25 Aprel 2024

Cümə axşamı, 07:55

“İRƏLİYƏ BAXMAQ LAZIMDIR”

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yay Olimpiadasının 2021-ci ilə keçirilməsini Region Plusa şərh edib

Müəllif:

01.04.2020

Dünya ölkələri bəlaya çevrilən koronavirus pandemiyasıyla mübarizə apardığı dönəmdə planetin bütün idman növləri də karantindədir. 2020-ci ilin əksər idman yarışları ya təxirə salınır, ya da ləğv olunur. Hətta futbol üzrə Avropa çempionatı kimi mötəbər idman yarışı UEFA tərəfindən 2021-ci ilə keçirildi, Formula 1, cüdo üzrə Avropa çempionatı, futbol üzrə Çempionlar Liqası kimi yarışlar qeyri-müəyyən vaxta ertələndi.

Nəhayət, martın 24-də Tokio Olimpiya Oyunlarının da təxirə salınması rəsmiləşdi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) olimpiadanın 2021-ci ilə təxirə salındığını elan etdi.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının açılışı bu il iyulun 24-də baş tutmalı idi. Lakin COVİD-19 virusunun yayılması səbəbindən Kanada, Norvec, Sloveniya, ABŞ, Braziliya, Xorvatiya, Fransa və İspaniyanın milli Olimpiya Komitələri BOK-u Oyunları təxirə salmağa çağırdılar. Yekun qərar isə yalınız qəbul edən tərəfin, yəni Tokionun Oyunları gələn ilə saxlamaq zərurətini bəyan etməsindən sonra verildi.

Dünya və Azərbaycan idmanında yaranmış vəziyyəti şərh etmək üçün Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəyə müraciət etdik.

- Çingiz müəllim, koronavirus pandemiyasıyla bağlı vəziyyət məlumdur. Son anda Tokio 2020 Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınmasını gözləyirdinizmi?

- İlk olaraq çətin gündə xalqımızı möhkəm olmağa çağırıram. İnanıram ki, yaxın aylarda vəziyyət düzələcək. Sualınıza gəldikdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi videokonfransdan danışmaq istərdim. Bütün ölkələr kimi Azərbaycan da toplantıda iştirak etdi və müzakirələrə qoşuldu. Konfransda BOK təxirə salınmanı müzakirə etmirdi. Yarışın keçiriləcəyi Yaponiyada pandemiyayla bağlı vəziyyət nəzarətdə olduğunu bildirmişdi. Yaponiya Hökümətinin təxirə salınmayla bağlı müraciəti vəziyyəti tamamilə dəyişdi. Artıq olimpiadanın 2021-ci ildə keçiriləcəyi dəqiqləşib. Sadəcə yarışın hansı ayda baş tutacağı məlum deyil.

- Tokio Olimpiadası təxirə salındı. Bu qərar Milli Olimpiya Komitəsinin planlarını dəyişirmi?

- Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmayacaq. İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir.

Milli Olimpiya Komitəsi Azərbycan Respublikası Prezidentinin rəhbərliyi altında koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan fəaliyyəti dəstəkləyir və MOK öz işini reallaşdırılan bu fəaliyyətin məcrasında davam etdirməyi planlaşdırır.

Atletlərimizin sağlamlığını prioritet məsələ kimi əsas götürərək idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti və olimpiya hərəkatının təbliği, olimpiya lisenziyalarının sayının artırılması istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat özünün normal axarına dönəcəkdir. Bu zamandan istifadə edərək daha yaxşı hazırlaşmalıyıq, lisenziyalarımızın sayını artırmalıyıq.

- Lisenziya qazanan idmançılarımız hazırda evdən çıxmırlar, məşqsiz qalıblar. Bu vəziyyəti necə düzəltməyi düşünürsünüz?

- Apreldə Gənclər və İdman Nazirliyi ilə birgə müzakirələr olacaq. Regionlarda bir neçə arenanı atletlərin hazırlığına vermək istəyirik. Xüsusi məkana çevirəcəyik. İdmançılarımız və məşqçilərimiz orada təlim-məşq keçəcək. Çinin özündə də belədir. Lisenziya qazanan idmançıları ayrı şəhərdə yerləşdiriblər, orada xüsusi proqramlar məşq edirlər. Belə vəziyyətdə cüdo, güləş məşq edə bilər. Amma yüngül atletika və ya üzgüçülükdə problem fərqlidir. Atlet Nazim Babayev indi evdədir, məşq etmir. Ona biz zal ayıra bilmərik. Yüngül atletika məşqləri fərqli məkanda keçirilir. Üzgüçülərimizin məşqsiz qaldığını deməliyəm. Ona görə Su İdman Sarayının ancaq idmançılar üçün açılmasını istəyirik. Əlbəttə indi bu məsələ müzakirə olunmur. İndi ölkədə karantinin başa çatmasını gözləməliyik.

- Sizin şəxsi mövqeyiniz maraqlıdır. Avro-2020 təxirə salındı, Formula-1 başqa vaxta keçirildi. Tokio Olimpiadasının başqa tarixə keçirilməsi yarışın nüfuzuna zərbə vurmayacaq?

Olimpiada planetin ən böyük yarışıdır. İndiki vəziyyətdə turnirin təxirə salınması insanlığı, dünya ölkələrinə olan həmrəyliyin nümunəsidir. Tarixdə üç dəfə - 1916, 1940 və 1944-cü illərdə olimpiada baş tutmayıb. Müharibə səbəbindən planetin ən böyük yarışı sadəcə ləğv olunub. Adətən olimpiada təxirə salınmır. Ona görə əgər olimpiada vaxtında təşkil olunmasaydı keçirilməyəcəyini düşünürdülər. İndi 2021-ci ilə keçirilib. Tokio yarışı ən yüksək səviyyədə keçirməyə çalışacaq.

Olimpiya hərəkatı dünyada özünəməxsus gücə, nüfuza malikdir. BOK olimpiadanın təşkilatçılığında hər bir məqama diqqət edir. İllərlə idmançılar olimpiadaya hazırlaşır. Onlar da insandı. Ümidlərini itirməyə imkan vermək olmaz. Olimpiada ölkələrə güc, nüfuz verir. Planetin ən böyük yarışının keçirilməməsi həm maddi, həm mənəvi baxımından böyük zərbə olardı.

- Sonda idman ictimaiyyətinə sözünüz varsa buyurun.

- Bütün lisenziya qazanan idmançıları imkan daxilində ev şəraitində məşqləri davam etməyə çağırıram. Məşqləri dayandırmaq olmaz. Ölkəmizin bütün dünyanın tezliklə bu virusa qalib gələcəyinə inanıram. Həm də bizdə məsəl var – mart çıxdı, dərd çıxdı. Tezliklə vəziyyətin düzələcəyinə ümid edək.


MƏSLƏHƏT GÖR:

310