29 Mart 2024

Cümə, 14:44

KARANTİN ŞURAYA ƏNGƏL DEYİL

Türk dünyasının ölkələri onlayn rejimdə «saatlarını tutuşdurdular»

Müəllif:

01.05.2020

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da şuranın fövqəladə sammiti keçirilib. Sammit videokonfrans şəklində baş tutub. Bu, Türk Şurasının çoxillik təcrübəsində ilk fövqəladə toplantı idi.

Sammit iştirakçıları arasında Türkmənistan prezidenti ilə Macarıstanın baş naziri, yəni Şuranın tamhüquqlu üzvü olmayan, lakin onun işində fəal iştirak edən dövlətlərin rəhbərləri də olub. Fövqəladə toplantı sürətlə dünyaya yayılmaqda olan yeni növ koronavirus («COVID-19») səbəbilə çağırılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssislərinin rəyinə görə, ayrı-ayrı ölkələrin mövcud səhiyyə sistemi pandemiya ilə effektiv mübarizəyə hazır deyilmiş. Bununla yanaşı, təcrübə göstərir ki, bir çox dövlət nəinki belə xəstəliyi müalicə etməyə (bunun obyektiv səbəbləri var), həm də belə işlərdə əməkdaşlığa belə, hazır olmayıb. Onlar elementar qarşılıqlı yardım jestləri etməyi belə, bacarmayıb, bu isə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən sammit göstərib ki, bütün bu deyilənlər Türk Şurasına aid deyil. Halbuki, bu çətin vəziyyətdə ümumi əməkdaşlıq platformasının yaradılması, həqiqətən, asan iş deyil. Çünki hər ölkədə vəziyyət ayrı ssenari üzrə inkişaf edir və hökumətin virusun yayılması ilə bağlı risklərin azaldılmasına, həmçinin onun iqtisadiyyata mənfi təsirinin məhdudlaşdırılmasına yönəlmiş addımları fərqlənir.

 

Türk dünyasına aid dövlətlər pandemiya ilə necə mübarizə aparır?

Azərbaycan koronavirusun yayılmasının lap ilkin mərhələsində lazımi karantin tədbirlərini görmüş dövlətlərdəndir. Detallara varmadan yalnız onu qeyd edək ki, ÜST-ün Azərbaycana martda baş çəkmiş ekspertləri hökumətin pandemiya ilə mübarizədə vaxtında atdığı düzgün, koordinasiyalı addımları yüksək qiymətləndirib.

«Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb», - deyə Prezident İlham Əliyev bununla əlaqədar bildirib.

Türk dünyasından olan həmkarlarına müraciət edən dövlət başçısı onları Azərbaycanda görülmüş işlərlə bağlı məlumatlandırıb, gözlənilmədən gəlmiş bu təhlükə ilə mübarizədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Jurnalımız çapa hazırlanarkən pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması və sərt karantin rejimində əhalinin dəstəklənməsi işinə Prezidentin daha 2,5 milyard manat vəsait ayırması nəzərdə tutulmuşdu. Daha 112 milyon manat isə virusun yayılması ilə mübarizə Fonduna toplanmışdı. Yeri gəlmişkən, bu Fonda ilk ödəməni elə Prezident İ.Əliyev edib – o, Prezidentin Ehtiyat Fondundan bu hesaba 20 milyon manat köçürüb.

Bu dövrdə tərəfdaş ölkələrdə də xəstəliyin yayılması ilə effektiv mübarizə məqsədilə təcili tədbirlər görülüb. Videokonfransda iştirak edən ÜST rəhbəri Qebreyesus sammitin əhəmiyyətini vurğulamaqla yanaşı, bütün dövlətlərin Türk Şurasından nümunə götürəcəyinə ümidini əbəs yerə ifadə etməyib. O, hesab edir ki, indiki şəraitdə bütün dövlətlərin «həmrəylik prinsipinə əməl etməsi, görünməyən, lakin təhlükəli olan bu düşmənlə birgə mübarizə aparmasına» ehtiyac var.

«Azərbaycan hökumətinə və Azərbaycan xalqına verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Türkiyə də sağ olsun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim», - deyə ÜST rəhbəri qeyd edib.

Yeri gəlmişkən, Türkiyə həqiqətən kifayət qədər çətin durumdadır. Ölkə iqtisadiyyatına və ictimai həyatına ciddi zərbə dəyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən koronavirusla mübarizəyə martın 18-də ayrılmış iqtisadi tədbirlər paketi 15,5 milyard dollar dəyərindədir.

Qazaxıstanda pandemiya ilə mübarizəyə ötən həftə hökumətin ehtiyatından ümumilikdə 10 milyard dollarlıq 3 tranş ayrılıb. Bununla yanaşı, prezident Qasım-Jomart Tokayev ölkədə fövqəladə vəziyyət elan edib.

Qonşu Özbəkistanda prezident Şavkat Mirziyayev pandemiya ilə mübarizə məqsədilə 1 milyard 51 milyon dollarlıq fond yaradıb.

Qırğızıstanda pandemiya ilə mübarizəyə, təxminən, 13 milyon dollar ayrılıb. Digər dövlətlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyil. Lakin Qırğızıstanın dövlət büdcəsinin həcmi nəzərə alınarsa, bu, dövlətin ayıra biləcəyi maksimal maliyyədir. Ölkə iqtisadiyyatının üzləşdiyi zərəri yalnız bununla kompensasiya etmək olar.

Faktiki olaraq, Qırğızıstan hazırda xarici yardıma ciddi ehtiyac duyan yeganə türk dövlətidir. Hələ martın 26-da məlum olmuşdu ki, Beynəlxalq Valyuta Fondu Qırğızıstana «COVID-19»la mübarizə məqsədilə 120,9 milyon dollar yardım etmək fikrindədir. Beləliklə, pandemiya ilə mübarizədə bu təşkilatdan yardım almış ilk ölkədir.

Pandemiyayla mübarizə məqsədilə Türkmənistan da xüsusi tədbirlər görüb. Prezident Qurbanqulu Berdıməhəmmədovun sözlərinə görə, onlar Çində virusun yayılma xəbəri çıxar-çıxmaz, infeksiyanın ölkəyə keçməsinin qarşısını almaq üçün bütün lazımi addımları atıblar.

Hazırda türk dünyasının bütün ölkələri pandemiya ilə bağlı vəziyyətin pis olduğu dövlətlərlə aviasiya əlaqəsini kəsib.

 

Birgə fəaliyyət inkişafın rəhni kimi

Koronavirusla mübarizədə beynəlxalq səviyyədə birgə fəaliyyətin vacibliyinə şübhə yoxdur. Çünki indi söhbət peyvəndin tapılması, beynəlxalq iqtisadiyyatın dirçəlməsi və bu kimi digər ümumi işlərdən gedir. Bir çox məsələ türkdilli dövlətlərin çərçivəsini aşsa da, sammit Türk Şurasının ən ağır şəraitdə belə, həyat qabiliyyətinin olduğunu nümayiş etdirib.

Bu gün dövlətlərin tibbi mallarla, maskalarla, müdafiə vasitələri, spirt və s. ilə təminatı son dərəcə vacibdir. Məsələn, Türkiyədə artıq tibbi məhsulların, o cümlədən ciddi tələbatın olduğu süni tənəffüs aparatlarının istehsalına başlanılıb. Azərbaycanda da maska istehsalına start verilib və istehsal gücünün artırılacağı təqdirdə onun ixracı da gündəmə gələcək. Söhbət maskaların həm də ayrı-ayrı ölkələrə humanitar yardım kimi göndərilməsindən gedə bilər. Çünki indiki şəraitdə qarşılıqlı yardım və dəstək çox vacibdir.

Sammitin gedişində pandemiyadan sonrakı dövr də müzakirə olunub. Söhbət ilk növbədə, iqtisadi tənəzzül şəraitində atılmalı olan addımlardan, diqqətin nəyə yönəldilməli olduğundan gedir. Ötən dövrdə əksər ölkədə müxtəlif təmtəraqlı təşkilatlar yaradılıb, qarşıya iddialı hədəflər qoyulub, lakin bir çox vacib məsələ ilə bağlı ortaq məxrəcə gəlinməsi mümkün olmayıb. Kimsə müzakirə olunan məsələlərin o qədər də miqyaslı xarakter daşımadığını düşünə bilər. Lakin sonda reallaşdırılması mümkün olmayan miqyaslı hədəflərin müəyyənləşdirilməsinin nə mənası var? Türk Şurası ənənəvi sxemlərdən və yanaşmalardan imtina edir, böyük hədəfə doğru kiçik addımlarla gedir. Bu halda, təcrübə bir daha təsdiqləyir, məqsəd vasitəyə haqq qazandırır.



MƏSLƏHƏT GÖR:

268