20 Aprel 2024

Şənbə, 16:33

«MÜFLİSLİK VİRUSU» TESTİ

Azərbaycan Mərkəzi Bankı dörd «yoluxmuş» bankın lisenziyalarını ləğv etdi

Müəllif:

15.05.2020

Azərbaycanın səhiyyə işçilərinin COVID-19 pandemiyasının çətin dövründə əhalinin sağlamlığının qorunması qayğıları ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan Mərkəzi Bankı da öz "sağlamlıq" testini keçirmək və ölkənin bank bazarı iştirakçılarının dayanıqlılıq dərəcəsini qiymətləndirmək qərarına gəldi. Nəticədə, dərhal dörd "yoluxmuş" bank müəyyən edildi – «Atabank», «AGBank», «NBCBank» və «Amrahbank». Ancaq onları "müalicə etmək" mümkün olmadığı üçün tənzimləyici dördünün də lisenziyasını ləğv edərək problemi kökündən həll etdi. Bununla da, Azərbaycanda fəaliyyət göstərən bankların sayı 26-ya düşdü.

 

Öncə «Atabank» və «Amrahbank»

Əslində, qapanan dörd bankdan birinin – «Atabank»ın taleyi pandemiyadan çox əvvəl həll edilmişdi. Mərkəzi Banka yenidən bank sektoruna nəzarət həvalə edildikdən sonra keçirilən ilk mətbuat konfransında ölkənin baş bankiri Elman Rüstəmov bu bankda vəziyyətin ümidsiz olduğunu bildirmişdi. O vurğulamışdı ki, «Atabank»da zəruri risk menecmenti gerçəkləşdirilmədiyindən vəziyyət pisləşib. Hələ ilin əvvəlində bank rəhbərliyinə tövsiyə edilmişdi ki, əmanətlərini sığortalamayan hər bir əmanətçiyə şəxsən müraciət etsin və bunu tez bir zamanda edə biləcəklərini bildirsin.

Yəni E.Rüstəmov açıq şəkildə bildirmişdi ki, bu bankın bağlanması vaxt məsələsidir. Daha doğrusu, əmanətlərin tam sığortası sisteminin 4 dekabr 2020-ci ilədək daha 9 ay uzadılması barədə qərarın Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqini gözləmək qalırdı. Dövlət başçısının aprelin 25-də verdiyi yeni fərman əhalinin 7,3 milyard manatlıq əmanətlərini əhatə edir və 8,3 milyon insanın, o cümlədən hazırda bağlanmış bankların əmanətçilərinin maraqlarını qorumağa imkan verir.

İki gündən sonra isə AMB Azərbaycanın dörd bankında müvəqqəti inzibatçılığın tətbiq olunması haqda bəyanat verdi, bunun ardınca aprelin 28-də iki bankın «Atabank» ASC və «Amrahbank» ASC-nin lisenziyasının ləğvi barədə xəbər yayıldı. AMB-nin açıqlamasında: "Mərkəzi Bank hər iki kredit təşkilatında hərtərəfli audit keçirdi. Nəticədə, ciddi maliyyə itkiləri aşkarlandı. Banklar öz kapitallarını itiriblər və iflas durumundadırlar», - deyə AMB-nin açıqlamasında bildirilir.

Bu bankların ən önəmli mənfiliyi kapitallaşmadadır. "Mənfilik" burada hərfi mənadadır – «Atabank»da kapital mənfi 214 milyon manat təşkil edib. Yəni Mərkəzi Bankın 50 milyon manat səviyyəsinə müəyyən etdiyi minimal normativ nəzərə alınanda, bankdan 264 milyon manat əlavə kapitallaşma tələb olunur. «Amrahbank»ın kapitalı isə mənfi 77 milyon manat təşkil edib, yəni AMB-nin şərtlərini yerinə yetirmək üçün 127 milyon manat çatmır. Bundan əlavə, bankların problemli kreditləri o qədər artıb ki, onların xüsusi çəkisi Azərbaycanın bank sistemi üçün rekord səviyyəyə çatıb, «Atabank»da problemli kreditlər 88 faiz, «Amrahbank»da isə 40 faiz olub.

E.Rüstəmovun sözlərinə görə, bütün bunlara baxmayaraq, bu banklara əlavə maliyyələşdirmə imkanları təklif olunub, lakin onlar bununla razılaşmayıblar. “AMB heç bir bankın bağlanmasında maraqlı deyil. Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə olunub və uyğun qərar verilib, çünki bu iki bankın sağlamlaşdırılması mümkün olmadı”, - deyə E.Rüstəmov iki bankın ləğvini jurnalistlərə şərh edərkən bildirib.

Nəticədə, 30 aprel 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi «Atabank» və «Amrahbank»ı müflis elan edib və müflislik proseduruna başlayıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) hər iki bankın ləğvedicisi təyin edilib.

 

Sonra «AGBank» və «NBCBank»

Oxşar aqibət digər iki bankın – «AGBank» və «NBCBank»ın da başına gəldi, lakin bir az sonra baş verdi: AMB onların lisenziyalarının ləğv edilməsi barədə qərarı mayın 12-də qəbul etdi. Niyə belə bir fasilə lazım idi? E.Rüstəmovun dediyi kimi, bəzi məqamlara aydınlıq gətirmək lazım idi. "Ancaq deməliyəm ki, banklardakı vəziyyət elə də ürəkaçan deyil", - deyən baş bankir əvvəlcədən əlavə etmişdi ki, hər iki bank uzun illərdir fəaliyyət göstərir və yaranmış vəziyyətə görə onların özlərinin də günahı var.

Gerçəkdən, bu banklar - 1992-ci ildə Azərbaycanın müstəqilliyinin yeni mərhələsinin ilk çağlarında yaradılıb. Üstəlik, «AGBank» bütün problemlərinə baxmayaraq, nədənsə son zamanlara qədər Azərbaycanın ən yaxşı 15 bankından biri sayılırdı. Halbuki son bir neçə ildə bu bankda vəziyyətin “pis olması” dəfələrlə vurğulanıb, lakin hər dəfə qəti tədbirlər barədə məsələ qalxanda bank rəhbərliyi tənzimləyiciləri bərpa üçün müvafiq tədbirlərin görüləcəyinə inandıra bilirdi.

Ancaq... "Aparılan yoxlamaların nəticələrinə görə, «AGBank»dakı qeyri-işlək kreditlərin payı 30 aprel 2020-ci il tarixinə ümumi portfelin 51%-ni təşkil edib. Rezervlərə düzəliş edildikdən sonra məlum oldu ki, məcmu kapitalın dəyəri mənfi 167 milyon manatdır, yəni qanunla tələb olunan kapital mövqeyini (50 milyon manatı) bərpa etmək üçün banka əlavə 217 milyon manat lazımdır”, - deyə AMB-nin açıqlamasında bildirilir. Bundan əlavə, kapitallaşma yetərsizliyi xarici auditorun hesabatında da qeyd edilib.

«AGBank»dakı vəziyyət ətrafında çox müzakirələr gedir, amma bu gün bir faktı açıqlamaq istəyirəm - 2016-cı ildə AMB bu banka bazarda qalması üçün kömək etdi. Bundan sonra bankın sağlamlaşdırılması üçün bəzi tədbirlər görüləcəyini gözlədik, amma bu, baş vermədi. Amma təəccüblüdür ki, bəzi ekspertlər bu bankla bağlı həqiqətləri təhrif olunmuş formada təqdim etməyə çalışırlar”, - deyə E.Rüstəmov 13 mayda mətbuat konfransında bildirib.

İstənilən halda, «AGBank» bağlanan banklar arasında ən böyüyü idi və digər üç bankdan əsasən korporativ olması ilə fərqlənirdi. «Atabank», «NBCBank» və müəyyən dərəcədə «Amrahbank» bazar üçün qapalı idilər və öz təsisçilərinin işi ilə bağlı idilər - belə bank modeli əvvəllər Azərbaycanda məşhur idi - bir böyük holdinqə və ya biznesə xidmət etmək prinsipinə əsaslanırdı.

“Əhalidən alınan əmanətlər bu işə axır və yox olur. Yəni çox riskli kredit siyasəti aparılır, necə başa çatacağı bilinməyən layihələr böyük ambisiyaları olan insanlar tərəfindən maliyyələşdirilir, hətta bank profilindən kənar iri obyektlər əldə edilir və nəticədə, yerləşdirilmiş vəsaitlər gəlir gətirmir. Keyfiyyətsiz idarəetmə, risk menecmentinin olmaması kimi problemlər var”, - deyə E.Rüstəmov vurğulayıb.

Ancaq tədricən bu cür kiçik oyunçular bazardan çıxmağa başladılar, çünki ölkədəki həddindən artıq sayda bankların olması bazarın ümumi keyfiyyətinə böyük zərər vururdu, tənzimləyici və hökumət üçün bir çox problem yaradırdı.

Başqa banklar kimi, «NBCBank» da işləməyən kreditlərlə bağlı problem yaşanırdı - onlar bankın kredit portfelinin 54%-ni təşkil edir (Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri istisnadır). Eyni zamanda məcmu kapitalın mənfi dəyəri 24 milyon manata çatırdı, yəni banka 74 milyon manat məbləğində əlavə kapital lazım idi.

Bundan əlavə, tənzimləyici bankın öz hesabatını mütəmadi təhrif etməsi faktını aşkar etmişdi.

 

Biznesdən başqa heç nə…  

Yeri gəlmişkən, məhz sonuncu problem ictimaiyyət arasında bəzi anlaşılmazlıqlara səbəb olurdu - sosial şəbəkələrdə bankların yetərincə "layiqli" statistik göstəriciləri dərc olunurdu ki, bu, bankların iflasına heç cür səbəb ola bilməzdi. Bununla birlikdə, ekspertlər qeyd edirlər ki, bank sistemində hesabat təhrifi problemi var və böyük ehtimalla, ləğv olunan banklar həqiqi mənzərəni müştərilərdən gizlətmək üçün bəzi rəqəmlərlə manipulyasiya edirdilər. Bəs bunu yalnız sözügedən dörd bankmı edirdi? AMB-dən qeyd edirlər ki, "bu günə artıq bununla bağlı problem görünmür, lakin mütəmadi olaraq banklarda monitorinqlər aparılır və E.Rüstəmovun dediyi kimi, "tənzimləyici bu cür faktlarla ciddi mübarizə aparacaq".

Hesabatın təhrifindən əlavə, bəzi zəif banklar yüksək faiz dərəcəsi ilə depozit cəlb etməyə çalışırdılar və çox vaxt bu, gizli şəkildə gerçəkləşdirilirdi. Nəticədə, maliyyə savadlılığı aşağı olan insanlar “yaxşı” təkliflərə “alınırdılar” və indi “əli boş” qalaraq günahkar axtarırlar. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda əmanətlər sığortalanır, ADIF fəaliyyətdədir və bütün bunlar əhalinin bank sisteminə inamını artırmaq üçün gerçəkləşdirilib.

Qeyd etmək lazımdır ki, bank sektorunun imicinə və ona inam səviyyəsinə zərbənin yumşaldılması üçün çox təsirli addım atılıb. ADIF Qəyyumlar Şurasının qərarı ilə milli valyutada sığorta ilə əhatə olunan əmanətlər üzrə maksimum dərəcə iyunun 1-dən indiki 10%-dən 12%-ə qaldırılıb. Bundan əlavə, xarici valyutada sığorta sisteminin əhatə etdiyi əmanətlər üzrə maksimum dərəcə illik 2,5% təşkil edəcək. Beləliklə, dayanıqlı bankların müştərilərə daha sərfəli depozit məhsulları təklif etmək imkanı yaranacaq.

Yeri gəlmişkən, ləğv edilmiş dörd bankdakı sığortalanmış əmanətlər də geri qaytarılacaq və özü də, proses yaxın gələcəkdə başlayacaq. AMB-dən bildiriblər ki, 215 min əmanətçini əhatə edən bu əmanətlərin ümumi məbləği 686 milyon manatdır. Bu, ləğv edilmiş banklardakı toplam əmanətlərin 99%-dən çoxdur. Hüquqi şəxslərin əmanətlərinə gəldikdə isə, qanuna görə, onların geri qaytarılması yalnız bank aktivləri satıldıqdan və bankların bütün öhdəlikləri ödənildikdən sonra mümkündür.

Belə bir məbləğ ödəmək bahamı başa gəlir? Əlbəttə ki, bu dörd bankın əmanətçilərinə görə məsuliyyət bazarda qalan 26 bankın üzərinə düşür. Ancaq tənzimləyicinin fikrincə, istənilən halda, bu, sistemdə belə "irinlərin" olmasından daha yaxşıdır. “Problemli bankların hətta sistem üçün önəmi yoxdur ki, dövlətin onları xilas etsin. Onların bazar payı ayrılıqda 1%-dən azdır, toplam 3%-dir, hamısı da özəl banklardır. Dövlət yalnız dövlət bankına, ya da böyük bir dövlət payı olan banka görə məsuliyyət daşıya bilər. Qanunvericilik və adət-ənənə belədir", - deyə E.Rüstəmov hesab edir.

 

Cəmi 3-4%  

Lakin hətta bütün bu problemlərin, ləğvlərin və iflasların fonunda da Azərbaycanın maliyyə sistemi sabitliyini qoruyur. «Bəli, problemli banklar var, lakin onların bazar payı əhəmiyyətsizdir və 3-4% təşkil edir. Bu yeni problem deyil, biz bu barədə bilirdik”, - deyə E.Rüstəmov vurğulayıb.

Yəni əslində bütün bu hadisələrin pandemiya zamanı baş verməsi sadəcə bir təsadüfdür. Üstəlik, koronavirus Mərkəzi Bank üçün əlverişsiz vəziyyət yaratdı, çünki ümumi iqtisadi tənəzzül və sosial həssaslıq dövründə belə bir addım atmaq əlverişli vaxtlardan daha çətindir. Ancaq məhz yeni qeyri-adi şərtlərdə "xəstə" bankların fəaliyyətinin davam etdirilməsindən bütün bank sisteminə dəyən zərər daha çoxdur.  

«Toksik aktivlər və zəif banklar, xüsusən də bu gün dünyada baş verən mürəkkəb makroiqtisadi mühitdə, maliyyə-bank sisteminə risklər yaradır. Bundan əlavə, bu, banklardakı əmanətçilərə də güclü zərbədir. Buna görə də bu yığılan problemləri həll edirik ", - deyə E.Rüstəmov bildirib.  

Beləliklə, problem tənzimləyicinin hər hansı bir banka qarşı təzadlı münasibətindən çox uzaqdır, baxmayaraq ki, məsələ bəzən bir sıra KİV-lər və ləğv edilmiş bankların işçiləri tərəfindən belə təqdim olunur. Ölkənin əsas məqsədi həm əhali, həm biznes, həm də xarici investorların etibar edə biləcəyi maliyyə sistemi yaratmaqdır.  

“Sağlamlaşdırma bank sektorunun vəziyyətini yaxşılaşdıracaq. Bu gün bizdə kapital adekvatlığı əmsalı 20%-dən yüksəkdir, norma isə 10%-dir. Ümumiyyətlə, vəziyyət dinamikdir və bank sektorunda daima qiymətləndirmə aparılır", - deyə AMB rəhbəri bildirib.

Bazar iştirakçılarının özləri - onun “zəif həlqələri” ilk olaraq təşəbbüskarlıq etsələr və bazarda qalmaq üçün yollar tapa bilsələr, bu, ayrı iş olardı. Bu, həm konsolidasiya və ya birləşmə, həm də kapitallaşmanı artırmaq üçün yeni investorların cəlbi ilə ola bilər. Yəni bu vəziyyətdə artıq aydındır ki, "boğulan" bankların xilası öz əllərindədir.



MƏSLƏHƏT GÖR:

261