28 Mart 2024

Cümə axşamı, 12:40

VERGİDƏN «CASHBACK”

Azərbaycanda ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi işə başlayıb

Müəllif:

01.04.2020

Koronavirus pandemiyası nəticəsində yaranmış qlobal iqtisadi problemlər və neftin qiymətinin düşməsi fonunda fiskal sahədə çox önəmli bir islahat kölgədə qalıb ki, nəticədə bu, çətin dövrdə əhaliyə xərclərin bir hissəsini qənaət etməyə kömək edəcək. Belə ki, 2018-ci ilin sonunda elan edildiyi kimi, ticarət və ya xidmət obyektlərində ödəniş aparılarkən ƏDV-nin (əlavə dəyər vergisinin) bir hissəsinin qaytarılması mexanizmi bu ilin mart ayında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra işə düşüb. Artıq əlində alış-veriş qəbzi olan və xüsusi yaradılmış məlumat sistemi ilə ünsiyyət prosesini başa düşən hər bir fiziki şəxs xərclənmiş vəsaitin bir hissəsini bank kartına ala biləcək.

 

Qaytarma mexanizmi

Bildirmək gərəkdir ki, Azərbaycan MDB məkanında ƏDV-nin bir hissəsinin qaytarılması üçün belə bir sistem quran ilk ölkələrdəndir. Hələ 2016-cı ilin yayından bu yana xarici vətəndaşlar üçün «Tax Free» sistemi uğurla tətbiq edilir. İlk başdan bu sistem test rejimində tətbiq olunub və bir il sonra ölkənin bütün sərhəd-keçid məntəqələrində istifadə edilməyə başlayıb.

Dünyanın əlavə dəyər vergisi tətbiq edən 130 ölkəsi Azərbaycanın «Tax Free» sisteminə qoşulub. 2017-ci ildə Bakıda başlamış şoppinq-festivallarda həm turistlər, həm də ölkə sakinləri bu sistemdən fəal şəkildə istifadə etməyə başladılar. Yerli sakinlər xaricilərlə birlikdə «Baku Shopping Festival-Tax Free» stikeri ilə qeyd olunmuş bütün mağazalarda 100 manatdan çox dəyərində alış-veriş edə bilərlər. Üstəlik, bu məbləğ həm nağd şəkildə, həm də bank hesabına/karta köçürülmə yolu ilə qaytarılır.

Normal vaxtlarda «Tax Free»nin imkanlarından istifadə etmək üçün bir elektron hesab-fakturada alınan malların dəyəri (ƏDV daxil olmaqla) 300 manatdan az olmamalıdır. Eyni zamanda, satın alındığı gündən keçən 90 gün ərzində mallar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu müddət başa çatdıqdan sonra mallar üçün ödənilmiş ƏDV miqdarı geri qaytarılmır. Yeri gəlmişkən, şoppinq-festivallarda bir gün ərzində ƏDV-nin geri qaytarılması "dəb" idi.

Bu günlərdə təsdiq edilmiş ƏDV-nin geri qaytarılması sistemi yuxarıda göstərilən məqamlardan bir neçəsini əhatə edir, lakin bütünlükdə fiskal sahədə yetərincə innovativ bir həldir. Təsdiq edilmiş mexanizmə görə, ƏDV-nin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi məlumat sistemində, yəni bu prosesi tənzimləyən portalda qeydiyyatdan keçərək elektron hesab yaratmalıdırlar. Qeyd etmək lazımdır ki, bu sistemdən təkcə Azərbaycan vətəndaşları deyil, xarici vətəndaşlar da istifadə edə bilər. Eyni zamanda, hər kəsin milli valyutada bank kartı olmalıdır, çünki ƏDV istehlakçıya yalnız bank kartına və ya hesaba köçürmə yolu ilə qaytarılır.

Bundan əlavə, ƏDV yalnız yeni nəsl kassa aparatı qəbzi olduqda qaytarılacaq, yəni Dövlət Vergi Xidmətinin elektron məlumat sisteminə qoşulmuş kassanın qəbzi olmalıdır. Pulunuz hesabınıza oturana qəbzi saxlamağınız məsləhətdir.

Vəsaitin geri qaytarılması üçün portala vaxtında müraciət edilməlidir, yəni qəbz alındığı tarixdən 90 gündən gec olmayaraq yerləşdirilməlidir, əks halda qüvvəsini itirəcək. Portala təqdim edilən müraciət qəbzin verilməsindən 14 gün sonra aktivləşdirilir və geri qaytarılmalı ƏDV miqdarı barədə məlumat vahid məlumat bazası vasitəsilə 5 gün ərzində səlahiyyətli banka ötürülür. Bank isə öz növbəsində tələb olunan məbləği 10 gün ərzində müştərinin hesabına qaytarır. Yəni bütün proses maksimum 29-30 gün ərzində başa çatır.

Əsas məsələyə - hər bir alış-verişdən tam olaraq nə qədər əldə edə biləcəyinizə gəlincə, vergi məmurlarının öncədən elan etdiyi kimi, məbləğ ödəniş üsulundan asılı olacaq. Belə ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə görə nağd ödənişlər üçün ƏDV-nin 10%-i, nağdsız ödənişlər üçün isə 15% -i geri qaytarılır.

Misal kimi, 1180 manat alış-veriş edildiyini düşünək, ümumi ödənişin üzərinə 18% ƏDV gəlindiyi nəzərə alındıqda 180 manat ƏDV-nin payına düşür. Belə halda, geri qaytarılan vəsait POS terminal vasitəsilə ödəyərkən 180 manatın 15%-i qədər (27 manat), kassa aparatı vasitəsi ilə nağd şəkildə ödəyərkən isə təqdirdə 180 manatın 10%-i qədər (18 manat) olacaq. Yəni məhsulun və ya xidmət dəyərinin uyğun olaraq 2,29%-i və ya 1,53%-i faktiki olaraq istehlakçıya qaytarılır.

Düzdür, bəzi istisnalar var - məsələn, bu sistem sadələşdirilmiş vergi ödəyicisi olan və ya ƏDV ödəyicisi olmayan ticarət obyektlərinin nəzarət-kassa aparatlarından alınan qəbzlərə tətbiq edilmir. Bundan əlavə, neft məhsullarının satınalınmasından tutulan məbləğ geri qaytarılmır.

 

Şəffaf gəlir və xərclər

Əslində, söhbət orta və böyük pərakəndə ticarət obyektlərində alış-verişdən gedir, çünki kiçik obyektlər vergiləri sadələşdirilmiş üsulla ödəməyi üstün tuturlar. Digər tərəfdən, bu mexanizmin tətbiqi müəssisədə yeni nəsil kassa aparatlarının olmasını tələb edir. Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Nəzarət kassa aparatlarının tətbiqi qrafiki”nə əsasən, böyük ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və şəbəkə marketlərdə, həmçinin şadlıq evlərində, mebel mağazalarında və avtomobil satış mərkəzlərində yeni avadanlıqların quraşdırılması prosesi artıq başa çatıb. Avadanlığın yeniləşdirilməsi üzrə bütün proses dörd mərhələ üçün nəzərdə tutulub, sonda (2021-ci ilin sonunadək) ölkə üzrə bütün ticarət və xidmət obyektlərində kassa aparatları quraşdırılacaq. Onlar təkcə qəbzlər verməklə qalmayacaq, həm də onlayn rejimdə bütün əməliyyatlar barədə məlumatları birbaşa vergi xidmətinə ötürə biləcəklər.

Qeyd etmək lazımdır ki, bütün bu müddətlər koronavirus pandemiyasına qədər qüvvədə idi və yaranmış vəziyyətlə bağlı onların nə qədər tənzimlənəcəyi hələ bilinmir. Lakin ölkə rəhbərliyinin ƏDV-ni geri qaytarma mexanizminin tətbiqinə başlamağı gecikdirmədiyi nəzərə alınarsa, işlərin çox hissəsi artıq görülüb.

Bu barədə daha öncə mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi və əlavə etmişdi ki, ƏDV-nin geri qaytarılması prosesinin başlaması fiskal orqanlara ictimai nəzarəti gücləndirməyə və istehlakçıların şəffaf hesablaşmalara, ən önəmlisi mal və ya xidmətlər üçün nağdsız ödənişlərə marağı artıracaq.

Bir sözlə, bu mexanizmin tətbiqində əsas məqsəd məhz ticarət və xidmət sahələrində şəffaflığın artırılmasıdır. Bu tədbirlər istehlakçıları yeni nəzarət kassa aparatlarının quraşdırıldığı pərakəndə satış obyektlərində alış-veriş etməyə təşviq edəcək və onların gəlirləri uyğun olaraq artacaq. Digər tərəfdən sadələşdirilmiş vergi tərəfdarı olan obyektlər artan rəqabəti görərək ƏDV ödəyiciliyinə keçməkdə maraqlı olacaqlar.

Digər bir hədəf, yuxarıda qeyd edildiyi kimi – nağdsız ödənişlərin stimullaşdırılmasıdır ki, bu, vergidən yayınmanın və cinayətkarlığın azaldılmasına, nəticə olaraq dövlət büdcəsinə daxilolmaların artmasına öz töhfəsini verəcək.

Daha bir məqam – məhz bu mexanizm inkişaf etmiş ölkələrdə populyar olan gəlir bəyannaməsi sisteminin ölkədə tətbiqinə hazırlıq mərhələsi ola bilər. Vergi işçilərinin aylıq bəyan edilmiş "xalis" gəlirlə vətəndaşların real xərclərini müqayisə edərək vergi yoxlaması aparması asanlaşacaq.

Bundan əlavə, vergi ödəyiciləri uçotunun doğru qurulması hökuməti növbəti addımı atmağa - mütəxəssislərin son illərdə inadla danışdıqları diferensial ƏDV dərəcəsinin tətbiqinə vadar edə bilər. Azərbaycan Hesablama Palatası da eyni fikirdədir, sanır ki, ƏDV dərəcəsinin diferensiallaşdırılması qeyri-neft sektorunun inkişafını dəstəkləyən, yerli istehsalın inkişafını stimullaşdıran, idxaldan asılılığı minimuma endirən və istehlakı daim stimullaşdıran bir tədbir ola bilər.

Daha öncə Vergilər nazirinin müavini Sahib Ələkbərovun dediyi kimi, hökumət bunun praktikada tətbiqinə qarşı deyil. “Hətta biz diferensial ƏDV tətbiq etmək istədiyimiz sahələri seçdik, lakin savadlı uçotun olmaması böyük pozuntulara və problemlərə yol açdı. Buna görə əvvəlcə uçotu təmin etməliyik və yalnız bundan sonra diferensial ƏDV dərəcələrini tətbiq etməyi düşünməliyik",- deyə S.Ələkbərov vurğulayıb.

Bəllidir ki, bu gün ƏDV dövlət büdcəsinin gəlir hissəsinin doldurulmasının ən önəmli qaynaqlarından biridir. Əgər ƏDV-nin bir hissəsinin geri qaytarılması nəticəsində yaranan açıq maliyyə itkiləri tərəzinin bir gözünə qoyulsa, digər gözünə isə ticarət və xidmət sahəsində, demək olar ki, bütün maliyyə hesablaşmalarının sonrakı leqallaşdırılması, habelə əhalinin çox hissəsinin gəlirlərinin şəffaflığına nəzarət etmək imkanları qoyularsa, əlbəttə, dövlət büdcəsi böyük qazanc içində olacaq. Buna görə, deyə bilərik ki, bu islahat fiskal sahədə digər müsbət dəyişikliklər üçün yetərincə güclü başlanğıc nöqtəsi ola bilər.


MƏSLƏHƏT GÖR:

269