminlik ifadə edib ki, OPEK+ qrupunun heç biri ötən illərdəki aşağı neft qiymətləri vəziyyətini təkrarlamaq istəmir. “Bizim Rusiya ilə müzakirələrimiz oldu və onlar əməkdaşlıq bəyannaməsinə sadiqdirlər və davam etmək istəyirlər. Biz hələ də, onların «Nuhun gəmisi»nə qayıdacağına əminik”,- deyə M.Barkindo bildirib.

O vurğulayıb ki, kartel üzvü olmayan dövlətlərin 90% -i OPEK-in qərarı ilə razıdır - "bir və ya iki ölkə"ni kartelin mövqeyini qəbul etməyə inandırmaq lazımdır.

Vəziyyət, xüsusilə, ona görə təhlükəlidir ki, neft bazarındakı bu dəyişikliklər koronavirus ilə bağlı qlobal səviyyədə xammala tələbatın azalması nəticəsində meydana gəlmiş şok ilə üst-üstə düşür.  

OPEK+ danışıqlarının uğursuzluğuna bazarın reaksiyası özünü çoxdan gözlətmədi. Martın 6-da axşam əqdlərinin nəticələrinə görə, «Brent» markalı neftin qiymətinin 7,5% ucuzlaşaraq enməsini sürətləndirdi. London birjasında may fyuçerslərinin qiyməti bir barel üçün 46,26 dollara düşüb. Nyu-York Ticarət Birjasında (NYMEX) WTI üzrə aprel fyuçersləri 7,6% azalaraq bir barel üçün 42,42 dollara düşüb.

 

Cavab gedişi  

Qiymətlərin kəskin enməsinin ilk qurbanı Səudiyyənin dövlət neft şirkəti «Saudi Aramco» oldu, onun səhmlərinin qiyməti şirkətin birjaya çıxdığı andan bəri ilk dəfə IPO qiymətindən aşağı düşdü. Qiymətli kağızlar təxminən 9,1% dəyər itiriblər.

Yeni OPEK+ sazişinə dair danışıqların iflasından sonra, Ər-Riyad aprel ayından etibarən hasilatı indiki 9,7 milyon barel/sutkadan 10-11 milyon barel /sutkaya (lazım olduqda və rekord 12 milyon barel/sutkadan yuxarı) artırmağı planlaşdırdığını elan etdi və nefti alıcılara ən aşağı qiymətə - 20% ucuz təklif edəcək.

Martın 9-da bütün bu baş verənlərin nəticəsi kimi neft qiymətlərində 1991-ci ilin "Səhrada fırtına" əməliyyatlarından bu yana ən böyük azalma oldu. Dünya bazarları xaosa girdi, Rusiya şirkətlərinin səhmləri çökdü.

Neft qiymətinin üçdə birini itirdi və Brent markalı neftin bir barelinin qiyməti 31 dollara qədər endi (Amerika WTI-sinin qiyməti isə 30 dollardan aşağı düşdü). Sonra bəzi düzəlişlər başladı, neftin qiyməti 36 dollara qədər yüksəldi, ancaq 20% düşmə tarixə düşdü. Barel daha çox yalnız 17 yanvar 1991-ci il tarixdə daha çox dəyər itirmişdi, onda iflas, demək olar ki, 35% idi.

Nəzərə alınsa ki, Səudiyyə Ərəbistanının ixracatının təxminən 80%-i və dövlət büdcəsi gəlirlərinin 2/3-si neft və qaz sektorunun payına düşür, neft qiymətləri bərpa olunmazsa, ölkə iqtisadiyyatına ciddi zərər dəyə bilər. Ekspertlər də eyni fikirdədirlər. «Abu Dhabi Commersial Bank»ın qiymətləndirməsinə görə, «Brent» markalı neftin bir barelinin qiyməti 35 dollar səviyyəsində qalacağı təqdirdə, xərclərə düzəliş edilməzsə, Səudiyyə Ərəbistanı 2020-ci ildə ÜDM-in təxminən 15%-i çatışmazlığı ilə üzləşəcək və başqa mənbələr olmadan xalis valyuta ehtiyatları təxminən beş ildə tükənəcək.

«Goldman Sachs Group Inc»in hesablamalarına görə, bu il Səudiyyə Ərəbistanının büdcə kəsiri, demək olar ki, 12%-ə çata bilər və hökumətin maliyyələşməyə ehtiyacı il ərzində 36 milyard dollar artacaq.

Bununla belə, Səudiyyə Ərəbistanı yeni şərtlərdə bazar payı və alıcılar uğrunda mübarizəni davam etdirəcək, artıq «Saudi Aramco»nun istehsal gücünün 12 milyon barel/sutkadan 13 milyon barel/sutkaya qədər artırılması barədə əmr verib. Bu, şirkətə daha çox neft istehsal etməyə imkan verəcək və maya dəyərinin aşağı olması nəzərə alınarsa, hətta aşağı qiymətlərdə də qazanc əldə edə biləcək. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında hasilatın maya dəyəri çox aşağıdır - bir barel üçün 10 dollardır. Eyni zamanda, büdcəni balanslahdıran qiymət Rusiyanın qiymətindən demək olar ki, iki dəfə yüksəkdir - Rusiyanın bir barel üçün 42,4 dollarına qarşı 80 dollardır.

«BNP Paribas»ın ekspertləri Səudiyyə Ərəbistanının hərəkətlərini Rusiya ilə poker oyununa bənzədib ki, bu oyunda "Ər-Riyad paylarını artıraraq", Moskvanı danışıqlar masasına qayıtmağa məcbur etmək istəyir. Rusiya tərəfi isə oyun qaydalarını özünəməxsus qiymətləndirərək, Səudiyyə Ərəbistanının düzgün seçim etmədiyini bildirib.

Yeri gəlmişkən, "hasilatın artırılması" sindromu yoluxucu olub və Səudiyyə Ərəbistanından sonra BƏƏ və İraq da aprel ayında istehlakçılar üçün neft qiymətlərini aşağı salmaq və ixracı artırmaq qərarına gəliblər.

 

«Biz döyüşü qəbul edirik!»

Rusiyada OPEK+ anlaşmasından çıxmaq qərarı birmənalı qarşılanmayıb. Belə bir qərarı dəstəkləyənlərin fikrincə, bu, olduqca məqbuldur, çünki Rusiya neft hasilatının həcmini azaltmaqla dünya bazarında öz yerini Amerika şist neft istehsalçılarına verir. Qərarın əleyhdarları isə "qara qızıl"ın qiymətlərinin kəskin enməsi səbəbindən ölkənin potensial itkilərini hesablayırlar.

LUKOYL-ın prezidenti Vaqid Ələkbərov düşünür ki, OPEK+ Texniki Komitəsinin martın 18-də keçiriləcək iclasında vəziyyətdən çıxış yolu tapacaq. Şirkətin həmtəsis sahibi Leonid Fedun əmindir ki, Rusiyanın OPEK ilə neft hasilatını məhdudlaşdırmaq üzrə anlaşmasının pozulması nəticəsində ölkə gündə ən azı 100 milyon dollar itirəcək.

Bununla yanaşı, maliyyə naziri Anton Siluanov ictimaiyyəti inandırır ki, Rusiyanı qlobal neft bazarında qiymətlərin aşağı düşməsinə daha böyük gəlir payı olan digər ölkələrə nisbətən daha yaxşı hazırdır. Onun sözlərinə görə, Rusiya Federasiyası "büdcə siyasəti üzrə bütün planlarını təmin etmək üçün yetərincə ehtiyata malikdir".

Rusiya Federasiyasının Energetika naziri bəyan edir ki, Rusiya şirkətləri qısa müddətdə neft hasilatını 200-300 min barel/sutka artıracaqlar və gələcəkdə artım 500 min barel/sutka olacaq. A.Novakın sözlərinə görə, OPEK+ formatında neft hasilatını məhdudlaşdırmaq üzrə anlaşmanın rədd edilməsinə bazarın reaksiyası Rusiya üçün gözlənilən idi. Nazir vurğulayıb ki, "hasilatın məhdudlaşdırılması anlaşmasından çıxmaq ssenarisi hazırlanıb və neft bazarındakı cari vəziyyət proqnozlar çərçivəsindədir ".

Mənfi ssenariyə bütünlüklə hazırlığa baxmayaraq, Moskva OPEK+-un bu ilin may-iyun aylarına planlaşdırılan iclaslarında bazarın vəziyyətini müzakirə etmək imkanından imtina etmir.

Rusiya neft hasilatının təxminən 40%-nə sahib «Rosneft» yeni anlaşmanın açıq-aydın düşməni idi. Şirkətin mətbuat katibi Mixail Leontyev OPEK ilə anlaşmanı Amerikanın şist neftinin istehsalı sürətlə çiçəkləndirən "masoxizm" adlandırıb.

Onun sözlərinə görə, Rusiya üçün OPEK+ anlaşması mənasız idi. Bu anlaşma ilk mərhələdə yalnız psixoloji amil kimi müsbət rol oynayırdısa, əslində, anlaşmanın təkrar-təkrar uzadılması zamanı dünya bazarından çıxarılan bütün neft həcmləri dərhal və bütünlüklə Amerikanın şist neftinin həcmləri ilə əvəz olunurdu.

 

Şist nefti autda qaldı  

Bununla yanaşı, əgər Rusiya Federasiyasının OPEK+ sazişindən çıxması ABŞ-ın neft sənayesinə ziyan vurmaq üçün hazırlanmışdırsa, zərbə hədəfə dəyib. "Qara qızıl"ın qiymətində azalma davam edərsə, şist nefti üçün çətin günlərin gəldiyini əminliklə söyləmək olar.

"Hər kəs, o cümlədən Rusiyaya da zərər dəyəcək. Bununla belə, bu qərarın üstünlüyü ondadır ki, başqalarına, xüsusən ABŞ-a zərər verəcək", - deyə «Rystad Energy»nin neft bazarı şöbəsinin müdiri Bornar Tunhauqen bildirir.

Analitiklərin fikrincə, neftin qiymətinin belə kəskin azalması ilə bəzi şist istehsalçıları bazardan çıxmaq məcburiyyətində qalacaqlar və yalnız neftin bir bareli üçün 35-40 dollarlıq qiymət aralığında rəqabətə dözə biləcək ən effektiv şirkətlər bazarda qalacaq.

"Biz artıq bəzi şist operatorlarının xərc və qazma həcmlərini dərhal tənzimləmək niyyətində olduqlarına işarə etdiklərini görürük. Bu, ABŞ-ın şist neft istehsalçıları üçün qiymətlərin cari enişinin gözləniləndən daha ağrılı olacağını göstərir",- deyə «JBC Energi» öz icmalında qeyd edir.  

«Eurasia Group»un analitikləri proqnozlaşdırırlar ki, dünya bazarında qiymətlərin rekord düşməsinə baxmayaraq, ABŞ-da istehsal heç bir halda kəskin düşməyəcək. “İstehsalçıların əksəriyyəti neft qiymətlərinin yüksək olduğu dövrlərdə öz risklərini gecləşdiriblər. Fikrimizcə, şist nefti istehsalı Rusiyanın gözləntilərinə cavab verəcək qədər sürətli olmayacaq", - deyə «Eurasia Group»dan Ayham Kamel «Financial Times»a bildirib.

Eyni zamanda, Amerikanın bir çox şist neft istehsalçılarının yeni maliyyələşdirmə cəlbi və borcların yenidən maliyyələşdirilməsi ilə bağlı problemləri yarana bilər.

 

Gözlənilməz uduş

İqtisadiyyatı neftdən asılı olan ixracatçı ölkələr neftin ucuzlaşması risklərindən qorunmaq üzrə tədbirlər görən bir zamanda, həmişə yaranmış vəziyyətdən yararlanaraq ehtiyatlarını ucuz neftlə doldurmaq üçün istifadə edənlər tapılır. Belə ki, Çin hakimiyyəti neftin qiymətinin düşməsindən sonra dövlət neft ehtiyatlarının artırılması imkanlarını nəzərdən keçirir. Dövlət planlaşdırmasından məsul olan məmurlar dövlət qurumları və dövlət neft şirkətləri ilə son zamanlar kəskin ucuzlaşan neftin strateji ehtiyatları artırmaq üçün alması ilə bağlı məsləhətləşmələr aparırlar. Ekspertlərin fikrincə, hələlik son həll qərar yoxdur, lakin Çin tərəfindən neft satınalmasının artırılması bazarda təklif artımını azaldar və qiymətlərin enməsini məhdudlaşdıra bilər.

Dünya birjalarında neftin qiymətinin düşməsi Belarus üçün Rusiya Federasiyası ilə Belarus neft emalı zavodlarına xammal göndərilməsi şərtləri ilə bağlı danışıqlarda yeni imkanlar açır. Bu fikri Belarus hökumətinin başçısı Sergey Rumas söyləyib. “Bunlar bu gün Rusiya Federasiyası ilə razılaşdırmaq üçün əlavə imkanlardır. Çünki bu gün mövcud olan vəziyyət dekabr və ya yanvar ayındakı vəziyyətdən ciddi şəkildə fərqlənir", - deyə S.Rumas bildirib.

 

Narahatlıq doğuran proqnozlar

Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı qiymət müharibəsində gərginliyin artması gözlənilən zaman analitiklər neft qiymətləri barədə proqnozlarını endirdilər. UBS-in məlumatında bildirilir ki, fikir ayrılığı "bütün neft istehsalçıları üçün qiymətlərdə və gəlirlərdə ciddi problemlərə səbəb olacaq". Səudiyyəlilər tərəfindən neft ixracı qiymətlərinin aqressiv şəkildə azaldılması "proqnozlaşdırdığımızdan daha böyük oldu",- deyə analitiklər vurğulayırlar.

Bankın mütəxəssisləri gözləyirlər ki, ilin birinci yarısının sonunda “Brent” markalı neftin qiyməti əvvəllər düşünülən 40 dollar yox, 30 dollar olacaq, WTI-nin isə 37 dollar əvəzinə 28 dollar olacağı gözlənilir. Sentyabrın sonuna proqnozlar isə bir barel üçün uyğun olaraq 45 dollardan 37 dollara və 42 dollardan 35 dollara endirilib.

«Standard Chartered» hesab edir ki, OPEK+ anlaşmasının iflası "sərt və uzun müddət davam edən qiymət müharibəsinə" səbəb olacaq. Bankın ekspertləri yaxın dörd ay ərzində önəmli bir neft profisiti gözləyirlər. «Standard Chartered» ikinci rüb üçün «Brent»in orta qiyməti üzrə proqnozunu 61 dollardan 23 dollara endirib. 2020-ci ilin yekunları üzrə bank analitikləri indi öncə gözlənilən 64 dollardan fərqli olaraq, bir barel üçün 35 dollar gözləyirlər. 2021-ci il üçün proqnoz bir barel üçün 67 dollardan 44 dollara dəyişdirilib.

Mütəxəssislərin fikrincə, neftin qiymətinin aşağı düşməsi ABŞ-da istehsalın azalmasına və ilin ikinci yarısında tələbin artmasına səbəb olacaq. Eyni zamanda, bank ekspertləri gözləyirlər ki, aşağı qiymətlər OPEK və Rusiyanı yenidən birləşdirəcək və onlar " hasilatın məhdudlaşdırılması ilə bağlı 2020-ci ilin sonuna qədər neft təkliflərini dəstəkləyəcək yenilənmiş anlaşmaya" gələcəklər.

«Citigroup» analitikləri ehtimal edirlər ki, OPEK+ ölkələri atəşkəsə nail olacaqlar və hasilatı məhdudlaşdıracaqlar. Ekspertlərin proqnozlarına görə, OPEJ + iştirakçıları üçüncü rübdə hasilatı hətta 1 milyon barel azalda bilər.

Bir sözlə, neft bazarında sabitliyi bərpa etmək və qiymətləri komfortlu 55-65 dollar səviyyəsinə qaytarmaq üçün yeganə düzgün həll yolu üç il ərzində öz effektivliyini sübut etmiş əməkdaşlıq formatıdır. Bundan əlavə, mövcud vəziyyət göstərdi ki, OPEK və qeyri-OPEK yalnız birgə səylərlə istənilən nəticəni əldə edə bilərlər - artıq kartel təkbaşına bunun öhdəsindən gələ bilmir.



MƏSLƏHƏT GÖR:

288