19 Dekabr 2024

Cümə axşamı, 18:50

ƏDALƏT HAQQI

FIDE- Rəcəbov duelində pat vəziyyəti yaranıb

Müəllif:

15.05.2020

Azərbaycanda ötən ilin ən yaxşı idmançısı seçilən Teymur Rəcəbov Dünya Kubokunda qələbə qazanmaqla həm də dünya çempionluğuna İddiaçılar Turnirinə vəsiqə qazandı. Amma bu il martın 6-da Teymur Rəcəbovun dünya şahmat tacına İddiaçıların turnirindən çəkilməklə bağlı verdiyi qərar ölkə ictimaiyyətini xeyli təəccübləndirdi. Bu elə qərar idi ki, haqqında birmənalı fikir yürütmək çətin idi. Yəni ortada həm Teymurun sağlıq durumu ilə bağlı təbii narahatlıq hissi, həm də Azərbaycan şahmatı üçün əldən qaçırılan böyük şans var idi. Şahmatçı koronavirus epidemiyasının geniş yayıldığını əsas gətirərək Beynəlxalq Şahmat Federasiyası - FİDE-dən turniri təxirə salmağı xahiş etdi. Həmyerlimizin onların qarşısında şərt qoymasını bəyənməyən FİDE-nin cavab addımı özünü çox gözlətmədi: Teymur iştirakçılar sırasından çıxarıldı.

Bu anda İddiaçılar Turnirinin tarixinə nəzər salmaq yerinə düşərdi. FİDE 2012-ci ildə dünya çempionunu müəyyənləşdirməklə bağlı yeni sistemi təsdiqləməklə İddiaçılar Turnirinə həyat verdi. İlk turnir 2013-cü ildə Londonda keçirildi və Teymur 8 iddiaçı arasında sonuncu oldu. Bir il sonra Xantı-Mansiysk dünyanın ən güclü şahmatçılarını qəbul etdi və Şəhriyar Məmmədyarov dördüncü oldu. 2016-cı ildə keçirilən Moskva turnirində bizimkilərdən heç biri yox idi. 2018-ci ildə keçirilən Berlin turnirində qələbəyə, deməli, həm də tac uğrunda Maqnus Karlsenlə duelə çıxmağa çox yaxın olan Şəhriyar Fabiano Karuanadan geri qalmaqla sonda ikinci yeri tutdu. Nəhayət, bu il martın 15-də Yekaterinburqda start götürəcək turnirin iştirakçıları arasında yenə Azərbaycan şahmatçısının, bu dəfə ötən il dünya kubokunu qazanan Teymurun adı var idi. Amma son anda təşkilatçılar Teymur Rəcəbovu yarışdan uzaqlaşdırdı.

Yarış başlayandan sonra həmyerlimizin haqlı olduğu məlum oldu. Yekaterinburqda təşkil edilən turnirin ilk günündən şahmatçılar koronavirus pandemiyasına görə oynamaq istəmədiyini söylədi. Konkretləşdirsək Aleksandr Qrişuk pandemiya dövründə şahmat yarışının keçirilməsini pislədi. Çin təmsilçisi Dinq Liren Rusiyada 14 gün karantində qalandan sonra mübarizəyə qoşulduğu İddiaçılar Turnirinin təxirə salınmamasına təəccübləndiyini bildirdi. Yarışa tamaşaçılar buraxılmadı və bütün dünya turnirin təxirə salınmamasının səbəbini soruşdu. Nəticədə, İddiaçılar Turnirini sona çatdırmaq mümkün olmadı. Martın sonunda Rusiyada karantin elan olundu və hava uçuşlarının dayandırılacağı barədə məlumat verildi. FİDE rəhbərliyi turniri yarımçıq dayandırmaqla iştirakçıları təcili surətdə vətənlərinə yola saldı.

İddiaçılar Turnirinin yarımçıq dayandırılması Teymur Rəcəbovun bu məsələdə haqlı tərəf olduğunu üzə çıxardı. Məhz buna görə dünya şahmat ictimaiyyəti FİDE-dən Teymur Rəcəbovu yarışın iştirakçıları sırasına qaytarmağı tələb etdi. Şahmat diliylə desək pat vəziyyətinə düşən FİDE rəsmiləri indiyə qədər çıxış yolunu axtarır. Teymur Rəcəbovu dəstəkləyən kişi şahmatçılardan ibarət Azərbaycan yığması və Azərbaycan Şahmat Federasiyası FİDE prezidenti Arkadi Dvorkoviçə açıq məktub ünvanlayaraq Rəcəbovun hüquqlarının qorunmasını və onun İddiaçılar Turnirində iştirakını təmin etməyi xahiş ediblər. Bununla belə hazırda FİDE rəsmi açıqlama verməkdə çətinlik çəkir.

Məsələni araşdıran “R+” ilk olaraq FİDE rəsmilərinə müraciət etdi. Beynəlxalq Şahmat Federasiyasının baş direktoru Emil Sutovski yığmamızın üzvü Teymur Rəcəbovun dünya şahmat tacına İddiaçılar Turnirinə qayıtmaq perspektivi barədə bunları dedi: “Qanuni müstəvidə hər şeyi düzgün etdiyimizi düşünürük. Ona görə ki, ilk dövrəni keçirməyi bacardıq. Amma təəssüf ki, Rusiya hökumətinin məlum qərarına əsasən daha artığını edə bilmədik və nəticədə, turniri yarımçıq saxlamaq məcburiyyətində qaldıq. Cəmi 7 tur oynanıldı. Əlbəttə, biz belə sonluğu təxmin edə bilməzdik. Bununla belə, idmançıların sağlamlığı və xoşagəlməz olayların baş verməməsi üçün hər şeyi etdik. Start haqda qərarımız məntiqlidir, sadəcə, həmin an lazımi informasiyaya malik deyildik. Geriyə dönərək, “mən belə olacağını görürdüm” demək asandır. Bununla yanaşı, Rəcəbov İddiaçılar Turnirində iştirak etməyə layiq idi, bu haqqı qazanmışdı. Və onun ehtiyatlanması da başadüşüləndir. Yəni bu, sadəcə, bəhanə deyildi. Hüquqi cəhətdən bizdə hər şey qaydasındadır. Bununla bağlı, vəkillərimizlə bir daha məsləhətləşmişik. Amma bizim FİDE-də əsas iş prinsipimiz ədalətli olmağa əsaslanır. Məhz buna görə də Rəcəbovu 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirinə dəvət etmək variantını müzakirə edirik. Amma onu hazırkı yarışa qaytarmağımız mümkün deyil. İlk dövrədən sonra iştirakçılarla belə söhbət oldu ki, yarış eyni şahmatçılarla və xal durumu ilə qaldığı yerdən davam etdiriləcək. Eyni zamanda 2022-ci il tsikli üçün də balans axtarırıq. Hazırda heç bir qərar yoxdur. Amma biz müxtəlif variantları müzakirə edirik”.

Şahmat üzrə dünya çempionu, FİDE prezidentinin köməkçisi Vladimir Kramnik FİDE-Teymur Rəcəbov qalmaqalına münasibət bildirib. “R+”a açıqlamasında məşhur qrossmeyster bütün dünyanın koronavirusla mübarizə apardığı vəziyyətdə İddiaçılar Turnirinin keçirilməsinin yanlış qərar olduğunu deyib: "FİDE rəsmiləriylə şəxsi söhbətdə də qeyd etmişəm. İddiaçılar Turnirinin belə vəziyyətdə keçirilməsi yanlış qərar idi. Aleksandr Qrişuk müsahibəsində demişdi, sanki vəba zamanı bayram kimidir. Onunla razıyam. Belə vəziyyətdə şahmat oynamaq olar? Ona görə Teymur Rəcəbovun yarışın təxirə salınmasıyla bağlı müraciəti düzgün idi. Bu məsələdə Teymur haqlı tərəfdir. İddiaçılar Turnirinin dayandırılması gözlənilən addım oldu. Sadəcə, indiki vəziyyəti çox çətin görünür. FİDE hamını razı salacaq qərar qəbul etməlidir".

Dünya çempionu Vladimir Kramnik FİDE-nin Azərbaycan şahmatçısı Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakını təmin etməyə borclu olduğunu düşünür: "Mən hazırda kənardan müşahidəçi kimi danışıram. Məsələni ali şahmat qurumu həll etməlidir. Söhbət Teymurdan getmir. Onun yerində Şəhriyar və ya digər şahmatçı olsa yenə eyni sözləri deyəcəkdim. Ədalət bərpa olunmalıdır. İlk növbədə, FİDE İddiaçılar Turnirində iştirak edən şahmatçılar və Teymur Rəcəbovdan üzr istəməlidir. Vəziyyətdən çıxış kimi iki variant görürəm. Birinci Teymur Rəcəbovun növbəti mövsüm üçün İddiaçılar Turnirində iştirakı təmin olunsun. Ona mübarizəsiz iştirakçı hüququ verilsin. Bu FİDE və Rəcəbov arasında həll olunan işdir. İkinci variant isə Teymurun indiki İddiaçılar Turnirində iştirakı bərpa olunmaqdan ibarətdir. Burada iştirakçıların mövqeyi də lazımdır. Yarış davam etdiriləcək, ya yenidən keçiriləcəyini demək çətindir".

“R+” Rusiya təmsilçisi Sergey Karyakinlə əlaqə saxladı. Teymur Rəcəbova İddiaçılar Turnirinə hazırlaşmaqda kömək edən qrossmeyster Sergey Karyakin məsələ barədə çox danışmaq istəmədi: “Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina edəndə iştirakçılardan heç birinin onu dəstəkləməməsinə üzüldüm. Həmişə istərdim ki, şahmatçılar bir cəbhədə olsunlar. Daha 2-3 şahmatçı “indi turnir keçirmək olmaz” desəydi, təşkilatçılar onlarla razılaşardı. Təəssüf ki, şahmat fərdi oyundur. Biz komanda və klub yox, özümüz üçün çıxış edirik. Teymur hazırlığa vəsait və zaman xərclədi. Bütün bunları unutmaq olmaz. Mən hardasa təşkilatçıları da anlayıram. Yarışın təşkili 1,2 milyon dollara başa gəlir və bu üzdən təxirə salmaq istəmirdilər. Rəcəbov da hazırlığa çox vəsait sərf edib. Biz 30 gün Barvixadakı hoteldə qaldıq, üstəlik, mənim və daha iki məşqçinin qonorarı, uçuşlar və s. Bu çox böyük məbləğdir. Rəcəbovun yarışda iştirak edəcəyinə inanıram”.

FİDE yəqin növbəti mövsüm - 2022-ci ildə təşkil olunacaq İddiaçılar Turnirində Teymur Rəcəbova iştirak etmək hüququ verəcək. Cari ildəki yarışa bərpa olunmaması böyük şansın qaçırılmasıdı. Çünki Teymur indiki vəziyyətdə turnirində favoritlər sırasında idi. İki il sonra isə Rəcəbovun hansı şahmat formasında olacağını zaman göstərəcək.


MƏSLƏHƏT GÖR:

369