19 Aprel 2024

Cümə, 17:45

MÖHKƏMLİK TESTİ

Neft qiymətlərinin çökməsi bütün hasilat ölkələrinin iqtisadiyyatlarının sabitliyini təhlükə altında qoydu

Müəllif:

01.04.2020

Bütün qitələri əhatə edən koronavirus pandemiyası artıq onlarla ölkədə çox sayda sənaye sahələrini zəiflətdi və öz dağıdıcı təsirini davam etdirməklə təhdid edir. Həm də belə görünür ki, yaranmış vəziyyətdən ən düzgün çıxış yolu dünyanın aparıcı ölkələrinin səylərini və iqtisadiyyatlarını ümumi düşmənə - COVID-19-a qarşı mübarizədə birləşdirməkdir. Bununla belə, onlar məhz bu qədər əlverişsiz bir zamanda "neft hakimiyyəti" uğrunda növbəti mübarizədə toqquşdular və bununla da "qara qızıl"ın onsuz da kövrək olan qiymətlərini tamamilə məhv etdilər.

 

Neft bazarı üçün atom partlayışı

“Qara qızıl” istehsal edən ən böyük ölkələr arasında OPEK+ anlaşmasının müddətinin uzadılması məsələsində yaranmış fikir ayrılığı və Səudiyyə Ərəbistanının hasilatı rekord 13 milyon barel/günə qədər artırmasından doğan təhdidlər, üstəgəl koronavirus neft qiymətlərini bu ilin əvvəlinə olan qiymətlə müqayisədə 45%-ə qədər endirib.  

Martın 18-də bağlanmış əqdlərin nəticəsinə görə, Brent fyuçersləri ilk dəfə olaraq 24,88 dollar/barel düşüb. Eyni zamanda, Səudiyyə Ərəbistanının hasilatın yüksək səviyyəsini saxlamaq və ABŞ-da ehtiyatlarının artması ilə bağlı məlumatların fonunda fyuçerslərin qiyməti 2003-cü ildən bəri ən aşağı səviyyəyə – 24,52 dollar/barelə düşdü. WTI markalı neftin bir barelinin qiyməti isə 20,05 dollara qədər enib ki, bu da 2002-ci ildən bu yana minimumdur.

Qiymətlərin növbəti günlərdə nisbi artmasına baxmayaraq, Brent markalı xam neftin may fyuçerslərinin qiyməti 24.60 dollar/barelə bərabərdir. May ayı üçün WTI markalı neftin bir barelinin fyuçers qiyməti 21,32 dollara düşüb.

Yada salaq ki, anlaşmanın qüvvədə olan şərtləri neft hasilatının 2018-ci ilin oktyabr ayına olan səviyyəsi ilə müqayisədə 1,7 milyon barel azaldılmasını nəzərdə tutur. Həmçinin OPEK+ nazirlərinin iclasında neft hasilatının daha 1,5 milyon barel/sutka azalması və sazişin 2020-ci ilin sonuna qədər uzadılması təklif edilirdi. Ancaq Rusiya anlaşmanın uzadılması barədə kartelin təklifini rədd etdi. Danışıqların uğursuzluğu, Ər-Riyad və Moskva arasında qiymət müharibəsinin başlamasına səbəb oldu - Səudiyyə Ərəbistanı istehsalın 25 faiz artdığını bildirdi, Avropa, Asiya və ABŞ-dan olan alıcılar üçün indiyə qədər görünməmiş endirimlər elan etdi.

"Gördüklərimiz mahiyyətcə neft bazarları üçün bir atom partlayışına bərabərdir",- deyə Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitiki Luizu Diskon bildirir. Ekspert gözləyir ki, maya dəyəri ilə bir balans nöqtəsi əldə edilənə və istehsalın azalması başlayana qədər qiymətlər enəcək.

"Bazarda ekstremal volatillik müşahidə olunur, çünki onun iştirakçıları koronavirusun iqtisadi nəticələrini və neftə olan tələbə necə təsir edəcəyini qiymətləndirməyə çalışırlar",- deyə «Australia & New Zealand Banking Group Ltd»nin analitiki Deniel Haynz vurğulayır.

Rusiya Energetika nazirinin müavini Pavel Sorokin ölkəsinin mövqeyini əsaslandıraraq bildirib ki, fevral ayında koronavirusun neftə olan tələbatın azalmasına təsiri yetərincə təsirli olub. OPEK+ tərəfdaşlarının neft hasilatına təklif etdiyi gündəlik 0,6-1,5 milyon barel məhdudlaşdırma dənizdə bir damcıdır və lazımi effekti verməzdi.

P.Sorokinin sözlərinə görə, indi neftə tələbatın 15 milyon barelə qədər azalması müşahidə olunur və yaxın gələcəkdə bu azalma 20 milyon barelə çatacaq – bu, istehsalın təklif olunan məhdudlaşdırılması ilə müqayisə oluna bilməz.

 

Pis oyun üçün yaxşı mina

Düzdür, Rusiya Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsi faktını rədd edir və OPEK+ anlaşmasının pozulmasının suçunu Ər-Riyadda görür, Ər-Riyad anlaşmanı üç ay müddətinə uzatmaq barədə təklifini koronavirus və onun neft tələbinə təsirini qiymətləndirmək üçün rədd edib. “Bazarı pozmaqda iştirak etdiyimizlə bağlı işarə vurmaları bizim üçün çox böyük bir sürpriz oldu. Bizim mövqeyimiz açıqdır və o, səsləndirilib. Biz indiki ağır dövrün sabit keçməsinin tərəfdarıyıq”,- deyə P.Sorokin vurğulayıb.

Bundan əlavə, Energetika nazirinin müavininin açıqlamalarından belə çıxır ki, koronavirus da neftin qiymətinin düşməsində qismən günahlandırır. “Rusiya OPEK+ anlaşmasının pozulması halı üçün neftin qiymətinin 30 dollar/barelə qədər eniş ssenarisini hesablayıb. Təəssüf ki, OPEK ölkələri vəziyyəti qiymətləndirmək üçün gözləməkdənsə, məhz belə bir qərar qəbul etdilər. Lakin koronavirus buna yetərincə böyük bir əlavə təsir göstərdi. Yəni biz qiymətlərin tədricən bərpa olunacağına inanırdıq, çünki 30 dollar/barel – bu, şok ssenarisidir",- deyə Sorokin bildirib.

Bu vəziyyətdə ən sadə şey, problemi həll etmədən günahkar axtarmaqdır və problemlər isə, xüsusən də Rusiya iqtisadiyyatı üçün, qaçılmazdır. Hətta Amerika lideri Donald Tramp belə bildirib ki, aşağı neft qiymətləri Moskva üçün ciddi bir problemə çevrilib, çünki neft Rusiya iqtisadiyyatının bünövrəsidir. "Bütün bunlar Rusiya üçün dağıdıcıdır",- deyə Vaşinqtonda keçirilən mətbuat konfransında o bildirib.

Gerçəkdən, ekspertlər hesab edirlər ki, iki ildən sonra Rusiya ciddi maliyyə problemləri ilə üzləşə bilər. Ucuz neft Rusiya Federasiyasının büdcəsi və milli valyutası üçün təhlükəlidir. Mart ayının əvvəlindən etibarən Rusiya rublu ABŞ dollarına baxanda 17%-dən çox, avro qarşılığında isə təxminən 16% ucuzlaşıb. Aydındır ki. təkcə pandemiya deyil, eyni zamanda dünya neft qiymətlərinin kəskin enməsi də Rusiya milli valyutasının dəyərdən düşməsində rol oynadı. Onu da əlavə edək ki, Rusiyanın beynəlxalq rezervləri, Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, bir həftə ərzində - martın 13-dən 20-dək 5,1% azalıb.

Bununla yanaşı, Moskva pis oyunda yaxşı minanı qorumağa çalışır, hasilatı 0,5 milyon barelə qədər artıracağını vəd edir və 25-30 dollar/barel qiymətlərində büdcə kəsirini 6-10 il ərzində örtmək üçün yetərincə resurs mənbəyinin olduğuna əmin edir. Maliyyə naziri Anton Siluanov əmin edir ki, Rusiyanın neft şirkətləri böyük ehtiyatlar toplayıb, buna görə də neftin qiymətinin aşağı düşməsi ilə bağlı bu sektor barədə narahat olmağa əsas yoxdur.

Bununla yanaşı, «Rosneft» dövlət şirkətinin rəhbəri İqor Seçinin sözlərinə görə, aşağı qiymətlər bazar payını qorumaq üçün neft hasilatını artırmaq planlarının gerçəkləşdirilməsinə maneə olmamalıdır. "Əgər bazar payınızdan imtina etsəniz, bir daha oraya qayıda bilməyəcəksiniz – məna məhz bundadır",- deyə İ.Seçin bildirib. O, əmindir ki, aşağı qiymətlər ABŞ-da şist neftinin hasilatını səmərəsiz hala gətirir və buna görə onun həcmləri bazarından çıxaraq qiymətləri 2020-ci ilin sonuna qədər bir barel üçün 60 dollar səviyyəsinə qaytara bilər.

Bununla yanaşı, lazım olanda dövlətdən kömək istəyə bilən dövlət şirkətlərindən fərqli olaraq özəl sektor təmsilçiləri neft bazarındakı vəziyyətin gələcək inkişafı barədə o qədər də optimist deyillər. LUKOYL-ın vitse-prezidenti Leonid Fedun Rusiyanın neft hasilatını yalnız 0,3 milyon barel /sutkaya qədər artıracağını və bunun yalnız sonra məhdud müddətdə davam edəcəyini bildirib – onun fikrincə, iki və ya üç ildən sonra ölkədə hasilatın azalması başlaya bilər.

 

Başqasının davasına qurban getmişlər

Neft qiymətlərinin gözlənilməz və kəskin çöküşü artıq digər bazarlarda da genişmiqyaslı endirim satışlarına səbəb oldu və Latın Amerikasından Yaxın Şərqə qədər bir çox ölkələr, eləcə də neft sektoru ÜDM-də önəmli paya sahib ABŞ üçün ciddi risklər yaradır. Bu zaman zərbə altına təkcə Amerika şist nefti deyil, eyni zamanda Kanadada və Şimal dənizindəki neft şirkətləri də düşdü.  

Böyük Britaniyanın sahə ticarət təşkilatının (Oil&Gas UK, OGUK) baş icraçı direktoru xanım Deyrdre Miçi bildirib ki, neft qiymətlərinin son düşməsi Böyük Britaniya neft sənayesini "çox kövrək bir vəziyyətə" salıb. OGUK-un məlumatına görə, bunun fonunda Şimal dənizinin Britaniya hissəsində neft və qaz kəşfiyyatı və istehsalı ilə məşğul olan şirkətlərin kapital qoyuluşlarını 30% azaldacağı gözlənilir.

ABŞ-da analitiklərin və sahə nümayəndələrinin fikrincə, şübhəsiz, neft qiymətləri bir müddət aşağı qalarsa, ABŞ-ın defolt təhlükəsi ilə üzləşmiş şist şirkətləri, qazma işlərini azaltmalı və iş yerlərini ixtisar etməli olacaqlar. Lakin hətta bir çox firmalar üçün bu tədbirlər iflasın qarşısını almaq üçün yetərli olmaya bilər.

"İstisna edilmir ki, yaxın bir neçə ildə neft və qaz kəşfiyyatı və hasilatı ilə məşğul olan şirkətlərin 50% -i müflis ola bilər", -deyə «Pioneer Natural Resources Co.»nun baş direktoru Skott Şeffield «WSJ»yə verdiyi müsahibədə bildirib.  

«The Wall Street Journal»ın (WSJ) məlumatına görə, 1972-ci ildən bəri ilk dəfə Texas hakimiyyəti ABŞ-ın bütün neftinin 40% -dən çoxunu istehsal edən bu ştatda neft hasilatının azaldılması imkanlarını nəzərdən keçirir. Nəşrin yazdığına görə, bir sıra şist neft şirkətlərinin rəhbərləri neft yataqlarının inkişafı üçün məsul olan tənzimləyiciyə müraciət edərək, neft qiymətlərinin son düşməsindən sonra sahənin dəstəklənməsi üçün tədbirlər görülməsini xahiş ediblər.

Şist nefti şirkətləri «qara qızıl»ın qiymətinin düşməsindən ağır zərbələr alıblar. Onların böyük borcları var və ənənəvi neft istehsalçılarından fərqli olaraq öz neftləri üçün daha yüksək qiymət tələb edirlər. Məsələ o qədər ciddi şəkil alıb ki, Amerika istehsalçıları Donald Trampın tez-tez rəqabət düşməni kimi ittiham etdiyi OPEK ilə əməkdaşlığı gücləndirmək qərarına gəldilər. O cümlədən, «Texas Railroad Commission»un komissarı Rayan Sitton OPEK baş katibi Məhəmməd Barkindo ilə görüşərək, neft qiymətlərinin düşməsi ilə bağlı vəziyyəti müzakirə edib.

Bundan başqa, artıq martın 28-də məlum oldu ki, ABŞ-ın neft nəqli şirkətlərinin operatorları istehsalçılardan neft hasilatını məhdudlaşdırmağı xahiş edirlər, çünki anbar çatışmazlığı ilə üzləşirlər.

R.Sitton Rusiya Federasiyasının Energetika naziri və Səudiyyə Ərəbistanının neft naziri ilə neft qiymətləri ilə bağlı vəziyyətin müzakirə olunacağını istisna etməyib, lakin OPEK-in iyun ayında keçirilməsi nəzərdə tutulan növbəti iclasına qədər heç bir rəsmi addım atıla bilmədiyini də vurğulayıb.

Əgər Amerika istehsalçıları neft hasilatını azalda bilsələr, bu, Rusiyanın mövqeyini yumşalda bilər və onu Səudiyyə Ərəbistanı ilə danışıqlar masasına qaytara bilər.

 

Azərbaycan «atəş xətti»ndədir

Koronavirusdan və neftin qiymətinin düşməsindən zərər çəkən ölkələr arasında Azərbaycan da var. “Bundan əlavə, neftin qiymətləri iki dəfədən çox azalaraq bir barel üçün 24 dollar səviyyəsindədir. Əlbəttə ki, bu, bizim üçün böyük itkilərə səbəb olacaqdır. Ancaq inanıram ki, əvvəllər qəbul edilmiş qərarlar əsasında görülən işlər şərəflə bu imtahandan çıxmağa imkan verəcək ", - deyə ölkə Prezidenti İlham Əliyev bildirib.

Bununla belə, beynəlxalq reytinq agentliyi «Moody`s Investors Service»in analitikləri proqnozlaşdırıblar ki, neftin qiymətinin düşməsi Azərbaycan, Rusiya və Qazaxıstanın milli valyutalarını zəiflədə bilər, önəmli səviyyədə valyuta aktivləri olan bankların kapital yetərliliyini azalda bilər.

Yeri gəlmişkən, rəsmi Bakı OPEK+ nazirlərinin son iclasında dünya neft bazarında sabitliyin təmin edilməsi üçün anlaşmanın vaxtını nəzərdə tutulmuş əlavə endirimlə birlikdə 2020-ci ilin sonuna qədər uzadılması təklifini dəstəkləyib. Ölkənin Energetika Nazirliyi hələ də bu cür əməkdaşlığın davam etdiriləcəyinə ümidini itirmir.

“Rusiya və Səudiyyə Ərəbistanının mövqelərindəki fikir ayrılıqları bu formatda iştirak edən digər ölkələrin maraqlarını əks etdirmir, həm də OPEK + çərçivəsində koordinasiya və həmrəylik müşahidə olunurdu. Bundan əlavə, neft hasil edən ölkələrin iqtisadiyyatlarında gözlənilən azalma nəzərə alınmalıdır. Bütün bu üç şərt OPEK+ formatının davam edəcəyinə ümid verir",- deyə. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Zəminə Əliyeva bildirib.

Müşavirin sözlərinə görə, 2014-cü ilin sonunda neft bazarındakı yaranmış vəziyyət son nəticədə OPEK+ əməkdaşlıq formatının yaranmasına gətirdi, mövcud olduğu üç il ərzində bazara müsbət təsir göstərən bir sıra qərarlar qəbul edildi.

“Bazar öz başına buraxılmamışdı, tənzimləmə mexanizmi mövcud idi. Bu təcrübəni və bazarın indiki vəziyyətini nəzərə alaraq, sonda kompromis tapılacağını və neft bazarının bərpa olunacağını ehtimal etmək olar. Biz özümüz də neft bazarında ədalətli qiymətin formalaşmasında, tələb və təklif arasında balansın bərpasında, bazarda volatilliyin aradan qaldırılmasında maraqlıyıq",- deyə Z.Əliyeva bildirib.

 

Eyni «zəncirlə» bağlanmayıblar

Rəsmi olaraq, neft hasilatını məhdudlaşdıran OPEK+ anlaşması 1 aprel 2020-ci il tarixdə qüvvəsini itirir, lakin mövcud vəziyyəti nəzərə alsaq, "X" gününə qədər konsensusun əldə olunmasını gözləmək sadəcə mənasızdır. Üstəlik, hazırda ölkələrin diqqəti koronavirusla mübarizəyə yönəlib. Beləliklə, aprel ayından etibarən «OPEK+»un bütün 24 iştirakçısının hamısı öz öhdəliklərindən azad olunacaq və bunu neft hasilatının sonrakı artırılması üçün istifadə edə bilərlər. Belə halda, unutmaq olmaz ki, təklifin artması qaçılmaz olaraq neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq və karantinlər nəzərə alınarsa, hətta sağalmış Çin belə, vəziyyəti xilas edə bilməyəcək.

“Bank of America”nın analitikləri hesab edirlər ki, neft bazarında tələbin azalması və təklifin artması fonunda ikinci rübdə neft ehtiyatları 900 milyon bareldən çox arta bilər. Bu, qiymətlərin daha da ucuzlaşmasına səbəb ola bilər.

"Aprelin ortalarına qədər bir barelin qiyməti asanlıqla 20 dollar səviyyəsinə düşə bilər",- deyə «Bharat Petroleum Corp.» Hindistan neft emalı şirkətinin direktoru R.Ramaçandran bildirib.  

Bəzi treyderlər qeyd edirlər ki, son vaxtlar qiymətlərin düşməsi ehtiyatları ucuz xammalla doldurmaq üçün satınalmaları stimullaşdırmaq baxımından yetərlidir. Ancaq bu tələb yalnız müştərilər anbarlarını doldurana qədər davam edəcək.

«Rapidan Energy Group»un prezidenti Bob MakNelli gözləyir ki, qiymətlər 10 dollardan aşağı enəcək, çünki nə alıcı, nə də nefti saxlamaq üçün anbar olmayacaq. Başqa ekspertlər istehsalçıların önəmli bir hissəsi üçün istehsal rentabelli olmayana qədər qiymətlərin enəcəyini ehtimal edirlər. «Goldman Sachs» ikinci rüb üçün bir barelin qiymətini 20 dollar ətrafında proqnozlaşdırır. «Citigroup» bildirib ki, bankın baza ssenarisi ikinci rübdə «Brent» markalı neftin orta qiymətinin 17 dollar/barel olacağını nəzərdə tutur və ən pis proqnoza görə qiymət bir barel üçün 5 dollara qədər düşə bilər. «Energy Aspects»in ekspertləri «Brent» markalı neftin qiymətinin aprel ayında bir barel üçün 10 dollara qədər enməsi riskini görürlər, 2020-ci ilin qalan dövründə isə bir barel üçün 20 dollardan yuxarı olacağını gözləyirlər.

Bir sözlə, proqnozlar məyusedicidir, amma neftin qiymətini proqnozlaşdırmaq elə də etibarlı iş deyil - təcrübə göstərir ki, heç zaman hədəfə düşmürlər. Neft bazarı dəfələrlə aşağı qiymətlə sınaqdan keçib. Bu, nikbinlik verir ki, bu dəfə də bir çıxış yolu olacaq və yeni bir OPEK+ sazişinin bağlanacaq ki, lakin qiymətin bir barel üçün 50 dollar səviyyəsinə qayıtmasını təmin etmək üçün onun şərtləri daha sərt olacaq.



MƏSLƏHƏT GÖR:

275