19 Dekabr 2024

Cümə axşamı, 19:54

SAKİT VƏ SADƏ

Rafiq Əliyev həyatdan yaşadığı kimi getdi: gərəksiz səs-küy və gurultulu nitqlər olmadan

Müəllif:

01.05.2020

O, pandemiyanın ən gərgin vaxtı bizi tərk etdi. Necə yaşamışdı, eləcə də sakit və ciddi şəkildə aramızdan ayrıldı: gərəksiz səs-küy, gurultulu nitqlər olmadan. Yalnız qohumları və yaxınları vida mərasiminə gələ bildilər. Qalanlar - dostları, həmkarları, tələbələri, sadəcə tanışları və tamaşaçıları Azərbaycanın xalq artisti Rafiq Əliyevlə özünütəcrid şəraitində vidalaşdılar. Tamaşaçının vida alqışlarını sosial şəbəkə səhifələrindəki kənədrli paylaşımlar əvəzləmişdi: hər kəs onun haqqında danışmağa çalışır, onun əsas keyfiyyətlərini vurğulamaq istəyirdi. Ciddi sənətkar və sadə insan olan Rafiq Əliyev üçün isə bütün keyfiyyətlər əsas idi: xeyirxahlıq, qayğıkeşlik, mehribanlıq, dinləmə qabiliyyəti, köməyə gəlməyə hazır olması, peşəkarlıq, peşəyə sevgi və sədaqət, ali sənət ideyasına inam, insanlığa və insana inam. İnsanlar istəyirdi ki, dünya hansı insanın onu tərk etməsindən xəbərdar olsun. Onlar istəyirdilər ki, sevgi, kədər, peşmanlıq və ağrı dolu sözlər dünyadan ayrılan ruh tərəfindən "eşidilsin". O, aprelin 15-də bizi tərk etdi və 16 aprel 2020-ci il tarixdə Bakının Maştağa qəsəbəsinin qəbiristanlığında dəfn olundu.

 

Sadə oğlandan Rafiq Əliyevə kimi

1949-cu ildə Karyagin - hazırda işğal altında olan Füzuli rayonunun Merdinli kəndində anadan olub. Məktəbə Bakıda gedib. Bütün Bakı oğlanları necə böyüyübsə, o da elə böyüyüb: futbol, dava-dava oynayıb, kəşfiyyatçı olub, kitab oxuyub, ən son filmlərin birini də buraxmayıb. Bir sözlə, sovet dövründə keçmiş uşaqlığı onda «altmışıncılar» nəslinin insanlarına xas keyfiyyətlər formalaşdırıb.  

Peşə seçimi məsələsi ortaya çıxanda, o, artıq dəqiq bilirdi ki, teatr sənəti ilə məşğul olmaq istəyir. Oğlunu vəkil və ya həkim kimi görmək istəyən valideynləri onun seçiminə şad olmasalar da, onun bu qərarına etiraz da etmirlər. Məktəb illəri geridə qaldıqdan və attestatı cibinə qoyduqdan sonra dərhal istək və arzularını reallaşdıra biləcək yeganə ali məktəbi axtarmağa yollanır.  

Məktəbdə buraxılış imtahanlarını verən Rafiq sonra Krupskaya adına Leninqrad Mədəniyyət İnstitutuna daxil olur. Beləliklə, o, 1968-ci ildə televiziya kafedrasının rejissorluq fakültəsinin tələbəsi olur, bir il sonra isə fakültəni mədəniyyət və maarif işləri şöbəsinə çevirirlər. Sonra Sovet Ordusunun silahlı qüvvələrinin sıralarında xidmət edir. Ömrünün bu maraqlı dövrü, həmçinin orduya getməzdən əvvəl Vıborq Teatrında aktyor kimi çalışmağı, daha sonra Qara Dəniz Donanmasında xidmət etməsi, habelə Rafiq Əliyevin tərcümeyi-halının bir çox maraqlı faktları barədə Zemfira Bağırzadənin "Birlikdə" (Bakı, 2018) kitabında bəhs edilir.

Təxris olunduqdan sonra doğma Bakıya qayıdır, M.Əliyev adına İncəsənət İnstitutuna daxil olur. 1976-cı ildə səhnə nitqi üzrə müəllimi Həsən Əbluc bu ümidverici gəncə Gənc Tamaşaçılar Teatrında Rüstəm İbrahimbəyovun pyesi əsasında hazırladığı "Qaçış" tamaşasında baş rol təklif edir. Ondan əvvəl bu rolu əməkdar artist Anton Dobronevski oynayırmış. 26 yaşlı tələbənin öz rolunu öyrənməyə hansı həyəcan və həvəslə başladığını təsvir etməyə ehtiyac varmı? Səhnə sınağından, yəqin ki, uğurla keçir, çünki bundan sonra o, rejissor Azərpaşa Nemətovun da diqqətini cəlb edir və rejissor gənc aktyora eyniadlı musiqi əsərində Bumbaraş rolunu təklif edir. Nikolay Rasşeyevin baş rolda Valeri Zolotuxini çəkdiyi eyniadlı filmin ekranlara çıxmasından sonra bu, cürət və inanılmaz bir risk idi! Hər ikisi risk edirdi. Amma məhz bu rol tələbə Rafiqi aktyor Rafiq Əliyevə çevirdi. Belə hallarda deyildiyi kimi, oyandı ki, artıq məşhurdur: teatr dairələrində ondan danışırdılar, küçədə tanıyırdılar. Həmin andan etibarən onun yaradıcılıq və insanlıq taleyi tamamilə fərqli şəkildə formalaşmağa başladı.

 

Hər kəsin öz Rafiq Əliyevi var

Onun haqqında danışmaq asan deyil. Demək olar ki, mümkün deyil. Çünki deyilən və ya yazılan istənilən söz yarıgerçək olacaq. Çünki onu tanıyan, sevən, dostluq etmiş və ya dostluq etməmiş hər bir kəsin öz Rafiq Əliyevi var: o, filmlərdə və Gənc Tamaşaçılar Teatrının səhnəsində, «İbrus» Teatrında, Pro-Cent Mərkəzinin antreprizində oynayan, «Qızıl Dərviş» və «Humay» mükafatlarının laureatı olan xalq artistidir; o, Gənc Tamaşaçılar Teatrında, «İbrus» Teatrında və Milli Akademik Dram Teatrında tamaşalar qoyan, «Ən sadə soyad» filmini, o cümlədən uşaqlar üçün «Dərs» filmini çəkmiş rejissordur; o, prodüserdir; o, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavinidir və beş yaradıcılıq laboratoriyasına rəhbərlik edir; Rafiq müəllim həm də pedaqoqdur, 90-cı illərin ortalarında Gənc Tamaşaçılar Teatrının nəzdində olan «Merdinli» studiyasının bədii rəhbəri olub, Bakı Mədəniyyət və İncəsənət Universitetində aktyorluq sənəti müəllimidir. Rafiq Əliyev 20-dən çox bədii filmdə çəkilib - "Ötən ilin son gecəsi", "Ulu babamızın babasının babası", "Qəzəlxan", "Uzun ömrün akkordları ", "Sübhün səfiri" və digər filmlərdə oynayıb. Xalq artistinin kinodakı son işi 2019-cu ildə böyük ekrana çıxan "Əlvida, Şmidt!" filmindəki həkim rolu olub.

Bu gün onun üçün kədərlənən hər kəsin öz xatirəci, öz yaşantısı, öz obrazı, öz sözləri və hissləri var. Məsələn, televiziya rejissoru Namiq Şirəlibəyov rejissorluq fakültəsindəki dərs prosesini (80-ci illərin əvvəllərini) xatırlayaraq Rafiq Əliyevdən onun incəsənətə və yaradıcılıq prosesinə münasibətini əbədi formalaşdıran bir insan kimi danışır. Məcburən deyil, ürəyinin əmri ilə xidmət etdiyi işin önəmini anlamağı ona məhz müəllimi öyrədib. Bu gün Namiq Şirəlibəyov tanınmış televiziya rejissoru, müstəqil yaradıcı şəxsiyyətdir. O hesab edir ki, Rafiq Əliyev onun peşəkar inkişafında əsas rol oynayanlardan biridir, çünki tələbələrinə qarşı ciddi, tələbkar və maraqlı olmağı bilirdi: “Bizim müəllimimizin xüsusi bir istedadı var idi. Tələbələrlə danışığın ustadı idi. Dialoqu elə qurmağa qadir idi ki, dərhal aydın olurdu: dərs prosesi gələcəyin açarıdır. Əgər sən bu prosesin tərkib hissəsisənsə, o elə burada tələbə auditoriyasında da başlaya bilər. Yaxud heç vaxt başlamaz, çünki sən bu prosesdən kənardasan. Rafiq Əliyev istənilən bir sualla müraciət edə biləcəyiniz bir insan idi. Hər zaman diqqətlə dinləməyə, həvəsləndirməyə və ya məsləhət verməyə vaxt tapırdı. Çünki insanlar onun üçün maraqlı idi – yanına gələn hər bir kəs. Nə qədər ki, yaşayıram, onu xatırlayacağam. Həmişə”.

Sosial şəbəkələr aktyor, rejissor, müəllim Rafiq Əliyevə təşəkkür və sevgi sözləri ilə doludur. O, mehriban və ünsiyyətcil bir insan idi, gülümsər və pozitiv idi. Görəsən, neçə-neçə insanın ona qarşı səmimi bağlılıq, sevgi və minnətdarlıq hissi keçirdiyini bilirdimi? Yəqin ki, yox. Heç bu barədə düşünürdümü? Yəqin ki, yox. O, sadəcə öz həyatını yaşayırdı. Uşaqları və nəvələri ilə qürur duyurdu. Həyatı sevirdi. Öz peşəsini sevirdi. Və... hər zaman tələsirdi! Teatrda və kinoda yeni layihələr yaratmağa, müəllimlik etməyə, dostlarla ünsiyyət qurmağa... Tamaşalar qoymaq, filmdə oynamaq və səhnədə olmaq istəyirdi, ölkənin teatr prosesi üçün peşəkar və ideoloji yeniləmə istəyirdi, ölkədə uşaqlar haqqında və uşaqlar üçün kinonu dirçəltmək istəyirdi, öz şagirdləri ilə cürətli quruluş layihələri gerçəkləşdirmək istəyirdi.

Həmişə yaşamaq və hər gününü sevinclə keçirmək istəyirdi. İstəyirdi ki, həmişə ona ehtiyac duyulsun – insanlar üçün, ömrü boyu sədaqətlə xidmət etdiyi işi və peşəsi üçün. Xəyallara dalmağı sevirdi və bacarırdı. Arzulamağı sevirdi və bu arzuların çin olağacına inanırdı. Son arzularından biri Mədəniyyət Nazirliyi tərəfindən B.Şukin adına Moskva Teatr İnstitutuna oxumağa göndərilən aktyor və rejissorlardan ibarət hədəf kursu Vətənə, Bakıya qayıtdıqdan sonra Dövlət Kamera Gənclər Teatrı kimi rəsmi status qazansın.

Onun üçün bu, bir neçə səbəbə görə önəmli idi: kursu teatr sənətinin çağdaş tələblərinə cavab verən yeni alternativ teatr yaratmağa qadir olan bütöv bir peşəkar qurum kimi saxlamaq; ölkədə teatr prosesi yaradıcılıq və ideya yenilənməsinə ehtiyac duyur, həmçinin yeni gənc peşəkar güclərin gəlişi ölkənin teatr zallarında itirilmiş anşlaq ənənələrini canlandıra bilər.

 

17 mart 2020-ci il

Martın 17-də Rafiq mənə «WhatsApp»la Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş gecədən bir parçanın yazısını göndərdi, Şukin Teatr İnstitutunun məzunlarının çıxışı idi, bu ilin mart ayında Moskva Jurnalistlər Evində keçirilmişdi. Bunlar bizim Bakı uşaqlarımızdır: Moskvada dörd il təhsil ərzində belə peşəkar bir səviyyəyə qalxmağı bacarıblar, oturuşmuş istənilən teatr kollektivi ilə rəqabət apara bilərlər. Onlar dramatik rol aktyorlarının bacarmalı olduğu hər şeyi və hətta artığını edə bilirlər.  

Çünki Moskva institutunda bizim uşaqların hətta özlərinin bilmədikləri gizli imkanları inkişaf etdirməyi bacarıblar! İndi pyesin ssenarisindən asılı olaraq, onlar ehtiyac olarsa, asanlıqla akrobatlara, ekvilibristlərə və sirk jonqlyorlarına, opera və caz ifaçılarına, yüksək səviyyəli rəqqaslara çevrilirlər. Sözlə işləmələri isə bir başqadır, çünki onlar üçün hələ orijinal mənasını itirməyib.  

17 mart... Heç ağlıma gəlməzdi ki, onun çətinliklə bacardığı bu ünsiyyət sonuncu olacaq. Biz heç zaman dost olmamışıq, amma mən bir müddət onun «Merdinli» studiyası, daha sonra «İbrus» Teatrı və peşəkar maraqlarımızın kəsişdiyi «Pro-Cent» Mərkəzinin antreprizası ilə əməkdaşlıq etmişəm.  

O, həmişə işinə sonsuz bağlı olan bir insan haqqında təəssürat yaratdı. Bu hörmət və rəğbətə səbəb olurdu. İndi o, yoxdur. Həmişə incəsənətin bu günün dünəndən daha yaxşı olmasını istəyən bir insanın xatirəsinə olan borcumu ödəməliyəm. O, ölüm ayağında idi və son nəfəsində məqsədli kursun peşəkar gələcəyi barədə düşünürdü.  

Rafiq Əliyev çox istəyirdi ki, mən bu barədə yazım. Mən söz vermişdim, onun arqumentləri ilə razılaşmışdım, amma qeyri-müəyyən müddətə kənara qoydum. Yəni düşünürdüm ki, daha sonra, özünü təcridetmə dövrü başa çatdıqda sonra Teatr Xadimləri İttifaqına, onun iş otağına gedərəm, o, qonağın gəlişinə sevinən bir insanın mehriban təbəssümü ilə gülümsəyər və danışarıq, hər şeyi müzakirə edərik.  

O inanırdı ki, onu eşidərlər, yəqin aramızdan ayrıldığını hiss edirdi, bunun dostlara və cəmiyyətə son ismarıcı olacağını anlayırdı. Ağır xəstə olduğunu bilsəm də, bir dəfə də olsun, düşünmədim ki, dünyamızdan gedəcək, bir aydan sonra bizi tərk edəcək, mən hətta bu yenilik istəyən adamla vidalaşa bilmədim. Bizi həmişəlik tərk etdi. Yaşadığı kimi sakit və ciddi ayrıldı. Kamera Gənclər Teatrının yaradılması onun son arzusu və istəyi idi. Ümid edirdi ki, bu uşaqları səhnədə görməyə macal tapacaq. Hamısının birlikdə. Eyni teatrda. İndi nə olacaq? Mən - bilmirəm...



MƏSLƏHƏT GÖR:

369